Prezident İlham Əliyev: Biz tarixi ədaləti bərpa etdik
03.09.2009 [01:31]
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən əsaslı təmir və yenidənqurma işlərindən sonra Azərbaycan Bəstəkarlar İttifaqının binası dövlət başçısının iştirakı ilə bu günlərdə təntənəli şəkildə istifadəyə verildi. ölkə rəhbərinin də dediyi kimi, tarixi ədalət bərpa olundu. Prezident İlham Əliyev təntənəli mərasimdə çıxışında onu da söylədi ki, Azərbaycanın dahi bəstəkarları və musiqi aləmində dünyamiqyaslı şöhrətə sahib olan insanlar bu binada yaşayıblar, çalışıblar, yaradıblar, burada konsertlər, qurultaylar keçirilib və indi binaya yeni həyat verilir. Dövlət başçısı İlham Əliyev bəstəkarların yeni binada səmərəli işləyəcəklərinə və Azərbaycanın musiqi sənətini daha sürətlə inkişaf etdirəcəklərinə əmin olduğunu da diqqətə çatdırdı: “Bakı gözəlləşir, Bakının bütün gözəl binaları öz tarixi simasını saxlamaqla yeniləşir, müasirləşir. Bax, bu binanın isə xüsusi taleyi olmuşdur. Təxminən 20 il ərzində bəstəkarlar başqa yerdə məskunlaşmışlar. Ancaq biz tarixi ədaləti bərpa etdik, bina yenidən bəstəkarlara qayıdır və bu münasibətlə sizi ürəkdən təbrik edirəm”.
Beləliklə də, Azərbaycan bəstəkarları uzun illərin intizarından sonra, 75 illik yubiley ərəfəsində yenidən öz doğma ocaqlarına qayıtdılar. Azərbaycan mədəniyyətinə və onun inkişafına xidmət edən neçə-neçə dahinin sənət məbədi olan bu binanın yenidən yaradıcı insanlara qaytarılması dövlətimizin musiqi sənətinə xüsusi diqqət və qayğısının növbəti bariz nümunəsi sayıla bilər. Bunu bizimlə söhbətində Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə də təsdiqlədi. Əvvəlcə dövlət başçısının ittifaqa olan ziyarətindən xoş təəssüratlar ilə danışan Firəngiz xanım mərasimin rəsmilikdən uzaq, səmimi ünsiyyətlə keçdiyini dedi: “Müasir dünya günü-gündən dəyişir, sürətlə inkişaf edir. Qloballaşma bir yandan, beynəlxalq maliyyə böhranı digər tərəfdən. Bu gərgin zamanda möhtərəm Prezidentimizin vaxt ayırıb gözəl ailəsi ilə birlikdə bizlərlə görüşə gəlməsi mədəniyyət işçilərinə böyük diqqət və qayğının bariz nümunəsidir”.
Qeyd edək ki, təmir və yenidənqurma işlərinə Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 2 milyon manat vəsait ayrılıb. Binanın birinci mərtəbəsində Ulu öndər Heydər Əliyevin büstü qoyulub. Bundan başqa, ümummilli lider Heydər Əliyevin incəsənət xadimlərinə qayğısını əks etdirən fotostend də quraşdırılıb.
ötən il avqust ayının sonlarında başlanılan təmir işləri müddətində bütün divarlar suvanıb, qapı-pəncərələr dəyişdirilib, kommunikasiya xətləri yenidən qurulub. Binanın fasadı təmir olunarkən buradakı heykəllər də bərpa edilib. Yenidənqurma zamanı binanın əvvəlki memarlıq üslubu qorunub saxlanılmaqla, müasir dizayn elementlərindən də istifadə olunub. Firəngiz Əlizadə bizimlə söhbətində xüsusilə vurğuladı ki, bina tarixi memarlıq nümunəsi olduğundan Mədəniyyət və Turizm Nazirliyinin təkidilə fasadının bərpa olunmasına çox dəqiqlik ilə yanaşılıb: “1912-ci ildə inşa olunan üçmərtəbəli binanın çox maraqlı tarixçəsi var. Keşməkeşli illərdə müxtəlif məqsədlərə xidmət edib. Memarlıq abidəsi əvvəllər dağ-mədən sənayesi işçilərinin mədəniyyət sarayı olub. Binanın fasadındakı musiqiyə aidiyyatı olmayan heykəllər də elə o vaxtlardan qalıb. Sonralar, təxminən 15 il bina pionerlər evi kimi fəaliyyət göstərib”.
1964-cü ildən isə binanın Bəstəkarlar İttifaqının istifadəsinə verildiyini deyən birlik rəhbəri ittifaqın ən gözəl dövrlərinin də məhz bu binada yaşandığını söylədi. Azərbaycan musiqi sənətində öz dəst-xəttləri ilə sayılıb-seçilən Fikrət Əmirov, Qara Qarayev, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Niyazi, Səid Rüstəmov və Cahangir Cahangirov kimi neçə-neçə sənətkarlarımız öz əsərlərini ilk dəfə məhz bu divarlar arasında həmkarları üçün ifa ediblər.
Sonralar musiqi məbədgahının başqa bir amal uğrunda fəaliyyət göstərməsindən danışan Firəngiz xanım dedi ki, 90-cı illərin əvvəllərində müstəqil Azərbaycanı tanıyan ilk ölkələrdən biri də məhz qardaş Türkiyə Cümhuriyyəti idi: “Odur ki, Bakıda Türkiyə səfirliyinin açılmasına ehtiyac yaranmışdı. Nədənsə təmsilçiləri məhz bu bina cəlb etmişdi. Doğrudan da binanın coğrafi baxımdan əlverişli olmasını nəzərə alsaq müəyyən mənada haqq qazandırmaq olar. 1991-ci ildə burada əvvəlcə Türkiyə Cümhuriyyətinin konsulluğu, sonra isə səfirliyi fəaliyyət göstərməyə başladı. O vaxt biz hər şeyi çox yaxşı başa düşürdük. Amma nə qədər də olsa, bəstəkarlar üçün çox ağrılı idi. Hər şeydən öncə bu binanın böyük mənəvi dəyəri vardı. Sanki Bəstəkarlar İttifaqının şah damarı kəsilmişdi. 2007-ci ildə İttifaqa sədr seçiləndən sonra bu məsələ mənim əsas amalıma çevrilmişdi. Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə bina yenidən bizlərə qaytarıldı. İnşallah, o gün olsun ki, Qarabağa da qayıdaq. Yəni, sahib olduqlarımızı qaytara bilək”.
Daha sonra Azərbaycan mədəniyyətinə, bu sahədə çalışan insanlara dövlət qayğısından danışan Firəngiz xanım binanın mənəvi sahiblərinə qaytarılmasını tarixi hadisə kimi qiymətləndirdi.
Binada aparılan yenidənqurma işlərinə gəlincə, mədəniyyət ocağı müasir havalandırma sistemi ilə təchiz olunub. Birinci və ikinci mərtəbələrin arasındakı pilləkən qəfəsində görkəmli Azərbaycan bəstəkarı üzeyir Hacıbəylinin heykəli ucaldılıb. Firəngiz xanım deyir ki, hələ 60-cı illərdə hər dəfə bu binaya daxil olduqda bura aidiyyətı olmayan heykəlləri görüb, dahi bəstəkar üzeyir Hacıbəylinin heykəlinin ucaldılmamasını görmək ona mənəvi əzab verirmiş. Odur ki, bina geri alınan kimi dahi bəstəkarın və ömrünü Azərbaycan xalqının azadlığı və müstəqilliyinə həsr etmiş, millətinin rifahı və işıqlı gələcəyi üçün bütün qüvvəsini səfərbər etmiş Ulu öndər Heydər Əliyevin əzəmətli büstü hazırlanıb.
Prezident İlham Əliyevin İttifaqın maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı imzaladığı Sərəncama əsasən bina 1 milyon manat vəsait hesabına müasir tələblərə cavab verən zəruri avadanlıqla təmin olunub. Firəngiz xanımın dediyinə əsasən, əvvəllər də ənənəvi olaraq İttifaqın otaqlarının əksəriyyətində royallar, pianolar olub: “Hətta vaxtilə klavisinimiz də olub. Hazırda bu nadir musiqi alətini bərpa etdiririk”.
Binanın üçüncü mərtəbəsində 120 nəfərlik kamera musiqisi salonu fəaliyyət göstərəcək. Müasir avadanlıqla təchiz olunan salon yaradıcılıq gecələri, müəllif konsertləri, beynəlxalq tədbirlərin təşkil edilməsinə, sənət adamları ilə görüşlərin keçirilməsinə xidmət edəcək. Binanın birinci mərtəbəsində isə konfrans zalı fəaliyyət göstərəcək. Yeni yaradılan böyük konsert salonu üçün əsasən Almaniya istehsalı olan musiqi alətləri alınıb. Burada ilk dəfə olaraq rəqəmsal kompüter musiqi sistemi ilə təchiz olunmuş səsyazma studiyası da yaradılıb. Bu, musiqişünasların yeni layihələr həyata keçirmələrinə, müxtəlif yaradıcı qurumlarla mütəmadi görüşlər təşkil etmələrinə və səmərəli əməkdaşlıq əlaqələri qurmalarına yaxşı imkan yaradacaq.
Professor F.Əlizadə onu da dedi ki, sevindirici məqamlardan biri də binada kitabxananın yaradılmasıdır. “ötən illərdə kitabxanamız dörd dəfə müxtəlif yerlərə köçürülüb. Hər dəfə onları qoruyub saxlamaq bizləri böyük çətinliklərlə qarşı-qarşıya qoyurdu. Kitabxanamızda təkcə Azərbaycan bəstəkarlarının nəşr olunan əsərləri deyil, həm də çap olunmamış əlyazmalar da qorunub saxlanılır” - deyən F.Əlizadə Bəstəkarlar İttifaqının keçmiş sədrləri - mərhum bəstəkarlar Tofiq Quliyev və Vasif Adıgözəlzadənin bu işdə böyük zəhmətləri olduğunu xatırlatdı. Onun sözlərinə görə, bu gün Azərbaycan bəstəkarlarının notları Axundov adına Milli Kitabxanada qorunub saxlanılsa da, təəssüflər olsun ki, digər aidiyyətı müəssisələrdə bu dəyərli nümunələr it-bata düşüb. Dahi bəstəkarlarımızın notları və əlyazmalarının milli sərvətimiz olduğunu söyləyən İttifaq sədri belə milli-mədəni xəzinələrin göz bəbəyi kimi qorunub saxlanılmasının gərəkdiyini vurğuladı. Yeri gəlmişkən, qeyd edək ki, kitabxana binanın birinci mərtəbəsində fəaliyyət göstərir. Azərbaycan bəstəkarlarının 750-yə yaxın nadir əlyazmasının və 500-dən artıq nəşrin qorunub saxlandığı kitabxana otaqları da yenidən qurulub.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri onu da diqqətə çatdırdı ki, qurumda gənc bəstəkarların və istedadların dövlətimizin qayğısından yararlanması, onların əsərlərinin dinlənilməsi və nümayişi üçün münbit şərait var. Belə ki, binada xüsusi istedada malik uşaqların potensialının inkişaf etdirilməsi ilə bağlı müasir avadanlıq və musiqi alətləri ilə təchiz edilən dərs otaqları da fəaliyyət göstərəcək.
Mədəniyyətimizə və incəsənətimizə yönələn dövlət qayğısından danışarkən Firəngiz xanım, Heydər Əliyev Fondunun təşəbbüsü və şəxsən Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə icra olunan, musiqi sənətini əhatə edən möhtəşəm layihələrdən də danışdı: “Bu gün Azərbaycan muğamının səsi dünya səhnələrindən gəlir. Mart ayında keçirilən I Beynəlxalq Muğam Festivalı da bunun parlaq nümunəsidir. Festival çərçivəsində keçirilən beynəlxalq simpozium da milli muğamımızın elmi dəyərlərini ortaya çıxardı. Bundan başqa, bu günlərdə Qəbələdə keçirilən Beynəlxalq musiqi festivalı, festival çərçivəsində yeni istedadların üzə çıxarılması üçün təşkil olunan pianoçular müsabiqəsi də klassik musiqi sənətinin dövlətin diqqət və qayğısından kənarda qalmamasını sübuta yetirir”.
Söhbətimizin sonunda Firəngiz xanım Əlizadə xüsusilə vurğuladı ki, hazırda Bəstəkarlar İttifaqında çalışanların işinin səmərəli aparılması üçün lazımi şərait yaradılıb.
TURANƏ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

