Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanın sürətli inkişafı düzgün siyasətin, uğurlu iqtisadi islahatların nəticəsidir

Azərbaycanın sürətli inkişafı düzgün siyasətin, uğurlu iqtisadi islahatların nəticəsidir

31.10.2009 [11:32]

Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı və Ağsu rayonlarında səfərdə olub
Xəbər verdiyimiz kimi, oktyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfərini başa çatdıraraq Ağsuya gəlib. Rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısı İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşılayıblar. ölkəmizin iqtisadi potensialı artdıqca regionlarımız abadlaşır, hərtərəfli tərəqqi dövrünə qədəm qoyur. Bu inkişaf və tərəqqi Ağsunun simasında da hiss olunur. Rayonda tikinti-quruculuq işlərinin həcmi artıb, geniş abadlıq işləri aparılıb. Son illər Ağsu iqtisadiyyatında ciddi artım əldə olunub. Bu inkişaf Ağsunun simasını yaxşılığa doğru xeyli dəyişdirib. Şəhərin bütün mərkəzi küçələrinə asfalt örtüyü döşənib, bir çox kəndlərdə yollar təmir edilib. Ağsu-Kürdəmir magistral yolunun şəhərdən keçən hissəsində də abadlıq işləri aparılıb.
Rayonda sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması daim diqqətdə saxlanılır. Son 5 ildə rayonda 3109-u daimi olmaqla 5916 iş yeri yaradılıb. Cari ilin 9 ayında rayonda fəaliyyətə başlayan yeni və bərpa edilmiş müəssisələrdə 325 nəfər daimi işlə təmin olunub. Həmin müddətdə əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb. Son 9 ayda orta aylıq əmək haqqı artaraq 171,8 manat, adambaşına düşən gəlirlər 869,78 manat olub. Rayonda təhsil və səhiyyə sektorunun inkişafı diqqətdə saxlanılır. Müasir məktəb binaları tikilib. Qaraqoyunlu kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 220 şagird yerlik yeni orta məktəb binasının tikintisi uğurla davam edir. Kalva kəndində isə 220 şagird yerlik orta məktəb binasının inşasına başlanılıb. 2004-2008-ci illərdə “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 5, Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində isə 8 məktəb binası inşa olunub, yeni inventar və avadanlıqla təchiz edilib. Keçən il rayonda ümumi məhsul istehsalının həcmi 78 milyon 123 min manata çatıb ki, bu da əvvəlki illə müqayisədə 50,1 faiz çoxdur. Bu ilin 9 ayında da kənd təsərrüfatı istehsalı genişləndirilib, taxıl sahələrindən rekord miqdarda - 92,6 min ton məhsul əldə edilib. Rayonda meyvə və tərəvəz yığımı da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb.
Ağsu şəhərinin mərkəzindəki Heydər parkına gələn Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ulu öndərin tuncdan tökülmüş abidəsini ziyarət edərək gül dəstəsi qoyublar. Məlumat verilib ki, abidənin müəllifi Rəssamlar İttifaqının üzvü, heykəltəraş Rəşid Hüseynovdur. Qranit postamentlə birlikdə abidənin hündürlüyü 7 metrdir. Ətrafı yüksək zövqlə abadlaşdırılmış bu möhtəşəm abidənin xüsusi yaraşıq verdiyi bu park ağsuluların əsas istirahət yeridir.
Sonra dövlətimizin başçısı Heydər parkında aparılmış yenidənqurma və abadlıq işləri ilə tanış olub. Bildirilib ki, ərazisi 1,2 hektardan 2,5 hektara çatdırılan Heydər parkında yenidənqurma işlərinə 2008-ci ilin mayından başlanıb və sakinlərin istifadəsi üçün tam hazırdır. Parkda 5 fəvvarə quraşdırılıb, ümumi sahəsi min kvadratmetr olan 100 yerlik yay konsert meydançası tikilib, Hollandiya, İtaliya və İrandan gətirilmiş ağaclar və dekorativ gül kolları əkilib. Parkda yeni piyada yolları çəkilib və 6440 kvadratmetr ərazidə yeni yaşıllıq salınıb. Bu istirahət ocağının işıqlandırılması üçün müasir sistem quraşdırılıb. Parkın ətrafı da abadlaşdırılıb, yaxınlıqda yerləşən binaların fasadları təmir edilib.
Oktyabrın 29-da Heydər parkı ilə tanışlıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev Ağsu rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Prezident İlham Əliyev ağsululara müraciətlə deyib: “Sizi salamlayıram. Sizi görməyimə çox şadam. Mən bu gün Ağsunu tanımadım. Mən dörd il bundan əvvəl rayona gəlmişdim və o vaxtkı vəziyyətlə indiki vəziyyət arasında çox böyük fərq vardır. Mən buna çox sevinirəm. çox şadam ki, Ağsu rayonu çox sürətlə inkişaf edir. Abadlıq-quruculuq işləri aparılır, gözəl parklar salınır. Yollar necə də gözəldir. İstehsalat sahələri yaradılır. Mən rayonda gedən proseslərlə bu gün yaxından tanış olmuşam və sizi bütün bu gözəl nailiyyətlər münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Rayon rəhbərliyi çox səmərəli işləyir, şərait də çox işgüzardır və nəticələr də göz qabağındadır. Bu nəticələri nə gizlətmək, nə də danmaq olar, hər şey göz qabağındadır. İş olan yerdə nəticə də vardır. Dörd il bundan əvvəl Ağsuda olarkən mənzərə tam başqa idi. Amma bu gün Ağsu, deyə bilərəm ki, Azərbaycan rayonlarının arasında ən qabaqda gedən rayonlardan biridir. çox böyük işlər görülür. İnsanların məşğulluğu üçün praktiki işlər aparılır. Bu gün tikilməkdə olan böyük şirə və şərab zavodunun inşası ilə tanış oldum. O zavodun istifadəyə verilməsi nəticəsində minlərlə insan işlə təmin olunacaqdır. Kənd təsərrüfatı inkişaf edəcək, emal sənayesi inkişaf edəcək, ixrac qabiliyyətli məhsullar istehsal olunacaq və rayon iqtisadiyyatına əlavə gəlir daxil ediləcəkdir. Zavodun fəaliyyəti nəticəsində bəlkə yüzlərlə hektar əkin sahələri, bağlar salınacaqdır və indi də salınır. Gözəl meydanlar, parklar, abadlıq, quruculuq, yollar... Bu gün stadionun, uşaq yaradıcılıq məktəbinin təməl daşını qoyduq. Burada gedən proseslər məni çox sevindirir. Bir daha demək istəyirəm ki, bütün bu gözəl nailiyyətlərlə sizi ürəkdən təbrik edirəm və arzu edirəm ki, ağsulular həmişə olduğu kimi gələcəkdə də çox fəal olsunlar, Azərbaycanın hərtərəfli inkişafına öz dəyərli töhfələrini versinlər. ölkəmiz sürətlə inkişaf edir. Mənə verilən statistik məlumatlara görə, son 5 il ərzində Ağsuda iqtisadi artım 3 dəfə yüksəlibdir, çoxalıbdır. Yəni bu onu göstərir ki, Azərbaycanda qeyri-neft sektoru, kənd təsərrüfatı inkişaf edir. Azərbaycan dövləti öz tərəfindən bütün bölgələrin inkişafı üçün əməli tədbirlər görür”.
Oktyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağsu şəhərində Heydər Əliyev Mərkəzinin açılış mərasimində iştirak ediblər. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib, Heydər Əliyev Mərkəzi ilə tanış olub. Məlumat verilib ki, inşasına 2008-ci ildə başlanmış mərkəzin ümumi tikinti sahəsi 302 kvadratmetrdir. İkimərtəbəli binada 30 yerlik konfrans, eksponat zalları, dərnək, ofis və kompyuter otaqları var. Binanın birinci mərtəbəsində Ulu öndərin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən 4 bölmə yaradılıb. Bu bölmələrdə Ulu öndərin ölkəmizin beynəlxalq imicinin, müstəqilliyinin möhkəmləndirilməsi üçün gördüyü möhtəşəm işlərdən bəhs edən eksponatlara da geniş yer ayrılıb. İkinci mərtəbədə informasiya texnologiyaları, xarici dillər, texniki yaradıcılıq otaqları və işçi heyət üçün kabinetlər yerləşir. Binanın hər iki mərtəbəsində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən fotoların, müxtəlif məlumatların yer aldığı 212 tablo, 32 kompyuter dəsti, elektron köşk, geniş ekranlı monitor, səsgücləndirici qurğular yerləşdirilib. Dövlətimizin başçısına məlumat verilib ki, mərkəzin birinci mərtəbəsində yerləşən Heydər Əliyev Muzeyi 4 bölmədən ibarətdir. Birinci bölmədə Ulu öndərin yeniyetmə və gənclik dövrlərini əks etdirən fotoşəkillər əksini tapıb. İkinci bölmədəki fotoşəkillər Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamızın sosial-iqtisadi inkişafı və digər sahələrin tərəqqisi ilə bağlı gördüyü işlərdən söhbət açır. üçüncü bölmədə ümummilli liderin 1993-cü ildə xalqımızın təkidi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi, sosial və mədəni həyatındakı quruculuq işlərindən bəhs edən materiallar toplanıb. Dördüncü bölmədə isə ümummilli liderin respublikamıza rəhbərlik etdiyi müxtəlif illərdə Ağsuya səfərləri, yerli əhali ilə görüşləri əks olunub. Burada Ulu öndərin həyatına və dövlətçilik fəaliyyətinə həsr olunan filmlərin nümayişi üçün elektron köşk də var.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərkəzin ikinci mərtəbəsi ilə tanış olublar. Dövlətimizin başçısına məlumat verilib ki, mərkəzin ikinci mərtəbəsində “Heydər Əliyev və uşaqlar” bölməsi fəaliyyət göstərir. Burada Ulu öndərin uşaqlara diqqət və qayğısını əks etdirən fotoşəkillər toplanıb. Mərkəzin informasiya texnologiyaları kabinetində müasir standartlara cavab verən 17 kompyuter lokal şəbəkəyə qoşulub. Texniki yaradıcılıq otağında isə uşaqların əl işlərindən ibarət sərgi nümayiş etdirilir. Burada radio-telemexanika dərnəyinin üzvləri olan uşaqların hazırladıqları elektron avadanlıq da diqqəti cəlb edir. Kompyuterlərlə təchiz olunmuş xarici dillər kabinetində isə ingilis və rus dillərinin tədrisi üçün lazımi şərait yaradılıb. Dövlətimizin başçısı mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.
Oktyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev Ağsu Rayon İcra Hakimiyyətinin inzibati binasının açılışında iştirak edib. Dövlətimizin başçısına məlumat verilib ki, rayon icra hakimiyyətinin inzibati binasının tikintisinə 1987-ci ildən başlanıb, inşaat işləri 1990-cı ilə qədər davam etdirilib. Maliyyə vəsaiti çatışmazlığından işlər dayandırılıb. 1991-1992-ci illərdə bina baxımsızlıq ucbatından tamamilə yararsız hala düşüb. Keçən il binanın inşası üçün 516 min manat vəsait ayrılıb və tikinti-bərpa işləri yüksək səviyyədə yerinə yetirilib. Binanın tikintialtı sahəsi 660 kvadratmetr, yardımçı tikililərin sahəsi isə 264 kvadratmetrdir. Yardımçı tikililər avtomobil qarajı, qazanxana, transformator yarımstansiyası və yanğından mühafizə üçün su anbarından ibarətdir. Bina üçmərtəbəli olmaqla 35 iş otağından, 2 iclas zalından ibarətdir. Bütün iş otaqları mebellə, kompyuterlə və digər müasir avadanlıqla təmin olunub.
İnzibati binanın ətrafında və həyətində 4476 kvadratmetr yaşıllıq salınıb və bəzək kolları əkilib, fəvvarə tikilib, istirahət köşkləri quraşdırılıb və müasir yol çəkilib. Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.
Oktyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağsu şəhər stadionunun təməlqoyma mərasimində iştirak ediblər. Dövlətimizin başçısına layihə əsasında məlumat verilib ki, min tamaşaçı yeri olan Ağsu şəhər stadionunun tikintisi üçün 4,3 hektar torpaq sahəsi ayrılıb. Obyektin smeta dəyəri 1 milyon 150 min manatdır. Stadionda futbol meydançası, tribuna, inzibati bina, kassa, kafe-çayxana, elektron tablo, anbar, qaraj, içməli su anbarı, transformator, üç giriş darvazası, voleybol və basketbol meydançalarının tikintisi nəzərdə tutulub. Stadionun istifadəyə verilməsi istər yerli, istərsə də beynəlxalq oyunların keçirilməsinə hərtərəfli şərait yaradacaq. Prezident İlham Əliyev kapsulu bünövrəyə buraxıb, beton qarışığı töküb. Dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verib, inşaatçılara uğurlar arzulayıb.
Oktyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağsu şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunacaq Uşaq-Gənclər Bədii Yaradıcılıq Məktəbinin təməlqoyma mərasimində iştirak ediblər. Dövlətimizin başçısına məlumat verilib ki, Ağsu şəhər Uşaq-Gənclər Bədii Yaradıcılıq Məktəbinin tikintisi üçün 560 kvadratmetr torpaq sahəsi ayrılıb. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində inşa ediləcək məktəb ikimərtəbəli olacaq. Smeta dəyəri 650 min manat olan binanın tikintialtı sahəsi 400 kvadratmetrdir. Bədii yaradıcılıq məktəbində sinif, müəllimlər, dərnək, direktor otaqları, müxtəlif tədbirlərin keçirilməsi üçün zal nəzərdə tutulub. Tikintinin 2010-cu ildə başa çatdırılması planlaşdırılır. Prezident İlham Əliyev kapsulu bünövrəyə buraxıb, beton qarışığı töküb. Mehriban xanım Əliyeva da bünövrəyə beton qarışığı töküb.
İnşaatçılara tapşırıq və tövsiyələrini verən dövlətimizin başçısı onlara uğurlar arzulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 29-da Ağsu şəhərində Azərbaycan-Almaniya birgə müəssisəsi olan “Az-Qranata” MMC-nin şirələr və şərab emalı zavodunda tikinti işlərinin gedişi ilə tanış olublar. İnşaatçılar dövlətimizin başçısını və xanımını hərarətlə qarşılayıblar. Zavodun baş planı ilə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, “Az-Qranata” MMC-nin şirələr və şərab emalı zavodunun ümumi ərazisi 8,8 hektardır. İnşaat işlərinə 2008-ci ilin iyulunda başlanılıb. İnşaat işlərində əsasən yerli materiallardan istifadəyə üstünlük verilib. Bu zavodun Cənubi Qafqaz regionunda oxşarı yoxdur. Qeyd olunub ki, zavodun tikintialtı sahəsi 15 min 600 kvadratmetrdir. Zavod beş sexdən, inzibati bina, mehmanxana və yardımçı tikililərdən ibarətdir. Burada hər birinin tutumu 50 ton olan 50 çən quraşdırılıb.
Prezident İlham Əliyevə məlumat verilib ki, gələcəkdə məhsullar bir çox ölkələrə, o cümlədən MDB və Avropa dövlətlərinə ixrac olunacaq.
Qeyd edilib ki, zavod gələn mövsümdən tam gücü ilə işə başlayacaq.
Dövlətimizin başçısı inşaatçılara uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
Oktyabrın 29-da Ağsu şəhərində Qəhrəmanlar parkının açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Dövlətimizin başçısı və xanımı parkda aparılmış abadlıq və quruculuq işləri ilə tanış olublar.
Prezident İlham Əliyevə məlumat verilib ki, tikintisinə 2008-ci ildən başlanılmış Qəhrəmanlar parkının ərazisi bir hektardır. Müasir memarlıq üslubunda tikilmiş parkın layihə tərtibatında üç tarixi hadisənin qəhrəmanlıq rəmzi ifadə olunub. Kompleksdə II Dünya Müharibəsində həlak olmuş həmyerlilərimizin, 20 Yanvar şəhidlərinin və Qarabağ müharibəsində həlak olmuş 104 şəhidin əziz xatirəsi əksini tapıb. Burada “Əbədi məşəl” alovlanır.
Kompleksin döşəmə və divarları qara və qırmızı qranitlə işlənilib. Tikintinin sahəsi 3600 kvadratmetrdir. Kompleksin ətrafında 4862 kvadratmetr yaşıllıq salınıb, min ədəd həmişəyaşıl ağac əkilib, suvarma sistemi yenidən qurulub.
Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
Bununla da Prezident İlham Əliyevin Ağsu rayonuna səfəri başa çatıb.


Paylaş:
Baxılıb: 1108 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31