Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

03.11.2009 [09:08]

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər
Dünən Bakı Dövlət Universitetinin (BDU) 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmək üçün universitetə gəliblər. Dövlətimizin başçısını və xanımını binanın önündə BDU-nun rektoru Abel Məhərrəmov qarşılayıb. Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olunub. Salona toplaşanlar dövlətimizin başçısını və xanımını hərarətli alqışlarla qarşılayıblar. Əvvəlcə BDU-nun tələbə xorunun ifasında universitetin himni oxunub. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib: “Hörmətli xanımlar və cənablar! Hörmətli qonaqlar! Əziz dostlar! Mən sizin hamınızı Bakı Dövlət Universitetinin 90 illik yubileyi münasibətilə ürəkdən təbrik etmək istəyirəm, universitetin bütün kollektivinə xoşbəxtlik və yeni-yeni uğurlar arzulayıram. Bakı Dövlət Universitetinin çox gözəl və böyük tarixi vardır. 1919-cu ildə təsis edilmiş universitet 90 il ərzində Azərbaycanın hərtərəfli inkişafında çox mühüm rol oynamışdır. Bakı Dövlət Universiteti Azərbaycan müstəqilliyini əldə edəndən bir il sonra Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilmişdir. Bu çox düşünülmüş və uzaqgörən bir addım idi. O vaxt ölkəmiz çox gənc idi. Buna baxmayaraq, əhalinin maarifləndirilməsi, Azərbaycanda savadsızlığın aradan qaldırılması və intellektual potensialın gücləndirilməsi üçün universitetin yaradılması çox mühüm hadisə olmuşdur. Bildiyiniz kimi, Azərbaycan Xalq Cümhuriyyəti iki il yaşadı, onun ömrü uzun olmadı, iki ildən sonra süqut etdi. Ancaq Bakı Dövlət Universiteti yaşadı. Düzdür, o zamanın müəyyən ideoloji çərçivələri daxilində fəaliyyət göstərmişdir. Ancaq buna baxmayaraq, Bakı Dövlət Universiteti Azərbaycanın inkişafı, Azərbaycanda təhsilin inkişafı, elmi potensialın gücləndirilməsi üçün çox mühüm rol oynamışdır. Bu rol bu gün də davam edir. çox sevindirici haldır ki, Bakı Dövlət Universiteti bütün bu illər ərzində Azərbaycanda təhsil sahəsində öz aparıcı rolunu qoruyub saxlaya bilmişdir və bu gün bu rol daha da güclənir. Bu, bir daha onu göstərir ki, universitetin çox zəngin ənənələri, çox böyük potensialı, professor-müəllim heyətinin təcrübəsi, tələbələrin oxuması və təhsilə verdikləri önəm vardır. Xüsusilə, indiki şəraitdə hər şey təhsilin səviyyəsi ilə ölçülür. Hər bir insanın gələcəyi, hər bir gəncin taleyi onun biliyindən, təcrübəsindən, savadından asılıdır. Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və bazar iqtisadiyyatının öz qanunları vardır. Hər bir insan qarşısında eyni imkanlar, bərabər imkanlar yaradılır. O imkanlardan faydalanmaq, xüsusilə Azərbaycanın indiki inkişaf dövrünü yaşadığı bir vaxtda yaradılan bu imkanlardan faydalanmaq üçün ilk növbədə gənclər bilikli, savadlı olmalıdırlar. Bakı Dövlət Universiteti müxtəlif dövrlərdə Azərbaycanın hərtərəfli inkişafı üçün öz dəyərli töhfəsini vermişdir. Bakı Dövlət Universitetinin məzunları öz fəaliyyəti ilə ölkəmizin çiçəklənməsinə dəyərli töhfələrini vermişlər. Ulu öndər Heydər Əliyev də Bakı Dövlət Universitetinin məzunu idi və bütün dövrlərdə - 1970-80-ci illərdə və müstəqil Azərbaycanın Prezidenti kimi Bakı Dövlət Universitetinin inkişafı üçün çox böyük səylər göstərmişdir. Həmişə universitetə çox böyük diqqət göstərmişdir, universitetin tədbirlərində iştirak etmişdir və Bakı Dövlət Universitetinin belə yüksək səviyyəyə qalxması üçün əməli işlər görmüşdür. 1970-80-ci illərin əvvəllərində və 1990-cı illərdə Ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan çox böyük və uğurlu yol keçmişdir. 1970-ci ildə Azərbaycan müttəfiq respublikalar arasında ən axırıncı yer tuturdu. Ancaq 1982-ci ildə Azərbaycan müttəfiq respublikalar arasında birinci sıralarda idi. O illər ərzində sənaye potensialının, intellektual potensialın inkişaf etdirilməsi, gənc nəslin maarifləndirilməsi və Sovet İttifaqının aparıcı ali məktəblərinə onların imtahansız qəbulu sayəsində Azərbaycanın elmi potensialı böyük dərəcədə gücləndirilmişdir. Azərbaycanın ali məktəblərində aparılan islahatlar və görülən işlər bu gün ölkənin intellektual potensialını müəyyən edir. Müstəqilliyin ilk dövründə - 1993-cü ildə Azərbaycanın qarşısında duran çağırışlar demək olar ki, müstəqilliyimizi sınağa çəkirdi, çox ciddi böhran - həm iqtisadi, həm siyasi böhran yaşanırdı. Buna baxmayaraq, 1993-cü ildən başlayaraq 2003-cü ilə qədər Azərbaycanda təhsilin inkişafı üçün köklü islahatlar aparıldı, lazımi qərarlar verildi. Azərbaycan təhsilinin maddi-texniki bazasının gücləndirilməsi işində çox vacib addımlar atılmışdır. Bu siyasət bu gün davam etdirilir. Bu gün Azərbaycanın demək olar ki, bütün ali məktəblərinin maddi-texniki bazası ən yüksək standartlara cavab verir. Demək olar ki, bütün dövlət ali məktəblərində əsaslı təmir işləri aparılmışdır. Ali məktəblərin maddi-texniki bazası böyük dərəcədə gücləndirilmişdir. Bu onu göstərir ki, Azərbaycan dövləti həmişə olduğu kimi, təhsilin inkişafına çox böyük əhəmiyyət verir. Bu, həqiqətən də belədir. Bunu görmək üçün ancaq Azərbaycanın dövlət büdcəsinə baxmaq kifayətdir. Təhsil xərcləri ordu xərclərindən sonra dövlət xərclərimizdə ikinci yerdədir. Bu da təbiidir. çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı işğalçılardan hərbi yolla azad edək. Ancaq hərbi xərclərdən sonra ikinci yerdə təhsilə ayrılan xərclərdir. Bu, Azərbaycan dövlətinin prioritetlərini göstərir və bizim siyasətimizin ən bariz nümunəsidir. çünki hər bir ölkənin inkişafı üçün ən başlıca şərt o ölkənin təhsilinin səviyyəsidir. Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, İkinci Dünya müharibəsindən sonra və bəzi ölkələrdə ondan əvvəl, elmi-texniki tərəqqi olan yerlərdə ölkələr inkişaf edib və bu gün dünyanın inkişaf etmiş ölkələri kimi tanınır. Nə təbii resurslar, nə coğrafi vəziyyət, - halbuki bu amillər də çox önəmlidir, - bu şərti təmin etmir. Ancaq təhsilin səviyyəsi, elmi-texniki tərəqqi, təhsilə verilən önəm və təhsil sahəsində aparılan islahatlar əsas şərtlərdir. Biz də bu yolu seçmişik. Biz də təhsildə islahatların aparılması ilə bərabər, bizim üçün ənənəvi olan təhsil formalarını saxlayırıq, öz ənənələrimizi qoruyuruq, bütün mütərəqqi təcrübələrə qoşuluruq və ali məktəblərimiz beynəlxalq müstəvidə çox fəal iştirak edirlər. Bir sözlə, təhsil sisteminin təkmilləşdirilməsi, təhsilin səviyyəsinin qaldırılması üçün bundan sonra da lazımi tədbirlər görüləcəkdir. Son altı il ərzində Azərbaycanda 1800 yeni məktəb tikilibdir. Yüzlərlə məktəbdə yeni korpuslar tikilib, təmir aparılıbdır. Bu nəyi göstərir?! Bu onu göstərir ki, bu sahə prioritet sahədir. Bütün orta məktəblərdə kompyuter sinifləri yaradılır, informasiya-kommunikasiya texnologiyaları tətbiq edilir. Bütün məktəblərin internetə qoşulması prosesi uğurla davam edir. Belə olan halda gənclərimiz, uşaqlarımız, yeniyetmələrimiz bilikli və savadlı olacaqlar, həyatda özlərinə layiq yeri tutacaq, eyni zamanda, gələcəkdə - 10 ildən, 20 ildən, 50 ildən sonra Azərbaycanın uğurlu inkişafını təmin edəcəklər. çünki bir daha demək istəyirəm ki, təbii sərvətlər tükənən dəyərdir, ancaq təhsil, bilik, elm əbədi, hər bir ölkənin gücləndirilməsinə töhfə verən amillərdir. Son illər ərzində təhsilin səviyyəsinin qaldırılması işində vacib addımlar atılır, “Təhsil haqqında” Qanun uzun müzakirələrdən sonra qəbul edilibdir. Ancaq bu sahədə inkişaf üçün hələ çox iş görülməlidir. Bir daha demək istəyirəm ki, dünyanın ən mütərəqqi təcrübəsi öyrənilməlidir, eyni zamanda, Azərbaycan gəncləri milli ruhda tərbiyə olunmalıdır. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində yaşamışıq. Ancaq öz milli dəyərlərimizi, ənənələrimizi qoruya bilmişik, saxlaya bilmişik. öz ana dilimizi saxlaya bilmişik. Nəyin hesabına?! Ona görə ki, Azərbaycan xalqında milli ruh həmişə çox yüksək səviyyədə olmuşdur. Bu gün qloballaşan dünyada, bəlkə də buna daha da çox diqqət verilməlidir. Qloballaşma təbii prosesdir və yəqin ki, bu proses müəyyən düzəlişlərlə davam edəcəkdir. Xüsusilə, belə olan halda milli dəyərlərə önəm vermək, gənc nəsli milli dəyərlər əsasında tərbiyə etmək xüsusi əhəmiyyət daşıyır. Mən çox şadam ki, Azərbaycanda milli ənənələr güclənir, möhkəmlənir və bu prosesləri daha da sürətləndirmək üçün kompleks tədbirlər görülməlidir. Əlbəttə, təhsil bu işlərdə ən prioritet məsələdir. Eyni zamanda, bizim mədəni irsimizin öyrənilməsi, ədəbiyyatımızın təbliği, xalq musiqimizin təbliği və öyrənilməsi böyük əhəmiyyət daşıyan məsələlərdir. Azərbaycanda bütün bu sahələrə çox böyük əhəmiyyət verilir. Biz öz iqtisadiyyatımızı inkişaf etdiririk. Azərbaycan iqtisadi cəhətdən artıq oturuşmuş dövlət kimi tanınır. Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq. Nəzərə alsaq ki, dünyanın aparıcı maliyyə qurumları Azərbaycanda aparılan islahatları çox yüksək qiymətləndirir. Müxtəlif hesablamalara görə Azərbaycan postsovet məkanında iqtisadi islahatlar və iqtisadi inkişaf baxımından birinci yerdədir. Mən hesab edirəm ki, artıq bu sahədə keçid dövrü başa çatıbdır. Dünya İqtisadi Forumu - dünyanın ən mötəbər qurumlarından biri olan bu təşkilat rəqabət qabiliyyətliliyinə görə, Azərbaycanı dünya miqyasında 51-ci yerdə görür və bütün MDB məkanında biz bu sahədə birinci yerdəyik. Dünya Bankı 2008-ci ilin hesablamalarına görə Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi tanıdı. Bu, bir daha onu göstərir ki, bizim uğurlarımızın əsas səbəbi ölkədə aparılan siyasi və iqtisadi islahatlardır. Hasilat sənayesi sahələrində şəffaflığın təmin edilməsi ilə əlaqədar Azərbaycan təcrübəsi dünya miqyasında öyrənilir. Birləşmiş Millətlər Təşkilatı Azərbaycanı bu sahə üzrə mükafatlandırıbdır. Ona görə biz gələcəyə bu prizmadan yanaşmalıyıq. Azərbaycan üçün ən ağır, ən çətin dövr artıq arxada qaldı. Sabitlik dövrü tam bərqərar olundu və biz irəliyə baxmalıyıq. Azərbaycan 20 ildən, 50 ildən sonra necə inkişaf edəcək, hansı resurslar bunu təmin edəcək?! Əlbəttə ki, təbii resurslarımızın mövcudluğu bizə əlavə güc verir. Xüsusilə, müstəqilliyimizin ilk illərində və bu gün müstəqil siyasət aparmaq üçün, öz taleyimizin özümüz tərəfindən həll edilməsi üçün çox mühüm rol oynayır. Əlbəttə ki, uzun illər bundan sonra bu amillər nəinki ölkəmizin inkişafına, eyni zamanda regional vəziyyətə mühüm təsirini göstərəcəkdir. Ancaq biz elə etməliyik ki, Azərbaycan uzun illər, onilliklər bundan sonra, əsrlər boyu müstəqil ölkə kimi yaşasın və nəinki yaşasın, yaxşı yaşasın.
Dünyada müstəqil sayılan ölkələr çoxdur. Ancaq əgər biz bir az dərinə baxsaq görərik ki, onların heç də hər biri müstəqil siyasət aparmaq iqtidarında deyildir. Bunun müxtəlif səbəbləri vardır və bu, təkcə bugünkü siyasi mənzərə deyil, bu, əsrlər boyu belə olubdur. O ölkələr dünyada özünə layiq yeri tutar ki, o ölkələr öz hesabına yaşaya bilsinlər, başqa ölkələrin yardımına onların ehtiyacı olmasın - nə siyasi, nə iqtisadi cəhətdən, nə də ölkələrin ehtiyaclarının ödənilməsi baxımından. Azərbaycan bu ölkələrdəndir. Baxmayaraq ki, biz müstəqilliyi əldə edəndə, bəlkə də Azərbaycan ən ağır vəziyyətdə idi. çünki ölkə iqtisadiyyatı dağılmışdı, ölkədə siyasi proseslər, faktik olaraq ölkəni uçurum kənarına qoymuşdu. 1990-cı illərin əvvəllərində yaşanan siyasi, iqtisadi, hərbi böhran faktik olaraq müstəqilliyimizi təhlükə altına qoymuşdu. Ancaq buna baxmayaraq, Azərbaycan o dövrdən, xüsusilə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra uğurla çıxa bilmişdir və bu gün uğurla inkişaf edir. Yəni, bu tarix hamımızın yadındadır və biz elə etməliyik ki, uzun illər bundan sonra da Azərbaycan öz müstəqil siyasətini apara bilsin. Bunu etmək üçün müxtəlif amillər lazımdır. İlk növbədə, siyasi iradə lazımdır. Digər tərəfdən xalqla iqtidar arasında birlik, sabitlik, əmin-amanlıq, inkişaf, iqtisadi canlanma, siyasi islahatların, demokratiya proseslərinin sürətləndirilməsi lazımdır. Bütün bu amillər Azərbaycanda vardır. Bu il bütün dünya böhran içindədir və biz dünyada gedən proseslərə bələdik. Azərbaycan iqtisadiyyatı doqquz ayda 6,1 faiz artıbdır. Bütün bu nəticələr onu göstərir ki, biz sözün əsl mənasında, müstəqil dövlətik, müstəqilliyimizi hər şeydən uca tuturuq, müstəqilliyimizin möhkəmləndirilməsi üçün əlimizdən gələni edirik. Bu müstəqilliyi əbədi, dönməz etmək üçün mən bir daha vurğulamaq istəyirəm, hesab edirəm ki, təhsilin səviyyəsi ən vacib rollardan birini oynayır. Azərbaycanda bu istiqamətdə çox vacib işlər görülüb. Bütövlükdə təhsil sahəsində görülən işlər müsbət qiymətləndirilə bilər. çatışmayan cəhətlər vardır. Biz də onları bilirik. Onları aradan qaldırmaq üçün biz daha da fəal işləməliyik. Azərbaycanı irəliyə aparan çox gözəl və milli ruhda böyüyən gənc nəsil yetişir. Müəllimlərin əlbəttə ki, bu işdə rolu, bəlkə də ən önəmli roldur. çünki müəllimlər həm tələbələrə öz biliyini çatdırırlar. Eyni zamanda, gənc nəslin hansı formada böyüməsinə də müəllimlərin böyük təsiri vardır. Mən bu fürsətdən istifadə edərək Bakı Dövlət Universitetinin bütün professor-müəllim heyətinə uzun illər çox vacib funksiya daşıdıqlarına görə öz minnətdarlığımı bildirmək istəyirəm. Onlara gələcəkdə yeni uğurlar arzulamaq istəyirəm. Tələbələrə isə yaxşı oxumağı, yaxşı biliyə malik olmağı və gələcəkdə Azərbaycanın dövlət müstəqilliyinə öz töhfəsini verməyi arzulayıram.
Əziz dostlar, bu gözəl yubiley münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm, sizə cansağlığı və yeni-yeni uğurlar arzulayıram. Sağ olun”.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov çıxış edib: “Hörmətli tədbir iştirakçıları, iki gün bundan öncə, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Bakı Dövlət Universitetinin bir qrup aliminə - 107 nəfərə Azərbaycanın ən böyük mükafatları, fəxri adları verilmişdir. Bu, universitetə olan böyük diqqətdir, böyük qayğıdır. Nəinki universitetə, mən hesab edirəm ki, Azərbaycan elminə, Azərbaycan təhsilinə böyük diqqət və qayğıdır. Ona görə, cənab Prezident, icazə verin, bütün təhsil işçiləri adından, o cümlədən Bakı Dövlət Universitetinin kollektivi adından Sizə dərin minnətdarlığımızı bildirək. Bu gün biz çox şadıq ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev ilə birlikdə Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da burada iştirak edir. Onun bütün fəaliyyəti həmişə bizi şərəfləndiribdir. O, bizim qürur yerimiz olubdur. Bütün sahələrə kömək və dəstək veribdir. İcazə verin, bu tarixi fəaliyyətinə görə hörmətli Mehriban xanıma da öz təşəkkürümüzü bildirək. Bakı Dövlət Universitetinin şanlı yubileyində Avropadan, Asiyadan, ümumiyyətlə, dünyanın ən aparıcı universitetlərinin rektorları, nümayəndə heyətləri iştirak edir. İcazə verin, bütün kollektiv adından, bütün tədbir iştirakçıları adından qonaqlarımızı bu qocaman elm və təhsil məbədində bir daha salamlayaq. Mən çıxışımı ümummilli liderimiz Heydər Əliyevin tarixi sözləri ilə başlamaq istəyirəm: “Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir”. Universitetimiz bu milli sərvət adını qazanmaq yolunda hansı acılı-ağrılı günlərdən keçib, hansı nailiyyətlər əldə edib və bu gün gələcək haqqında nə düşünür - bu istiqamətdə qısa çıxışımı sizin nəzərinizə çatdırmaq istəyirəm. Bakı Dövlət Universiteti hər zaman xalqın milli şüurunun, milli özünüdərkinin yetkinləşməsi, maarifçilik ideologiyasının bərqərar olması, elm və təhsilin inkişafı, Azərbaycan dili və tarixinin sistemli şəkildə tədqiqi və Azərbaycançılıq ideologiyasının formalaşmasında əvəzsiz rol oynamışdır. Hələ 90 il bundan əvvəl, universitetin ilk rektoru Vasili İvanoviç Razumovski demişdir: “Azərbaycan öz maarif ocağını yaratdı. Türk xalqının tarixinə yeni bir parlaq səhifə yazıldı. Avropa və Asiyanın qovuşuğunda yeni məşəl yandı. Mən Bakı Dövlət Universitetinin parlaq gələcəyinə inanıram”.
Yarandığı gündən indiyə qədərki bütün fəaliyyəti ilə Bakı Dövlət Universiteti həmin sözləri həqiqətə çevirmişdir. XX əsrin əvvəllərində Azərbaycan demokratik respublika qurmaqla xalqımız Şərq dünyasına respublika məfkurəsini və demokratik idarə üsulunu gətirdi. Mövcud olduğu qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi ən mühüm tədbirlərdən biri də müsəlman Şərqində ilk Avropa tipli ali məktəbin - Bakı Dövlət Universitetinin yaranması oldu. Xalqın maariflənməsini və təhsilin inkişafını düşünən Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin - Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Məmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağayev, Behbud xan Cavanşir və başqalarının başlıca arzularından biri universitet açmaq idi. Qeyd etmək istəyirəm ki, Bakı Dövlət Universitetinin yaradılmasında tarixi xidmətlər göstərmiş bu vətənpərvər ziyalıların əksəriyyəti Avropanın qabaqcıl universitetlərində təhsil almışdılar. Parlamentdə 10 ay sürən gərgin mübahisə və müzakirələrdən sonra onlar həyatlarının bəlkə də ən böyük arzusuna qovuşdular. Müstəqil dövlətin müstəqil ali təhsil ocağını - Bakı Dövlət Universitetini yarada bildilər. Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı bir çox təsisatlar, dövlət rəmzləri ləğv edilmiş, ilk müstəqil dövlətimizin özü kimi onlar da yalnız arxiv sənədlərində qalmış, vətənpərvər insanların xatirələrində yaşamışdır. Xalq Cümhuriyyətinin yaratdığı möhtəşəm elm abidəsi - Bakı Dövlət Universiteti isə təzyiqlərə davam gətirmiş, uzun illər sınaqdan alnıaçıq, şərəflə çıxmış, vətən övladlarına ziya vermək amalını qoruyub saxlamışdır. Azərbaycan mədəniyyəti, elmi, ziyalılığı tarixinə qanlı hərflərlə yazılan 1937-ci il özündə milli təəssübkeşliyi təcəssüm etdirən Bakı Dövlət Universitetinə ağır zərbələr vurdu. 90 illik yubiley ərəfəsində arxiv materiallarını araşdırarkən belə bir acınacaqlı fakt da aşkarlandı ki, təkcə 1937-ci ildə 2 dekan, 2 dekan müavini, 4 kafedra müdiri, kitabxananın direktoru, elmi katib, xüsusi hissənin müdiri, partiya və komsomol təşkilatlarının rəhbərləri, 8 professor, həmçinin universitetin rektoru olmuş dörd görkəmli ziyalı - Tağı Şahbazi, Maqsud Məmmədov, Məmmədkərim Ələkbərli, Balabəy Həsənbəyov ən ağır cəzaya - güllələnməyə məhkum edilmişlər. Bu insanların hər birinin Azərbaycan ziyalılığının formalaşmasında və təşəkkülündə müstəsna xidmətləri olmuşdur. 1930-cu illərin repressiyalarına, İkinci Dünya müharibəsi illərindəki itkilərə baxmayaraq, artıq 1945-1950-ci illərdə Bakı Dövlət Universiteti Azərbaycanda elmi məktəblərin formalaşmasında, fundamental elm sahələrinin əsaslı inkişafında əvəzsiz rolu olan yüzlərlə dəyərli alim yetişdirə bilmişdir. Böyük şərəf hissi duyuruq ki, elmin yüksək zirvələrini fəth etmiş dünya şöhrətli alimlər - Yusif Məmmədəliyev, Abdulla Qarayev, Cəfər Xəndan Hacıyev, Şəfayət Mehdiyev, Zahid Xəlilov, Həsən Əliyev, Murtuza Nağıyev, Mircəlal Paşayev, Musa Əliyev, Həmid Araslı, Bəkir çobanzadə, Nəsir İmanquliyev, Feyzulla Qasımzadə, Heydər Hüseynov, Bəxtiyar Vahabzadə, Mirəli Qaşqay və bir çox başqaları Bakı Dövlət Universitetində çalışmışlar. Universitet bugünkü fəaliyyətinə görə məhz yuxarıda adlarını çəkdiyim, həmçinin burada vaxt məhdudiyyəti üzündən adlarını çəkə bilmədiyim yüzlərlə elm və təhsil fədaisinə, həyatlarının ən mənalı hissəsini bu möhtəşəm elm və təhsil ocağına həsr edən bu təkrarsız insanlara borcludur. Universitetin inkişafında yeni keyfiyyət mərhələsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Xalqımızın böyük oğlu, Ulu öndər Heydər Əliyev məzunu olduğu elm, təhsil və mədəniyyətimizin möhtəşəm məbədinə - Bakı Dövlət Universitetinə xüsusi həssaslıqla yanaşır, ona hər cür qayğı göstərirdi. Heydər Əliyev cəmiyyətin tərəqqisi, elm, mədəniyyət və mənəviyyatın inkişafında təhsilin qüdrətli vasitə olduğunu bilirdi, ona diqqət və qayğını dövlət səviyyəsində prioritet prinsip kimi ön plana çəkirdi. Bu amil Azərbaycanda 1970-ci illərdən başlayaraq Heydər Əliyev epoxasının ölkəmizin mənəvi yüksəliş tarixinin inkaredilməz reallığıdır. Əlamətdar haldır ki, düz 40 il bundan əvvəl - 1969-cu il noyabr ayının 1-də Heydər Əliyev məhz Bakı Dövlət Universitetinin 50 illik yubileyində yubiley komissiyasının sədri kimi Azərbaycan elminin və təhsilinin inkişaf strategiyasını müəyyənləşdirən möhtəşəm bir nitq söyləmişdir. Onu da xüsusi vurğulamaq istərdim ki, sovet rejiminin bütün qadağalarına baxmayaraq, Ulu öndər o dövr üçün inqilaba bərabər bir addım atmış - ana dilində nitq söyləmiş və bu, bütün Azərbaycan cəmiyyəti üçün milli ruha və özünüdərkə qayıdış anı olmuşdur. Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri də gənclərimizi keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə təhsil almağa göndərməsi idi. Bu yolla həm Azərbaycanın elmi və kadr potensialı yüksəlir, həm də xalqımızın milli mənəvi, əxlaqi dəyərlərinin təbliği həyata keçirilirdi. 1969-1982-ci illərdə 15 minə yaxın istedadlı gənc Moskva, Leninqrad, Kiyev, keçmiş Sovetlər Birliyinin başqa böyük şəhərlərinin aparıcı universitetlərinə oxumağa göndərilmişdir. İndi həmin gənclər respublikamızda ziyalı təbəqəsinin, elmin, təhsilin və ictimai həyatın digər sahələrinin aparıcı şəxsləri, dövlət idarəçiliyində ali struktur rəhbərləridirlər. Müxtəlif universitetləri bitirdiklərinə baxmayaraq, mən onları Heydər Əliyev universitetinin yetişdirmələri adlandırıram. Yeri gəlmişkən deyim ki, bu gün həmin siyasəti Prezidentimiz İlham Əliyev qlobal cəmiyyət müstəvisində uğurla davam etdirir. Prezidentin 5 min nəfər istedadlı gəncin dövlət vəsaiti hesabına Avropa və Asiyanın aparıcı ali məktəblərinə təhsil almağa göndərilməsi barədə qəbul etdiyi qərar və bununla bağlı imzaladığı sərəncamlar Azərbaycanın qlobal cəmiyyət məkanına inteqrasiyası prosesində çox uğurlu addımdır. 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Bakı Dövlət Universitetini yaddan çıxarmadı, dövlətin yaradılıb möhkəmlənməsində onun rolunu çox yüksək qiymətləndirdi. Həmin dövrdə Bakı Dövlət Universiteti çox acınacaqlı durumda idi. Tədrisin səviyyəsi aşağı düşmüş, kollektivdə gələcəyə inam hissi qalmamışdı. Təkcə bizim universitet deyil, respublikanın digər təhsil müəssisələri, Milli Elmlər Akademiyası da dağılmaq təhlükəsi ilə üzləşmişdi. Bir məsələ xüsusi vurğulanmalıdır ki, həmin dövrdə respublikanın üzdə olan bir çox alimləri xarici ölkələrdə çalışmaq məcburiyyətində qalmışdılar. Məhz Heydər Əliyevin qayıdışı və “Təhsil xalqın gələcəyidir” tarixi çağırışı bütün elmi və pedaqoji ictimaiyyətdə, o cümlədən Bakı Dövlət Univesitetinin kollektivində gələcəyə inam hissi oyatdı və bundan sonra alimlərimizin də Vətənə qayıdışı prosesi başlandı. Bu gün də biz həmin siyasətin davamının şahidiyik. Cəmiyyətin inkişaf konsepsiyasını dəqiq müəyyənləşdirən Prezidentimiz İlham Əliyev bu gün həmin çağırışı qlobal müstəviyə keçirərək, ölkənin iqtisadi potensialını intellekt kapitalına çevirmək istiqamətində Azərbaycan üçün taleyüklü addım atır”.
Sonra BDU-nun rektoru Abel Məhərrəmov dövlətimizin başçısına fəxri doktorluq mantiyasını və diplomunu təqdim edib. Prezident İlham Əliyev təşəkkür edərək deyib: “Sağ olun. Bakı Dövlət Universitetinin fəxri doktoru adının verilməsi mənim üçün böyük şərəfdir. Mən müxtəlif universitetlərin fəxri doktoruyam. Ancaq, əlbəttə ki, mənim üçün ən doğma olan Bakı Dövlət Universitetinin fəxri doktoru adını almaq xüsusi məmnunluq hissləri oyadır. Mənim fəaliyyətimə verilən bu yüksək qiymətə görə sizə bir daha öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Sizi əmin etmək istəyirəm ki, Bakı Dövlət Universitetinin hərtərəfli inkişafı üçün bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm”.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi çıxış edərək deyib ki, Moskva Dövlət Universiteti Bakı Dövlət Universiteti ilə də əməkdaşlıq edib: “Dəfələrlə Bakıya müxtəlif konfranslarda, dissertasiyalara opponentlik etmək üçün gəldiyim illəri xatırlayıram. Bəlkə də 10-dan çox dissertasiyaya opponentlik etmişəm, rəy yazmışam. Mən, Azərbaycan xalqının ölkədə elmin inkişafı üçün çox işlər görmüş görkəmli nümayəndələrini, ilk növbədə, mənə daha yaxın olan riyaziyyatçıları xatırlayıram. Bu, Elmlər Akademiyasının prezidenti Xəlilov, Elmlər Akademiyasının prezidenti Maqsudov, gözəl alimlər Rəsulov, Allahverdiyev, - bəlkə də o, indi buradadır, - və onlarla başqalarıdır. Salona daxil olmazdan əvvəl dəhlizdə çox insanlarla söhbət etdim. Onlar bu və ya digər kafedra, bu və ya digər professor barədə soruşur, harada müdafiə etdiklərindən danışır, qonaq gələcəklərini deyirdilər. Hörmətli dostlar, Bakı Universitetinin professorları, bu, o deməkdir ki, tariximizin və ənənələrimizin ümumi cəhətləri çoxdur”.
Sonra Akademik Viktor Sadovniçi Moskva Dövlət Universitetinin minadan yeganə nüsxədə hazırlanmış rəmzini Prezident İlham Əliyevə təqdim edib.
Türkiyənin Atatürk Universitetinin rektoru Hikmət Koçak Ulu öndər Heydər Əliyevin və Atatürkün Azərbaycan-Türkiyə münaisbətlərinə verdiyi mühüm töhfələri xatırladıb.
Tbilisi Dövlət Universitetinin rektoru professor Giorgi Xubua da mərasim iştirakçılarına təbriklərini çatdırıb.
Tehran Universitetinin rektoru professor Nəsrətollah Zanqham da BDU-nun yubileyi münasibətilə təbriklərini çatdıraraq söyləyib ki, Azərbaycan və İran universitetləri arasında həm mədəni, həm də digər göstəricilər baxımından iki əsas oxşarlıq var.
ölkəsi ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən Lev Qumilyov adına Qazaxıstan Avrasiya Milli Universitetinin rektoru Baxitjan Abdraimov Bakı Dövlət Universitetinin mənəvi dəyərlərin təbliğindəki rolunu vurğulayaraq bildirib ki, həm universitetlərimiz, həm də xalqlarımız arasında hazırkı münasibət çox yüksək səviyyədədir.
Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunan mərasimdə iştirak edən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bu təhsil ocağındakı Heydər Əliyev Muzeyinə baxıblar. 1996-cı ildə yaradılmış muzeydə universitetin dünya şöhrətli məzunu, xalqımızın ümummilli lideri, bu ali təhsil ocağının fəxri doktoru və qayğıkeşi olan dahi şəxsiyyət barədə tarixi sənədlər və materiallar toplanıb. Həmin materiallar universitetdə təhsil alan hər bir tələbə üçün örnəkdir.
Sonda xatirə şəkli çəkdirilib.

Paylaş:
Baxılıb: 1191 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31