Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Neft Daşları Azərbaycan xalqının, dövlətinin ayrılmaz bir dəyəridir, çox gözəl inkişaf nümunəsidir

Neft Daşları Azərbaycan xalqının, dövlətinin ayrılmaz bir dəyəridir, çox gözəl inkişaf nümunəsidir

06.11.2009 [10:03]

Dövlət başçısı İlham Əliyev əfsanəvi Neft Daşlarının 60 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib
Əfsanəvi Neft Daşlarının 60 illik yubileyi münasibətilə dünən dünyanın səkkizinci möcüzəsi adlandırılan dəniz şəhərində təntənəli mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təntənəli mərasimdə iştirak etmək üçün Neft Daşlarına gəlib.
Dövlətimizin başçısını dəniz neftçiləri hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyev əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstəsi qoyub.
Dövlətimizin başçısı Neft Daşlarında neftçilərin mədəniyyət və istirahət parkı ilə tanış olub. Müasir tələblər səviyyəsində qurulan parkda neftçilərin istirahəti üçün bütün infrastruktur yaradılıb, yaşıllaşdırma işləri aparılıb, ərazinin landşaftında yeni dekorativ bitkilərdən istifadə olunub. Parkda 45 metr hündürlüyündə Dövlət bayrağı ucaldılıb.
Prezident İlham Əliyev Heydər Əliyev muzeyinin açılışında iştirak edib.
Dövlətimizin başçısına məlumat verilib ki, muzey Ulu öndərin ictimai-siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlarla zəngindir. Burada ümummilli liderin büstü qoyulub, Onun neft sənayesinin inkişafına göstərdiyi diqqət və qayğısını əks etdirən çoxsaylı tarixi fotolar, Ulu öndərin dövlətçilik fəaliyyətinə həsr olunmuş kitablar saxlanılır. Muzeydə Ulu öndər Heydər Əliyevin neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini əks etdirən eksponatlara da geniş yer ayrılıb. Muzeyin ən müasir avadanlıqla təmin olunmuş konfrans zalında dahi rəhbərin irsinin öyrənilməsi ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.
Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazıb.
Sonra dövlətimizin başçısı Neft Daşlarında 1957-ci ilin noyabrında Xəzəri fəth edərkən dənizdə həlak olmuş neftçilərin xatirəsinə ucaldımış abidə kompleksini ziyarət edərək, gül dəstəsi qoyub.
Burada, eyni zamanda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhid neftçilərin xatirəsinə də abidə ucaldılıb. Prezident İlham Əliyev Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş 17 neftçinin xatirəsinə ehtiramını bildirərək, abidə önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyev mədəniyyət və istirahət parkında neftçilərin mənalı istirahətinin təşkili məqsədilə tikilmiş ikimərtəbəli “çay evi” ilə tanış olub.
Dövlətimizin başçısına bu yaxınlarda 60 illik yubileyini qeyd etməyə hazırlaşan Xəzər Dəniz Neft Donanması haqqında ətraflı məlumat verilib. Hazırda Xəzərdə bu nadir donanmanın 264 gəmidən ibarət olduğu, onlardan 200-nün gündəlik reysə çıxdığı diqqətə çatdırılıb, ən böyük gəmilərin maketi nümayiş olunub.
Prezident İlham Əliyevə son vaxtlar dənizə buraxılan müasir gəmilər barədə də məlumat verilib və bildirilib ki, onların arasında sərnişin və yük gəmiləri üstünlük təşkil edir.
Neft Daşlarında Neft muzeyinin tikilməsi planlaşdırılır. Prezident İlham Əliyev muzeyin eskiz layihəsi ilə tanış olub.
Sonra dövlətimizin başçısı Neft Daşlarında yeni yaradılmış idman zalındakı şəraitlə tanış olub. Məlumat verilib ki, neftçilərin sağlamlıqlarını möhkəmləndirmələri, bədən tərbiyəsi ilə məşğul olmaları üçün idman zalında müasir trenajorlar, stolüstü tennis və bilyard stolları qoyulub.
Prezident İlham Əliyev “28 May” Neft və Qaz çıxarma İdarəsinin qazın ilkin hazırlanması, nəqli və kompressor təsərrüfatı sexində 2 saylı sıxıcı kompressor stansiyasının açılışında iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə stansiyanın texnoloji sxemi ilə tanış olub. Məlumat verilib ki, bu stansiyanın əsas funksiyası aşağı təzyiqli səmt qazının təzyiqini artıraraq sahilə nəql etməkdən ibarətdir. Bu məqsədlə stansiyadakı 9 kompressorun sayı artırılaraq 16-ya çatdırılıb, nəticədə məhsuldarlıq sutkada 5,8 milyon kubmetrdən 11 milyon kubmetrə yüksəlib. Bu stansiya “Günəşli” yatağından gələn səmt qazını sahilə iki pillədə ötürəcək.
Prezident İlham Əliyev stansiyanın işə düşməsini bildirən düyməni basıb.
Dövlətimizin başçısı yubiley mərasimində iştirak etmək üçün Mədəniyyət evinə gəlib. Burada Neft Daşlarının 60 illik yubileyinə həsr olunan fotosərgi təşkil edilib. Prezident İlham Əliyev Neft Daşlarının tarixini və müasir vəziyyətini əks etdirən fotolara maraqla baxıb.
Sonra dövlətimizin başçısı Neft Daşlarının 60 illiyinə həsr olunan təntənəli mərasimdə iştirak edib.
Əvvəlcə əfsanəvi Neft Daşlarının tarixinə və bu gününə həsr edilmiş film nümayiş olunub. Filmdə dənizin dərinliklərində Qara daşlar üzərində ilk bünövrəsi qoyulan möcüzələr adasının salnaməsi təhlil olunur, Azərbaycan neftçilərinin qəhrəmanlığı haqqında ətraflı söhbət açılır.
Prezident İlham Əliyev mərasimdə nitq söyləyib: “Əziz neftçilər, əziz dostlar! Mən sizin hamınızı Neft Daşlarının 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı və gələcək uğurlar arzulayıram. Bu gün nümayiş etdirilən film Neft Daşlarının şanlı tarixini göstərir. Doğrudan da bu tarix dünyada nadir bir tarixdir. Dünya miqyasında dənizdə ilk dəfə olaraq neft çıxarılması məhz Azərbaycan neftçiləri tərəfindən başlanmışdır. Bu gün Neft Daşları yaşayır. Neft Daşlarında aparılan quruculuq-abadlıq işləri məni çox sevindirir. Beş il bundan əvvəl biz sizinlə bərabər bu salonda Neft Daşlarının 55-ci ildönümünü qeyd edirdik. Qısa müddət ərzində - cəmi 5 il ərzində burada görülmüş işlər, bu gün burada gördüklərim məni çox sevindirir. Həm neftçilərin məişət şəraiti yaxşılaşır, həm də Neft Daşları abadlaşır, gözəlləşir. Eyni zamanda, Neft Daşlarında Azərbaycan neft sənayesi üçün əvəzolunmaz texniki qurğular yaradılır. Bu gün biz yeni kompressor stansiyasının açılışını bərabər qeyd etdik. Beləliklə, Azərbaycanın neft-qaz potensialının gücləndirilməsi və müasirləşməsi üçün çox vacib addım atılmışdır. Neft Daşları həmişə Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Bu gün göstərilən filmdəki maraqlı tarixi məqamlar bir daha bunu əyani şəkildə sübut edir. Neft Daşları Azərbaycan xalqının, Azərbaycan dövlətinin ayrılmaz bir dəyəridir, çox gözəl inkişaf nümunəsidir. Azərbaycanda neftçilər bütün dövrlərdə böyük hörmətə malik adamlar olmuşlar, bu gün də belədir. Neftçi peşəsi çox şərəfli peşədir və neftçilər həmişə dövlət tərəfindən yüksək qiymətləndirilir və bundan sonra da belə olacaqdır. çox vacibdir ki, neftçilərin məişət şəraiti, iş şəraiti, sosial vəziyyəti daim diqqət mərkəzində olsun. Neft Daşlarının inkişafı bunu göstərir. Gələcəkdə daha da böyük işlər görüləcəkdir. Azərbaycan öz neft-qaz potensialının gücləndirilməsi üçün daha da böyük işlər görəcəkdir. Dünyada sənaye üsulu ilə ilk neft Azərbaycanda hasil edilmişdir, dənizdə ilk neft Azərbaycanda hasil edilmişdir. Bu gün müstəqil Azərbaycan neft-qaz sahəsində yenə də öndə gedən ölkələrin sırasındadır. Bu gün dünyada enerji təhlükəsizliyi məsələləri qaldırılanda, ilk növbədə Azərbaycan haqqında söhbət aparılır. Məhz Azərbaycan neftçiləri tərəfindən yaradılmış bu sərvət bu gün ölkəmizin müstəqil ölkə kimi yaşamasına şərait yaradır. Azərbaycan öz neft-qaz potensialını çox böyük məharətlə və müdrikliklə realizə edir. Həm 1970-1980-ci illərdə, həm İkinci Dünya müharibəsi illərində, həm bu gün müstəqillik dövründə Azərbaycan nefti həmişə olduğu kimi, Azərbaycan xalqının rifah halının, Azərbaycan dövlətinin inkişafı naminə öz rolunu oynayır. İkinci Dünya müharibəsi zamanı Azərbaycan nefti olmasaydı, müharibənin nəticələri tam başqa ola bilərdi. Faşizm üzərində qələbədə Azərbaycan neftinin, Azərbaycan neftçilərinin müstəsna xidmətləri vardır. Ondan sonrakı illərdə neft sənayesində, o cümlədən Neft Daşlarında aparılan işlər yeni layihələrin inkişafına təkan vermişdir. Əgər vaxtilə Neft Daşlarında Azərbaycan neftçiləri ağır, çətin şəraitdə böyük qəhrəmanlıq göstərərək işlərə başlamasaydılar, ondan sonrakı layihələr ya gecikə, ya ümumiyyətlə həll olunmamış qala bilərdi. Bu gün Azərbaycanın neft-qaz potensialının əksəriyyətini təşkil edən “Azəri-çıraq-Günəşli” yataqlarının kəşfiyyatı və işlənilməsi məhz 60 il bundan əvvəl burada qoyulan təməl üzərində reallaşır.
1970-1980-ci illərdə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda neft sənayesinin inkişafı istiqamətində çox əlamətdar və tarixi əhəmiyyət daşıyan addımlar atıldı. Bu filmdə onların bir hissəsi göstərildi. Əgər Dərin özüllər Zavodu tikilməsəydi “Əsrin kontraktı”nın icrası bir neçə il yubana bilərdi. Yaxud da “Əsrin kontraktı”nda təsdiq edilmiş şərtlər bizim üçün daha da ağır ola bilərdi. Əgər bizim çox inkişaf etmiş neft infrastrukturumuz, xüsusi gəmilərimiz və platformalarımız olmasaydı, “Əsrin kontraktı”nın imzalanması hesab edirəm ki, bizə o qədər böyük səmərə verməzdi, ümumiyyətlə, xarici şirkətlər 1994-cü ildə Azərbaycana sərmayə qoyacaqdı, qoymayacaqdı, bu, hələ sual doğururdu. Yəni, bugünkü Azərbaycanın inkişafında, müstəqil ölkə kimi inkişafında və güclənməsində neftçilərin payı, əməyi, zəhməti çox böyükdür. Azərbaycan xalqı bunu həmişə yadda saxlayır. 1970-1980-ci illərdə neftayırma sahəsində, neft hasilatı sahəsində çox böyük və önəmli addımlar atılmışdır. Azərbaycan müstəqilliyi bərpa edəndə, əlbəttə ki, 1970-1980-ci illərdə, ondan əvvəlki illərdə görülmüş işlər bizim inkişafımızı müəyyən etdi. Baxmayaraq ki, 1980-ci illərin sonlarında - 1990-cı illərin əvvəllərində Azərbaycanda neft-qaz hasilatı kəskin şəkildə aşağı düşmüşdü. Hətta biz yaxşı xatırlayırıq ki, özümüzü təbii qazla təmin edə bilmirdik və bir müddət xaricdən qaz alırdıq. Ancaq bu gün Azərbaycan öz enerji təhlükəsizliyi məsələlərini tam şəkildə həll edib. Azərbaycan dünya miqyasında etibarlı tərəfdaş kimi öz mühüm rolunu oynayır. Azərbaycanın neft-qaz resursları başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində çox vacib rol oynayır. Ancaq müstəqilliyimiz əldə ediləndə neft sənayesi bütün başqa sənaye sahələri ilə bərabər ağır vəziyyətdə idi. İnvestisiyalar demək olar ki, yox idi, mərkəzləşdirilmiş fondlar yox idi, Azərbaycan iqtisadiyyatı tənəzzülə uğrayırdı. ölkədə gedən xoşagəlməz proseslər - sabitliyin pozulması və hərc-mərcliyin, anarxiyanın yaranması, əlbəttə ki, xarici investorları Azərbaycana cəlb etmək üçün müsbət rol oynaya bilməzdi. Bir vaxt neft diyarı, dünyanın neft paytaxtı kimi tanınan Azərbaycan və Bakı neft-qaz sahəsində çətinliklərlə üz-üzə qalmışdı. Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra - 1993-cü ildən bu sahədə vəziyyət dəyişdi və müsbətə doğru meyillər görünməyə başlanmışdır. Qısa müddət ərzində - hakimiyyətə gələndən sonra bir il ərzində “Əsrin kontraktı” imzalanmışdır. “Əsrin kontraktı”nın Azərbaycan tarixində xüsusi yeri vardır və Azərbaycanın müstəqil ölkə kimi yaşamasında bu rol əvəzolunmazdır. O vaxt bizim nə imkanlarımız var idi, nə də vəsaitimiz. ölkədə sənaye sahəsində hələ ki, tənəzzül yaşanırdı, iqtisadiyyat demək olar ki, çökmüşdü. Müstəqil ölkə üçün yaşamaq çox çətin idi. Müstəqilliyimiz demək olar ki, şübhə altında idi. Məhz o çətin illərdə Azərbaycana investisiyalar gətirmək, Azərbaycanı dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim etmək, xarici investorlar üçün münbit şərait yaratmaq, eyni zamanda, Azərbaycanın dövlət maraqlarını tam şəkildə qorumaq böyük siyasi təcrübə, bilik və məharət tələb edirdi. O vaxt Azərbaycanın xarici şirkətlərlə əməkdaşlığı, eyni zamanda, bölgədə birmənalı qarşılanmırdı. “Əsrin kontraktı”nın imzalanması, eyni zamanda, böyük siyasi cəsarət tələb edirdi. Ancaq Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə biz ona nail ola bilmişik. Bu gün - 15 il keçəndən sonra biz görürük ki, “Əsrin kontraktı”nın imzalanması, əslində, Azərbaycan qarşısında yeni inkişaf yolunu açmışdır. O illər hamımızın yaxşı xatirimizdədir. Azərbaycan özünü dünyaya təqdim etdi. Azərbaycan özünü etibarlı tərəfdaş kimi göstərdi və beləliklə, böyük investisiyaları Azərbaycana cəlb etdi. Bütün gənc, müstəqil ölkələr öz inkişafı üçün ilkin addımları birinci növbədə xarici investisiyalar hesabına atırlar. Azərbaycan da o yolu keçmişdir. Ancaq bu gün özümüz başqa ölkələrə investisiya qoyuruq. Azərbaycan Dövlət Neft Şirkəti bu gün xaricdə investisiyalar qoyur. Yəni biz artıq xarici sərmayədən asılı deyilik. Əgər xarici sərmayələr Azərbaycana qoyularsa, əlbəttə ki, biz bundan çox məmnun olarıq. Qoyulmazsa, bu, bizim inkişafımıza heç bir təsir etməyəcəkdir.
Bizim indi əsas vəzifəmiz investisiyaları neft-qaz sektoruna deyil, qeyri neft-qaz sektoruna cəlb etməkdir. çünki neft-qaz sahəsində biz istədiyimizə nail ola bilmişik. Azərbaycan indi böyük neft-qaz hasilatçısıdır. Bizim yeddi neft-qaz kəmərimiz vardır - üçü neft kəməri, dördü qaz kəməri. Biz nefti də, qazı da müxtəlif ölkələrə ixrac edirik. Biz artıq neft sənayesinin inkişafı sayəsində elektrik enerjisini də ixrac edirik. Beləliklə, biz hətta böhranlı 2009-cu ildə maddi sıxıntılar yaşamırıq. Əksinə, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, hətta 2009-cu ildə iqtisadiyyatı inkişaf edib və bu ilin 9 ayında iqtisadiyyat 6 faizdən çox artıb. Bütün bunların təməlində, əlbəttə ki, Azərbaycanın neft strategiyası dayanır”.

Paylaş:
Baxılıb: 1215 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31