Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Müstəqil Azərbaycanın inkişaf yolu Ulu öndər Heydər Əliyev ideyalarına əsaslanır

Müstəqil Azərbaycanın inkişaf yolu Ulu öndər Heydər Əliyev ideyalarına əsaslanır

17.06.2010 [12:11]

17 il öncə Ulu öndər Heydər Əliyevin sayəsində parçalanmaqdan, müstəqilliyini itirməkdən xilas olan Azərbaycan dövlətinin keçdiyi yol böyük uğurlarla müşayiət edilib
Arxada qoyduğumuz XX əsrin sonu bir çox xalqlar kimi Azərbaycan xalqının da taleyində dərin iz buraxdı. İstər 1990-cı ilin yanvarında xalqımıza qarşı törədilən cinayət, istərsə də Ermənistanın ölkəmizin sərhədlərinə qarşı təcavüzü müstəqillik uğrunda aparılan mübarizədə millətin iradəsinə kölgə sala bilmədi. Müstəqilliyin əldə edilməsinin ardından isə ölkədə hakimiyyətsizlik böhranı yaşandı.
Ayaz Mütəllibovun istefasından sonra silah gücünə hakimiyyəti ələ almağı bacarmış AXC-Müsavat cütlüyünin səriştəsizliyi, idarəçilik qabiliyyətinin olmaması və ən əsası təsadüf nəticəsində hakimiyyətə yiyələnməsi kimi məqamlar açıq şəkildə özünü büruzə verdi. Müstəqil dövlət olaraq Azərbaycan xarici dövlətlərlə, o cümlədən, beynəlxalq təşkilatlarla əlaqələr qura bilmir, bunun nəticəsində isə ölkə həm informasiya, həm iqtisadi, həm də siyasi blokadaya düşürdü. Hakimiyyətdə ölkəsinin haqq səsini dünyaya çatdıra biləcək siyasətçi yox idi. Bu azmış kimi ölkə daxilində də hərc-mərclik baş alıb gedirdi. Hakimiyyətdə olan qüvvələrin başına yığdığı silahlı dəstələr heç bir qanuna tabe olmur, özbaşına addımları ilə xalqın çətin vəziyyətini daha da çətinləşdirirdilər. Bundan başqa, başı xalqın sərvətini talamağa qarışan AXC-Müsavat cütlüyü ölkədə əsrlərlə formalaşmış tolerantlıq mühitinin üstünə kölgə salır, xalqlar arasında etnik gərginlik yaratmağa çalışırdılar. Bunun nəticəsində isə ölkədə separatçılıq meyilləri artırdı. Müharibə vəziyyətində olan Azərbaycan parçalanmaq üzrə idi.
Belə bir çətin məqamda xalq öz xilaskarına-Ulu öndər Heydər Əliyevə müraciət etdi. Xalqının müraciətini cavabsız qoymayan ümummilli liderimiz Bakıya gəldi və iyunun 15-də ölkə parlamentinə rəhbər seçildi. Bununla da ölkədə dövlətçiliyin möhkəmləndirilməsi prosesi başlandı.
Bəli, 1991-ci ildə müstəqillik əldə edən Azərbaycan iki il ərzində yalnız geriyə saymaqla tarixə düşdü. SSRİ-dən miras qalan bütün infrastrukturlar dağıdıldı, ölkənin sərvətləri bir qrup tərəfindən talan edildi, ölkənin büdcəsinin formalaşdırılması üçün heç bir addım atılmadı, əksinə büdcəyə yığılan kiçik miqdarda pul da mənimsənildi. ölkədə qanunvericilik aktlarının qəbulu yalnız maraqlar çərçivəsində məhdudlaşdırıldı. Hərc-mərclik, özbaşınalıq demokratiya kimi izah olundu.
1993-cü ildən sonra isə Azərbaycanda hüquqi dövlətin yaradılması istiqamətində əsaslı addımlar atılmağa başladı. 1994-cü ilin mayında atəşkəsin elan edilməsi ilə ölkəmiz öz inkişaf yoluna qədəm qoydu. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması isə artıq müstəqilliyimizin əbədiliyinin qarantına çevrildi. Prezident İlham Əliyev 28 May - Respublika Günü münasibətilə çıxışında bildirib ki, 1993-2003-cü illər Azərbaycan tarixində sabitlik və inkişaf illəri kimi qalacaq. Dövlət başçısı vurğulayıb ki, məhz o illərdə Azərbaycanda dövlətçiliyin əsasları qoyuldu, hüquqi dövlət quruculuğu işində çox əhəmiyyətli addımlar atıldı: “Siyasi sistem yaradıldı. İqtisadi islahatlar aparılmağa başlandı. Azərbaycan məhz o illərdə dünya birliyinə sürətlə inteqrasiya etməyə başlamışdır və bir sıra beynəlxalq təşkilatların üzvü olmuşdur. Azərbaycanın dünya miqyasında tanınması işində o illər həlledici illər olmuşdur”.
1995-ci ildə ölkə Konstitusiyasının qəbulu ilə ölkədə hüquqi bazanın gücləndirilməsinin təməli qoyuldu. Vətəndaşların iqtisadi, hüquqi azadlıqları Konstitusiya ilə təsbit olundu. Bu azadlıqların tanınması, ölkədə demokratik prinsiplərin möhkəmləndirilməsi, o cümlədən, vətəndaş cəmiyyətinin bərqərarı Azərbaycanı xarici sərmayə üçün maraqlı dövlətə çevirdi. Uğurlu neft strategiyası Azərbaycanın Cənubi Qafqazda mövqeyinin möhkəmləndirilməsində, dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu əhəmiyyətli dərəcədə artırdı. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ölkəmiz son illər ərzində böyük və şərəfli yol keçdi: “Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilir və son 7 ilin tarixi bunun əyani sübutudur. Bütün istiqamətlərdə sürətli inkişaf müşahidə olunur. Azərbaycan beynəlxalq arenada öz mövqeyini möhkəmləndirir, tərəfdaşlarımızın sayı artır. Azərbaycan beynəlxalq müstəvidə çox önəmli rolunu oynayır və getdikcə imkanlarımız daha da genişlənəcəkdir”.
Əsası Ulu öndər tərəfindən qoyulan və ölkəmizin inkişafını özündə ehtiva edən siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, enerji, kommunikasiya, humanitar və başqa sahələrdə regional əməkdaşlığın gücləndirilməsi, o cümlədən, fərqli siyasi müstəvilərdə eyni dərəcədə əhəmiyyətə malik uğurların qazanılması bu gün Azərbaycanın istər yerləşdiyi regionda, istərsə də dünyada siyasi çəkisini artırır. ölkənin problemlərinin ard-arda həlli, vətəndaşların sosial müdafiəsinin təşkili işinin həyata keçirilməsi, qarşıya qoyulan məqsədlərə nail olunma və ən əsası ölkənin gücünün, qüdrətinin artması Azərbaycanın ən böyük problemi-Dağlıq Qarabağ münaqişəsi istiqamətində aparılan danışıqlar prosesində önə çıxmamıza şərait yaratdı. Bundan başqa, Azərbaycan bütün dövlətlərlə yalnız bir müstəvidə əməkdaşlıq edir-yalnız xalqının və dövlətinin mənafeləri müstəvisində. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, xarici siyasətimizin əsas mahiyyəti ölkələrlə qarşılıqlı surətdə faydalı, qarşılıqlı hörmət əsasında qurulmuş münasibətlərin dərinləşməsinə xidmət göstərir.
Azərbaycanda 1993-2003-cü illərdə qəbul olunan dövlət proqramları, konsepsiyalar bütün sahələrin paralel inkişafının təmininə yol açdı. Dövlət proqramlarının uğurlu icrası bölgələrdə inkişafın güclənməsinə şərait yaratdı. Bundan başqa, neft sektorundan əldə edilən gəlirlər qeyri-neft sektorunun inkişafını təmin etdi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün Azərbaycanın həyata keçirdiyi iqtisadi islahatlar dünya birliyi tərəfindən də təqdirlə qarşılanır: “Mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən islahatları çox yüksək dəyərləndirirlər. Dünya İqtisadi Forumunun hesablamalarında rəqabətqabiliyyətliliyinə, informasiya-kommunikasiya texnologiyalarının inkişafına görə Azərbaycan MDB məkanında lider dövlətdir”.
Müstəqil Azərbaycanın azadlığı əbədi, inkişafı isə daimi olacaq. çünki bu inkişaf Ulu öndər Heydər Əliyev yoluna əsaslanır. ölkəmiz son 15 ildə milli maraqlarını müdafiə edə bildiyini, bu maraqlar uğrunda mübarizə aparmağı bacardığını nümayiş etdirdi. Azərbaycanın əldə etdiyi bütün uğurların əsasında dövlətçilik ənənəsi dayanır: “Siyasi islahatlar, demokratikləşmə prosesinin uğurla getməsi, hüquqi dövlət, ordu quruculuğu, iqtisadi islahatlar - hər bir ölkə üçün vacib olan bütün bu istiqamətlərdə biz ancaq və ancaq müsbət irəliləyişi görürük. Bu, bizim gücümüzü daha da artırır. Biz inamla irəliyə gedirik, ölkəmizi inamla idarə edirik. Bugünkü Azərbaycan Azərbaycan xalqının zəhmətinin, istedadının nəticəsidir. Bu ölkəni biz qurmuşuq, Azərbaycan xalqı qurubdur. Biz elə etməliyik ki, hər bir vətəndaş gündəlik işində elə etməlidir ki, öz fəaliyyəti ilə bu müstəqilliyi gücləndirsin, əbədi, dönməz etsin və bundan sonra onilliklər, əsrlər boyu Azərbaycan xalqı azad, müstəqil və rifah içində yaşasın”.
Pərviz SADAYOÄžLU

Paylaş:
Baxılıb: 980 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31