Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 2010-cu ildə Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün dövlət büdcəsindən çoxdur

2010-cu ildə Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün dövlət büdcəsindən çoxdur

25.06.2010 [10:17]

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 92-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının birləşmə və hissələrinin keçirdiyi irimiqyaslı birgə əməliyyat-taktiki təlimin əsas mərhələsini izləyib
Dünən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 92-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi keçirilib.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bölmələrin, hissələrin və silah sistemlərinin taktiki döyüş tətbiqini əhatə edən təlimin əsas mərhələsini izləyib.
Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Ali Baş Komandana raport verib.
Prezident İlham Əliyev xüsusi təyinatlıların döyüş fəaliyyətinin nümayişinə baxıb.
Sonra dövlətimizin başçısı hərbi texnika və silah nümunələri ilə tanış olub.
Ali Baş Komandana məlumat verilib ki, burada nümayiş olunan hərbi texnika yüksək standartlara cavab verir və güclü döyüş qabiliyyətinə malikdir.
Hərbi Hava Qüvvələrinin modernləşdirilmiş Mi-24G tipli vertolyotu gecə döyüş əməliyyatları üçün nəzərdə tutulub. Prezident İlham Əliyev radiolokasiya stansiyalarına, zenit-raket briqadasının avtomatlaşdırılmış komanda məntəqəsinə baxıb, kompyuter və multimedia avadanlığı ilə təmin olunmuş mobil komanda-qərargah və rabitə kunqlarında yaradılan şəraitlə tanış olub.
Müxtəlif atıcı silahlar, çoxfunksiyalı əməliyyat-idarəetmə sistemi, telegörüntülü müşahidə vasitələri, mina əleyhinə sistemlər, müxtəlif teplovizual və lazer ballistik nişangahlar, gecə nişangahları, hədəfləri müəyyən etmək üçün optik cihazlar, tank əleyhinə raket kompleksləri, minaatanlarla tanış olan Ali Baş Komandan daşınan çoxfunksiyalı kəşfiyyat robotunun fəaliyyətini izləyib.
Prezident İlham Əliyev ən yüksək tələblərə cavab verən, qoşunların manevr imkanlarını və atəş gücünü əhəmiyyətli dərəcədə artırmağa imkan yaradan T 72 M-1 əsas döyüş tankına, 82 millimetrlik avtomatik minaatana, “Qrad” və “LAR” döyüş maşınlarına, avtomatlaşdırılmış idarəetmə sistemləri kompleksinə,   düşmənin artilleriyasını, minaatanlarını, texnikasını, canlı qüvvəsini və idarəetmə məntəqələrini məhv etmək, müdafiə qurğularını dağıtmaq qabiliyyətinə malik 122 millimetrlik özüyeriyen minaatan qurğuya, reaktiv mərmilərin daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrinə, piyadaların modernləşdirilmiş döyüş və zirehli kəşfiyyat-dozor maşınlarına, ön müşahidə sistemlərinə baxıb.
Ali Baş Komandan mobil səhra hamamında yaradılan şəraitlə maraqlanıb, mobil səhra çörəkbişirmə bölməsi, qoşqulu səhra mətbəxi ilə tanış olub, hərbçilərin səhra şəraitindəki qida menyusuna daxil olan ərzaq nümunələrini nəzərdən keçirib.
Sonra müdafiə naziri Səfər Əbiyev hərbi təlimlərin operativ-taktiki vəziyyəti barədə Ali Baş Komandana məruzə edib.
Prezident, Ali Baş Komandan İlham Əliyev bölmələrin, hissələrin və silah sistemlərinin döyüş tətbiqi üzrə təlimlərini izləyib.
Azərbaycan Respublikasına qarşı yönələn silahlı təcavüzün dəf edilməsi məqsədi ilə müxtəlif güc strukturlarının birgə fəaliyyətinin planlaşdırılması və təşkili, birinci müdafiə həddində müdafiə əməliyyatının aparılması, müasir silah sistemləri və aviasiyanın tətbiqi ilə düşmənə böyük dərəcədə zərər yetirilməsi, müxtəlif güc strukturlarının birləşmə və hissələrinin birgə hücum əməliyyatı aparmaqla müdafiəyə soxulan düşmən qruplaşmasının darmadağın edilməsi, əməliyyat ehtiyatlarının döyüşə yeridilməsi ilə hücumun dərinliyə inkişafı və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi mövzusu üzrə irimiqyaslı birgə əməliyyat-taktiki təliminə ümumilikdə 4 min nəfərdən çox şəxsi heyət, 100 tank, 77 zirehli döyüş maşını, 125 artilleriya sistemi, 17 döyüş təyyarəsi, 12 döyüş vertolyotu və 4 nəqliyyat-döyüş vertolyotu cəlb edilib.
Artilleriya bölmələrinin şəxsi heyəti təlim sahəsindəki hədəflərə sərrast atəş açmaqla peşəkarlıq nümayiş etdirib. Döyüş təyyarələri və vertolyotları yüksək pilotajla yanaşı, hədəflərə dəqiq aviasiya zərbələrinin endirilməsində məharətlərini göstəriblər. Tank və piyadanın döyüş maşını heyətləri idarə etdikləri texnikanın manevr və atəş gücündən tam istifadə edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər. Xüsusi təyinatlı bölmələrin taktiki hava desantı tərkibində paraşütlə tullanması və qarşıya qoyulan tapşırığın dəqiq yerinə yetirilməsi onların əsl peşəkarlığını göstərib.
ümumiyyətlə, təlimə cəlb olunan bütün şəxsi heyət yüksək döyüş hazırlığı nümayiş etdirib. Təlimdə qarşıya qoyulan bütün məqsədlərə nail olunub.
Sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hərbçilər qarşısında çıxış edib: “Əziz hərbçilər! Sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirəm, sizə xidmətinizdə uğurlar arzulayıram. Azərbaycan Ordusu gündən-günə güclənir. Azərbaycanda ordu quruculuğu prosesi çox uğurla gedir və bu, bizə imkan verir ki, hərbi gücümüzü artıraq. Ordu quruculuğu hər bir ölkə üçün çox önəmli məsələdir. Xüsusilə, müharibə şəraitində yaşayan ölkə üçün bu, prioritet olmalıdır. Bu, belədir və Azərbaycanda ordu quruculuğu ən prioritet məsələdir. Biz uzun illərdir ki, işğaldan əziyyət çəkirik, torpaqlarımız işğal altındadır. Hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Bunu etmək üçün siyasi və diplomatik səylərlə bərabər, biz güclü orduya malik olmalıyıq və bu proses uğurla gedir. Bu gün Azərbaycan Ordusunun səviyyəsi çox yüksək zirvədədir. Orduda peşəkarlıq, döyüş qabiliyyəti artır, ruh yüksəkliyi vardır. Eyni zamanda, ordumuzun maddi-texniki bazası möhkəmlənir və son illərdə bu işlərdə çox böyük addımlar atılmışdır. Ordumuzun bütün tələbatını ödəmək üçün dövlət tərəfindən kifayət qədər vəsait ayrılır. Sadəcə bir rəqəmi demək kifayətdir ki, son bir neçə il ərzində, daha doğrusu, 7 il ərzində hərbi xərclərimiz 13 dəfədən çox artmışdır. Bu gün 2010-cu ilin bütün hərbi xərcləri Azərbaycanda 2 milyard 150 milyon dollara bərabərdir ki, bu da Ermənistanın bütün dövlət büdcəsindən çoxdur. Yəni, bir neçə il bundan əvvəl qarşıya məqsəd qoyulmuşdur ki, Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün xərclərindən çox olmalıdır. Artıq bu məqsəd reallaşıb. Biz bundan sonra da hərbi gücümüzü artıracağıq, ordumuz üçün lazım olan bütün silah-sursatı və texnikanı alacağıq. Azərbaycanda hərbi təyinatlı məhsulların istehsalı istiqamətində əlavə addımlar da atılacaqdır. Son illərdə bu istiqamətə də çox böyük diqqət göstərilmişdir. Hazırda Azərbaycanda 21 hərbi müəssisə, hərbi zavod fəaliyyət göstərir, 30 istehsal sahəsi yaradılıbdır. Biz elə etməliyik ki, Azərbaycan Ordusu üçün, Silahlı Qüvvələr üçün lazım olan bütün texnika, silah-sursat Azərbaycanda istehsal edilsin. Biz bu istiqamətdə işimizi daha da gücləndirəcəyik. Bunu etmək üçün əlbəttə ki, ölkədə maliyyə resursları, iqtisadi güc olmalıdır və biz bu gücü yaradırıq. Son illərdə Azərbaycanda aparılan iqtisadi siyasət öz bəhrəsini verir. Azərbaycan iqtisadi cəhətdən güclü dövlətə çevrilir. Azərbaycanda son bir neçə il ərzində iqtisadi inkişaf dünya miqyasında ən yüksək templərlə ölçülür və bu, bizə imkan verir ki, həyatımızın bütün sahələrində lazımi tədbirləri görək.
Azərbaycanda nəinki hərbi büdcə, bütün başqa məsələlərin həlli üçün əlavə vəsait ayrılır. Büdcəmiz artdıqca bütün iqtisadi-sosial məsələlər həllini tapır. Ancaq biz, ilk növbədə, hərbi xərclərə daha da böyük diqqət göstərməliyik. İqtisadi gücümüz artdıqca, əlbəttə ki, ölkənin dünyadakı, bölgədəki mövqeləri də güclənir. Azərbaycan bu gün çox böyük hörmətə malik olan bir ölkədir və bölgədə mövqelərimiz möhkəmdir. Bölgədə aparılan işlər bizi qane edir. Bizim təşəbbüslərimizlə aparılan işlər Azərbaycanın maraqlarına tam şəkildə cavab verir. Biz bölgənin gələcək inkişafı üçün də lazımi addımları atacağıq. Azərbaycanın iqtisadi qüdrəti artdıqca əlbəttə ki, ölkə qarşısında duran bütün vəzifələr daha da uğurla icra ediləcəkdir. Keçən il və bu il dünyada hökm sürən maliyyə böhranı demək olar ki, Azərbaycandan yan keçdi. çünki bizim tərəfimizdən atılan addımlar həm ölkəmizi, həm də əhalini bu acı fəsadlardan qoruya bilmişdir. Azərbaycan gələcəyə nikbinliklə baxan ölkədir, öz iqtisadi qüdrətini artırır. Mən şübhə etmirəm ki, biz həm iqtisadi, həm sosial, həm bütün siyasi məsələlərdə məqsədimizə nail olacağıq. Məqsədimiz ondan ibarətdir ki, ölkənin müstəqilliyini daha da gücləndirək, Azərbaycanın müstəqil siyasətini təmin edək, ölkə qarşısında duran bütün vəzifələri həll edək. Bu vəzifələrin arasında ən vacib, ən birinci vəzifə torpaqlarımızı işğalçılardan azad etmək vəzifəsidir. Bilirsiniz ki, uzun illərdir, Ermənistan ilə Azərbaycan arasında bu istiqamətdə danışıqlar aparılır. Danışıqların aparılmasında vasitəçilər öz rolunu oynayır. Ancaq buna baxmayaraq, məsələ bu günə qədər həllini tapmayıbdır. Baxmayaraq ki, bizim mövqeyimizi, haqq-ədalət mövqeyini gücləndirən beynəlxalq təşkilatların qərarları, qətnamələri vardır. Demək olar ki, dünyanın bütün təşkilatları, aparıcı təşkilatlar bu məsələ ilə bağlı öz qərarlarını vermişlər. Ancaq işğalçı dövlət bu qərarlara, bu qətnamələrə məhəl qoymur. Belə olan halda Azərbaycanın qarşısına yeni vəzifələr çıxır. Ya danışıqları davam etdirmək, - biz buna hazırıq, ancaq o şərtlə ki, danışıqların nəticəsi olsun, - ya da ki, başqa yolu seçmək. Biz hər bir varianta hazır olmalıyıq və son illər ərzində dəfələrlə verdiyim bəyanatlar bunu bir daha göstərir.
Biz məsələnin həllinin hərbi yolla mümkün olmasını heç vaxt inkar etməmişdik. Baxmayaraq ki, biz sülh danışıqlarının tərəfdarıyıq və 20 ilə yaxındır, sülh danışıqları aparılır. Azərbaycan bu danışıqlarda çox konstruktiv mövqe nümayiş etdirir. Bunun nəticəsi yoxdur. Nə vaxta qədər Azərbaycan xalqı gözləməlidir? Nə vaxta qədər biz gözləməliyik ki, haqq-ədalət bərpa olunsun? Bir halda ki, Ermənistan tərəfi beynəlxalq hüquq normalarına məhəl qoymur, beynəlxalq təşkilatların qərarlarına riayət etmir. Azərbaycan xalqının səbri tükənməz deyildir.
Biz son illər ərzində ordu quruculuğuna çox böyük diqqət göstərmişik və burada dediyim bəzi rəqəmlər sadəcə olaraq gördüyümüz işlərin cüzi bir hissəsidir. Bizim əsas vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü istənilən yolla bərpa etməkdir.
Yenə də deyirəm, biz istəyirik ki, bunu danışıqlar yolu ilə həll edək. Amma əgər bu, mümkün olmayacaqsa, Azərbaycan Ordusu, bütün Silahlı Qüvvələr hazır olmalıdırlar ki, Ali Baş Komandanın əmri ilə öz doğma torpaqlarını azad etsinlər.
Bizim başqa ölkələrin torpaqlarında gözümüz yoxdur. Baxmayaraq ki, bugünkü Ermənistan respublikası tarixi Azərbaycan torpaqlarında qurulubdur. Ancaq biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Bu, bizim təbii haqqımızdır. Bir milyon Azərbaycan vətəndaşının elementar insan haqları pozulub. Azərbaycanlılar etnik təmizləməyə məruz qalmışlar. Dağlıq Qarabağdan və ətraf bölgələrdən yüz minlərlə Azərbaycan vətəndaşı qovulmuşdur. Nə vaxta qədər biz buna dözməliyik?
Bir daha demək istəyirəm ki, biz bütün imkanlarımızı səfərbər etməliyik və edirik. Həm siyasi, həm diplomatik səylərimizi gücləndirməliyik və gücləndiririk. İqtisadi potensialımızı böyük dərəcədə gücləndirmişik. Bu gün Ermənistan ilə Azərbaycan arasında iqtisadi potensial baxımından böyük uçurum vardır. Bu uçurum getdikcə dərinləşəcəkdir. çünki bizim böyük imkanlarımız vardır. Ermənistan isə, sadəcə olaraq, xarici dairələrin köməyi hesabına yaşayır, öz hesabına yaşaya bilmir və getdikcə bu fərq daha da böyüyəcəkdir.
Biz hərbi gücümüzü artırmalıyıq və artırırıq. Bu gün Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri şərəflə yerinə yetirməyə hazırdır. Bir daha demək istəyirəm ki, döyüş qabiliyyəti, peşəkarlıq, vətənpərvərlik ruhu, maddi-texniki bazanın möhkəmlənməsi, orduya dövlət tərəfindən göstərilən diqqət və hörmət - bütün bu amillər bizə imkan verəcək ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu azərbaycanlılar bu diyarda yaşamışlar, ermənilər oraya qonaq kimi gəlmişlər. Sadəcə olaraq, Dağlıq Qarabağın əvvəlki, yəni real coğrafi məntəqələrinin adlarına baxmaq kifayətdir. Xankəndi şəhəri əsrlər boyu bu adla mövcud olmuşdur. Köhnə xəritələrə baxanda hər kəs bunu görə bilir: Xankəndi. Stepanakert adı orada yoxdur. Stepanakert bolşevik, quldur Stepan Şaumyanın adından götürülübdür. Bu ad Sovet İttifaqı zamanında verilibdir. Dağlıq Qarabağ - Qarabağ Azərbaycan sözüdür. Erməni dilində bunun heç bir mənası yoxdur. Bütün başqa coğrafi məntəqələrin adlarının - hamısı Azərbaycan xalqı, Azərbaycan tarixi ilə bağlıdır. Sadəcə olaraq XIX əsrdə digər bölgələrdən ermənilərin Dağlıq Qarabağa köçürülməsi orada demoqrafik vəziyyətin dəyişdirilməsinə gətirib çıxarmışdır və Sovet İttifaqı dağılan zaman orada ermənilər əksəriyyət təşkil etmişlər. Amma bu, heç kimə əsas vermir ki, orada azlıq təşkil edən azərbaycanlıların haqları pozulsun. Azərbaycanlıların o torpağa qayıtmağa haqqı vardır və biz oraya qayıdacağıq. Biz istəyirik ki, bunu sülh yolu ilə edək. Ancaq biz bütün başqa variantlara da hazır olmalıyıq və hazırıq. Bugünkü təlimlər bir daha Azərbaycan Ordusunun, bütün Silahlı Qüvvələrin qüdrətini göstərir. Bugünkü təlimlər həm Müdafiə Nazirliyi, Daxili Qoşunlar, Sərhəd Qoşunları tərəfindən birgə keçirilmişdir və biz Vətən uğrunda, torpaq uğrunda mübarizəyə birlikdə çıxacağıq. Bütün Azərbaycan xalqı səfərbər olunacaqdır. Bütün silahlı birləşmələr səfərbər olunacaqdır. Bu məqsədlə bütün Silahlı Qüvvələr arasında əlaqələndirmə işi aparılmalıdır. Bu təlimlərin əsas məqsədi ondan ibarətdir ki, biz birgə səylərlə öz doğma torpaqlarımızı işğalçılardan azad edək. Təlimlər də çox uğurlu keçdi. Əlbəttə ki, təlimlərin ciddi təhlili veriləcəkdir. Buna bir az vaxt lazımdır. Amma ilkin təəssürat çox müsbətdir. Mən də gördüm ki, qarşıya qoyulan bütün vəzifələr icra edildi və Silahlı Qüvvələrimiz yüksək peşəkarlıq göstərmişlər. Əziz hərbçilər, əsgərlər, gizirlər, zabitlər, generallar, sizi qarşıdan gələn böyük bayram - Silahlı Qüvvələr Günü münasibətilə bir daha ürəkdən təbrik edirəm, Vətən uğrunda xidmətinizdə yeni uğurlar arzulayıram. Sağ olun”.
Sonda Ali Baş Komandan hərbi xidmətdə fərqləndiklərinə və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 92 illiyi münasibətilə bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edib.

Paylaş:
Baxılıb: 1073 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31