Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Ən böyük amnistiya aktı Kimlərə şamil ediləcək?

Ən böyük amnistiya aktı Kimlərə şamil ediləcək?

03.11.2021 [00:09]

Noyabrın 2-də Prezident İlham Əliyevin imzası ilə “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi Milli Məclisə daxil olub.

Həmin gün Prezidentin qərar layihəsi ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Yeni Azərbaycan”a verilən xəbərə görə, iclasda “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi müzakirə edilib.

Milli Məclisdə müzakirələr aparılır...

Gündəlikdəki məsələni təqdim edən Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan Prezidenti tərəfindən təqdim olunan amnistiya sənədi ənənəvi olaraq preambula və 4 hissədən ibarətdir. Preambulada çox ciddi arqumentlər səslənir və amnistiyanın zərurəti vurğulanır. Sənəddə amnistiya tətbiq edilən şəxslərin dairəsi, amnistiyanın tətbiqinə məhdudiyyətlər, amnistiya aktının hüquqi qüvvəsi və amnistiyanın tətbiqi qaydaları öz əksini tapıb.

Əli Hüseynli onu da qeyd edib ki, parlament tərəfindən sonuncu amnistiya 2016-cı ildə qəbul olunub. Amma bu amnistiyanı şərtləndirən ən vacib məqam onun Zəfər Gününə - 8 Noyabr tarixinə həsr olunmasıdır. Amnistiyanın preambulasında da qeyd olunduğu kimi, Vətən müharibəsindəki Qələbə Azərbaycan xalqının özünə inamını, güvənini daha da artırıb, Azərbaycan dövlətçiliyini daha da gücləndirib. Belə bir mərhələdə amnistiyanın elan olunması hələ Ulu öndər Heydər Əliyevdən başlayaraq ölkəmizdə həyata keçirilən humanizm siyasətinin yenə də davam etdiyinin göstəricisidir.

Milli Məclis sədrinin birinci müavini vurğulayıb ki, müzakirəyə çıxarılan sənəd indiki dövrün ən böyük amnistiya aktıdır. Statistik təhlillərə istinadən amnistiyanın əhatə dairəsi barədə danışan Əli Hüseynli bir daha ifadə edib ki, 8 Noyabr - Zəfər Günü münasibətilə elan ediləcək amnistiya Azərbaycan cəmiyyətinin insan hüquqlarına, haqqa-ədalətə inamını daha da möhkəmləndirəcək.

Sonra komitənin iclasında “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi geniş müzakirə olunub. Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, komitənin üzvləri Fəzail Ağamalı, Azay Quliyev, Kamal Cəfərov, Elşən Musayev, Tahir Kərimli, Nizami Səfərov sənədin humanist mahiyyətindən bəhs ediblər. Vətən müharibəsində qazanılmış tarixi Qələbənin birinci ildönümü ilə bağlı 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsini Azərbaycan dövlətinin növbəti humanist addımı kimi yüksək dəyərləndiriblər.

İclasın yekununda “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi parlamentin plenar iclasında müzakirəyə tövsiyə olunub.

4 təşəbbüsün sahibi...

Xatırladaq ki, əvvəlki 4 amnistiya aktının təşəbbüskarı Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva olub. 2016-cı il may ayının 20-də Milli Məclisdə keçirilən xüsusi iclasda  Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva indiki dövr üçün də aktual olan çıxışında deyib: “Hörmətli həmkarlar, ölkəmizin ən dəyərli humanizm ənənələrinə əsaslanaraq 28 May - Respublika Günü münasibətilə amnistiya elan olunmasını təklif edirəm.

2007-ci ildən başlayaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları əsasında 30 minə yaxın məhkum müxtəlif növ cəzalardan azad edilmişdir. 2007-ci, 2009-cu və 2013-cü illərdə Fondun təşəbbüsünü dəstəkləyən və minlərlə insana azadlıq bəxş edən həmkarlarımın hər birinə dərin minnətdarlığımı bildirirəm.

Bu gün azadlıqdan məhrum olmuş minlərlə həmvətənimizin ən böyük ümidi azadlığa çıxmaq, ailələrinə qovuşmaq və normal həyat tərzini qurmaqdır. Onları bağışlamaq, onlara yeni şans vermək həyatlarında başqa yolu, cinayətə yer olmayan, qanunlara hörmətlə yanaşma prinsiplərinə əsaslanan yeni ömür yolunu vermək deməkdir. Cinayət törədən hər bir insan öz səhvini, təbii ki, dərk etməlidir və gələcəkdə bu səhvlərə yol verməməlidir. Eyni zamanda, həm dövlətimiz, həm ictimaiyyətimiz, hər birimiz azadlığa çıxan insanlara onların normal həyat tərzini qurmasında yardım etməliyik.

Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, demək olar, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir. Bir dəfə səhv etmiş insanların bağışlanmaq hüququ var. Bu gün biz yenidən cəmiyyətdə öz yerlərini tutmaları, layiqli həyat yaşamaları üçün onlara şans verməliyik”.

Amnistiya islah meyillərini gücləndirir

Yeni amnistiya aktı ilə bağlı incəlikləri  “Yeni Azərbaycan”a şərh edən Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirdi ki, müstəqillik illərindən bugünədək 12 amnistiya aktı qəbul edilib: “Belə bir möhtəşəm gün ilə bağlı amnistiya aktının gözlənilməsi təbiidir. Ötən il prezident qələbədən sonra, 2021-ci ilin mart ayında növbəti əfv sərəncamı imzalayıb. Bunun nəticəsində 500-dən çox şəxs cəzadan azad edildi və cəzaları azaldıldı. Düşünürəm ki, bu amnistiya aktından bəzi istisnalar olmaqla hər kəsə bir pay düşə bilər. Çünki, amnistiya aktında təkcə cinayət məsuliyyətindən azad etmə yox, cəzanın azaldılması da mümkündür. Bu həm də cəzaçəkmə müəssisələrinin idarəedilməsi prosesini də asanlaşdıra bilər. Çünki məhkumların sayının azaldılması cəzaçəkmə müəssisələrində idarəetməyə təsir göstərir və islah meyillərini gücləndirir. Nəticədə məhkum olunmuş şəxslərdə amnistiya hər zaman bir motivasiya yaradır, onları pis əməllərdən çəkindirir”.

Fond rəhbəri onu da qeyd edib ki, amnistiya aktında pandemiya dövrü ilə bağlı cərimə sanksiyalarının ödənilməsi məsələsi də yer ala bilər.

Paylaş
Baxılıb: 118 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30