Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Şuşanın birinci katibləri və onların faciəvi sonluqları...

Şuşanın birinci katibləri və onların faciəvi sonluqları...

10.02.2022 [11:16]

Müşfiqə BAYRAMLI

Dünənki buraxılışımızda yer alan “Əziz Şuşa - əzəli Azərbaycan yurdu, ermənilər üçün yad şəhər” adlı məqaləsində qeyd etdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda çox önəmli məsələlərə toxundu. Dövlət başçısı yeni mərhələdə dövlət siyasətinin əsas strateji istiqamətlərini və prioritetlərini diqqətə çatdırdı, həmçinin günümüz üçün aktual olan bir sıra tarixi məqamlara nəzər saldı.

Azərbaycan Prezidentinin toxunduğu məsələlərdən biri də Şuşanın doğma - əzəli Azərbaycan yurdu və ermənilər üçün yad şəhər olması oldu. “İşğala qədər, yəni sovet dövründə Şuşanın Azərbaycan xalqı üçün, mən belə hesab edirəm, əhəmiyyəti onda idi ki, bu, qədim Azərbaycan şəhəridir, tarixi Azərbaycan şəhəridir və əsassız olaraq sovet hakimiyyəti tərəfindən süni şəkildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə salındı. Yəni bəli, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın tərkibində idi. Amma onun tərkibində Şuşa şəhəri var idi. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbərliyi arasında, Büro üzvləri arasında o vaxt bir azərbaycanlı var idi. Doqquz, ya on büro üzvü idi, onlardan biri azərbaycanlı idi - Şuşa şəhərinin rəhbəri, o vaxt birinci katib deyirdilər”,- deyə dövlət başçısı vurğuladı.

Şuşanın birinci katibləri kimlər idi?

Həmin azərbaycanlı şəxslərin kimliyi barədə müxtəlif mənbələrdən araşdırmağa başladıq. Təəssüflər olsun ki, vikipediyada belə ətraflı məlumatlara rast gəlmək mümkün olmadı. Uzun axtarışlardan sonra tədqiqatçı-jurnalist Vasif Quliyevlə əlaqə yaratdıq. V.Quliyevin qəzetimizə verdiyi məlumata görə, Azərbaycan Kommunist Partiyası Şuşa rayon Komitəsinin birinci katibi vəzifəsində 7 nəfər çalışıb. Belə ki, katiblər sırasında

İdris Məhərrəmov (1952-1958),

Nurəddin Ağayev (1958-1963),

Arif Ağakişiyev (1966-1972),

Qəşəm Aslanov (1972-1975),

Əhəd Kərimov (1975-1980),

Niyaz Hacıyev (1980-1988) ,

Vaqif Cəfərov (1988-1991) yer alıblar.

Qeyd edək ki,  Nurəddin Ağayevdən sonra 1963-cü ildə Şuşa ilə Xankəndi birləşdirildi və mərkəz Xankəndi oldu.

Katiblərin faciəvi sonluğu

Xəbər verdiyimiz kimi, onlardan biri Qəşəm Aslanov faciəli şəkildə avtomobil qəzasında dünyasını dəyişmişdi. Onun xələfi Vaqif Cəfərov isə 1991-ci ildə Qarabağda bir sıra dövlət xadimləri ilə birgə içində olduğu Mi-8 hərbi vertolyotun ermənilər tərəfindən vurulması nəticəsində həlak olmuşdu. SSRİ dağıldıqdan sonra raykom icra hakimiyyəti adlandırıldı. 7 noyabr 1991-ci ildə isə Mikayıl Gözəlov Şuşa rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

İcra başçısı Mikayıl Gözəlov niyə güllələndi?

Mikayıl Gözəlovun ən böyük əməyi bölgədə erməni işğalına qarşı mübarizə olub. Şuşanın və Qarabağ yaşayış məntəqələrinin müdafiəçilərinin lazımi silah, sursat və texnika ilə təmin olunmasında xüsusi fəallıq göstərib, öz vəsaiti hesabına respublikamızın bir çox bölgələrindən, eləcə də başqa ölkələrdən xeyli silah, sursat və texnika gətirilməsinə rəhbərlik edib.

Bundan əlavə, Şuşanın genişləndirilməsinə və azərbaycanlıların rahat yaşaması üçün evlərin tikilməsinə köməklik göstərib. Azərbaycan Milli Ordusunun ilk rəsmi hərbi hissələrindən olan 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biri olub. Həmçinin Şuşanın ermənilər yaşayan Qala dərəsi, Böyük Qala dərəsi, On verst, Salatın kənd (keçmiş Yeğsahoğ) kəndlərinin azad edilməsi əməliyyatına rəhbərlik edib. Laçın-Şuşa yolunun təhlükəsizliyini təmin edənlərdən biri olub.

Əfsuslar olsun ki, iş başında ikən 11 dekabr 1991-ci ildə əslən şuşalı olan təcili yardım maşını sürücüsü Elbrus İbrahimov tərəfindən avtomat silahdan açılan atəşlə qətlə yetirilib. Qətlin səbəbləri indiyədək müəmmalı qalır. Ömürlük həbs cəzasına məhkum edilən Elbrus İbrahimov 2019-cu ildə həbsxanada vəfat edib.

Mikayılın öldürülməsi ermənilərin əsas məqsədlərindən biri idi

E.İbrahimov Şuşa rayon icra başçısını niyə güllələmişdi? Bu, qətl hadisəsi kimin, yaxud kimlərin planı idi?  Suallarımıza cavab tapmaq üçün axtarışlarımızı bu səpkidə davam etdirdik. Jurnalist Kərim Kərimli qətlə yetirilmiş icra başçısının ölüm səbəbləri haqqında məsələləri müsahibələrinin birində demişdi: “Mərhum deputat Şadman Hüseynov Milli Məclisdəki çıxışlarından birində demişdi ki, Şuşanın icra başçısı Mikayıl Gözəlov Qarakənd üzərində vertolyotun vurulması ilə bağlı sirləri bildiyinə görə qətlə yetirilib. Qarakənd üzərində Azərbaycan vertolyotu 1991-ci il noyabrın 20-də vurulub. Mikayıl Gözəlov isə həmin il dekabrın 11-də qətlə yetirilib. Bu isə cəmi 21 gün sonra deməkdir. Hər halda, Mikayıl Gözəlovu öldürən şəxs məlumdur. Amma sualınızın ikinci, yəni “niyə öldürüldü” hissəsinin cavabı isə hələ tapılmayıb. O zaman səslənən və çox adamın da əmin olduğu məlumatlardan biri də bu idi ki, həmin gün, yəni dekabrın 11-də axşam saat 20.00-da işğalçı Ermənistanın silahlı quldur dəstələrinin Qarabağdakı mövqelərinə və dayaq nöqtələrinə qarşı çox yaxşı hazırlanmış və ciddi bir əməliyyat başlayacaq. Həmin əməliyyatı idarə edən qərargaha da Gözəlov özü rəhbərlik etməli idi. Lakin əməliyyatın başlanmasından təxminən 45-50 dəqiqə qabaq onu aradan götürdülər...

Və bütün hücum əmrləri ləğv edildi. Ermənilər isə hücuma keçdilər. Gözəlovun ölümündən dərhal sonra bir-birinin ardınca Cəmilli, Meşəli, Kərkicahan və s. kimi strateji yaşayış məntəqələri - kənd və qəsəbələr darmadağın edilərək yandırıldı, onlarla insan qətlə yetirildi və s. Onu da deyim ki, Mikayıl müəllimin ölümündən sonra bir jurnalist kimi müsahibə aldığım onlarla adam bu fikirləri söyləyib, yaxud təsdiq edib”.

Gözəlovun oğlu nə deyir?

3 qız bir oğul atası olan Gözəlovun yeganə oğlu Müşfiq Gözəlov atası ilə bağlı xatirələrini bölüşərkən demişdi ki, dəfələrlə ermənilər Şuşaya tanklardan, toplardan atəş açan zaman cavab atəşi ilə onları susdurmağa əmr verdiyi üçün rəhbərlik tərəfindən atasına təzyiq olub: “Şuşaya güclü atəşlər olan vaxtı və atam günün əksər hissəsini işdə olduğuna görə biz qonşularla birlikdə zirzəmidə gecələyirdik. Belə xatırlayıram ki, bir gecə atam zirzəmiyə gəldi və həmin zaman yanında hərbi geyimdə, iki hərbçi şəxs var idi. Atamı görən kimi çox sevindim. Amma uşaq olduğum üçün zirzəmidə niyə qaldığımızı o vaxtlar dərk edə bilmirdim. Atam icra başçısı olan dönəmdə babam dəfələrlə istəyib ki, bizi Şuşadan Ağdama aparsın. Çünki Şuşada vəziyyət çox gərgin idi. Anam danışırdı ki, atam buna qəti etiraz edibmiş. “Şuşanın müdafiəsinə rəhbərlik edən adamın ailəsi buradan çıxsa Şuşada kim qalar?!” deyib. Ona görə də atamın qətlə yetirildiyi günə qədər biz orada olmuşuq”.

Oğlunun sözlərinə görə, müəyyən qruplar var idi ki, Gözəlovun varlığı onları narahat edirmiş. Yaxın ətrafı bunları bildiyinə görə, atasına mühafizəçi ilə gəzməyi təklif etsələr də, o, bundan imtina edib. “Xalqın içərisində kimdən qorunuram” deyərmiş. Hətta icra başçısının xidməti otağında belə heç vaxt m?hafizəçi olmayıbmış.

Təcili yardım sürücüsü icra başçısını niyə qətlə yetirsin?

“Bir təcili yardım sürücüsünün icra başçısını qətlə yetirməsi nəyinə lazım idi?” sualı illər boyu məni də düşündürüb deyən Müşfiqin sözlərinə görə, atasını otağında güllələyən Elbrus adlı şəxs bu haqda heç vaxt danışmayıb: “Mən bir neçə dəfə onunla görüşmək istəsəm də, icazə verilməyib. O şəxsin qohumları da əslən Şuşadandır. Bir neçə il əvvələ kimi anasının və qardaşının yaşadığını eşitmişdim. Həmin şəxsin qardaşı ilə görüşüm tam təsadüf nəticəsində olub və bu barədə danışmaq istəmirəm. Çox insanlar qətlin sifarişlə yerinə yetirildiyini düşünürlər”.

Ayaz Mütəllibov Mikayıl Gözəlova göstəriş vermişdi ki...

Qarabağ müharibəsinin fəal iştirakçılarından olan, Qarabağın Həcəri kimi tanınan Səbirə Mahmudova isə o illəri belə xatırlayır: “Mikayıl Gözəlova güllə atan təcili yardım maşınının sürücüsü idi. Sürücünün anası da erməni idi. Maraqlı da burasıdır ki, adi bir sürücünün icra hakimi ilə nə işi var idi? Qarakənd faciəsindən sonra Ayaz Mütəllibov Mikayıl Gözəlova göstəriş vermişdi ki, Xankəndinə bir dənə də olsun güllə atılmasın. Mikayıl Gözəlov Şuşa ətrafında gizlənmiş erməni yaraqlılarını Şuşanın qoçaq oğlanlarının köməyi ilə tutub, türməyə salmışdı. Sonradan Bakıdan gələn istintaq qrupunun rəhbəri Məbud Hüseynov Şuşa türməsindən ermənilərin çoxunu buraxdı”.

Mövzunu davam etdirəcəyik.

Paylaş:
Baxılıb: 1223 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31