Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Tarixi təhrif edən tarix dərslikləri

Tarixi təhrif edən tarix dərslikləri

07.06.2022 [09:35]

4 iyun hadisələrinin mahiyyəti niyə yanlış təqdim olunur?

Nurlan QƏLƏNDƏRLİ

Belə bir deyim var: tarix dünənin siyasəti, siyasət isə bu günün tarixidir. Tarix həm də dünəndən dərs almaq, nəticə çıxarmaq, bu günün və sabahın siyasətini düzgün müəyyənləşdirmək üçündür. Ona görə də hadisələri, prosesləri zaman və məkan məfhumlarından asılı olmayaraq, tarixi və ictimai-siyasi yaddaşda dəqiq və düzgün əks etdirmək lazımdır. Burada əsas məsuliyyət isə təbliğat vasitələrindən (mediadan) daha çox tədris alətlərinin (dərsliklərin) üzərinə düşür.

Daha bir səhv: tarix imtahanından kəsilən tarix dərslikləri

Azərbaycanda tarix dərsliklərinin hazırlanması ilə əlaqədar kifayət qədər çatışmazlıqların olduğu dəfələrlə qeyd edilib. Elə “Yeni Azərbaycan” qəzeti olaraq bir müddət əvvəl bu barədə ətraflı - araşdırma xarakterli yazı hazırlayaraq problemin üzərinə işıq salmışdıq. Reallıq budur ki, tədris vasitələrində bu gün yeni və müasir tariximizlə bağlı kifayət qədər qüsurlara, nöqsanlara yol verilir. Və bunların heç də hamısı texniki xarakter daşımır. Fərdi və ictimai dünyagörüşünə, siyasi şüura, milli yaddaşa neqativ təsir göstərən səhvlər, xətalar az deyil.

Ən yeni tariximizin tərkib hissəsi olan iyun hadisələrinin tarix dərsliklərində, müxtəlif elmi mənbələrdə necə əks olunması ilə əlaqədar kiçik araşdırma apardıq, vəziyyətin qənaətbəxş olmadığını gördük. Belə demək mümkünsə, həm orta, həm də ali məktəblər üçün nəzərdə tutulmuş tarix dərslikləri “tarix” imtahanından kəsildi...

Azərbaycan tarixi fənni üzrə dərs­liklərdə 1993-cü ilin iyun hadisələri ümumi şəkildə (və dərinə getmədən) belə təsvir edilir: “4 iyun 1993-cü ildə Azərbaycanda hərbi qiyam baş verdi”. Başqa bir mənbədə “dövlət çevrilişi” anlayışından istifadə edilir. Və bu, hakimiyyət dəyişikliyinin səbəbi kimi göstərilir.

Dəqiq və doğru yanaşma deyil (halbuki tarix humanitar elmlər sırasına aid olsa da, dəqiqlik, hadisələrə obyektiv yanaşma - doğruluq tələb edir).

İyun hadisələri - hərbi qiyam, yoxsa hakimiyyətdaxili qarşıdurma?

Bəs 1993-cü ilin iyun ayında nə baş vermişdi? Tarix dərsliklərində “hərbi qiyam” kimi göstərilən hadisələrin mahiyyəti nə idi, olayların səbəbi nədən ibarət idi?

Bəllidir ki, həmin vaxt AXC-Müsavat cütlüyü idarəetmə sükanının arxasında olsa da, Azərbaycan idarə­olunmaz vəziyyətdə - böhran içində idi. Bu situasiya ölkəni siyasi, ideoloji, ictimai, iqtisadi baxımdan iflic vəziyyətinə salmışdı. Təfərrüatlara varmağa - bütün detalları ayrıca təqdim etməyə ehtiyac yoxdur.

Sadəcə olaraq, iki məqam xüsusilə diqqəti cəlb edir:

- birincisi, respublikanı idarə etmək, hakimiyyət səlahiyyətlərini yerinə yetirmək üçün məsuliyyət daşıyan şəxslər həm hazırlıqlı, həm də yerində (ranqına görə birincidən tutmuş sonuncuya  qədər) deyildilər: prezident ölkəni və idarəetməni, yaxud ölkənin idarəedilməsini “təcrübə materialı” kimi dəyərləndirirdi. Yaxın və uzaq perspektivlə əlaqədar heç bir təsəvvürü və planı yox idi.  Parlamentin sədri kiçik elmi işçi idi, 11 il ərzində dissertasiyanı müdafiə edə bilməmişdi. Baş nazir əvvəllər kiçik mövsümi ticarətlə məşğul olmuşdu, belə bir təcrübədən sonra əvvəl dövlət katibi kimi ciddi siyasi post, daha sonra baş nazir postu onun üçün olduqca ağır idi. Fizika müəllimi olmuş müdafiə naziri ordunun iflic vəziyyətinə salınmasında xüsusi rol oynamışdı. Daxili işlər naziri öz “vəzifə”sini canlı efirdə müxalifət nümayəndələrini döymək, jurnalistlərə qarşı zorakılıq etmək kimi dərk edirdi (vəzifədən çıxandan sonra dərhal müxalifətə keçmiş, məlum iyun hadisələri zamanı Bakıda AXC hakimiyyətinə qarşı mitinqlər təyin etmişdi). Xarici işlər naziri vəzifəsinin Fizika İnstitutunun heç bir diplomatik təcrübəsi olmayan, xarici dil bilməyən kiçik elmi işçisinə həvalə edilməsi dövlət idarəçiliyinin hansı prinsiplər əsasında həyata keçirildiyini göstərən faktlardan idi;

- ikincisi, ölkədə xaos və anarxiya, hakimiyyətdaxili çəkişmələr pik həddə çatmışdı. Ayrı-ayrı qruplar “mərkəzi hakimiyyət”ə (əslində, nə mərkəz, nə də funksional hakimiyyət var idi) tabe olmaq istəmirdi. Özbaşınalıq, özfəaliyyət gündəlik ictimai-siyasi həyat tərzinə çevrilmişdi. Heç bir hüquqi əsası olmadan yaradılmış “ekologiya polisi”, “bələdiyyə polisi” kimi qeyri-qanuni qurumlar faktiki olaraq daxili işlər nazirinin varlanması naminə dövlət səviyyəsində reketliklə məşğul idi. Kriminal düşüncəli adamların vəzifəyə gətirilməsi, daxili işlər nazirinin insanları qanunsuz həbs etməsi, 700 nəfər məhbusun məhkəməsiz azadlığa buraxılması, silahlandırılması və digər belə faktlar hakimiyyətin öz funksiyasını necə “yerinə yetirdiyi”ni təsdiqləyirdi.

Belə bir şəraitdə, hakimiyyət böhranının, qruplararası çəkişmənin ən yüksək həddə çatdığı vaxtda - 1993-cü il iyunun 4-də Gəncədə sabiq korpus komandiri və AXC-”Müsavat” hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalandı. Qərara tabe olmayan Surət Hüseynov tabeliyindəki qoşun hissəsinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi. 1993-cü il 4 iyun tarixində Gəncədə Surət Hüseynovun başçılıq etdiyi qrupla hökumət qüvvələri arasında toqquşma baş verdi. Bu, hakimiyyət daxilində iki fərqli qrupun toqquşması idi. Bu səbəbdən “hərbi qiyam” deyil, vətəndaş qarşıdurması adlandırılmalıdır.

Həmin vaxt hakimiyyətdaxili toqquşmaların başqa nümunələri də var idi. Konkret olaraq:

- İqtidar daxilində Müsavat, Yurd, “Boz qurd”, “boz pencəklilər” və s. kiçik qruplaşmalar yaranaraq biri-birinə qarşı və birincilik uğrunda mübarizə aparırdılar;

- Daxili işlər naziri və parlament sədri prezidentlik iddialarını açıq şəkildə dilə gətirir, nəzarətlərində olan media orqanlarında prezident əleyhinə sərt kampaniya aparırdılar;

- Əli Kərimlinin nəzarətində olan media qurumları baş nazir və spikeri məsxərə obyektinə çevirirdi, prezidentin özünə yaxın AXC İcraiyyə Komitəsi rəsmi bəyanatla nazirləri, parlament sədrini dövlətə və ya hakimiyyətə xəyanətdə ittiham edirdi.

- Baş prokuror prezidentin həbs olunması ilə əlaqədar əmrə imza atmışdı.

Aydındır, Surət Hüseynov mərkəzi hakimiyyətə qarşı çıxırdı. Axı daxili işlər naziri, parlament sədri, dövlət katibi, baş prokuror da prezidentin öz postundan uzaqlaşdırılmasına çalışırdılar. Məgər onlar da hərbi qiyam edirdilər?

Hərbi qiyam adətən iqtidara müxalif olan silahlı qüvvələr tərəfindən törədilir və həmin qruplaşma çevriliş nəticəsində hakimiyyətə yiyələnir. Azərbaycanda isə belə bir situasiya yox idi. Surət Hüseynov AXC-Müsavat dövründə prezident tərəfindən vəzifəyə təyin edilmiş, hətta ona Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdi. Və həmin vaxt S.Hüseynovun mərkəzi hakimiyyətlə qarşı-qarşıya gəlməsinə (komandanlığa tabe olmamasına) səbəb, qeyd etdiyimiz kimi, rəhbərlik etdiyi briqadanın ləğvi ilə bağlı qərarın imzalanması idi. Göründüyü kimi, burada məsələ siyasi çevriliş və ya hərbi qiyam deyil, yarıtmaz idarəetmə nəticəsində hakimiyyətdaxili toqquşma, siyasi böhran idi. Bu, əslində, vətəndaş qarşıdurması idi.

Səbəb nədir - savadsızlıq, məsuliyyətsizlik, yoxsa?!

Bəs bu hadisələr tarix dərsliklərində nə üçün “hərbi qarşıdurma” kimi səciyyələndirilir?

Görünən odur ki, dərsliyi hazırlayan tarixçilər ya yetərli siyasi hazırlığa malik olmayıblar, ya da araşdırma aparmadan “işlərini görüblər”.

Müəlliflər, ən azından, ulu öndər Heydər Əliyevin məsələ ilə əlaqədar fikirləri ilə tanış olsaydılar, belə səhvə yol verməzdilər. Ümummilli Lider “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”, - deyə qeyd etmişdi. Xalq isə hərbi qiyam etmir, narazılığını - etirazını bildirir, istefaya dəvət edir və ölkənin gələcəyi üçün növbəti - müvafiq seçimini edir.

Tarix dərsliyinin ərsəyə gəlməsində əməyi olanlar - müəlliflər, redaktorlar, nəzarətçilər, müvafiq qurumlar bu reallıqları bilməmiş olmazlar (və ya bilməlidirlər). Və nəzərə alınmalıdır ki, belə qüsura yol vermək təkcə laqeydlik deyil, həm də məsuliyyətsizlik, hətta ciddi siyasi səhvdir. Bu xəta təkcə dərslikdən istifadə edən şagird və müəllimlərə qarşı deyil, Azərbaycan tarixinə, siyasi yaddaşa, ictimai rəyə qarşıdır.

Paylaş:
Baxılıb: 198 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Turizm

Sosial

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

29 İyun 10:17

MEDİA

İqtisadiyyat

Siyasət

Azadlıqdan abadlığa...

29 İyun 09:40  

Gündəm

Dəmir yumruq yerindədir

29 İyun 09:32  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30