Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / İlk səfər, növbəti saziş

İlk səfər, növbəti saziş

08.06.2022 [09:56]

Qazaxıstan Prezidenti Azərbaycana gəlir

Nurlan QƏLƏNDƏRLİ

Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov Prezident Kasım-Jomart Tokayevin bu il Azərbaycana səfərinin gözlənildiyini deyib. O, səfər zamanı bir sıra ikitərəfli sənədlərin, o cümlədən 2026-cı ilə qədər əməkdaşlığın inkişafına dair hərtərəfli proqramın imzalanmasının planlaşdırıldığını diqqətə çatdırıb. Səfirin sözlərinə görə, səfər çərçivəsində ticarət-iqtisadi əməkdaşlıq haqqında yeni hökumətlərarası saziş və bir sıra digər sənədlər də imzalanacaq.

Qeyd edək ki, bu, Kasım-Jomart Tokayevin Qazaxıstan Prezidenti kimi ölkəmizə ilk səfəri olacaq. Ümumilikdə isə, istər Cənubi Qafqazda yeni reallıqların yarandığı, istərsə də Avrasiyada yeni dünya nizamının əsasının qoyulduğu hazırkı mərhələdə Qazaxıstan Prezidentinin Azərbaycana səfəri mühüm siyasi, iqtisadi və geostrateji əhəmiyyətə malikdir.

Bu xüsusda bir neçə amilə xüsusi diqqət yetirmək lazımdır:

- Bu il Azərbaycan ilə Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur. Doğrudur, xalqlarımızın qarşılıqlı münasibətlərinin tarixi yüzilliklərlə hesablanır. Amma üç onillik ərzində mövcud olan diplomatik əlaqələrin yüksələn xətt üzrə inkişafı tərəfdaşlığın güclənməsini mümkün və təmin edib. Bu gün iki ölkə arasında ənənəvi dostluq və qardaşlıq münasibətləri, müxtəlif sahələri əhatə edən çoxşaxəli əməkdaşlıq siyasi, iqtisadi, mədəni, humanitar önəm daşıyır, regional təhlükəsizliyə vacib töhfə kimi çıxış edir. Dövlət başçıları səviyyəsində münasibətlərin inkişafına xüsusi əhəmiyyət verilməsi, yüksək səviyyəli rəsmi və işgüzar səfərlərin həyata keçirilməsi bəhs olunan sahə və istiqamətlərdə müsbət nəticələrin əldə olunmasını şərtləndirir.

Digər tərəfdən, iki qardaş ölkə arasında işbirliyinin müqavilə-hüquq bazası zəngindir. Tərəflər bu günə qədər dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə və digər bir sıra sahələrdə təmasların sıxlaşdırılmasını nəzərdə tutan sənədlər imzalayıblar. Dövlətimizin başçısı vurğulayıb ki, bizim münasibətlərimiz zamanın sınağından çıxıb, həyatın demək olar ki, bütün sahələrini - iqtisadiyyat, energetika, nəqliyyat və humanitar sahələri əhatə edir: “Buna görə də əminəm ki, münasibətlərimizin inkişaf perspektivləri çox müsbət olacaq. Biz bundan sonra da beynəlxalq arenada bir-birimizi dəstəkləyəcək, ikitərəfli formatda müştərək layihələri həyata keçirəcəyik”,- deyə İlham Əliyev söyləyib. Kasım-Jomart Tokayev isə deyib ki,  “dövlətlərimiz arasında münasibətlərə gəldikdə isə həqiqətən də çox böyük yol qət edilib. Əslində elə sıfırdan başladıq və indi, demək olar, bütün sahələrdə qarşılıqlı münasibətlərin çox yüksək səviyyəsinə nail olmuşuq”. Ölkələrimizin qlobal arenada, beynəlxalq təşkilatlar səviyyəsində milli maraqlara dair bütün məsələlərdə bir-birini dəstəkləməsi də xüsusi önəm daşıyır. Təbii ki, müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan ilə Qazaxıstanın BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası daxil olmaqla, regional və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələndirilmiş fəaliyyəti bundan sonra da uğurla davam etdirməsi vacibdir;

- Azərbaycan ilə Qazaxıstan arasında siyasi münasibətlər yüksək səviyyədədir - fəal dialoq mövcuddur. Bu əlaqələrin ruhuna - mahiyyətinə uyğun olaraq iqtisadi, ticari əməkdaşlığın genişləndirilməsi də mühüm çağırış olmaqla tərəflərin diqqət mərkəzindədir. Nəqliyyat, energetika, kənd təsərrüfatı məhsulları ilə ticarət ölkələrimiz arasında əmtəə dövriyyəsinin əsas sahələridir. Bu istiqamətdə mühüm addımlar atılır, səmərəli nəticələr əldə olunur. Aktau dəniz limanı xüsusi zonasında Azərbaycan investisiyası ilə inşa edilən Aktau İstehsal və Logistika Mərkəzi ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrinin artmasında əhəmiyyətli rol oynayır.

Gözlənilən səfər çərçivəsində ticarət-iqtisadi əməkdaşlıq haqqında yeni hökumətlərarası saziş və bir sıra digər sənədlərin imzalanması prosesə yeni impuls - güclü təkan olacaq;

-  Hazırkı şəraitdə Bakı ilə Nur-Sultanın işbirliyinin mühüm tərkib hissəsini təşkil edən istiqamətlərdən biri nəqliyyat-kommunikasiya sahəsidir. Transxəzər nəqliyyat marşrutu çərçivəsində əməkdaşlıq, əlverişli tranzit potensialı və logistika imkanları ölkələrimizin beynəlxalq yükdaşımalarda rolunun artmasını şərtləndirir.  Tərəflər  mühüm nəqliyyat-tranzit potensialına malikdir. Qazaxıstan geniş kommunikasiya imkanlarına sahibdir, bununla yanaşı, yeni İpək Yoluna cəlb olunub - Çin Xalq Respublikasının “bir kəmər, bir yol” təşəbbüsü əsasında Çinin sərhədindən Xəzər dənizinə qədər ümumi uzunluğu 2 min kilometrədək olan dəmiryolu inşa edilib. Azərbaycan isə bu günə qədər Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin icrasında fəal rol oynayıb. İndiki mərhələdə Azərbaycan Avrasiyada geniş coğrafiyanı əhatə edən, Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışır. Bu layihənin gerçəkləşdirilməsi ilə regionda əməkdaşlığa xidmət edən inteqrasiya prosesi güclənəcək. Bu dəhliz, eyni zamanda, ölkəmizin Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi geostrateji mövqeyini möhkəmləndirəcək, tranzit imkanlarını genişləndirəcək, Azərbaycana və tərəfdaşlarımıza mühüm siyasi-iqtisadi dividendlər qazandıracaq. Bölgədə kommunikasiya xətlərinin bərpası, Zəngəzur dəhlizinin yaradılması, eyni zamanda, türkdilli ölkələr arasında çoxşaxəli münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi baxımından olduqca əhəmiyyətlidir. Prezident İlham Əliyev bu məqamlara toxunaraq “Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq... Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək Türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, Türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi Türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün ?ürk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq”, - deyə vurğulayıb. Heç şübhəsiz, yeni reallıqlar fonunda  genişmiqyaslı əməkdaşlıq imkanları Azərbaycan-Qazaxıstan münasibətlərinin də inkişafına əlavə təkan olacaq.

Bunlarla yanaşı, 2018-ci ilin avqust ayında Aktau şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması Xəzər dənizi hövzəsində çoxşaxəli beynəlxalq işbirliyinin təmin olunması baxımından strateji əhəmiyyətə malikdir. Konvensiya Xəzərin hüquqi statusunu müəyyənləşdirməklə yanaşı, nəqliyyat, ekologiya və bütövlükdə regionda sülh və təhlükəsizlik məsələlərini özündə ehtiva edir və Xəzəryanı ölkələrin hamısının maraqlarına uyğundur. Prezident İlham Əliyev 2020-ci il fevralın 14-də Münxendə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü zamanı qeyd etmişdi ki, “bizim tərəfimizdən ratifikasiya edilmiş Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə Konvensiyanın imzalanması son dövrün ən vacib hadisəsi olub. İnanıram ki, Xəzərdə gələcək əməkdaşlığımız bütün Xəzəryanı ölkələrə daha çox dividend gətirəcək”.

- Azərbaycan və Qazaxıstan yerləşdikləri regionun güc mərkəzləri olmaqla yanaşı, Türk dünyasında da mühüm söz və nüfuz sahibidirlər, geniş təsir imkanlarına malikdirlər. Tərəflərin münasibətlərinin inkişafı, əməkdaşlığın dərinləşdirilməsi təkcə iki ölkə üçün deyil, türkdilli ölkələrin mövcud olduğu coğrafiyada geosiyasi və geoiqtisadi təşkilatlanmanın gücləndirilməsi, yeni güc mərkəzinin yaradılması baxımından əhəmiyyətlidir. Daha dəqiq desək, Azərbaycan ilə Qazaxıstanın töhfələri Türk Dövlətləri Təşkilatının mövqeyinin möhkəmlənməsi, təsir imkanlarının artırılması üçün olduqca önəmlidir.

Bütün bunları nəzərə alaraq qeyd edə bilərik ki, Qazaxıstan Prezidentinin Azərbaycana səfəri tərəflər arasında çoxşaxəli münasibətlərin inkişafına xidmət edəcək, regional təhlükəsizlik və əməkdaşlığa isə mühüm töhfə olacaq.

Paylaş:
Baxılıb: 253 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Turizm

Sosial

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

29 İyun 10:17

MEDİA

İqtisadiyyat

Siyasət

Azadlıqdan abadlığa...

29 İyun 09:40  

Gündəm

Dəmir yumruq yerindədir

29 İyun 09:32  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30