Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Sülhə bu qədər yaxınkən...

Sülhə bu qədər yaxınkən...

10.06.2022 [09:55]

Bakıya dəstək, İrəvana isə xəbərdarlıq!

Nurlan QƏLƏNDƏRLİ

Siyasi şərhçilərin, tədqiqatçı-jurnalistlərin, hətta ayrı-ayrı dövlət rəsmilərinin ifadə etdikləri bir reallıq var: yeni dünya nizamının yaranmasına şahidlik edirik. Dəqiq və doğru yanaşmadır, çünki cahanın dörd bir tərəfində - müxtəlif geosiyasi qütblərdə rəqabət, uzlaşma, qarşıdurma, əməkdaşlıq, inteqrasiya kimi proseslər aktiv fazaya daxil olub. Ağırlıq mərkəzi isə Avrasiyadır. Burada iki region diqqəti xüsusilə cəlb edir: Rusiya-Ukrayna müharibəsinin davam etdiyi Şərqi Avropa və postmüharibə mərhələsinə qədəm qoymuş Cənubi Qafqaz.

Beynəlxalq ictimaiyyətin nəzəri Şərqi Avropadakı müharibədə olmaqla yanaşı, həm də yeni reallıqların yarandığı Cənubi Qafqazdadır. Regionda sülh quruculuğu, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması diqqət mərkəzindədir. Tərəflər arasında sülh müqaviləsinin imzalanması məsələsi bölgənin strateji gündəliyinin və siyasi gündəminin aktual mövzusudur.

Bu günlərdə bir-birinin ardınca verilən açıqlamalarda birmənalı şəkildə ifadə edilir ki, yeni mərhələdə bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması, qarşıdurma və təhdidlərin istisna olunması üçün sülh müqaviləsinin imzalanması vacibdir. Məsələn, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşü barədə danışarkən deyib ki, “Azərbaycan və Ermənistan arasında əhatəli sülh sazişinin imzalanmasının bölgənin sabitliyi baxımından önəmli olduğunu düşünürük”. ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger isə söyləyib ki, “Biz sülh prosesinə kömək göstərməyə davam edəcəyik, regionu sabit və təhlükəsiz görmək istəyirik”. Onun sözlərinə görə, rəsmi Vaşinqton Brüsselin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesinə yardımını dəstəkləyir. “ABŞ Cənubi Qafqaz regionunu firavan görmək istəyir. Həmçinin regionun bütün ölkələri arasında kommunikasiyaların açılması çox vacibdir”,- deyə səfir vurğulayıb. Daha bir mövqe okeanın o tayından ifadə edilib. Söhbət ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin açıqlamasından gedir. O deyib ki, “Ermənistan və Azərbaycanın münasibətlərin normallaşması prosesində irəliləyiş imkanı var”. Bundan başqa, Sergey Lavrov ermənistanlı həmkarı ilə görüşdən sonra mətbuat konfransında bildirib ki, Moskva İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına kömək etməyə hazırdır. “Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına dair yekun razılaşmaların əldə olunacağına şübhə yoxdur”,- deyə Rusiya XİN-in rəhbəri qeyd edib.  Ötən ay baş tutmuş Brüssel görüşünün - Avropanın siyasi paytaxtında üçüncü üçtərəfli görüşün nəticələri isə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasının bəhs olunan dövlətlərlə yanaşı, Avropa İttifaqının da gündəmində yer alan prioritet məsələlərdən biri olduğunu təsdiqləyir.

Əslində, Bakının və İrəvanın yanaşmasını nəzərə alsaq, deyə bilərik ki, açıqlamalarda Azərbaycanın mövqeyinə dəstək, Ermənistana isə çağırış və xəbərdarlıq var. 

Reallıq budur ki, Azərbaycan Prezidentinin dərin strateji diplomatiya siyasəti konkret nəticə və səmərə verir. Regionda etimad quruculuğu naminə əlverişli zəmin formalaşdırılır, sülhə doğru qəti addımlar atılır. Əlbəttə, Cənubi Qafqaz regionunda sülh prosesinin diqqət mərkəzində olması təsadüfi deyil. Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazanmaqla bütöv bir regionu sülh, sabitlik və əməkdaşlıq məkanına çevirmək istiqamətində dayanıqlı zəmin - əlverişli şərait formalaşdırıb. Bakı müharibənin bitməsi - yeni mərhələnin başlanması reallığını qəbul etdirib, yeni strateji yanaşmaların ortaya qoyulmasını zərurətə çevirib. Artıq regionda postmüharibə mərhələsidir və yeni geostrateji reallıqların müəllifi Azərbaycandır. Prezident İlham Əliyev deyib ki, “biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik”. Dövlət başçısı “Düşünürəm ki, imkanlar əldən verilməli deyil. Çünki indi Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır”,- deyə vurğulayıb.

Azərbaycan sülh müqaviləsinin imzalanması, kommunikasiyaların bərpası, Türkiyə ilə ortaq təşəbbüs əsasında yeni əməkdaşlıq platformalarının yaradılması kimi istiqamətlərdə fəallıq nümayiş etdirməklə bölgədə yeni düzən formalaşdırır. Üstəlik, bu geosiyasi fəaliyyət təkcə Cənubi Qafqaz ölkələri deyil, bir çox dövlətlər, o cümlədən güc mərkəzləri üçün strateji maraqları təmin etmək baxımından cəlbedici və faydalıdır.  Başqa sözlə, yeni situasiya həm region dövlətləri, həm də bölgədənkənar qüvvələr üçün strateji şans - tarixi fürsətdir. Əsas məsələ postkonflikt dövründə regionun geostrateji dizaynında fəal iştirak etmək və ya prosesə dəstək verməkdir. Yuxarıda bəhs olunan rəsmilərin fikirləri də bu reallığı ifadə edən mühüm faktlardandır.

Region dövlətlərinin, güc mərkəzlərinin, o cümlədən ABŞ və Avropa İttifaqının diqqət mərkəzində olan vacib məsələrdən biri regionda çoxşaxəli işbirliyi imkanlarının formalaşdırılmasıdır. Kommunikasiyaların bərpası, eləcə də Zəngəzur dəhlizinin açılması bu baxımdan xüsusi önəm daşıyır. Şübhəsiz ki, Azərbaycanın geosiyasi iradəsi nəticəsində kommunikasiya xətlərinin bərpası, yeni nəqliyyat dəhlizinin yaradılması mühüm siyasi və iqtisadi dividendlər, perspektivlər vəd edir. Zəngəzur dəhlizinin yaradılması Avrasiyada yeni platformanın əsasının qoyulmasıdır. Asiyadan Avropaya doğru uzanan geniş coğrafiyada bir çox dövlət bu geostrateji proyektin reallaşmasında maraqlıdır. Azərbaycan Prezidenti dəfələrlə ölkəmizin Zəngəzur dəhlizinin açılmasına nail olacağını qətiyyətlə vurğulayıb. Ermənistan isə kommunikasiyaların bərpası, yeni dəhlizin yaradılması ilə əlaqədar qeyri-müəyyən şərait yaratmağa, vaxtı uzatmağa, müxtəlif bəhanələr irəli sürməklə süni gündəm formalaşdırmağa çalışırdı. Buna baxmayaraq, hərbi Zəfəri diplomatik müstəvidə möhkəmləndirərək tarixi prosesə çevirən Bakı strateji təşəbbüsləri və fəaliyyəti ilə sülh gündəliyini, regional geostrateji gündəmi müəyyənləşdirdi - İrəvanı konstruktiv mövqeyə məcbur etdi. Prezident İlham Əliyevin, Şarl Mişelin və Nikol Paşinyanın Brüsseldə üçüncü üçtərəfli görüşü zamanı Zəngəzur dəhlizi ilə əlaqədar ortaq mövqeyin bildirilməsi - razılıq əldə olunması bu xüsusda ayrıca qeyd edilməlidir.

Azərbaycan məsələ ilə əlaqədar öhdəliklərinə sadiqdir. Ölkəmiz Avrasiyada geniş bir coğrafiyanı əhatə edən, Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışır. Bu layihənin gerçəkləşdirilməsi ilə regionda inteqrasiya prosesi güclənəcək. Bu dəhliz, eyni zamanda, ölkəmizin Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi geostrateji mövqeyini möhkəmləndirəcək, tranzit imkanlarını genişləndirəcək, Azərbaycan mühüm imkanlar qazanacaq. Bütövlükdə, respublikamızın fəal iştirakı və liderliyi fonunda cərəyan edən proseslər Avrasiyada yeni geosiyasi konfiqurasiyanın formalaşmasına ciddi təsir göstərəcək. Bu reallıqlar təkcə respublikamız üçün deyil, bütövlükdə region dövlətləri, o cümlədən Ermənistan üçün əlverişli imkanlar yaradır. İrəvanın alternativ şansı - başqa çıxış yolu isə yoxdur.

Təbii ki, yeni əməkdaşlıq mühitinin yaranması üçün, ilk növbədə, sülh müqaviləsi imzalanmalıdır. Bu məsələdə Azərbaycan qətiyyətli və birmənalı mövqe nümayiş etdirir. Bakının irəli sürdüyü 5 maddədən ibarət təklif əsasında predmetli danışıqların aparılması sülh razılaşmasının əsas komponentidir. Əsas məqam ərazi bütövlüyüdür. Yəni Brüssel sülh gündəliyi əsasında aparılan danışıqlar məhz beynəlxalq hüquq normalarına uyğundur.

Beləliklə, Azərbaycan Prezidentinin dərin strateji diplomatiya siyasəti konkret nəticəyə hesablanıb. Regionda etimad quruculuğu naminə əlverişli zəmin formalaşdırılır, sülhə doğru qəti addımlar atılır. Bakı hər zaman öhdəliklərə sadiq olub və bu gün də sadiqdir. Amma eyni fikri Ermənistan haqqında əminliklə söyləmək mümkün deyil. Çünki ayrı-ayrı görüşlərdən sonra İrəvan ənənəsinə sadiq qalaraq prosesi sabotaj etməyə çalışıb. Eyni zamanda, Ermənistanda müəyyən siyasi dairələr müxalifətin etiraz aksiyalarını bəhanə kimi göstərərək sülh gündəliyini hədəfə almağa çalışsalar da, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki birincisi, Ermənistan geosiyasi reallıqları dəyişdirmək, prosesi pozmaq gücündə və iqtidarında deyil. İkincisi, bu ölkənin baş naziri sənədlərə imza ataraq siyasi-hüquqi öhdəlik götürüb və bu, hakimiyyətin deyil, dövlətin öhdəliyidir. Bu məsuliyyətdən yayınmaq mümkün deyil. Üstəlik, nəzərə almalıdırlar ki, proses Avropa İttifaqı, Rusiya, ABŞ və digər güc mərkəzləri, beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilir, təqdir olunur. Nəhayət, haqlı və qalib Azərbaycanın iradəsi həlledicidir. Ona görə də Ermənistanın yanaşması adekvat olmalı, prosesi uzatmaq cəhdlərinə, vaxt itkisinə yol verilməməlidir. Bakı ümid edir ki, sülh sazişinin imzalanması ilə əlaqədar prosesə tezliklə start veriləcək. Bu, təkcə ümid deyil, həm də konkret şərt və tələbdir.

Nəzərə alınmalıdır ki, hərbi-siyasi təxribatlar, vaxtı uzatmaq, prosesdən yayınmaq və təxribat cəhdləri İrəvan üçün, sadəcə, bumeranq effekti vəd edir: iqtisadi tənəzzülün sürətlənməsi, geosiyasi təcridin dərinləşməsi və s. Digər tərəfdən, Cənubi Qafqazda postmüharibə dövrü olsa da, hərbi-siyasi təxribatlar, üçtərəfli Bəyanatda əksini tapmış öhdəlikləri yerinə yetirməkdən, sülh müqaviləsini imzalamaqdan yayınmaq kimi siyasi sabotajlar eskalasiyaya səbəb ola bilər. Doğrudur, Azərbaycan sülh və məsələlərin diplomatik yolla həllinin tərəfdarıdır. Amma Ermənistanın yanaşması da adekvat olmalıdır. Hər halda, Bakı istənilən yolla hədəfinə çatacaq. İrəvanın taleyi isə öz seçimindən asılıdır. Ermənistan məsuliyyətini dərk etməli və öhdəliklərini yerinə yetirməlidir. Özü də vaxt itirmədən. Çünki vaxt itkisi onlar üçün daha böyük itkilərə səbəb ola bilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Beş prinsip əsasında sülh müqaviləsi imzalanacaq. Ona görə müqavilənin mətni tezliklə hazırlana bilər, imzalana bilər və beləliklə, Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən diplomatik əlaqələr yaradıla bilər. Bu təklifi irəli sürməklə bir daha biz xoş niyyətimizi göstəririk və yenə də deyirəm, uzaqgörənlik göstəririk. Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq”.

Beləliklə, sülh prosesinə bu qədər yaxınkən Bakının mövqeyi dəstəklənir - yanaşması təqdir olunur. Çünki qeyd etdiyimiz kimi, hərb meydanında qalib gələn Azərbaycanın diplomatik müstəvidə strateji gedişləri bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq ortamı formalaşdırır. Cənubi Qafqazın bir əsrlik geosiyasi arxitekturası dəyişir, uzun illər hərbi-siyasi toqquşma məkanı olan, gərginliyin və narahatlığın hökm sürdüyü regionda əməkdaşlıq, inteqrasiya üçün yeni imkanlar meydana çıxır. Bu, müharibədə məğlub olan Ermənistan üçün də faydalı və perspektivlidir...

İrəvana isə çağırış edilir - öz öhdəliklərinə sadiq olması, prosesi sabotaj cəhdlərinə son qoyması üçün. Bir daha bəyan olunur ki, Azərbaycanın yaratdığı reallıq - yeni geosiyasi şərait Ermənistanın xilas yoludur, onun üçün siyasi nəfəslikdir. Bu yolda ilk addımı atmaq üçün isə gerçəkliyi qəbul etmək gərəkdir. Kimsə İrəvana təsəlli vermək fikrində - niyyətində deyil. Amma Ermənistan de-yure müstəqil olduğu 30 illik dönəmə nəzər salsa, nə itirdiyini və bundan sonra nə qazana biləcəyini anlayar. O da dərk olunar ki, məğlub ölkə qalibə çevrilə bilər - ancaq öz mifləri, ambisiyaları, ictimai-siyasi hikkəsi üzərində qələbə çala bilər. Onlar uzun illər ərzində Azərbaycanın Cənubi Qafqazı beynəlxalq işbirliyi məkanına çevirməsindən yararlana bilmədilər, bütün nəqliyyat və enerji layihələrindən kənarda qalaraq təcrid vəziyyətinə - geosiyasi autsayder durumuna düşdülər. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Ermənistan geosiyasi dalana çevrildi. İrəvanın davranışları və seçimləri təcrid vəziyyətini dərinləşdirdi - dalan statusunu gücləndirdi. Ermənistan özünü siyasi qeyri-müəyyənlik şəraitində hiss etdi, ağıllı qərar verə və konkret addım ata bilmədi, təkcə regional əməkdaşlıq mühitindən - yeni geosiyasi konfiqurasiyadan deyil, həm də eks-prezident Armen Sarkisyanın qeyd etdiyi kimi, tarixdən kənarda qaldı. Əlbəttə, tarix dünənin siyasəti, siyasət isə bu günün tarixidir. İndi regionda yeni tarix yazılır - Azərbaycanın müəllifliyi ilə. Bu günün tarixində yer almaq dünənin siyasətindən düzgün nəticə çıxarmaqdan asılıdır. Hazırda bölgədə real praktiki əməkdaşlıq çərçivələri müəyyən olunur. Bu, həm də bölgənin geostrateji gələcəyinin inşasıdır. Ermənistanın gələcəyi də buradadır - təbii ki, İrəvanın yanaşmasından asılıdır. Nəzərə almalıdırlar ki, Ermənistanın, bir zamanlar güvəndiyi (və hələ də sığınmağa, yarınmağa çalışdığı) qüvvələrin bu gün regional proseslərə təsir etmək və bölgədə geostrateji reallıqları dəyişdirmək imkanı yoxdur. Ona görə də İrəvanın bir yolu var. 30 ilə yaxın müddət ərzində çox ciddi itkilərə məruz qalan Ermənistan öz miqyasından daha böyük, siyasi mahiyyətindən daha dəyərli - heç vaxt olmadığı qədər ciddi uğur qazana bilər. Düşünmək vaxtıdır. Amma təkcə düşünmək yetməz... Sülhə bu qədər yaxınkən!

Paylaş:
Baxılıb: 263 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

07 İyul 10:44

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Sosial

Sosial

Xarici siyasət

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31