Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bir reallıq, iki məqam

Bir reallıq, iki məqam

11.06.2022 [10:00]

Sülh prosesi - Azərbaycan sadiqdir, Ermənistan isə sabotajla məşğuldur

Nurlan QƏLƏNDƏRLİ

Bakı, Ankara, Moskva, İrəvan, Brüssel... Cənubi Qafqazda sülh quruculuğunun, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasının müzakirə edildiyi paytaxt şəhərlər. Bakıda (və Bakıdan) Azərbaycanın prinsipial mövqeyi qətiyyətlə ifadə olunur, xarici ölkələrin nümayəndələri - rəsmilər, diplomatlar ölkəmizin rəyinin əsas - mövqeyinin həlledici olduğunu ifadə edirlər. Ankarada qardaş Türkiyənin sülh prosesi ilə əlaqədar fəallığı (müxtəlif görüşlər çərçivəsində fəal müzakirələr aparması), Azərbaycanın haqlı mövqeyinə güclü mənəvi-siyasi dəstəyi müşahidə olunur. Rusiyanın paytaxtı Moskva, Avropanın siyasi başkəndi Brüssel isə ikitərəfli və üçtərəfli görüşlərə ev sahibliyi edir, müxtəlif təklif və təşəbbüslər irəli sürülür.

İrəvan bildiyimiz və gördüyümüz kimi...

İrəvan isə bildiyimiz, gördüyümüz kimidir - qeyri-konstruktiv, üçtərəfli bəyanatlara və beynəlxalq hüquq normalarına zidd açıqlamaların verildiyi, öhdəliklərin “unudulduğu”, şərtlərin - razılaşmaların pozulduğu, hətta baş diplomatın baş naziri təkzib etdiyi məkanı xatırladır. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın İrəvanda rusiyalı həmkarı Sergey Lavrovla görüşündən sonra müşahidə edilənlər kimi...

Söhbət Ermənistan XİN rəhbərinin mövcud reallıqlara, Brüssel sülh gündəliyinə, əldə edilmiş razılaşmalara zidd açıqlamalar verməsindən, prosesi sabotaj etmək cəhdlərindən gedir. O, yenə də Azərbaycanı ittiham edib, Ermənistanın isə öhdəliklərinə sadiq olmadığını, Brüssel razılaşmalarına məhəl qoymadığını nümayiş etdirib. 

Mirzoyanın “unutduğu” - Ermənistanın xatırlamalı olduğu məqamlar...

Mirzoyanın söylədiklərinin təfərrüatlarına varmadan qeyd edək ki, ötən ay Prezident İlham Əliyevin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə Brüsseldə görüşü - üçtərəfli görüş zamanı postmünaqişə mərhələsinin reallıqları diqqət mərkəzində oldu. 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviq edilməsi üçün humanitar tədbirlərin davam etdirilməsi, sərhədlərin delimitasiya və demarkasiyası ilə əlaqədar konkret addımların atılması, kommunikasiyaların açılması məsələləri geniş müzakirə edildi. Ən əsası, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması, Zəngəzur dəhlizinin açılması ilə əlaqədar razılaşma əldə olundu. Proses Avropa İttifaqı, Rusiya, ABŞ və digər güc mərkəzləri, beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirildi. Aİ Şurasının Prezidenti Şarl Mişelin Brüsseldə üçüncü üçtərəfli görüşün yekunlarına dair mətbuata açıqlamasında vacib məqamlar - əhəmiyyətli detallar yer aldı, bir sıra məsələlərə aydınlıq gətirildi. Qeyd edildi ki, müzakirə səmimi və məhsuldar oldu, bütün məsələlər nəzərdən keçirildi. Bu, irəliyə doğru addım atıldığını - prosesin davam etdiyini göstərirdi. Şarl Mişel onu da qeyd etdi ki, “liderlər Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər”. Avropanın siyasi paytaxtında bir daha nümayiş etdirildi ki, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi bölgənin siyasi gündəminin aktual mövzusudur. Yeni mərhələdə bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması, qarşıdurma və təhdidlərin istisna olunması üçün sülh müqaviləsinin imzalanması vacibdir. Brüssel görüşünün nəticələri bu istiqamətdə irəliyə doğru mühüm addım atıldığını göstərirdi. Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif əsasında predmetli danışıqların aparılmasının isə sülh razılaşmasının əsas komponenti olması bir daha təsdiqləndi. Təbii ki, burada əsas məqam ərazi bütövlüyüdür. Yəni Brüssel sülh gündəliyi əsasında aparılan danışıqlar məhz beynəlxalq hüquq normalarına uyğundur. Bu isə prosesin Azərbaycanın əvvəldən bəyan etdiyi yanaşmasına və mövqeyinə müvafiq olduğunu təsdiqləyir. Göründüyü kimi, Brüssel sülh gündəliyi çərçivəsində Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranıb. Yeni mərhələdə müzakirə predmeti “münaqişə qalıqları” deyil, postmünaqişə reallıqlarıdır.

İrəvanda(n) “siyasi açıqlama” adı altında yalan, ittiham, böhtan səsləndirən, sülh quruculuğunun mahiyyətinə uyğun olmayan fikirlər söyləyən Mirzoyanın “unutduğu” bu reallıqlar Ermənistanın xatırlamalı olduğu məqamlardır.

Araratın danışmağı əvəzinə... İrəvanın düşünməsi lazımdır!

Ermənistan xarici işlər nazirinin sərsəmləmələrinin detallarına gəlincə... Gülünc səslənsə və görünsə də, o, Azərbaycanı “atəşkəsi pozmaqda”, üstəlik, “hərbi əsir” adlandırdıqları diversantları qaytarmamaqda ittiham edib. Görünən odur ki, Mirzoyan ünvanı səhv salıb. Belə olmasaydı, Brüssel görüşlərindən sonra hərbi təxribatlar törətməyin Ermənistanın “siyasi adət”inə çevrilməsini etiraf edərdi. Ayrıca, Azərbaycanın hərbi əsirlərin hamısını qaytardığı, hətta təxribat törətməyə cəhd göstərmiş erməni əsilli şəxsləri mina xəritələrinin qarşılığında təhvil verdiyi faktdır. Amma o da faktdır ki, bu ölkənin Azərbaycana təqdim etdiyi mina xəritələrinin böyük hissəsi dəqiq deyil. Bu, nə deməkdir? Təbii ki, mina terrorunun davam etməsi...

O da faktdır ki, 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli Bəyanatların bütün tələblərinin qeyd-şərtsiz yerinə yetirilməsindən yayınmağa çalışan - siyasi sabotajla məşğul olan tərəf məhz Ermənistandır. Xüsusilə də, 10 noyabr 2020-ci il tarixli sənədin 4-cü bəndində əksini tapmış “erməni silahlı qüvvələrinin çıxarılması” məsələsində öhdəliyini “yaddan çıxarır”.

Bu reallıqların fonunda Mirzoyanın danışmağı yox, İrəvanın düşünməyi lazımdır. Təkcə düşünməklə kifayətlənməməli, konkret addımlar atılmalıdır. Nəzərə alınmalıdır ki, bütün hallarda Azərbaycan öz ərazilərində təhlükəsizliyi tam təmin etmək, istənilən təxribat cəhdinin qarşısını almaq iqtidarındadır və bu istiqamətdə müvafiq addımlar atılır. BMT-nin 30 ilə yaxın kağız üzərində qalmış 4 qətnaməsinin icrasını təmin etdik. İndi isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 4-cü bəndinin icrasına nail olmaq əzmi və qətiyyəti nümayiş etdiririk. Hər ikisinin mahiyyəti eynidir - qanunsuz silahlı birləşmələrin çıxarılması (zərərsizləşdirilərək qovulması) və suverenliyin bərpası! Azərbaycanın timsalında hüquq gücdür, güc isə hüququ təmin etmək vasitəsidir!

Ermənistanın baş diplomatının daha bir absurd ittihamı işğaldan azad edilmiş ərazilərdə din və mədəniyyət abidələri ilə əlaqədardır. O, həmin ərazilərdə vandalizm aktlarının olduğunu, bunun isə təcili beynəlxalq müdaxilə tələb etdiyini bildirib. Mirzoyan yenə də “güzgüyə baxaraq adını özgəyə qoymağa” çalışır. Bəli, vandalizm aktları, faktları var, amma vəhşilikləri Azərbaycan yox, Ermənistan törədib. Məlumdur ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddət ərzində davam edən təcavüzünün qurbanları təkcə soydaşlarımız deyil, həm də yaşı minilliklərlə ölçülən tarixi, dini və mədəni abidələrimizdir. Uzun müddət işğal altında saxlanılmış Azərbaycan ərazilərində erməni vandalları tərəfindən çoxsaylı məscid, muzey, maddi-mədəniyyət nümunəsi yerlə-yeksan olunub, maddi və mənəvi sərvətlərimiz olan bu abidələrin özününküləşdirilməsi cəhdləri edilib. İşğaldan azad olunmuş ərazilərimizdə 2600-dən çox tarix və mədəniyyət abidələri mövcud olub. Bunların böyük əksəriyyəti ermənilər tərəfindən dağıdılıb və saxtalaşdırılıb. Bəs görəsən, Ararat Mirzoyanın ABŞ Dövlət Departamentinin bu günlərdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dini abidələrin ermənilər tərəfindən sistematik şəkildə dağıdılmasına dair məlumatlar paylaşmasından xəbəri yoxdur? Erməni vandalizminin bir daha ifşa olunması baş diplomata məlum deyil?!

Baş diplomatın baş naziri təkzibi, yoxsa məğlub ölkənin sabotaj cəhdi?

Ermənistan XİN rəhbərinin söylədiyi fikirlər digər bir reallığı da ifadə edir. Bu, Paşinyanın Brüssel görüşündən sonra səsləndirdiyi fikirlərin Mirzoyan tərəfindən təkzib edilməsidir.

Baş nazirin üçtərəfli görüşün ardınca dediyi sözlər Ermənistanın yeni reallığı qəbul etdiyini göstərirdi. O, parlamentin iclasında söyləmişdi ki, yerində dayanmaq, irəliləmək cəhdlərinin olmaması riskləri azaltmır, əksinə artırır. “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və tərəflər arasında tezliklə sülh müqaviləsi imzalanmalıdır”, - deyən baş nazir əlavə etmişdi ki, Azərbaycan tərəfi ilə iş aparmaq lazımdır. Paşinyanın açıqlamalarında diqqət çəkən daha bir məqam “Bu gün beynəlxalq ictimaiyyət bizə bir daha deyir: iddianızı bir az aşağı salın, əks halda, ümidlərinizi bizə bağlamayın. Ona görə yox ki, sizə kömək etmək istəmirik, ona görə ki, biz bunu edə bilmirik” sözləri idi. Mirzoyan isə Azərbaycanı ittiham edərək konstruktivlikdən uzaq yanaşma ortaya qoyur. Bu, nə deməkdir - baş diplomat baş naziri təkzib edir, yoxsa rəsmi İrəvan prosesi sabotaj etməklə məşğuldur?!

Bakının sülhə dair “yol xəritəsi” - Ermənistan üçün tək və son şans

Bütün hallarda gerçəklik sadə və məlumdur: postmüharibə dövrü reallıqlarının diktə etdiyi zəruri məsələlərdən biri iki ölkə arasındakı münasibətlərin tənzimlənməsidir. Bu, sülh quruculuğunun və Cənubi Qafqazda etimad mühiti yaradılmasının tərkib hissəsidir. Sülh gündəliyi artıq müəyyənləşib, müzakirələrin hansı məsələlər ətrafında aparılması (və aparılacağı) bəllidir. Bakının mövqeyi (müharibə bitib, hər hansı revanşist cəhdə yol verilməyəcək, reallıqları heç kim dəyişdirə bilməz) tam adekvat yanaşma kimi qəbul olunur, Azərbaycanın gücü və nüfuzu beynəlxalq səviyyədə gözardı edilmir.

Aİ Şurasının Prezidenti may ayında keçirilmiş üçtərəfli görüşdən sonra mətbuata açıqlamasında “Biz sıx təmasda qalmağa razılaşdıq və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik”, - deyə vurğulamışdı. Yəni proses davam edir və qarşıdakı dövrdə də intensiv diplomatik trafik müşahidə olunacaq. İki dövlət məhz Bakının təklif və təqdim etdiyi beş baza prinsipi əsasında nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər. Başqa yol (və “yol xəritəsi”) yoxdur! Digər tərəfdən, sülh prosesinə dəstək verə biləcəklərini ifadə edən ölkələr və təşkilatlar öz mövqelərini Azərbaycanın yanaşmasına uyğun müəyyən edirlər. Çünki bu mövqe haqlı və qalib tərəfin, etibarlı tərəfdaşın yanaşmasını özündə əks etdirir, quruculuğa və proqressə xidmət edir. Regional təcrid vəziyyətində olan, müharibədə sarsıdıcı məğlubiyyətlə üzləşmiş Ermənistanın isə üçtərəfli Bəyanatın tələblərini tam icra etməkdən, sülh gündəliyi çərçivəsində aparılan danışıqlara uyğun öhdəliklərini yerinə yetirməkdən başqa çıxış yolu - əlavə şansı və alternativ imkanları yoxdur!

Paylaş:
Baxılıb: 207 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xəbər lenti

Xarici siyasət

MEDİA

Üzü Qarabağa...

24 İyun 10:13

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

24 İyun 10:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30