Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / İrəvanda azərbaycanlıların sonuncu nişanəsi...

İrəvanda azərbaycanlıların sonuncu nişanəsi...

07.07.2022 [09:53]

Təpəbaşı məhəlləsi məhv olmaq və Yer üzündən silinmək təhlükəsi ilə qarşı-qarşıyadır

Nurlan QƏLƏNDƏRLİ

Hər bir xalqın xarakterini, mənəviyyatını əks etdirən göstəricilərdən biri milli-mənəvi, dini və bəşəri dəyərlərə yanaşmasıdır. 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalçı siyasətindən əziyyət çəkməsinə, müxtəlif vandalizm aktları ilə üzləşməsinə baxmayaraq, Azərbaycan xalqı iradəli, əzmkar və mübariz olmaqla yanaşı, humanist, tolerant və qurucu xalq olduğunu da sübuta yetirib. Bu gün ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələri sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayırlar. Dünyada multikulturalizm mərkəzlərindən olan və tolerantlıq nümunəsi kimi çıxış edən Azərbaycan bu zəngin tarixi irsi əsasında sivilizasiyalar arasında dialoqun inkişafını təşviq edir, bu yolun qarşılıqlı əməkdaşlığa, inteqrasiyaya, sülh və təhlükəsizliyə xidmət etdiyini göstərir. Ölkəmizdə bütün xalqlara və dinlərə hörmətlə yanaşılması multikulturalizmin, dinlərə və mədəniyyətlərə tolerant münasibətin cəmiyyətimizin həyat tərzi olduğunu təsdiqləyir. Bir sözlə, biz qururuq, yaradırıq, yaşadırıq.

Ermənilər isə Azərbaycan xalqına qarşı misli görünməmiş vəhşiliklər törədib, tarixi, dini, mədəni abidələri dağıdıblar, məscidlərimiz təhqir olunub. Bu, əslində, təkcə xalqımıza deyil, bütövlükdə, dünya mədəni irsinə, bəşər sivilizasiyasına qarşı barbarlıq, vandalizm aktı və soyqırımı siyasəti, cinayət əməlidir. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddət ərzində davam edən təcavüzünün qurbanları təkcə soydaşlarımız deyil, həm də yaşı minilliklərlə ölçülən tarixi, dini və mədəni abidələrimizdir. Uzun müddət işğal altında saxlanılmış Azərbaycan ərazilərində erməni vandalları tərəfindən çoxsaylı məscid, muzey, maddi-mədəniyyət nümunəsi yerlə-yeksan olunub, maddi və mənəvi sərvətlərimiz olan bu abidələrin özününküləşdirilməsi cəhdləri edilib. Təfərrüatlara varsaq, deyə bilərik ki, Ermənistan 1992-1993-cü illərdə Azərbaycan ərazisinin 20 faizini işğal etdikdən sonra qeyri-qanuni olaraq respublikamızın daşınmaz tarixi və mədəniyyət abidələrinin memarlıq quruluşunda və interyerində dəyişikliklər edib, divar yazılarını korlayıb, abidələrin divarları üzərində olan çoxlu sayda daş yazıları, eləcə də alban dövrünə məxsus bədii üslubda işlənmiş ornament və simvolları tamamilə silib, onların bir çoxunun isə formalarını dəyişdirərək tanınmaz hala salıblar. Bu ərazilərdə ermənilər qanunsuz arxeoloji qazıntılar aparıb, xaraba qalmış kəndlərdə kilsələr tikib, toponimləri dəyişdirib, Azərbaycanın maddi-mədəniyyət nümunələrini mənimsəməyə çalışıblar. Məlumata əsasən, bütövlükdə, uzun müddət işğal altında saxlanılan Azərbaycan ərazilərində dünya mədəniyyəti incilərindən olan, həmçinin dövlət və yerli əhəmiyyətli çoxsaylı abidə dağıdılıb, talan edilib. Bundan başqa, həmin ərazilərdə bir çox eksponatın saxlandığı muzeylər, eləcə də kitabxanalar, klublar, teatrlar, konsert salonları, istirahət və mədəniyyət parkları, incəsənət qalereyaları, musiqi məktəbləri, minlərlə musiqi aləti və sair qiymətli mal-material dağıdılıb və ya mənimsənilib.

İndiki Ermənistan ərazisində də tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, mavzoleylər, qəbiristanlıqlar, məqbərələr, qəbirüstü abidələrin çoxu erməni vandalları tərəfindən tamamilə məhv edilib. Ermənistanda həyata keçirilən etnik təmizləmə və azərbaycanlıların zorla bu ölkədən çıxarılması mədəni abidələrin məhv edilməsi ilə də müşayiət olunub. Ermənistanda yerləşən Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscidin qəsdən dağıdıldığı barədə faktlar var. Dəmirbulaq Məscidi 1988-ci ilə kimi öz təyinatı üzrə fəaliyyət göstərib, indi isə o tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib. Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbiristanlıqları kimi 500-dən çox qəbiristanlıq məhv edilib.

Ermənilərin tarixi-dini abidələrimizə qarşı saxtakarlıq və cinayət əməlləri - mədəni abidələrin qəsdən dağıdılması, mənsubiyyətinin dəyişdirilməsi və özününküləşdirilməsi beynəlxalq humanitar hüququn tələblərinə kobud surətdə ziddir. Daha dəqiq desək, belə vandalizm aktları beynəlxalq səviyyədə təsbit olunmuş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinin pozulmasıdır. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi 2347 saylı tarixi qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması həm də sülh və təhlükəsizlik məsələsidir.

Azərbaycan erməni vandalizminin ifşa edilməsi və reallıqların dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atıb, müvafiq çağırışlar edib. Yeri gəlmişkən, “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərin silinməsi” üzrə araşdırma çərçivəsində İrəvan şəhərinin, o cümlədən Təpəbaşı hissəsinin tarixi, şəhərdə yüz il əvvəl başlanmış və hələ də davam edən Azərbaycan irsinin sistemli dağıdılması prosesi, Təpəbaşı məhəlləsinin son qalıqlarının da sökülərək məhəllənin tamamilə məhv edilməsi təhlükəsi barədə məlumatlar əldə olunub. Bəlli olub ki, Təpəbaşı qədim İrəvan şəhərinin tarixi məhəllələrindən biri olub, hazırkı İrəvan şəhərinin də tarixi nüvəsini təşkil edir. Ermənilər tərəfindən aparılan, 100 ildən çox davam edən və sistemli xarakter daşıyan söküntü proseslərinə baxmayaraq, onun son qalıqları günümüzə qədər gəlib çıxıb. Tarixi abidələrlə zəngin, görkəmli azərbaycanlıların yaşadığı bu məhəllənin müasir zamanda müqəddəratı ilə bağlı ciddi narahatlıq var. Araşdırmalar onu da göstərir ki, 1915-ci ildə gəlmiş ermənilər İrəvanda qəbiristanlığın ərazisində Norbutaniya yaşayış massivi salıblar. Bunlarla yanaşı, Hüseynəli xan tərəfindən inşa edilən Göy məscid bu gün İrəvanda salamat qalan yeganə məsciddir və Təpəbaşının ərazisində olub. Məscidlə bağlı bütün sənədlər Azərbaycan arxivindədir. Ona görə də Göy məscid dünyada Azərbaycan məscidi kimi tanınmalıdır.

Yeri gəlmişkən, Azərbaycanın elm və ictimaiyyət xadimləri Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən Təpəbaşı məhəlləsi ərazisində Azərbaycan xalqının tarixi-mədəni irsinə qarşı həyata keçirilən soyqırımı ilə bağlı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlayıblar. Müraciəti 102 nəfər tanınmış elm və ictimai xadim imzalayıb. Müraciətdə qeyd edilib ki, İrəvan şəhərinin tarixini bu gün özündə əks etdirən və azərbaycanlıların mədəni irsinin yeganə sübutu olaraq qalan məkan Təpəbaşı məhəlləsidir: “Təpəbaşı (ermənilər Kond adlandırırlar) İrəvan şəhərinin günümüzə qədər gəlib çatmış yeganə tarixi nümunəsidir. Bu hissə öz yaddaşında İrəvanın XVII əsrdən müasir dövrümüzə qədər olan tarixi kodunu daşımaqdadır. Tarixən azərbaycanlıların yaşadığı və hazırda 16 hektara qədər kiçildilən Təpəbaşı məhəlləsi günümüzdə məhv olmaq və Yer üzündən silinmək təhlükəsi ilə üz-üzədir. Ermənistanda azərbaycanlıların yaratdıqları maddi-mədəni irs haqqında məlumatlar gizlədilir və hissə-hissə dağıdılır. Ermənistan rəhbərliyi artıq bir müddətdir ki, Təpəbaşı hissəsini tamamilə dağıdaraq yerində müasir yaşayış binaları inşa etməyi planlaşdırır. Onlar bu yolla bir zamanlar İrəvanın əsas sakinləri olan azərbaycanlıların sonuncu nişanəsini - tarixi kodunu məhv etmək istəyirlər”.

Qeyd edilib ki, Təpəbaşı Azərbaycan mədəniyyəti, o cümlədən bəşər mədəniyyəti üçün son dərəcə önəmli əhəmiyyət kəsb edir. Tarixi İrəvan şəhərinin özəyi sayılan bu hissə vahid tarixi-şəhərsalma mühitini özündə əks etdirir: “Şəhərin Təpəbaşı hissəsinə ermənilərin köçürülməsi Çar Rusiyasının 1828-ci ildən sonra qonşu dövlətlərdən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi siyasəti ilə başlayıb. Təkcə bu köçürmə nəticəsində cəmi 374 nəfər İrandan, 18 nəfər isə Türkiyədən gələn erməni İrəvan şəhərinin Təpəbaşı hissəsində azərbaycanlı ailələrin evlərinə müvəqqəti olaraq yerləşdirilib. Köçüb gələn ermənilər sonradan Təpəbaşıda yerləşən Xan bağı adı ilə tanınan yerdə onlara ayrılmış torpaq sahələrində məskunlaşdırılıblar. Göründüyü kimi, 190 il öncə baş vermiş bu ilk etnik təmas Təpəbaşı hissəsinin etnik tərkibini dəyişə bilməyib və əzəldən bəri orada yaşayan azərbaycanlılar yenə də daimi sakinlər olublar”.

Erməni vandalizminin ifşa edilməsi ilə əlaqədar proses davam edir və heç şübhəsiz, Azərbaycan müvafiq addımlar atacaq. Amma bununla yanaşı, aidiyyəti beynəlxalq təşkilatlar da aşkar faktları əsas götürməklə, obyektiv araşdırma aparmaqla ifşaedici və qınayıcı bəyanatlar verməlidirlər. Çünki belə hadisələr Ermənistanın ümumbəşəri dəyərlərə, insan hüquqlarına mürtəce münasibət bəslədiyini göstərir.

Paylaş:
Baxılıb: 169 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

15 Avqust 10:28

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Xəbər lenti

94 il əvvəl...

13 Avqust 11:31

Ədəbiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

13 Avqust 10:25

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31