Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Perspektivlər var...

Perspektivlər var...

15.07.2022 [10:02]

Əməkdaşlığın dərinləşdirilməsi siyasi gündəliyin mühüm tərkib hissəsidir

Nurlan QƏLƏNDƏRLİ

Prezident İlham Əliyevin Fransanın milli bayramı münasibətilə Emmanuel Makrona ünvanladığı məktubda mühüm məqamlar əks olunub. İkitərəfli münasibətlərin inkişafı, Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda regional təhlükəsizlik və əməkdaşlıq məsələləri ilə əlaqədar mühüm fikirlər ifadə olunub.

- Məktubda qeyd edilib ki, bu il Azərbaycan-Fransa dövlətlərarası əlaqələrinin tarixində əlamətdar ildönümüdür. Dövlət başçısı “Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdiyimiz cari ildə biz ötən dövr ərzində əldə etdiyimiz nailiyyətlərə nəzər salır, iqtisadiyyat, energetika, mədəniyyət, təhsil və digər sahələrdə formalaşmış səmərəli əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi imkanlarını araşdırırıq. Hesab edirəm ki, müxtəlif istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişaf etdirilməsi üçün perspektivlər vardır” - deyə vurğulayıb.

Bəli, keçmişə nəzər salır, gələcəyə dair imkanları araşdırırıq. Azərbaycan regional güc mərkəzi - Cənubi Qafqazın lider dövlətidir. Ölkəmizlə əməkdaşlığın dərinləşdirilməsi Fransa üçün mühüm prioritetlərdən biridir. Azərbaycan da Avropanın siyasi lokomotivi olan Parislə tərəfdaşlığı genişləndirmək niyyətini ifadə edir. Fəal siyasi dialoq isə müxtəlif sahələrdə münasibətlərin inkişafına əlverişli və dayanıqlı zəmin yaradır.

- İlham Əliyev diqqətə çatdırıb ki, Cənubi Qafqazda bərqərar olmuş yeni geosiyasi reallıq davamlı sülh və regional iqtisadi əməkdaşlıq üçün əlverişli zəmin yaratmışdır: “Torpaqlarının 30 illik işğalına son qoyan Azərbaycan müharibə səhifəsini çevirmək, Ermənistanla münasibətləri normallaşdırmaq və sülh müqaviləsi imzalamaq istəyindədir. Beynəlxalq hüquqa söykənərək tərəfimizdən təqdim olunan beş prinsip əsasında Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə Fransanın dəyərli töhfə verə biləcəyinə inanırıq”.

Şübhəsiz, regionda sülh quruculuğu, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi diqqət mərkəzindədir. Sülh gündəliyi artıq müəyyənləşib, müzakirələrin hansı məsələlər ətrafında aparılması (və aparılacağı) bəllidir. Bakının mövqeyi (müharibə bitib, hər hansı revanşist cəhdə yol verilməyəcək, reallıqları heç kim dəyişdirə bilməz) tam adekvat yanaşma kimi qəbul olunur, həm gerçəkliklər, həm də Azərbaycanın gücü və nüfuzu beynəlxalq səviyyədə gözardı edilmir. Bu ilin may ayında Prezident İlham Əliyevin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə Brüsseldə görüşü - üçtərəfli görüş zamanı da bu məqamlar və məsələlər diqqət mərkəzində oldu. 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviq edilməsi üçün humanitar tədbirlərin davam etdirilməsi, sərhədlərin delimitasiya və demarkasiyası ilə əlaqədar konkret addımların atılması, kommunikasiyaların açılması məsələləri geniş müzakirə edildi. Ən əsası, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması, Zəngəzur dəhlizinin açılması ilə əlaqədar razılaşma əldə olundu. Proses Avropa İttifaqı, Rusiya, ABŞ, Fransa və digər güc mərkəzləri, beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirildi. Aİ Şurasının Prezidenti Şarl Mişelin Brüsseldə üçüncü üçtərəfli görüşün yekunlarına dair mətbuata açıqlamasında yer alan məqamlar göstərdi ki, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması bölgənin siyasi gündəminin aktual mövzusudur. Növbəti dəfə nümayiş etdirildi ki, Brüssel sülh gündəliyi çərçivəsində Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format mövcuddur. Yeni mərhələdə müzakirə predmeti “münaqişə qalıqları” deyil, postmünaqişə reallıqlarıdır.

Beləliklə, Bakı ilə təmaslar fonunda əsas məsələ Cənubi Qafqazda sülh quruculuğu - etibarlı və dayanıqlı təhlükəsizlik mühiti, çoxtərəfli əməkdaşlıq şəraiti yaradılmasıdır. Çünki regionda geosiyasi təqvim Bakı vaxtı ilə müəyyənləşir. Xüsusi olaraq nəzərə alınır ki, 44 günlük müharibədə qələbə qazanaraq 100 illik regional geosiyasi vəziyyəti dəyişdirən Azərbaycan bölgədə yeni nizam yaradır. Azərbaycan sülh müqaviləsinin imzalanması, kommunikasiyaların bərpası, yeni əməkdaşlıq platformalarının yaradılması kimi istiqamətlərdə fəallıq nümayiş etdirməklə bölgədə yeni düzən formalaşdırır. Üstəlik, bu geosiyasi fəaliyyət təkcə Cənubi Qafqaz ölkələri deyil, bir çox dövlətlər, o cümlədən güc mərkəzləri üçün strateji maraqları təmin etmək baxımından cəlbedici və faydalıdır. Yeni situasiya həm region dövlətləri, həm də bölgədənkənar qüvvələr üçün strateji şans - tarixi fürsətdir. Əsas məsələ postkonflikt dövründə regionun geostrateji dizaynında fəal iştirak etmək və ya prosesə dəstək verməkdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, indi Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır.

Fransa da öz növbəsində prosesə töhfə verə bilər. Nəzərə almaq lazımdır ki, Fransanın Cənubi Qafqaza marağının artmasının, bölgədə cərəyan edən proseslərdə fəal iştirak istəyinin əsas səbəbi - motivi postmüharibə dövrünün reallıqlarıdır. Daha dəqiq desək, bu, bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturasının formalaşmasında yer almaq niyyəti ilə əlaqədardır. Region dövlətləri, güc mərkəzləri, o cümlədən Fransanın diqqət mərkəzində olan vacib məsələrdən biri regionda çoxşaxəli işbirliyi imkanlarının formalaşdırılmasıdır. Kommunikasiyaların bərpası, eləcə də Zəngəzur dəhlizinin açılması isə bu baxımdan xüsusi önəm daşıyır. Yeni əməkdaşlıq mühitinin yaranması üçün, ilk növbədə, sülh müqaviləsi imzalanmalıdır. Bu məsələdə Azərbaycan qətiyyətli və birmənalı mövqe nümayiş etdirir. Bakının irəli sürdüyü 5 maddədən ibarət təklif əsasında predmetli danışıqların aparılması sülh razılaşmasının əsas komponentidir. Əsas məqam ərazi bütövlüyüdür. Yəni Brüssel sülh gündəliyi əsasında aparılan danışıqlar məhz beynəlxalq hüquq normalarına uyğundur. Bütövlükdə, tərəflər məhz Bakının təklif və təqdim etdiyi beş baza prinsipi əsasında nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər. Başqa yol (və “yol xəritəsi”) yoxdur. Regional təcrid vəziyyətində olan, müharibədə sarsıdıcı məğlubiyyətlə üzləşmiş Ermənistanın isə üçtərəfli Bəyanatın tələblərini tam icra etməkdən, sülh gündəliyi çərçivəsində aparılan danışıqlara uyğun öhdəliklərini yerinə yetirməkdən başqa çıxış yolu - əlavə şansı və alternativ imkanları yoxdur.

Reallıq isə budur ki, Azərbaycan Prezidentinin dərin strateji diplomatiya siyasəti konkret nəticə və səmərə verir. Regionda etimad quruculuğu naminə əlverişli zəmin formalaşdırılır, sülhə doğru qəti addımlar atılır.

Fransanın Azərbaycanla münasibətləri inkişaf etdirmək, əməkdaşlığı dərinləşdirmək istəyi həm də enerji təhlükəsizliyi məsələləri ilə əlaqədardır. İnkaredilməz həqiqətdir ki, yeni reallıqlar fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da rolu artır. ABŞ Prezidenti Cozef Bayden bir müddət öncə dövlətimizin başçısına göndərdiyi məktubda bu gerçəkliyi “tarixin mühüm anı” kimi təsvir etmişdi. Şübhəsiz ki, bu ifadə Şərqi Avropada müharibə, Cənubi Qafqazda isə postmüharibə vəziyyətinin hökm sürdüyü bir vaxtda yeni dünya nizamının formalaşdığı şəraiti ifadə edir.  Əlbəttə, bəzilərinin III Dünya, bir sıra ekspertlərin isə I Avropa müharibəsi adlandırdıqları Rusiya-Ukrayna savaşı şəraitində və sonrakı mərhələdə “qoca qitə”nin enerji təhlükəsizliyi həyati-strateji əhəmiyyət daşıyır. Avropanın alternativ mənbələrə ehtiyacının olduğu, demək olar ki, hər gün ifadə edilir. Buna görə də etibarlı tərəfdaş olan Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi daha da aktuallaşır. Ölkəmizə inam və etimad sonsuzdur. Çünki Azərbaycan uzun müddətdir ki, Avropa bazarında etibarlı enerji təchizatçısıdır və prosesdə hər hansı fasilə olmayıb. Respublikamızın təbii qazının qiyməti digər mənbələrdən daxil olan qazdan ucuzdur. Eyni zamanda, Cənub Qaz Dəhlizi alternativ mənbə kimi çox mühüm əhəmiyyətə malikdir. Bu isə həm enerji təhlükəsizliyi, həm də regional iqtisadi sabitlik və inkişaf məsələsidir.

- Bəhs olunan məktubda qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə Ermənistan tərəfindən basdırılmış minalar burada apardığımız bərpa və yenidənqurma işlərinə, bölgənin sosial-iqtisadi reinteqrasiyasına ən böyük əngəl olaraq qalmaqdadır: “2020-ci il noyabrın 10-dan indiyədək 220-dən çox şəxs mina hadisələri nəticəsində həlak olmuş və ya ağır xəsarət almışdır. Biz ərazilərimizin minalardan təmizlənməsi prosesinə Fransanın verdiyi töhfəni təqdir edir, Ermənistan-Azərbaycan münaqişəsi zamanı itkin düşmüş 4000-ə yaxın soydaşımızın taleyinin aydınlaşdırılması məsələsində də ölkənizin lazımi dəstək göstərəcəyinə ümidvarıq”.

Ermənistan 2020-ci ilin noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanatdan irəli gələn bir sıra tələblərin yerinə yetirilməsi öhdəliyini pozur. Mina terrorunun həyata keçirilməsi isə hərbi cinayət kateqoriyas?na aid olan siyasi sabotajdır. Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ minaların, digər partlayıcı qurğuların müharibə başa çatdıqdan sonrakı dövrdə insanların həlak olmasına və ya yaralanmasına səbəb olduğu reallıqdır. Bu, İrəvanın “xəritə oyunu” və mina terroru vasitəsilə çirkin plan həyata keçirməyə çalışdığını təsdiqləyir. Burada birinci məqsəd maksimum surətdə çoxlu sayda insanın həlak olmasına nail olmaqdır. Digər hədəf azərbaycanlıların bu ərazilərə qayıdışına müvəqqəti də olsa, mane olmaq, müddəti mümkün qədər uzatmaq olub. Bütövlükdə, Ermənistanın “xəritə oyunu” bütövlükdə regional təhlükəsizliyə ciddi təhdidlər yaradan neqativ faktordur.

Hazırda Azərbaycan minaların təmizlənməsi və Böyük Qayıdışın reallaşdırılması üçün müvafiq işlər görür. Fransanın prosesə töhfəsi isə təqdirəlayiqdir.

Nəticə etibarilə, diplomatik münasibətlərin 30 illiyinin qeyd edildiyi hazırkı şəraitdə Azərbaycan ilə Fransa arasında çoxşaxəli münasibətlərin inkişafı, əməkdaşlığın dərinləşdirilməsi tərəflərin strateji gündəliyinin mühüm tərkib hissəsidir.

Paylaş:
Baxılıb: 146 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Maraqlı

444 il əvvəl...

09 Avqust 11:20

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

09 Avqust 11:00

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Siyasət

Xarici siyasət

Gündəm

Beşinci zəng...

09 Avqust 10:00  

Xəbər lenti

Neft cüzi ucuzlaşıb

09 Avqust 09:57

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

08 Avqust 11:08

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31