Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Milli mətbuatımız 147 yaşında...

Milli mətbuatımız 147 yaşında...

22.07.2022 [10:02]

İlham Əliyev: Azad mətbuatın formalaşması və uğurla fəaliyyət göstərməsi demokratiyanın əsas əlamətlərindən biridir

Nardar BAYRAMLI

Bu gün Azərbaycan milli mətbuatının yaradılmasının 147-ci ildönümüdür. 22 iyul tarixi hər il ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur. Əsası dövrünün görkəmli ziyalısı Həsən bəy Zərdabi tərəfindən 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan milli mətbuatımız ötən dövr ərzində böyük inkişaf yolu keçib. Azərbaycanda demokratik cəmiyyətin formalaşmasında mətbuatın özünəməxsus rolu var.

Ümumiyyətlə, müasir informasiya cəmiyyətində kütləvi informasiya vasitələrinin, o cümlədən mətbuatın ictimai həyatdakı rolu gündən-günə artmaqdadır. Bu baxımdan, Azərbaycan 1991-ci ildə müstəqilliyini qazandıqdan sonra ölkədə ictimai tələblərə cavab verən, müasir, müstəqil medianın formalaşmasına böyük ehtiyac yaranmışdı. Lakin bildiyimiz kimi, zəngin ənənələrə və böyük inkişaf yoluna malik olan milli mətbuatımız müstəqilliyin ilk illərində tənəzzülə uğradı. Bu dövrdə qəbul olunan mətbuat üzərində hərbi senzuranın yaradılması haqqında 16 aprel 1992-ci il tarixli Fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli Sərəncam dövlət sirrinin qorunmasından çox hakimiyyətin qanunsuz əməllərini gizlətmək məqsədi daşıyırdı.

Azərbaycanda bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də köklü dəyişikliklər yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra baş verdi. Müstəqil Azərbaycanda milli mətbuatın inkişafına maddi və mənəvi yöndə dəstəyin əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etməyə başladığı dövrdən etibarən qarşıya qoyduğu məqsədlərdən biri də mətbuatın inkişafına əngəl törədən bütün maneələri aradan qaldırmaq idi. Onun 1998-ci il 6 avqust tarixində imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, bununla da mətbuat üzərində illər boyu mövcud olan senzura aradan qaldırıldı. Senzuranın ləğvi ilə Azərbaycan mətbuatının inkişafında yeni dövrün başlanğıcı qoyuldu. Eyni zamanda, jurnalistlərin sərbəst fəaliyyət göstərməsi və maneəsiz informasiya toplaması üçün lazımi hüquqi-normativ baza yaradıldı. Bununla da, Azərbaycan mətbuatının tamamilə müstəqil şəkildə inkişaf etməsi üçün əlverişli mühit formalaşdırıldı. Senzuranın ləğvindən sonra mətbuatın daha sürətli inkişafına təkan vermək məqsədilə bir-birinin ardınca mühüm qərarlar qəbul olundu. Eyni zamanda, mətbuatın müstəqil inkişafına şərait yaratmaq, bu məqsədlə də mətbu orqanların maddi-texniki bazasının yaxşılaşdırılması üçün bir sıra müstəqil qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının dondurulması, əlavə dəyər vergisindən azad edilməsi ilə bağlı Sərəncam imzalandı.

Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı siyasəti hazırda  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının Fərman və sərəncamlarına uyğun olaraq, 2005-ci ildə milli mətbuatın 130 illik yubileyi ilə əlaqədar qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları dövlət büdcəsi hesabına ödənildi, kütləvi informasiya vasitələrinə maddi yardımlar edildi. Prezident İlham Əliyevin 2008-ci ilin 31 iyulunda imzaladığı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası mətbuat-dövlət münasibətlərinin daha da inkişaf etdirilməsində müstəsna rola malik oldu. 2009-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu  (KİVDF) yaradıldı.

Ölkəmizdə söz və mətbuat azadlığı daim xüsusi diqqət mərkəzindədir. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Heç şübhəsiz, demokratik, azad cəmiyyətin formalaşmasını qabaqcıl ideyaların daşıyıcısı olan mətbuatsız təsəvvür etmək mümkün deyil. Milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşü zamanı Prezident İlham Əliyev ölkəmizdə azad mətbuatın fəaliyyətini demokratiyanın əsas əlamətlərindən biri kimi səciyyələndirib. Dövlətimizin başçısı qeyd edib ki, bu gün Azərbaycanda azad cəmiyyət formalaşıb: “Mən cəmiyyətdə gedən prosesləri yüksək qiymətləndirirəm. Azərbaycan cəmiyyəti milli ideya ətrafında birləşmişdir. Əlbəttə ki, burada mətbuatın rolu həddindən artıq əhəmiyyətlidir. Azad mətbuatın artıq formalaşması və uğurla fəaliyyət göstərməsi demokratiyanın əsas əlamətlərindən biridir. Azərbaycanda bütün başqa azadlıqlar da - söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı təmin olunur. Heç bir məhdudiyyət yoxdur və bu, bizim böyük sərvətimizdir”.

Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirir. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan, mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. 2021-ci ilin dekabrında Milli Məclis tərəfindən “Media haqqında” yeni qanunun qəbulu da bu sahədə aparılan islahatların göstəricisidir. Eyni zamanda, dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. MEDİA Agentliyinin yaradılması ölkəmizdə media sahəsində islahatların daha sürətlə aparılmasına və dərinləşdirilməsinə imkan verir.

Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.

Xüsusilə qeyd edək ki, Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.

44 günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti böyük oldu. Məhz nümayiş olunan peşəkarlıq, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən Ermənistanın törə?diyi müharibə cinayətləri haqqında dolğun məlumatların çatdırılması mümkün oldu. Bu işlərin həyata keçirilməsində ən böyük missiyanı Ali Baş Komandanın özü reallaşdırdı. Onun Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumlarına geniş müsahibələri bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı.

Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Jurnalistlər 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunublar. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür.

Paylaş:
Baxılıb: 131 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Neft ucuzlaşıb

16 Avqust 12:18

Ədəbiyyat

Ədəbiyyat

Xarici siyasət

Sosial

Xəbər lenti

Yaşamağa dəyər!

16 Avqust 10:48

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

16 Avqust 10:14

Analitik

Həqiqət və reallıq

16 Avqust 10:08

Gündəm

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

15 Avqust 10:28

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31