Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / “Əsrin müqaviləsi” - əsrin mübarizəsi

“Əsrin müqaviləsi” - əsrin mübarizəsi

20.09.2022 [09:25]

Nicat PAŞA

Dünya tarixinə qızıl hərflərlə həkk olunan və müstəqil Azərbaycanın milli inkişafının dayaq sütunlarından birinə çevrilən “Əsrin müqaviləsi”nin imzalanmasının 28 ili tamam olur.

Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi dövr bir çox ciddi çətinliklərlə yadda qaldı. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti nəticəsində bu məsələlər ən qısa zamanda öz həllini tapdı. Beləliklə də, Azərbaycan üçün potensial təhlükəyə çevrilən problemlərin birdəfəlik həlli istiqamətində real addımlar atıldı. Ulu öndər Heydər Əliyevin gərgin və yorulmaz fəaliyyəti nəticəsində ölkəmizdə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Görülən işlərin uğurlu nəticələri özünü ölkənin maliyyə vəziyyətinin sabitləşməsində, iqtisadiyyata cəlb olunan investisiyaların həcminin ildən-ilə artmasında və ümumilikdə xalqın həyat səviyyəsinin yaxşılaşmağa başlamasında aydın şəkildə göstərdi.

Qeyd edilən dövr üçün ölkəmizdə iqtisadi çətinliklərin həlli yollarının tapılması, onların kökündən həll olunması qarşıda duran əsas vəzifələrdən biri idi. Respublikamızın üzləşdiyi iqtisadi çətinliyin həlli yollarından biri də məhz neft və qaz hasilatının artırılması məsələsi idi. Bu sahədə olan istər maddi, istərsə də texnoloji çatışmazlıqların aradan qaldırılması üçün xarici neft şirkətləri neft və qaz sektoruna investisiya qoyuluşuna cəlb edilməli idilər. Separatçılıq niyyətləri, hüquqi və inzibati özbaşınalıqlar kimi ölkədaxili proseslər, bununla yanaşı həm də Ermənistanın ərazilərimizə təcavüzü xarici ölkələrin neft şirkətlərində ciddi narahatlıq doğururdu. Elə bu səbəbdən də onlar Azərbaycanın neft sənayesinə sərmayə yatırmaqdan çəkinirdilər. Çünki xarici investorlar arasında yatırdıqları pullara təminat verilib-verilməyəcəyi barədə tərəddüdlər var idi.

Olduqca çətin bir vəziyyətdə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev həm dövləti qoruyub saxlamağa, dirçəltməyə nail oldu, həm də bütün dünya ictimaiyyətini Azərbaycanla hərtərəfli əməkdaşlığın perspektivli olduğuna inandıra bildi. Ümummilli lider Heydər Əliyevin ölkəmizin gələcək inkişafını təmin etmək strategiyasının mühüm hissəsi həm də Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulması idi. Ulu Öndər tərəfindən yürüdülən məqsədyönlü siyasətin uğurlu nəticəsi özünü qısa zaman ərzində göstərdi və O, bir çox çətinliklərə baxmayaraq qısa bir müddətdə bu möhtəşəm konsepsiyanı gerçəkləşdirməyə nail oldu.

Heydər Əliyevin tapşırığı ilə xarici neft şirkətlərini Azərbaycanın neft sənayesinə birgə işə cəlb etmək üçün müxtəlif səviyyələrdə danışıqlar aparılmağa başlandı. Ən vacib görüşlərdən biri isə Ulu Öndərin birbaşa təşəbbüsü və iştirakı ilə 1993-cü il avqust ayının 13-də dünyanın aparıcı neft şirkətlərinin nümayəndələri ilə Bakı şəhərində keçirildi. Həmin görüşdə xarici investorlarda Azərbaycanla bağlı olan inamsızlıq sindromu sındırıldı və neft sənayesinə sərmayə qoyuluşu üçün dərin inam yarandı. Tarixi gerçəkliklər sübut etdi ki, ulu öndər Heydər Əliyevə olan inam və dərin etibar, Onun şəxsiyyətinə hörmət, ehtiram bütün dövlətlərin ən nəhəng şirkətlərinin Azərbaycanda çalışması üçün əsl təminat idi. Ümummilli Lider bu görüşdən bir qədər sonra - 1994-cü il fevralın 4-də “Azərbaycan Respublikasında dəniz neft və qaz yataqlarının işlənilməsinin sürətləndirilməsi haqqında” Sərəncam imzaladı. Bu sənəd respublikamızın dəniz neft və qaz yataqlarının kəşfində və işlənməsində xarici neft şirkətlərinin iştirakına dair bütün detalları özündə əks etdirirdi və sərmayəçilərin neft sənayesində iştirakına geniş şərait yaratdı. Bundan sonra dünyanın aparıcı xarici neft şirkətlərinin - “AMOKO”, “Britiş Petroleum”, “Statoyl”, “Penzoyl”, “Remko”, “Yunokal”, “Mak Dermott”, “Türk Neft Şirkəti”nin Azərbaycan hökuməti ilə səmərəli və konkret nəticələrə səbəb olan danışıqları intensivləşdi. Artıq 1994-cü ilin aprel-may aylarında xarici neft kompaniyaları Xəzərin Azərbaycana məxsus “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının kəşfi, həmçinin işlənməsi ilə əlaqədar öz təkliflərini və investisiya proqramlarını hazırlamağa başladılar. Xarici dövlətlər dünyanın neft möcüzəsi olan Azərbaycanla uzunmüddətli sazişin imzalanmasına can atırdılar.

1994-cü il sentyabrın 14-də imzalanan “Xəzərin Azərbaycan sektorunda neft yataqlarının birgə işlənməsi haqqında xarici neft şirkətləri konsorsiumu ilə danışıqların yekunları barəsində” Fərman artıq beynəlxalq sazişin imzalanmasının qətiləşməsi demək idi. Nəhayət, tarixi gün gəlib çatdı. 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 transmilli neft şirkəti ilə çağdaş tarixə “Əsrin müqaviləsi” kimi düşən qlobal neft müqaviləsinin təntənəli şəkildə imzalanması ilə Xəzər dənizi hövzəsində və bütün postsovet məkanında beynəlxalq əməkdaşlığın bünövrəsi, həmçinin ölkəmizin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın inkişaf strategiyasının, uzunmüddətli tərəqqi konsepsiyasının əsası qoyuldu. Bu strategiya müstəqilliyini yenicə əldə etmiş Azərbaycanın güclü və qüdrətli bir dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasi-iqtisadi konsepsiya, uzaqgörənliklə hazırlanmış fundamental fəaliyyət planı idi.

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə mənimsənilməsini nəzərdə tutan bu sazişin reallaşması təkcə respublikamız üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu ölkələri üçün strateji əhəmiyyət daşıyırdı. Saziş regionda digər qlobal layihələrin gerçəkləşdirilməsi üçün müsbət təmayül yaratdı, Xəzərdə maraqları təmin olunmuş bir çox aparıcı Qərb dövlətlərinin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağını artırdı, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə tamamilə yeni bir mərhələ başlandı.

Ölkəmizdə bu gün də sosial-iqtisadi inkişaf sürətlənir, ölkədə quruculuq işləri daha böyük miqyas alır, şəhər, kənd və qəsəbələrin siması tamamilə dəyişir, xalqımızın maddi rifah halı durmadan yüksəlir. Bütün bunların nəticəsidir ki, respublikamız Cənubi Qafqaz dövlətləri arasında lider dövlətə çevrilib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu uğurlu strategiya Onun layiqli davamçısı - Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Paylaş:
Baxılıb: 556 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31