Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Murovdan Arazadək...

Murovdan Arazadək...

23.09.2022 [09:59]

İlham Əliyev: Əlverişli mövqelərdəyik

Bu mövqelər bizə həm hərbi üstünlük verir, həm böyük əraziyə vizual nəzarət imkanı yaradır, o cümlədən önəmli kommunikasiya xətlərinə nəzarət etməyə imkan verir və biz artıq bu bölgələrdə yerləşirik

Mübariz ABDULLAYEV

44 günlük Vətən müharibəsi xalqımızın son 200 illik tarixinin ən şanlı səhifəsini təşkil edir. Əvvəlki dövrlərdə Azərbaycan daim torpaq itkilərinə məruz qalıb. XX əsrdə İrəvan da daxil olmaqla, tarixi Azərbaycan torpaqlarında Ermənistan dövləti qurulub və bu dövlətin əraziləri yenə də respublikamızdan heç bir tarixi-hüquqi əsaslar olmadan alınan yeni-yeni yaşayış məntəqələri, o cümlədən də Qərbi Zəngəzur hesabına daha da genişləndirilib. Ermənistan ötən əsrin sonlarında Azərbaycana qarşı yeni ərazi iddialarını gündəmə gətirdi və havadarlarının köməyi ilə ərazilərimizin 20 faizinin işğalına nail oldu. Bu işğal düz üç onilliyi əhatə etdi. Hətta beynəlxalq təşkilatların, güc mərkəzlərinin heç bir qınağı ilə üzləşməyən Ermənistanın yüksək səviyyəli rəsmilərinin iştahaları o qədər artmışdı ki, onlar “yeni ərazilər uğrunda yeni müharibə” iddiaları səsləndirməkdən belə çəkinmirdilər. 44 günlük müharibədə isə Azərbaycan şanlı Zəfər qazandı və ərazi bütövlüyünü təmin etməyə nail oldu.

Ermənistana İkinci Qarabağ müharibəsi dərsi

Vətən müharibəsində qazanılan şanlı Zəfər sayəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması tarixi ədalətin və beynəlxalq hüququn bərpası idi ki, bunu da Azərbaycan öz gücünə reallaşdırdı. Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra etdiyi çıxışında Ordumuzun rəşadətini yüksək dəyərləndirərək vurğulayıb ki, bizim bütün şanlı Vətən müharibəmiz şanlı tariximizdir.

Bu böyük qələbəyə aparan yol isə heç də asan olmayıb. Bu gün biz torpaqlarımızın işğaldan azad olunmasından sonsuz qürur duyuruq. Ancaq unutmamalıyıq ki, heç kim bu torpaqları bizə bağışlamayıb, heç kim bu torpaqları bizə danışıqlar yolu ilə qaytarmayıb. Yuxarıda vurğuladığımız kimi, işğal dövrü üç onilliyi əhatə etdi. Bəs otuz il ərzində beynəlxalq təşkilatlar, güc mərkəzləri, bu gün bəzi ölkələrin süni nəfəs verməyə çalışdıqları Minsk qrupu münaqişənin real həlli üçün hansısa bir əməli addım atdımı? Yox! Əslində, beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edib işğal altına aldığı ərazilərimizdən çıxartmalı idi. Bu, edildimi? Yenə də yox! Beynəlxalq praktikada təcavüzkara qarşı sərt cəza tədbirləri görülür. Ermənistana münasibətdə də sanksiyalar tətbiq edilməli idi. Ancaq bəhs olunan qurumlar otuz il ərzində Ermənistana gözün üstdə qaşın var demədilər, onların fəaliyyəti işğalçı ilə təcavüzə məruz qalan tərəf arasında bərabərlik işarəsi qoymaqdan uzağa getmədi. Budurmu beynəlxalq hüquq, ədalətli dünya nizamı? Ermənistan və bu ölkənin xaricdəki havadarları birləşərək işğalı əbədiyyətə qədər davam etdirməyə çalışırdılar, bundan ötrü min cür ssenarilər hazırlayırdılar. Azərbaycan Prezidenti isə bütün bu ssenarilərin qarşısını sərt məntiqi və qırılmaz iradəsi ilə alırdı. Dünya erməniliyi Azərbaycanın dövlət başçısının timsalında qarşılarında keçilməz bir sipər görürdülər. Prezident İlham Əliyev həmişə qətiyyətlə bildirirdi ki, Azərbaycan xalqı işğal faktı ilə heç vaxt razı olmayacaq, münaqişə sülh yolu ilə həllini tapmasa, hərb yolu seçiləcək.

44 günlük müharibəyədək Azərbaycan bir neçə dəfə öz iradəsini və gücünü düşmənə göstərmişdi. 2016-cı ilin Aprel döyüşləri həm mənəvi, həm də strateji nöqteyi-nəzərdən bizim çox böyük qələbəmiz idi. Aprel döyüşlərində düşmənin yaratdığı “məğlubedilməz ordu” mifi tar-mar oldu. Həmin döyüşlər nəticəsində azad etdiyimiz yüksəkliklər İkinci Qarabağ müharibəsində Ordumuzun uğurlu əməliyyatlar həyata keçirməsi üçün əlverişli imkanlar yaratdı. Prezident İlham Əliyevin vurğuladığı kimi, Aprel döyüşlərindən sonra Ermənistan qorxuya düşmüşdü və faktiki olaraq işğal edilmiş torpaqlardan qoşunları çıxarmağa hazır idi, hətta buna söz vermişdi. Ancaq ondan sonra sözünü tutmadı. Aprel döyüşləri onlar üçün dərs olmadı. Ondan iki il sonra Naxçıvanda “Günnüt” əməliyyatı keçirildi, strateji yüksəkliklər nəzarətə götürüldü. Bu da onlara dərs olmadı.

Nəhayət, 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlaması zərurətə çevrildi. Düşmənin keçmiş təmas xətti boyunca təxribatları səngimirdi, əksinə getdikcə daha intensiv hal alırdı. Aydın görünürdü ki, Ermənistan yeni torpaqları ələ keçirmək istəyir. Düşmən cəzalandırılmalı idi və Azərbaycan Ordusu bunu layiqincə etdi. Silahlı Qüvvələrimiz Vətən müharibəsində misilsiz şücaətlər göstərərək 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında geri qaytardı. Alınmaz qala sayılan Şuşanın, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Hadrutun, Xocavəndin geri qaytarılması uğrunda gedən döyüşlərdə igid əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıqlar göstərdilər. Düşmən ordusu cəmi 44 gün ərzində bütün döyüş qabiliyyətini itirdi. Vətən müharibəsinin nəticələrini dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “Nəhayət İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun tamamilə darmadağın edilməsi ilə nəticələndi və müzəffər Azərbaycan Ordusu öz doğma torpaqlarını azad etdi. Biz hesab edirdik ki, nəhayət bu, onlara dərs olacaq. Çünki Ermənistan ordusu tamamilə dağılmış vəziyyətdədir. Müharibə dövründə 10 min fərarisi olan ölkə müharibə aparmaq iqtidarında deyil, nə fiziki cəhətdən, nə mənəvi cəhətdən”.

Laçında dalğalanan üçrəngli bayrağımız - Zəfər rəmzi

Prezident İlham Əliyev şanlı Qələbəmizin nəticəsi olaraq Laçının və Kəlbəcərin döyüşsüz Azərbaycana təhvil verilməsinin önəminə də diqqət çəkib. Bu, 2020-ci il 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanata əsasən həyata keçirilib. Laçın rayonu 1992-ci il?? mayında, Kəlbəcər rayonu isə 1993-cü ilin aprelində işğal altına düşmüşdü. Bununla da düşmən öz istəyinə çatmışdı. Belə ki, sözügedən rayonların işğal altına düşməsi nəticəsində Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaranmışdı. Ermənilər elə hesab edirdilər ki, bu torpaqlarda əbədi yaşayacaqlar. Buna görə də işğal dövründə hərbi cinayət törədərək ərazilərimizdə qanunsuz məskunlaşma siyasəti həyata keçirirdilər. Ancaq ermənilərin arzusu gözlərində qaldı və Ordumuz üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq əvvəlcə Kəlbəcərdə, avqustun 26-da isə Laçın şəhərində, eləcə də Zabux və Sus kəndlərində yerləşdi. Sentyabrın 21-də isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçın şəhərinin mərkəzində üçrəngli bayrağımızı ucaltmaqla bizə sonsuz qürur hissi yaşatdı. Laçın şəhərində bayrağımızın ucaldılmasının böyük rəmzi məna daşıdığını bildirən dövlətimizin başçısı  “Bu gün Ermənistan yaxşı fikirləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq və öz ərazi bütövlüyümüzü qoruyuruq, qorumuşuq, bərpa etmişik. Bütün dünyaya göstərə bilmişik ki, nəyə qadirik, torpaqlarımızı güc yolu ilə azad etmişik və bununla fəxr edirik. Bütün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bununla fəxr edir. Biz şəhidlərimizlə, Ordumuzla, hərbçilərimizlə fəxr edirik və bu gün burada dalğalanan üçrəngli Bayrağımız bizim Zəfərimizin rəmzidir”, - deyə vurğulayıb.

Bütün sərhədlər boyunca Azərbaycanın üstün mövqeyi

Təcavüzkar Ermənistan Qubadlı, Kəlbəcər və Laçın rayonlarını zəbt etməklə 500 kilometr məsafədə uzanan sərhədlərimizi bütünlüklə öz nəzarəti altına keçirmişdi. Eyni zamanda, işğal faktına görə Azərbaycanın İranla 132 kilometrlik dövlət sərhədi də düşmənin nəzarətində qalmışdı. İşğal altına alınan ərazilərimizdə qurulan separatçı rejim Ermənistan hakimiyyəti ilə birlikdə Azərbaycanın nəzarətindən kənarda qalan sərhədlər boyunca transmilli cinayətlərə, o cümlədən də qaçaqmalçılığa, qanunsuz silah dövriyyəsinə, Avropayadək uzanan marşrut üzrə narkotik tranzitinə rəvac verirdi. 

Azərbaycan Vətən müharibəsində qazandığı şanlı Qələbə sayəsində özünün pozulmuş sərhədlərinə çıxmağa nail oldu. Postmüharibə dövründə respublikamız sırf sülh mövqeyindən çıxış edir. Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısında dəfələrlə bəyan edib ki, Azərbaycan iki ölkə arasında sülh sazişinin mümkün qədər tez hazırlanıb imzalanmasının tərəfdarıdır. Bunun təsdiqi olaraq respublikamız qarşı tərəfə beş bənddən ibarət paket təqdim edib. Dünyada analoqu olmayan haldır ki, qalib Azərbaycan sülh təklifi ilə çıxış edərkən hər hansı bir şərt irəli sürmür və yaxud imtiyaz istəmir. Ermənistana təklif olunan paket də bilavasitə beynəlxalq hüquq və normalar əsas götürülməklə hazırlanıb.

O cümlədən Azərbaycan sərhədlərin delimitasiya və demarkasiya olunmasının tərəfdarıdır. Sentyabrın 12-dən 13-nə keçən gecə iki ölkə arasında baş verən hərbi toqquşma sərhədlərin müəyyənləşdirilməsinin nə qədər önəmli olduğunu bir daha göstərdi.  Azərbaycanın Silahlı Qüvvələri düşmənin sərhəddə törətdiyi təxribatların qarşısını “Qətiyyətli cavab” əməliyyatı ilə aldı və qarşı tərəfə yenə də layiqli qulaqburması verdi. Ancaq baş verənlərə görə Ermənistanın haray-həşir salmasının, Azərbaycanı qınamasının, dünya dövlətlərindən, beynəlxalq təşkilatlardan kömək istəməsinin heç bir hüquqi əsası yoxdur. Cavab həmlələri ilə düşmənin təxribatlarını alan Azərbaycan yeni üstün mövqelərdə möhkəmlənib və buna görə heç kəs ölkəmizi qınaya bilməz. Məhz Ermənistanın günahı ucbatından sərhədlərin delimitasiya və demarkasiyasına başlamaq mümkün olmur. Əgər bu proseslər həyata keçirilməyibsə, kim deyə bilər ki, sərhədlər haradan keçir? “Nəticə etibarilə sentyabrın 13-də bizə qarşı növbəti təxribat törədilərkən Azərbaycan Ordusu cavab verərək düşməni yenə də yerinə oturtdu. Ümid edirəm ki, nəhayət bu, onlara dərs olacaq. Çünki gördülər ki, bizi heç kim və heç nə dayandıra bilməz. Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz. Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq. Sərhəd boyunca əldə etdiyimiz mövqelər imkan verir ki, biz istənilən erməni təxribatını qabaqcadan görək və lazımi tədbirlər görək. Biz ta Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərdəyik. Bu mövqelər bizə həm hərbi üstünlük verir, həm böyük əraziyə vizual nəzarət imkanı yaradır, o cümlədən önəmli kommunikasiya xətlərinə nəzarət etməyə imkan verir və biz artıq bu bölgələrdə yerləşirik. Biz otuz il bu sərhədlərdə olmamışıq.

İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz sərhədlərə çıxdıq. Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur”, - deyə Prezident İlham Əliyev qətiyyətlə bildirib.

Sərhədlərədək uzanan avtomobil və dəmir yolları

İşğal dövründən Azərbaycana kədərli miras qalıb. Düşmən otuz il ərzində nəzarətində saxladığı ərazilərimizdə hər şeyi dağıdıb, mədəni irsimizə, ekologiyamıza böyük ziyan vurub. Bütün bu dağıntıları aradan qaldırmadan, minalanmış əraziləri təmizləmədən, kəndləri, şəhərləri bərpa etmədən, zəruri infrastruktur qurmadan Böyük Qayıdışı həyata keçirmək mümkün deyil. Buna görə də müharibə başa çatandan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinə başladı. Qısa müddətdə bir sıra layihələrin icrası tamamlanıb. O cümlədən işğaldan azad olunmuş ərazilərdə - Zəngilan rayonunun Ağalı kəndində ilk “Ağıllı kənd”in inşası yekunlaşıb və ora iki mərhələdə sakinlər köçürülüb. Daha bir neçə yaşayış məntəqəsinin yenidən qurulması layihəsi də Prezident İlham Əliyevə təqdim olunub. O cümlədən işğaldan yenicə azad edilən Laçın şəhərinin, Zabux və Sus kəndlərinin bərpasının qısa müddətdə başa çatdırılması nəzərdə tutulur. İşğaldan azad edilən ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən bəhs edən Prezident İlham Əliyev məmnunluq hissi ilə bildirib: “Bu gün Murov dağından buraya gələrkən, bu gözəl dağlara baxarkən bir daha görürəm ki, bizim Vətənimiz nə qədər gözəldir. Murov dağından, bax, Laçın şəhərinə qədər 12 tunel tikilir, təsəvvür edin, təkcə bu istiqamətdə. Mən hələ Füzuli-Şuşa istiqamətini, digər istiqamətləri, Horadiz-Ağbənd istiqamətini demirəm. Ancaq Murov dağından Laçın şəhərinə qədər 12 tunel tikilir. Bu tunellərin ümumi uzunluğu 17,5 kilometrdir. Onların içində ən böyüyü - Murovdağ tuneli 12 kilometr uzunluğundadır. Yəni, mən indi bir neçə saat yol gəlmişəm. Amma gün gələcək, - o gün uzaqda deyil, iki ilə, maksimum iki il yarıma, - çox rahatlıqla Göygöldən Murov dağının altı ilə insanlar gəlib burada quracaqlar, yaşayacaqlar. Eyni zamanda, Qubadlı-Laçın avtomobil yolunun inşası ilə bağlı göstəriş verilibdir. Biz Horadiz-Zəngilan-Qubadlı avtomobil yolunun inşası ilə məşğuluq. Göstəriş vermişəm, Qubadlı-Laçın avtomobil yolu da dördzolaqlı inşa ediləcək. Yəni, bu yol əsasdı”.

Məsuliyyətli dövlət olan Azərbaycan, eyni zamanda, üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq Zəngəzur dəhlizinin yaradılması üçün zəruri olan infrastrukturun qurulmasını da diqqət mərkəzində saxlayır. Bu dəhliz avtomobil yolu və dəmir yolu seqmentlərindən ibarət olacaq. Azərbaycan öz ərazisində hər iki seqment üzrə işləri intensiv şəkildə davam etdirir. Bunu nəzərə çatdıran dövlətimizin başçısı “Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının birləşməsini təmin edən dəhliz verməli idi. Bu günə qədər nəinki dəhliz verilməyib, hətta dəhlizin marşrutu bizə deyilməyib. Heç bir praktiki iş aparılmayıb. Biz isə indi dəmir yolunu Zəngilana qədər çəkmişik. Avtomobil yolunu Zəngilana qədər çəkmişik. Biz gələn ilin sonunda Ermənistan sərhədinə həm dəmir yolunu, həm avtomobil yolunu gətirəcəyik. Ancaq Ermənistan ərazisində heç bir iş görülmür və görünür ki, heç bir iş görmək istəmirlər. Yenə də vaxt uzadırlar”, - deyə bildirib.

Paylaş:
Baxılıb: 615 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31