Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Sülhə doğru daha bir addım

Sülhə doğru daha bir addım

08.10.2022 [10:00]

Azərbaycanın mövqeyi mərkəzdədir

Qalib Azərbaycan postmüharibə dövründə regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, regionda əməkdaşlığın möhkəmlənməsinə, kommunikasiyaların bərpasına hesablanan davranışlar nümayiş etdirir.

Prezident İlham Əliyev Azərbaycanın müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq istəyini dəfələrlə birmənalı şəkildə diqqətə çatdırıb. Oktyabrın 6-da Çex Respublikasının paytaxtı Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində liderlərin iştirakı ilə baş tutan tədbirlərdə ifadə olunan fikirlərdən aydın şəkildə görünür ki, Azərbaycanın ədalətli yanaşması, beynəlxalq hüquqa əsaslanan və ümümi məqsədlərə xidmət edən prinsipial mövqeyinə beynəlxalq səviyyədə böyük önəm verilir və daim diqqət mərkəzində saxlanılır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə Zirvə Toplantısına qatılan Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibə verib. Dövlətimizin başçısı müsahibəsində tədbir çərçivəsində keçirdiyi görüşlər, Ermənistanla sülh müqaviləsinin imzalanması, sərhədlərin  müəyyənləşdirilməsi, həmçinin ölkəmizlə Avropa İttifaqı arasında yüksək dinamikaya malik iqtisadi və siyasi dialoq barədə fikirlərini diqqətə çatdırıb.

Sülh prosesinə təkan verildi

Postmüharibə dövründə Ermənistanla sülh sazişinin imzalanması və iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi Azərbaycanın gündəliyinin mərkəzində dayanır. Azərbaycan Prezidenti daim əsaslandırır ki, iki ölkə arasında sülh sazişi imzalanmadan digər prosesləri irəli aparmaq mümkün deyil. Hər iki ölkə beynəlxalq prinsiplərə və tarixi sənədlərə istinad etməklə bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımalı, sərhədlər delimitasiya və demarkasiya edilməlidir. Azərbaycan postmüharibə dövründə qalib tərəf olaraq hər hansı bir imtiyaz gözləmədən və şərt irəli sürmədən qarşı tərəfə beş bənddən ibarət sülh paketi təqdim edib. Bu sənəddə dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması kimi müddəalar yer alıb. Beynəlxalq normalar əsasında hazırlanan bu sənəd iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün baza kimi götürülə bilər. Jurnalistlərin suallarını cavablandıran Prezident İlham Əliyev bildirib ki, sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır. “Əminəm ki, buna tez nail olmaq mümkündür. Çünki hesab etmirəm ki, bu, hansısa çoxcildlik olmalıdır, bu, beynəlxalq hüquq, beynəlxalq təcrübə çərçivəsində parametrləri müəyyən edən bir neçə maddədən ibarət yetərincə yığcam sənəd olmalıdır. Bununla biz müharibə, düşmənçilik səhifəsini qapadacağıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Postmüharibə dövründə başlanan sülh prosesi barədə Praqada da ətraflı müzakirələr aparılıb. Xəbər verildiyi kimi, Zirvə Toplantısı çərçivəsində Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşüb. Eyni zamanda, oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.

İki ölkə arasında münaqişə səhifəsinin bağlanmasına maraq göstərən ölkələrin və beynəlxalq təşkilatların rəsmilərinin iştirakı ilə belə müzakirələrin aparılması, tərəflərin masa arxasında bir araya gəlməsi bütövlükdə sülh prosesinin irəliləməsi üçün mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin bəhs olunan müsahibəsində əminliyini ifadə edərək bildirib ki,  hər halda, sülh prosesinə artıq təkan verildi. “Prinsipcə, hələ bir müddət bundan əvvəl mən demişəm ki, Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Vaxt keçir, bizim təşəbbüslər heç də asan irəliləmir, xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməsə də, hesab edirəm ki, bu, müsbət addımdır. Düşünürəm ki, yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar, biz ilin sonunadək razılaşmaya nail ola bilərik. Deməliyəm ki, bizim tərəfdən elan edilən beş prinsiplə bağlı heç kimin - nə erməni tərəfinin, nə də Avropa İttifaqının heç bir sualı yoxdur. Bu gün Fransa Prezidenti ilə görüş zamanı mən gördüm ki, bu beş prinsip qəbul edilir. Bu, təbiidir, çünki biz yeni heç nə icad etməmişik. Bu, münasibətləri normallaşdırmaq istəyən dövlətlər arasında münasibətlərə əsaslanan prinsiplərdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Ermənistanın sülh prosesinə mane olmaq cəhdləri

Əlbəttə, Azərbaycanın təşəbbüsü və səyləri ilə başlayan sülh prosesinin heç də asanlıqla irəlilədiyini söyləmək mümkün deyil. Qalib Azərbaycanın postmüharibə mərhələsində sülh prosesinə sadiq qalmasına rəğmən, məğlub Ermənistan barəsində bunu demək mümkün deyil. Biz müşahidə edirik: Ermənistanın baş naziri Nikol Paşinyan vasitəçilərin iştirakı ilə müxtəlif məkanlarda, o cümlədən də Brüsseldə baş tutan görüşlərdə Azərbaycanın təqdim etdiyi beş bəndlik sənədin müddəalarını qəbul etdiyini bildirib. Ancaq məğlub ölkənin lideri daxili auditoriya qarşısında tamam fərqli fikirlər səsləndirir. Ermənistanda üçtərəfli Bəyanatın, Brüssel və Soçi razılaşmalarının şərtlərinin pozulmasına yönəlik cəhdlər həm hakimiyyət dairələrindən, həm də müxalifət qüvvələrindən gəlir.

Bundan əvvəl Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşlərdə humanitar məsələlər müzakirə mövzusu olub. Baş nazir N.Paşinyan Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı məlumatları, mina xəritələrini Azərbaycan tərəfinə təqdim ediləcəyinə razılığını bildirib. Azərbaycan əldə olunan razılaşmalara əsasən müharibədən sonra əsir götürdüyü Ermənistana məxsus hərbi birləşmələrin çoxlu sayda üzvünü qarşı tərəfə təhvil verib. Ermənistan isə Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəxslərlə bağlı məlumatları hələ də gizlədir. Bundan başqa, məğlub ölkə Brüssel razılaşmalarına xilaf çıxaraq, Azərbaycana minalanmış ərazilərin saxta xəritələrini verib. Araşdırmalar zamanı məlum olub ki, bu xəritələrin etibarlılığı 25 faizdən də aşağıdır.

Eyni zamanda, Ermənistana məxsus silahlı birləşmələr Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərində və iki ölkə arasındakı şərti sərhədlər boyunca  vaxtaşırı təxribatlar, silahlı insidentlər törətməklə, əslində sülh prosesinə, əldə olunan razılaşmalara kölgə salır. Prezident İlham Əliyev Praqada həm baş nazir Nikol Paşinyanla ayaqüstü söhbətində, həm də dördtərəfli görüşdə Ermənistanın sülh prosesinə mane olan əməllərindən növbəti dəfə bəhs edib. Dövlət başçımızın bildirdiyi kimi, İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər tərəfindən ən azı 1400 mina basdırılıb və bu, bizə qarşı növbəti cinayətdir, növbəti terror aktıdır. Qeyd edək ki, 250-dən çox azərbaycanlı müharibədən sonra mina partlamaları nəticəsində ya həlak olub, ya da ki, ağır yaralanıb. Bütün bunlar onu göstərir ki, ölkəmizə qarşı erməni terroru davam edir. Minaların basdırılması qarşı tərəfin yol verdiyi yeganə cinayət deyil. Məsələn, nə üçün müharibənin başa çatmasından sonra iki il vaxt ötməsinə baxmayaraq, Ermənistanın hərbi birləşmələri hələ də Azərbaycan ərazilərindən tam şəkildə çıxardılmayıb? Bu məsələyə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb. “Bu günə qədər erməni silahlı birləşmələri bizim torpağımızdan çıxarılmayıb. Biz bunu tələb edirik. Düzdür, onların bir qismi çıxarılıb, amma hələ də onlar torpağımızda mövcuddur və ümid edirəm ki, buna da son qoyulacaq. Çünki bir şeyi artıq bütün dünya ictimaiyyəti açıq dərk edir ki, Qarabağ Azərbaycandır! Bunu biz hər dəfə deyirdik, işğal dövründə, müharibə dövründə, müharibədən sonra. Bu gün dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həm də bunu tələffüz edir”.

Öhdəliyi pozmaq biabırçı faktdır

Yuxarıda xatırlatdığımız Bəyanatda və razılaşmalarda  regionda kommunikasiyaların açılması ilə bağlı razılaşmalar əldə olunub. Azərbaycan üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Laçın dəhlizinə alternativ marşrutun yaradılmasını cəmi bir il yarıma tamamladı. Ermənistan isə bəhs olunan marşrutun onun ərazisindən keçən kiçik bir hissəsinin inşasına yalnız Azərbaycanın qəti xəbərdarlığından sonra start verdi. Üçtərəfli Bəyanatda Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə blokada şəraitində yaşayan Naxçıvan arasında kommunikasiyaların bərpasına aid müddəa var. Sənəddə bu marşrutla maneəsiz keçid nəzərdə tutulub. Ancaq üçtərəfli Bəyanatın imzalanmasından sonra iki ilə yaxın vaxt ötsə də, daş yerindən tərpənməyib-Ermənistan sonradan Zəngəzur dəhlizi adını alan bu marşrutun yaradılması istiqamətində hər hansı bir addım atmayıb. Prezident İlham Əliyev Ermənistan tərəfindən öhdəliyin yerinə yetirilməməsini biabırçı fakt kimi səciyyələndirərək deyib: “Əlbəttə ki, kommunikasiyaların açılması - bu, mümkün sülh müqaviləsinin hissəsi deyil, bu, mahiyyətcə artıq olmalı idi. Ona görə ki, bu, Ermənistanın 2020-ci il noyabrın 10-da götürdüyü, amma yerinə yetirmədiyi öhdəlikdir. Bu gün mən Ermənistanın baş nazirinə yenə də müraciət edəndə ki, nəhayət bizə avtomobil yolu üçün marşrut verin, təəssüflər olsun, yenə də cavab ala bilmədim. Bu, hətta gülməli də deyil, çünki orada o qədər də böyük sahə yoxdur. Hamı bilir ki, dəmir yolu və avtomobil yolu haradan keçməlidir. Bizə Naxçıvana könüllü olaraq keçid verilməməsi anlaşılan deyil. Öz öhdəliyini pozmaq, əlbəttə, son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir edirik, təmkin göstəririk. Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun. Buna görə də bu suallar fikrimcə, ölkə rəhbərləri səviyyəsində noyabrda planlaşdırılan Brüssel görüşünün gündəliyində də, xarici işlər nazirlərinin tarixi hələ müəyyən edilməyən görüşündə də, bu ay Brüsseldə bizim təklifimizlə təşkil olunacaq delimitasiya üzrə görüşlərdə də üstünlük təşkil edəcək”.

Qarabağda yaşayan ermənilər...

İndiyədək sülh prosesinə maneələr yaradan əsas məsələlərdən biri də Ermənistanın və bu ölkənin havadarlarının Qarabağda yaşayan erməniləri bir növ manipulyasiya predmetinə çevirmələridir. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı bir dövlətdir. Dünyada multikulturalizmi təşviq etmək, özünün timsalında çoxmədəniyyətliliyin gözəl nümunəsini yaratmaq ölkəmizi fərqləndirən əsas cəhətlərdən biridir. Respublikamızda milli-dini zəmində hər hansı bir diskriminasiya istisna olunur. Bütün xalqların hüquqları Konstitusiya ilə qorunur və şübhə yoxdur ki, gələcəkdə də qorunacaq. O cümlədən Azərbaycan Qarabağda müəyyən sayda erməni əhalisinin yaşamasında hər hansı bir problem görmür. Ölkəmizin mübarizəsi ekstremistlərlə, suverenliyimizə, ərazi bütövlüyümüzə, qanunlarımıza qarşı çıxanlarla bağlıdır. Ermənistan və bu ölkənin havadarları isə manipulyasiyalar edərək Qarabağda yaşayan ermənilərin təhlükəsizliyindən “narahatlıq” ifadə edirlər. Ermənistan iqtidarının və müxalifətinin təmsilçiləri zaman-zaman Qarabağda yaşayan erməni əhalisinə status verilməsini gündəmə gətirməyə çalışırlar. Belə fikirləri səsləndirənlər sanki zamanın axarından, baş verənlərdən bixəbərdirlər. Azərbaycan 44 günlük müharibədə qazandığı Qələbə sayəsində regionda yeni reallıqlar yaradıb və özünün bütün ərazilərində suverenliyini təmin edib. Qarabağ münaqişəsi artıq Azərbaycanın gündəliyində yoxdur, bu münaqişə tarixin arxivinə qovuşub. Qarabağda yaşayan erməni əhalisinə münasibətdə Azərbaycanın mövqeyini bir daha xatırladan Prezident İlham Əliyev  “Qarabağda yaşayan ermənilər, - mən bunu dünən Ağdamda demişəm, - bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla. Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda, əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır”, - deyə bildirib.

Şarl Mişelin təqdir olunan vasitəçiliyi

Azərbaycan postmüharibə dövründə iki ölkə arasında başlayan sülh prosesinə töhfə vermək istəyən bütün beynəlxalq təşkilatların və siyasətçilərin töhfələrini yüksək dəyərləndirir. Belə xoş məram nümayiş etdirən siyasətçilər sırasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin də adını çəkə bilərik. Son vaxtlarda Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesində Brüsselin də aktiv iştirakı müşahidə edilir. Analitiklər bunu müxtəlif amillərlə əsaslandırırlar. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması burada əsas amillərdən biri kimi dəyərləndirilir. Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesində fəallığının ar?masında Şarl Mişelin mühüm rolu var. Ötən ilin dekabrından bəri onun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə dörd görüşü baş tutub. Görüşlərdə vasitəçilik missiyasından çıxış edən Avropa İttifaqı Şurasının Azərbaycan və Ermənistan arasında sülh, etimad yaratma proseslərini irəlilətmək səyləri hiss olunur. Aydın şəkildə görünür ki, Cənubi Qafqazda etibarlı sülhün və təhlükəsizliyin təmin olunması Avropa İttifaqının da maraq dairəsindədir. Şarl Mişelin sülhyaratma prosesində iştirakına yüksək dəyər verdiyini diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “Ümid edirəm ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq və Şarl Mişelin də bu sahədəki fəaliyyətini mən yüksək qiymətləndirirəm. Çünki bildiyiniz kimi, Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilmişdir və hər dəfə biz sülhə daha da yaxınlaşırıq. Bu dördtərəfli görüş Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edilmişdir və bu görüş zamanı da önəmli məsələlər müzakirə olunub. Hesab edirəm ki, bu görüşün də sülh müqaviləsinə çatmaq üçün önəmi olacaq”.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 870 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31