Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan xalqı xoşbəxtdir ki...

Azərbaycan xalqı xoşbəxtdir ki...

18.10.2022 [10:23]

Güclü, müstəqil dövləti var

Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan çətindir

H.Əliyev

Mübariz ABDULLAYEV

Müstəqil milli dövlətə sahib olmaq hər bir xalqın ən böyük uğuru və tarixi nailiyyətidir. Dünyada xalqların sayı minlərlədir. Ancaq onların heç də hamısına müstəqil dövlətlərini qurmaq nəsib olmayıb. Xalqımız tarix boyu yadellilərlə mübarizə apararaq yurd yerlərini istilalardan qoruyub, həmişə də öz taleyinin sahibi olmağa, özünün müstəqil dövlətini qurmağa can atıb. Bu gün Azərbaycan xalqını xoşbəxt xalq adlandırmaq mümkündür. Çünki bizim milli maraqlarımızı qətiyyətlə qoruyan müstəqil dövlətimiz var, aylı, ulduzlu üçrəngli bayrağımız BMT-nin və digər beynəlxalq təşkilatların qarşısında əzəmətlə dalğalanır, dünyanın ən böyük arenalarında himnimiz səslənir. Müstəqil ölkənin vətəndaşı olmaq və tarixi proseslərə şahidlik etmək hər birimiz üçün son dərəcə qürurvericidir.

Tarixi qərar

Tarixi proseslər elə cərəyan edib ki, XX yüzillikdə Azərbaycan xalqı iki dəfə müstəqil dövlət qurmağa nail olub. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın zəngin dövlətçilik tarixində çox mühüm bir mərhələni təşkil edir. Əslində, AXC-nin bəyan edilməsi 1828-ci ildə baş tutan işğaldan sonra xalqımızın itirilmiş dövlətçiliyinin bərpası idi. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika idi. AXC dövlət quruculuğunda, idarəetmədə bir sıra yeni, mütərəqqi ənənələrin əsasını qoyub. Ancaq AXC-nin ömrü uzun olmayıb - cəmi 23 ay yaşayıb və 1920-ci il aprelin 28-də süqut edib. Sonrakı mərhələdə respublikamız təxminən 70 il keçmiş SSRİ-nin tərkibində yaşasa da, xalqımız müstəqillik ideyalarını həmişə qəlbində yaşatdı və müstəqil dövlətini qurmağa can atdı. Belə tarixi fürsət isə ötən əsrin doxsanıncı illərinin əvvəlində yarandı.

Ali Sovet 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Bu, tarixi bir qərar idi. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.

Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən “Müstəqillik Günü haqqında” qanun təsdiqlənib.

Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Belə ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.

Müstəqilliyin bərpasında və qorunmasında Ulu Öndərin müstəsna rolu

Müstəqilliyimizin bərpasında və sonrakı mərhələdə onun qorunmasında Ulu Öndər Heydər Əliyevin müstəsna rolunu xüsusi qeyd etmək lazımdır. Ulu öndər Heydər Əliyev müstəqil respublikamızın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bildirirdi və cümhuriyyət ideyalarının ölkədə daha geniş şəkildə yayılmasına çalışırdı. Tam qətiyyətlə deyə bilərik ki, bəhs olunan dövrdə Azərbaycanın müstəqilliyə gedən yolunun, qurtuluş tarixinin əsası Ümummilli Lider Heydər Əliyevin səyləri və cəsarəti sayəsində məhz qədim diyarda-Naxçıvanda qoyulub.

Məlumdur ki, keçmiş ittifaq rəhbərliyinin getdikcə artan təzyiqləri ilə üzləşən Ulu Öndər Heydər Əliyev 1990-cı ildə Moskvadan Bakıya qayıtmaq məcburiyyətində qaldı. Lakin imperiya nökərləri-bəhs olunan dövrdə Azərbaycanın rəhbərliyində təmsil olunan şəxslər Heydər Əliyevin Bakıya qayıdışını kresloları üçün təhlükə hesab edərək Onun paytaxtda qalmasını əngəllədilər. Ulu Öndər doğulduğu Naxçıvana üz tutdu və burada insanlar Onu böyük sayğı ilə qarşıladılar. Həmin ilin payızında Heydər Əliyev Babək rayonunun Nehrəm kəndindən Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçildi. Ulu Öndər, eyni zamanda, Naxçıvan Ali Sovetinə də deputat seçilmişdi. Muxtar Respublikanın Ali Sovetinin seçkilərdən bir qədər sonra-17 noyabr 1990-cı il tarixində çağrılan sessiyasına sədrlik Heydər Əliyevə həvalə olundu. Həmin sessiyada Heydər Əliyevin cəsarəti, milli təəssübkeşliyi, xalqına bağlılığı bütün cəhətləri ilə bir daha özünü büruzə verdi. Sessiyada Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək onun Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı.

Bu gün Heydər Əliyevin o dövrdə atdığı bu kimi cəsarətli addımlar kimlərə isə adi görünə bilər. Lakin bu, belə deyil. Bəhs olunan dövr çox ziddiyyətli idi, hadisələrin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətin idi, hələ sovet ittifaqı, kommunist partiyası fəaliyyət göstərirdi. Heydər Əliyev isə təhdidlərdən çəkinməyərək respublikamızın gələcək taleyi baxımından müstəsna əhəmiyyət daşıyan qərarların qəbul olunmasına nail oldu. Bir qədər sonra-1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi. Ulu Öndər xalqda müstəqillik uğrunda mübarizə əzmini möhkəmləndirməyə çalışırdı. Onun çağırışı ilə Naxçıvanın  1991-ci il martın 17-də keçmiş sovet ittifaqının saxlanması ilə bağlı keçirilən referenduma qatılmaması Azərbaycan xalqının müstəqillik ideyalarına inamını artırdı, insanlarda qarşısıalınmaz mübarizə əzmi yaratdı. Halbuki respublikanın o vaxtkı rəhbərliyinin təhriki ilə həmin saxta referenduma Azərbaycan da qoşulmuşdu. Zaman Heydər Əliyevin uzaqgörənliyini bir daha təsdiqlədi. Saxta referendumdan cəmi bir neçə ay sonra-avqustun 19-da keçmiş SSRİ-də “QKÇP” adını alan dövlət çevrilişinə cəhd oldu. Bundan sonra hadisələr dönməz xarakter aldı, keçmiş ittifaq, onunla bərabər də kommunist partiyası dağıldı.

Ulu Öndərin bu kimi cəsarətli addımları bütün Azərbaycan üçün müstəqilliyə bir çağırış idi. Heydər Əliyev respublikanın o vaxtkı rəhbərliyinin “bəlkə də, qaytardılar” mövqeyində qalmasına baxmayaraq, çəkinmədən müxtəlif tribunalardan yolumuzun müstəqillik yolu olduğunu bildirdi.

Tale elə gətirdi ki, həmişə Azərbaycanın müstəqilliyini arzulayan, bütün şüurlu fəaliyyətini bu istiqamətdə quran Heydər Əliyev respublikamızın ötən əsrin 90-cı illərinin əvvəllərində ikinci dəfə əldə etdiyi müstəqilliyini qorumaq missiyasını da elə Özü yerinə yetirdi. O dövrün mənzərəsini göz önündə canlandıraq. Xaos, iqtisadi və siyasi böhran, vətəndaş qarşıdurması, torpaqlarımızın işğal altına düşməsi, cəmiyyətdəki sabahkı günə ümidsizlik müstəqilliyin ilk illərində ölkəmizi  səciyyələndirən əsas cəhətlər idi. Bir tərəfdən, zorakılıq yolu ilə hakimiyyətə gələn AXC-”Müsavat” iqtidarının səriştəsizliyi nəticəsində ölkədə yaranan vətəndaş qarşıdurması, digər tərəfdən isə, Ermənistanın respublikamıza qarşı elan olunmamış müharibə aparması, havadarlarının köməyi ilə torpaqlarımızı işğal etməsi Azərbaycanı, sözün əsl mənasında, ölüm, ya qalım dilemması ilə üz-üzə qoymuşdu. Vəziyyət o qədər ciddi hal almışdı ki, hətta müstəqilliyin itirilməsi təhlükəsi də real idi.

Müstəqilliyimiz, respublikanın gələcəyi üçün həmin böhranlı günlərdə xalq son ümidini sınanmış oğlu Heydər Əliyevə bağlayaraq təkidlə Onun Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini tələb edirdi. Bütövlükdə Azərbaycanın inkişaf salnaməsini yazan Ulu Öndər bu dəfə də xalqının yanında olmağa qərar verərək iyunun 9-da Bakıya gəldi və çətin vəziyyətə düşmüş ölkəyə rəhbərlik etməyə başladı.

Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycanda hadisələr tezliklə müsbət məcraya yönəldi, ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu. Bəhs olunan tarixi dövrə ekskurs edən Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycan tarixinin bu ağır dönəmində Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdı. Yalnız bundan sonra müstəqilliyin yenidən itirilməsi təhlükəsinin qarşısı alındı. Qısa müddətdə ölkəmizin müstəqil daxili və xarici siyasət strategiyasının təməl prinsipləri müəyyən olundu, ictimai-siyasi sabitlik, dövlət intizamı təmin edildi, demokratik islahatların həyata keçirilməsinə və ordu quruculuğu prosesinə başlanıldı. Azərbaycan gələcək taleyi baxımından həlledici rola malik “Əsrin müqaviləsi”ndə iştirakı ilə dünyanın enerji xəritəsində xüsusi mövqe qazandı, qlobal iqtisadi mühitə inteqrasiya proseslərinə qoşularaq gələcək müvəffəqiyyətlərinə yol açan cəsarətli addımlar atdı”.

Müstəqillik yolunda inamlı addımlar

Ulu Öndərin xilas etdiyi, inkişafı üçün real əsaslar yaratdığı müstəqil Azərbaycan dövlətinin idarəçiliyi bu gün də etibarlı əllərdədir. 19 il bundan əvvəl-2003-cü il 15 oktyabr tarixində xalqımız Ulu Öndərin siyasi varisi İlham Əliyevə səs verərək Onu Azərbaycanın Prezidenti seçdi. Bu, ölkəmizdə siyasi varisliyin təmin olunması demək idi. Ulu Öndərin fəaliyyətini və siyasətini yekdilliklə dəstəkləyən xalq ölkəmizdə bu siyasi kursun davam etdirilməsini istəyirdi. Prezident İlham Əliyev ötən 19 ildə bu inamı yüksək səviyyədə doğruldub. Bəhs olunan dövrdə dünyada Azərbaycan kimi dinamik inkişaf edən ölkələrin sayı çox azdır. Biz dünyada ziddiyyətli proseslərin getdiyi, tez-tez böhranların baş verdiyi bir dönəmdə yaşayırıq. Belə bir təlatümlü dönəmdə ayrı-ayrı ölkələr çətin sosial-iqtisadi problemlərin məngənəsinə düşürlər. Prezident İlham Əliyev isə davamlı, məqsədyönlü, konkret hədəflərə hesablanan siyasət həyata keçirməklə ölkəmizin tarixinə yeni-yeni inkişaf salnamələri yazır. Ötən dövrdə Azərbaycan iqtisadi müstəqilliyini tam təmin edib. Bu gün ölkəmiz heç bir kənar qüvvədən, beynəlxalq maliyyə qurumlarından asılı deyil. Öz növbəsində iqtisadi müstəqillik  ölkəmizin siyasi müstəqilliyini şərtləndirir. Hazırda özünün güclü iqtisadi potensialına əsaslanan Azərbaycan dövləti xalqımızın, ölkəmizin milli maraqlarını qətiyyətlə qoruyur və tam müstəqil siyasi kurs həyata keçirir. Respublikamızın müstəqillik illərində qazandığı uğurlardan bəhs edən Prezident İlham Əliyev “Ölkəmiz bu gün nəhəng regional və qlobal layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Azərbaycan özünün milli maraqları əsasında müstəqil xarici siyasət yürüdür və dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır. Son illər ərzində iqtisadiyyatımızın həcmi üç dəfədən çox artmış, güclü iqtisadi infrastruktur yaradılmış, mədəni irsimizin qorunması, inkişafı və təbliğində, təhsil, səhiyyə və digər sosial sahələrdə ciddi uğurlar əldə edilmiş, insanlarımızın maddi rifahı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Torpaqlarının iyirmi faizinin 30 ilə yaxın işğal altında qalmasına, bir milyondan artıq qaçqın və məcburi köçkününün olmasına baxmayaraq, Azərbaycan məqsədlərinə doğru daim inamla irəliləmiş, öz hədəflərindən yayınmamışdır”, - deyə bildirib.

Müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı ən böyük uğur isə, heç şübhəsiz ki, öz gücünə ərazi bütövlüyünü təmin etməsidir. Bu, iki il bundan əvvəl Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə sayəsində mümkün oldu. Artıq ikinci ildir ki, Azərbaycan öz müstəqilliyinin bərpası bayramını qalib dövlət kimi qeyd edir. “Rəşadətli ordumuz döyüş meydanında həqiqi qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirərək cəmi 44 gündə torpaqlarımızı işğaldan qurtarmışdır. Azərbaycan xalqının apardığı Vətən müharibəsi Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələnmişdir. Azərbaycanın Vətən müharibəsindəki Zəfəri regionumuzda yeni reallıqlar yaratmışdır. Tarixi Qələbəmiz həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcıdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Paylaş:
Baxılıb: 608 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31