Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Avropanın enerji xəritəsini dəyişən Azərbaycan...

Avropanın enerji xəritəsini dəyişən Azərbaycan...

20.10.2022 [10:13]

Avrasiyanın yeni, daha müasir və daha səmərəli nəqliyyat xəritəsini formalaşdırır

Mübariz ABDULLAYEV

Güclü dövlət olan Azərbaycan regional və qlobal əməkdaşlığın möhkəmlənməsinə güclü siyasi iradə nümayiş etdirir, həm də buna özünün sanballı töhfələrini verir. Respublikamızın təşəbbüsləri və moderatorluğu ilə reallaşdırılan bir sıra layihələr əslində Avropanın enerji xəritəsini dəyişib. Transmilli şirkətlərlə əməkdaşlıq şəraitində uğurla icra olunan bu layihələr sayəsində Azərbaycan Avropa İttifaqı (Aİ) məkanı üçün şaxələndirilmiş müasir nəql infrastrukturuna malik yeni və etibarlı mənbə sayılır.

Azərbaycanın artan nəqliyyat imkanları

Avropanın enerji xəritəsini dəyişən Azərbaycan, eyni zamanda, geniş Avrasiya coğrafiyasının yeni, daha müasir və daha səmərəli nəqliyyat xəritəsini formalaşdırır. Azərbaycanın coğrafi yerləşməsi elədir ki, ölkəmiz Şərqlə Qərb arasında təbii körpü rolunu oynayır. Müstəqillik illərində, ələlxüsus da son 19 ildə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında yaradılan yol-nəqliyyat infrastrukturu isə ölkəmizin üstünlüklərini daha da artırıb və Azərbaycanı Avrasiyanın mühüm tranzit hablarından birinə çevirib. Hər il ölkə üzrə təxminən min kilometr uzunluğunda avtomobil yolu əsaslı şəkildə yenidən qururlur. Bəhs olunan dövrdə respublikamızda yüzlərlə körpü, keçid inşa olunub. Ölkəmiz Xəzərdə ən böyük donanmaya malikdir. Hazırda Azərbaycanda 6 beynəlxalq səviyyəli hava limanı fəaliyyət göstərir. Daha 3 beynəlxalq səviyyəli hava limanı isə işğaldan azad olunmuş ərazilərdə yaradılır. Artıq onlardan biri - Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, Zəngilan Beynəlxalq Hava Limanının inşası da tamamlanıb. Laçında yaradılan sayca üçüncü hava limanının inşası isə intensiv şəkildə davam etdirilir.

Ölkə ərazisində dəmir yollarının müasir standartlar səviyyəsində yenidən qurulması istiqamətində böyük həcmlərdə investisiya tutumuna malik layihələr reallaşdırılıb. Azərbaycanın moderatorluğu ilə inşa olunan və 2017-ci ildə istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə birinci mərhələdə 5 milyon ton, növbəti mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Respublikamız liderlik keyfiyyəti nümayiş etdirməklə Xəzərdə ən böyük ticarət limanının inşasına nail olub. Ən son texnologiyalar əsasında inşa olunan Bakı Beynəlxalq Ticarət Limanının yükaşırma qabiliyyəti ildə 15 milyon tona bərabərdir və ehtiyacdan asılı olaraq bu həcm 25 milyon tona qədər artırıla bilər. Azərbaycan, eyni zamanda, Xəzərdə ən böyük daşıma donanmasına malik ölkədir.

Yaradılan yüksək səviyyəli infrastruktur yüklərin Azərbaycan ərazisindən təyinat yerinə tez və rahat çatdırılmasını təmin edir. Bundan başqa, uzunmüddətli daxili sabitlik, qonşu dövlətlərlə yüksək səviyyəli münasibətlərin qurulması, daşıma tariflərinin tərəfdaş ölkələrlə uzlaşdırılması, bütün marşrutlar boyunca logistik mərkəzlərin yaradılması, hüquqi bazanın möhkəmləndirilməsi və bu kimi digər amillər daşıma şirkətlərinin seçim zamanı üstünlüyü respublikamıza vermələrini şərtləndirir.

Daha bir marşrut - Zəngəzur dəhlizi

Azərbaycanın Avropa ilə Asiya arasında tranzit daşımaları üçün önəmini artıran əsas faktorlardan biri ondan ibarətdir ki, ölkəmizin ərazisindən fərqli istiqamətlərə müxtəlif nəqliyyat dəhlizləri keçir. Qədim İpək Yolu üzrə uzanan Şərq-Qərb dəhlizi ənənəvi marşrutdur. Azərbaycan qonşu Gürcüstan və Türkiyə ilə birlikdə bu dəhlizin mühüm həlqəsini təşkil edir. Dünya nəhəngi Çin də bu marşrutdan istifadə etməklə öz mallarını Avropa məkanına çatdırır. Çin tərəfi Azərbaycan üzərindən daşımaların həcmini artırmaqda maraqlıdır ki, bu da sıradan bir hadisə sayıla bilməz. Dünyada ikinci ən böyük iqtisadiyyata malik bu ölkə 500 milyard ABŞ dolları həcmində illik ticarət dövriyyəsinə malikdir. Buna görə də hazırda Çinlə daşımalar sahəsində əməkdaşlığın perspektivlərini dəyərləndirən tranzit imkanlarına malik əksər ölkələr bu dünya nəhənginin daşıma şirkətlərini öz marşrutlarına cəlb etməyə böyük səy göstərirlər. Çünki bu, hər bir tranzit ölkəsi üçün böyük həcmlərdə gəlir deməkdir. Azərbaycanın Çinin irəli sürdüyü “Bir kəmər-bir yol” təşəbbüsünü dəstəkləməsi bu ölkədə yüksək dəyərləndirilir.

Ölkəmizin ərazisindən keçən Şimal-Cənub marşrutu isə son dövrlərdə formalaşıb. Xatırladaq ki, Şimal-Cənub dəhlizinin təməli 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə - Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan, Türkiyə və Ukrayna sözügedən Sazişi ratifikasiya ediblər. Bəhs olunan nəqliyyat dəhlizinin uzunluğu 7200 kilometrdir. İlkin qiymətləndirilmələrə görə hər 15 ton yükün bütün xətt boyunca daşınması zamanı yük sahibləri 2500 ABŞ dollarına qənaət etmək imkanı qazanırlar.

Əlverişli coğrafi mövqeyə malik ölkəmizin həmçinin Orta Dəhliz üzrə də önəmi artır. Azərbaycan Orta Dəhliz marşrutunda Avropa ilə Asiyanı birləşdirən açar ölkələrdən biri hesab olunur. Yeni geosiyasi reallıqlar fonunda  bu marşrut üçün yeni fürsətlər yaranıb. Sözügedən dəhliz Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi də tanınır. Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan,  Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat  marşrutdur. Çindən Avropaya gedən yük qatarları Orta Dəhlizi seçərlərsə, 12 gün ərzində 10 min kilometr  deyil, 7 min kilometr məsafə qət edərlər. Orta Dəhlizin şaxələndirlməsi, o cümlədən Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun inşası regionda əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün yeni imkanlar yaradacaq.

Gələcəkdə Azərbaycan Avropa ilə Asiya arasında daşımalar üçün yeni imkanlar təqdim edəcək. Bu, Transxəzər marşrutunun davamı sayılan Zəngəzur dəhlizinin sayəsində mümkün olacaq. Azərbaycanın əsas hissəsi ilə blokada şəraitində yaşamaq məcburiyyətində qalan Naxçıvanı birləşdirəcək bu marşrutun yaradılması ilə bağlı müddəa üçtərəfli Bəyanatda öz əksini tapıb. Sözügedən sənədin 9-cu bəndində göstərilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Sənəddə o da qeyd olunub ki, tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir. Sonradan Prezident İlham Əliyev sözügedən marşrutu Zəngəzur dəhlizi adlandırdı və bu, beynəlxalq səviyyədə qəbul olundu. Ermənistan ərazisindən keçməklə Naxçıvana gedən dəhliz özündə dəmir yolu və avtomobil yolu kimi iki mühüm seqmenti birləşdirir.

Məsuliyyətli dövlət olan Azərbaycan bəhs olunan sənəddə ona aid olan müddəaların icrasını uğurla həyata keçirir. Dövlət başçımızın iştirakı ilə təməli qoyulan və hazırda inşası intensiv şəkildə davam etdirilən Horadiz-Ağbənd dəmir yolu xətti Ermənistan sərhədinədək uzanacaq. Ölkəmizin ərazisində yeni marşrutun avtomobil yolu seqmenti üzrə də müvafiq layihənin icrasına başlanıb.

Naxçıvanın blokadasına son qoyulacaq

Zəngəzur dəhlizinin önəmini bir sıra baxış bucağından dəyərləndimək mümkündür. Əvvəla, bu dəhliz və onunla əlaqədar yaradılan infrastruktur ölkəmizin bugünkü və gələcək siyasi və iqtisadi maraqlarının təmin olunması baxımından strateji önəm daşıyır.  Yeni nəqliyyat bağlantısı işğaldan azad edilmiş ərazilərə ölkənin digər bölgələrindən vətəndaşların gediş-gəlişini asanlaşdıracaq. Eyni zamanda, bərpa və ondan sonrakı dövrdə bu ərazilərə yüklərin tez və ucuz çatdırılmasına yeni imkanlar yaranacaq.

Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında birbaşa bağlantı yaradılmasını təmin edəcək. Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası blokada vəziyyətində qalıb. Kommunikasiyaların bərpasından sonra muxtar respublikanın blokadasına son qoyulacaq.

Zəngəzur dəhlizinin Avrasiya üçün önəmi

Zəngəzur dəhlizinin yaradılması regional əməkdaşlığın möhkəmləndirilməsi baxımından da böyük önəm daşıyır. 44 günlük müharibədə Azərbaycanın qazandığı Qələbənin nəticəsi olaraq regionda yeni əməkdaşlıq konfiqurasiyasının yaranması və onun funksionallığının təmin edilməsi Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin mühüm şərtlərindən biridir. O cümlədən yeni nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması bölgədə etimad mühitinin yaranmasında mühüm rol oynayacaq. Prezident İlham Əliyev  2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - “Rebuild Karabakh” Sərgisinin və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin iştirakçılarına ünvanladığı təbrikində diqqəti Zəngəzur dəhlizinin önəminə çəkərək vurğulayıb: “İşğaldan azad olunmuş ərazilərdə təhlükəsiz yaşayışın təmini, şəhər, qəsəbə və kəndlərin tikintisi, strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulması, yerli və xarici dəyər zəncirlərinə inteqrasiya, habelə ətraf mühitin bərpası istiqamətində qabaqcıl nümunələr yaradılır. Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması isə regionu mühüm nəqliyyat-ticarət qovşağına çevirəcək”.

Yeni dəhliz Azərbaycanın ərazisindən keçən digər marşrutlara inteqrasiya olunacaq. Bu isə o deməkdir ki, Şimal-Cənub, Şərq-Qərb və Orta Dəhliz vasitəsilə respublikamıza gələn yükləri burada yeni bir istiqamətə yönəltmək də mümkün olacaq. Beləliklə də, respublikamızın tranzit imkanları daha da genişlənəcək.

Eyni zamanda, bəhs olunan dəhliz sayəsində region ölkələri arasında yeni əməkdaşlıq imkanlarının yaranması perspektivləri kifayət qədər böyükdür. Gələcəkdə yeni dəhliz Naxçıvandan keçməklə Türkiyəyə, oradan da Avropaya qədər uzanacaq. Hazırda Orta Dəhlizin şaxələndirilməsi və genişləndirlməsi diqqət mərkəzindədir. O cümlədən bu dəhlizin dəmir yolu seqmenti inkişaf etdirilir. Zəngəzur dəhlizi Transxəzər marşrutunun həm avtomobil, həm də dəmir yolları seqmentləri üzrə Avropayadək uzanmasını təmin edəcək. Dəhliz istifadəyə verildikdən sonra Azərbaycan qardaş Türkiyə ilə BTQ-dən kənar digər bir dəmir yolu şəbəkəsi ilə də  birləşəcək. Artıq iki qardaş ölkə arasında ikinci dəmir yolunun çəkilməsinin əsası qoyulub.  Bakı-Tbilisi-Qars dəmir yolundan sonra bölgədə ikinci dəmir yolunun çəkilməsi çox mühüm strateji əhəmiyyətə malikdir. Eyni zamanda, indiyədək dalan ölkə kimi bütün investisiya cəlbediciliyini itirən Ermənistan da yeni dəhlizin yaradacağı imkanlardan bəhrələnə bilər. Belə ki, yeni dəhlizin yaradılması ilə Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xəttinin açılma ehtimalı realdır. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaranacaq. Bundan başqa, İran ilə Ermənistan, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Bütün bu kimi amillərə görə hazırda region dövlətləri yeni dəhlizin yaradılmasına böyük maraq göstərirlər.

Zəngəzur dəhlizinin yaradılması Türk dünyasının birləşdirilməsi baxımından da çox önəmlidir. Prezident İlham Əliyev belə bir fikiri dəfələrlə diqqətə çatdırıb ki, zamanında müəyyən qüvvələr tarixi Azərbaycan torpaqlarını Ermənistana verməklə həm də Türk coğrafiyasının birliyinə zərbə vurublar, onu parçalayıblar.  Bu məkrli plan məqsədli şəkildə həyata keçirilib. Zəngəzur dəhlizinin yaradılması ilə bu tarixi saxtakarlığa son qoyulacaq.

Paylaş:
Baxılıb: 573 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31