Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Dostluq və qardaşlıq əlaməti...

Dostluq və qardaşlıq əlaməti...

03.11.2022 [10:02]

Azərbaycanın İslam həmrəyliyinin möhkəmlənməsinə verdiyi töhfələr yüksək dəyərləndirilir

Mübariz FEYİZLİ

Ardıcıllıqla həyata keçirilən uğurlu xarici siyasət kursunun məntiqi nəticəsi olaraq müstəqil Azərbaycanın beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb. Prezident İlham Əliyev bütün dünyada sözü və imzası bir-birini tamamlayan qətiyyətli Lider kimi qəbul olunur. Dövlət başçımızın tez-tez mötəbər beynəlxalq tədbirlərə dəvət alması bütövlükdə ölkəmizə və onun Liderinə qlobal miqyasda böyük hörmət və ehtiram bəslənildiyini əyani şəkildə təsdiqləyir. Elə bu günlərdə Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının (ƏDL) 31-ci Zirvə toplantısına qatılıb. Dövlətimizin başçısı Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak edib. Tədbirdə çıxış edən Prezident İlham Əliyev dost Əlcəzair üçün əlamətdar bir tarixdə-Milli Azadlıq Günündə baş tutan tədbirə dəvət almasını dostluq və qardaşlıq əlaməti hesab etdiyini bildirib.

 ƏDL ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakteri var

Ərəb Dövlətləri Liqası 1945-ci il martın 22-də Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən yaradılıb. Təşkilatın mərkəz-qərargahı Misirin paytaxtı Qahirə şəhərində yerləşir. Hazırda ƏDL-nin Türkiyə, Rusiya, Fransa, Böyük Britaniya, Almaniya, İspaniya, Avstriya, İtaliya, Belçika, İsveçrə, Yunanıstan, Kanada, ABŞ, Braziliya, Argentina, Meksika, Yaponiya, İraq, Çin, Hindistan, Keniya, Seneqal, Efiopiyada Nümayəndəlikləri və informasiya büroları fəaliyyət göstərir. Bütövlükdə, Liqa yeddi ölkə ilə imzalanmış Anlaşma Memorandumları əsasında əməkdaşlıq edir. Dövlətlər arasında münasibətlərin könüllülüyü, suverenlik və müstəqilliyə qarşılıqlı hörmət, dövlətlərin bərabərliyi, münaqişələrin həll edilməsi üçün güc tətbiq edilməsinə qadağa ƏDL-nın fəaliyyətinin əsasında dayanan prinsiplərdir. Azərbaycan 2006-cı ildən ƏDL-nın müşahidəçi statusunda üzvüdür. Prezident İlham Əliyev bildirib ki, Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakteri var. Respublikamız böyük coğrafiyada yerləşən və zəngin resurslara malik ərəb dövlətlərini birləşdirən qurumla münasibətləri genişləndirmək niyyətindədir. Qarşılıqlı təmasların artması da bu niyyətin ifadəsidir. 2007-ci ildə Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının Baş Qərargahına səfəri baş tutub. Dövlətimizin başçısı səfər çərçivəsində bir sıra mühüm görüşlər keçirib. Ərəb Dövlətləri Liqasının yüksəksəviyyəli rəsmiləri də tez-tez Azərbaycana səfərlərə gəlirlər. 2022-ci ilin iyun ayında ƏDL-nın Baş katibi, Misirin sabiq xarici işlər naziri Əhməd Əbul Qeyt respublikamızda səfərdə olub və Prezident İlham Əliyev tərəfindən qəbul edilib.

Eyni zamanda Azərbaycan ƏDL-də təmsil olunan dövlətlərlə ikitərəfli platformalarda münasibətlərini uğurla inkişaf etdirir. Liqada təmsil olunan bir sıra ölkələr beynəlxalq təşkilatlar çərçivəsində keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələrdə Azərbaycanın haqlı mövqeyini ardıcıl şəkildə dəstəkləyiblər və işğalçı Ermənistanla diplomatik münasibətlər qurmayıblar. Ərəb dövlətlərindən respublikamıza sərmayə qoyuluşu da artmaqdadır. Son vaxtlarda Səudiyyə Ərəbistanının, Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri ölkəmizdə bərpa olunan enerji sektorunda yeni layihələrin icrasına start veriblər. Ərəb dünyası ilə əməkdaşlıq perspektivlərinin geniş olduğuna diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Bu gün mən Sammitdə Qoşulmama Hərəkatının sədri kimi iştirak edirəm, lakin, eyni zamanda, bizim Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətlərimiz var. Əminəm ki, yaxın gələcəkdə də bizim əməkdaşlığımız genişlənəcək, yeni xarakter və yeni dinamika alacaq”.

Azərbaycanın beynəlxalq miqyasda İslam həmrəyliyinin möhkəmlənməsinə verdiyi töhfələr ƏDL-nın əhatə etdiyi geniş coğrafiyada yüksək dəyərləndirilir. Ölkəmiz ona nail olmaq istəyir ki, İslam ölkələri arasında hələ də yaşanan müəyyən fikir ayrılıqlarına son qoyulsun, ümumi güclü potensial inkişafa, insanların rifah halının yaxşılaşmasına yönəldilsin. “Azərbaycan da öz növbəsində bütün beynəlxalq forumlarda müsəlman qardaşlarımıza öz dəstəyini əsirgəməmişdir. Biz İslam həmrəyliyinə kifayət qədər töhfə vermişik. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Bu idman tədbiri həmrəylik və dostluq bayramına çevrilmişdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Azərbaycan beynəlxalq arenada mühüm rol oynayır

Özünün iqtisadi və siyasi müstəqilliyini təmin edən Azərbaycan, eyni zamanda regional və qlobal miqyasda cərəyan edən proseslərə təsir etmək imkanlarına malik ölkəyə çevrilib. Qısa müstəqillik tarixində respublikamızın əksər nüfuzlu beynəlxalq təşkilatların sırasında yer alması, BMT TŞ-nın qeyri-daimi üzvü seçilməsi son dərəcə böyük uğurlardır. Respublikamız son illərdə mötəbər beynəlxalq tədbirlərin, forumların, idman yarışlarının keçirildiyi məkana çevrilib. Bu, beynəlxalq ictimaiyyətin Azərbaycana olan inamının ifadəsidir. Əsas məqamlardan biri ondan ibarətdir ki, iqtisadi müstəqilliyini tam təmin edən ölkə olaraq Azərbaycanın xarici siyasət kursu hansısa beynəlxalq mərkəzlərin diqtəsi ilə deyil, Bakıda Prezident İlham Əliyevin iradəsi əsasında verilən qərarlarla müəyyənləşdirilib. Bu siyasi kursda milli maraqlarımızın qorunması və dolğun şəkildə təmin olunması qırmızı xətt kimi keçir.

Azərbaycan moderatoru olduğu bir sıra nəhəng enerji və nəqliyyat layihələrinin uğurla reallaşdırılması sayəsində geniş Avrasiya coğrafiyasında regional və qlobal əməkdaşlığın gözəl nümunəsini yaratmağa nail olub. Ölkəmiz müasir infrastruktur qurmaqla Avrasiyanın çox mühüm nəqliyyat habına çevrilib. Regionda əsas nəqliyyat dəhlizlərinin hamısı ölkəmizin ərazisindən keçir. Eyni zamanda respublikamız Avropa İttifaqı (Aİ) məkanının enerji təhlükəsizliyində vacib rol oynayır. Hazırda Azərbaycan enerji qıtlığı ilə üzləşən qoca qitə üçün yeni mənbə sayılır. Müasir nəql infrastrukturuna malik olması isə ölkəmizin üstünlüklərini daha da artırır. Ancaq Azərbaycan öz üstünlüklərindən heç bir halda sui-istifadə etmir və enerji amilini siyasi təzyiq vasitəsinə çevirmək barədə qətiyyən düşünmür.

Azərbaycanın qlobal əməkdaşlığa və təhlükəsizliyin təmin olunmasına verdiyi töhfələr ölkəmizin Qoşulmama Hərəkatına (QH) sədrlik missiyasını uğurla həyata keçirməsində də aydın şəkildə nəzərə çarpır. BMT-dən sonra ikinci böyük təşkilat olan QH tərkibində 120 dövləti birləşdirir. Bu təsisata sədrlik 2019-cu ildən respublikamıza həvalə edilib. Ölkəmizin QH-na sədrliyi COVID-19 pandemiyası dövrünə təsadüf edib. Azərbaycan pandemiyanın pik mərhələsində meydana çıxan çağırışlara uyğun olaraq beynəlxalq həmrəyliyin möhkəmləndirilməsi istiqamətində fəal iş apardı. Ölkəmizin təşəbbüsü əsasında Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn formatda Zirvə toplantısı keçirildi və ətraflı müzakirələr aparıldı.  Azərbaycan 2020-ci ilin dekabrında keçirilmiş və sırf COVID-19 ilə mübarizəyə həsr edilmiş BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasının təşəbbüskarı oldu. Eyni zamanda ölkəmiz pandemiya dövründə Ümumdünya Səhiyyə Təşkilatına və  80-dən çox ölkəyə maliyyə və humanitar yardımı göstərdi. Bütün bunlar hərəkat daxilində ölkəmizə inamı daha da möhkəmləndirib. Prezident İlham Əliyev öz çıxışında bu məqama xüsusi diqqət çəkib. “Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq arenada mühüm rol oynayır” deyən dövlətimizin başçısı vurğulayıb: “Bizim sədr­liyimiz bir daha yekdil qərarla 2023-cü ilin sonuna qədər uzadılmışdır. Biz bunu bir daha siyasətimizə verilən qiymətin əlaməti kimi görürük”.

Münaqişələrə yanaşmalarda ikili standart olmamalıdır

Prezident İlham Əliyev ƏDL-nın Zirvə tədbirindəki çıxışında bütün ərəb dünyası üçün aktual olan bir sıra hallarda beynəlxalq hüququn arxa plana keçirilməsindən də bəhs edib. Hazırda biz dünyanın ayrı-ayrı regionlarında baş qaldıran münaqişələrə beynəlxalq qurumların və güc mərkəzlərinin yanaşmasında ikili standartların geniş vüsət aldığının şahidi oluruq. Bir sıra hallarda münaqişələrə vaxt itirilmədən müdaxilə edilir və günahkarlar sərt şəkildə cəzalandırılırlar. Digər hallarda isə təcavüzkar dövlətlərə “gözün üstə qaşın var” deyilmir. Azərbaycan da belə ikili yanaşmadan əziyyət çəkən ölkədir. Aparıcı beynəlxalq qurumların qətnamələrinə və qərarlarına baxmayaraq Ermənistan üç onillik ərzində Azərbaycanın ərazisinin 20 faizini qanunsuz olaraq işğal altında saxlamaqda davam etmişdi. İşğal zamanı bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdi. Bizim insanlarımız etnik təmizləməyə məruz qalmışdılar. Ermənistan 1992-ci ildə hazırda ondan çox ölkə tərəfindən tanınan Xocalı soyqırımını törədib. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir, lakin bu qətnamələr heç vaxt icra olunmamışdır. Respublikamız bu sənədlərin icrasını öz gücünə təmin etdi. Prezident İlham Əliyevin bildirdiyi kimi, iki il əvvəl Azərbaycan Ermənistan tərəfindən torpaqlarımızın iyirmi faizinin, demək olar ki, otuz ilə yaxın davam edən işğalına son qoydu. Məhz ikili standartlar prizmasından yanaşmanın nəticəsidir ki, özünü cəzasızlıq mühitində hiss edən Ermənistanın işğalçılıq siyasəti 30 il davam etdi və bundan insanlar əziyyət çəkdilər. Münaqişələrə yanaşmada ikili standartları qətiyyətlə pisləyən Prezident İlham Əliyev “Bu, beynəlxalq hüququn norma və prinsiplərinə, ölkələrin öhdəliklərinə selektiv yanaşmadır. Buna görə də ədalətsizlikdən və işğaldan əziyyət çəkmiş bir ölkə kimi Azərbaycan münaqişələrə dair yanaşmaların birləşdirilməsi işinə töhfə vermək üçün aktiv şəkildə fəaliyyət göstərir. Bütün münaqişələrə eyni mövqedən yanaşmaq lazımdır. Münaqişələrə yanaşmalarda ikili standart olmamalıdır. İşğal işğal adlandırılmalıdır”, - deyə vurğulayıb.

Paylaş:
Baxılıb: 703 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31