Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Mehriban Əliyeva yeni qlobal çağırışa qoşuldu

Mehriban Əliyeva yeni qlobal çağırışa qoşuldu

15.11.2022 [10:12]

Səmərqənd Bəyannaməsi: Sıfır tullantı hədəfinə doğru

MÜBARİZ

Əsası 2009-cu ildə Naxçıvanda qoyulan Türk Dövlətləri Təşkilatı öz fəaliyyətində zamanın meydana çıxartdığı yeni çağırışları nəzərə alır. Müasir dünya üçün belə yeni çağırışlardan biri ekoloji problemlərlə bağlıdır. Noyabrın 11-də Səmərqənddə baş tutan Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində  “Ümumi evimiz olan Dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə” imzalanıb. Türkiyə Respublikasının təşəbbüsü ilə hazırlanan Bəyannaməni Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Macarıstanın Baş nazirinin xanımı Aniko Levai imzalayıblar.

Dünyada artan iqlim dəyişikliyi təhdidi

Dünyada Yer Kürəsi Gününün ilk dəfə qeyd olunduğu 1970-ci ildən bəri xeyli irəliləyiş əldə olunsa da, qlobal iqlim dəyişmələri ilə mübarizə istiqamətində hələ çox iş görülməlidir. BMT-nin baş katibi Antonio Quterreş həyəcan təbili çalaraq obrazlı şəkildə belə ifadə edib: “İqlim dəyişikliyi bizdən bərk qaçır”.

Dünyanın gələcəyini xilas etmək üçün ekoloji problemlər, iqlim dəyişikliyi daim nəzarətdə saxlanılmalı və ölkələrin, beynəlxalq qurumların əlaqələndirilmiş fəaliyyəti həyata keçirilməlidir. Səmərqənddə imzalanan Bəyannamədə Paris Sazişinə istinad olunub. Bu sənəd  Paris İqlim Konfransı zamanı hazırlanaraq  12 dekabr 2015-ci ildə konsensusla qəbul edilib və 22 aprel 2016-cı ildə imzalanıb. Razılaşmada  SO2 emissiyalarının zirvəsinə-”sıfır tullantı”ya ən qısa müddətdə çatmaq hədəfi qarşıya məqsəd kimi qoyulub. İştirakçı ölkələr elan olunmuş ümumi hədəfə çatmaq üçün verdikləri töhfələri fərdi qaydada müəyyənləşdirir və hər beş ildən bir yenidən nəzərdən keçirirlər. İstər milli hədəflərin elan edilməsi ilə əlaqədar, istərsə də onlara çatmaq öhdəliyini təmin etmək üçün heç bir icra mexanizmi nəzərdə tutulmayıb.

Hətta Paris Sazişinə əsasən götürülən öhdəliklər yerinə yetirilsə belə, qlobal temperatur bu əsr ərzində 3.4°C-ə qədər arta və insanları ekstremal yeni hava şəraitinə uyğunlaşmağa məcbur edə bilər. “İqlim dəyişmələrinin vəziyyəti” adlı beynəlxalq hesabatda göstərilir ki, iqlimlə əlaqəli fəlakətlərin vurduğu zərər artıq 320 milyard dolları ötüb. Həm də burada söhbət yalnız ətraf mühitə dəyən ziyandan getmir. Etiraf olunur ki, ekoloji problemlər bütün ölkələrdə insanların həyatına və rifah durumuna öz mənfi təsirlərini göstərir. Dünya Bankının “Yaxınlaşan tufan: İqlimlə əlaqəli daxili miqrasiya” adlı hesabatda qeyd olunub ki, iqlim dəyişmələri artıq dünyanın müxtəlif yerlərində miqrasiyaya təkan verən önəmli faktorlardan birinə çevrilib. Bütövlükdə ekoloji məsələlərin qlobal vəziyyətinə baxdıqda, iqlim dəyişmələri ilə bağlı təxirəsalınmaz tədbirlərin zəruriliyi getdikcə daha aydın dərk olunur.

Azərbaycanın məsuliyyəti

Azərbaycan ekoloji problemlərə həssas olan ölkələr sırasında yer alır. Respublikada şirin su ehtiyatları məhduddur. Bundan başqa, ölkə ərazisinin 43%-də torpaqların eroziyası, 20%-də isə şoranlaşma müşahidə olunur. Üç onillik ərzində davam edən işğal faktı da Azərbaycanın ekologiyasına ciddi ziyan vurub. Daha dəqiq ifadə etsək, ermənilər 30 il ərzində öz nəzarətlərində saxladıqları Azərbaycan ərazilərində təbiətin qənimi rolunda çıxış ediblər. Bunu təsdiqləyən çoxlu sənədlər, o cümlədən də “Azərkosmos”un təqdim etdiyi fotolar var. Bu fotolarda aydın şəkildə görünür ki, bəhs olunan ərazilərdə işğaladək və işğaldan sonra nə qədər sahə meşələrin altındadır. Verilən məlumatlara görə, ermənilər işğal dövründə 60 min hektara yaxın meşə fondunu məhv ediblər.

Transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalır. Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçayın suyu təmizlənmədən Azərbaycan ərazisinə yönləndirilir. Oxçuçayın suyu Araz çayına tökülür. Beləliklə, Arazın da suyu əhəmiyyətli dərəcədə çirklənməyə məruz qalır. Oxçuçaydan 2021-ci ildə götürülən su nümunələrində yüksək miqdarda ağır metal, xüsusən mis, molibden, manqan, dəmir, sink və xrom aşkar edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq hesabatlarına əsasən, çayda mis-molibden birləşməsinin miqdarı 2, dəmir 4 və nikel 7 dəfə normadan yüksək olub, çayın rəngi çirklənmə səbəbindən vaxtaşırı dəyişib.

Bu kimi ekoloji təhdidlərlə üzləşən Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını 1995-ci ildə ratifikasiya edib, həmçinin Paris Sazişinə qoşulub. Respublikamız 2000-ci ildə Çərçivə Konvensiyanın 1-ci Əlavəsinə daxil olmayan ölkə kimi Kioto Protokoluna qoşulub. Ölkəmiz Paris İqlim Sazişinə əsasən 2030-cu ilə qədər istixana effekti yaradan qazların emissiyasını 35%-ə qədər azaltmaq öhdəliyini üzərinə götürüb. Azərbaycan bu sənədlərə əsasən götürdüyü beynəlxalq öhdəlikləri çərçivəsində iqlim dəyişmələri ilə əlaqəli tendensiyaları və prosesləri milli məlumat və ikiillik yenilənmiş hesabatlarında mütəmadi olaraq təqdim edir. Azərbaycanın SOCAR şirkəti hasilatda səmt qazı emissiyalarını 2%-ə qədər azaltmağa nail olub. Qurum sıfır tullantı  hədəfinə nail olmaq istiqamətində geniş əhatə dairəsinə malik çalışmalar həyata keçirir.

Prezident İlham Əliyev 2 fevral 2021-ci il tarixində “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədini təsdiqləyib. Bəhs olunan sənədə əsasən 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələ üçün beş milli prioritet müəyyənləşdirilib. Onlardan biri də  təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi hədəfinə çatmaqdır. Sənəddə vurğulanır:  “Qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaqdır”.

Bu prioritet daxilində strateji dövrdə aşağıdakı iki məqsədin effektiv reallaşdırılmasına nail olunmalıdır:

- yüksək keyfiyyətli ekoloji mühit;

- yaşıl enerji məkanı.

Heydər Əliyev Fondunun töhfələri

Ölkəmizdə ekoloji problemlərin həllinə Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan və Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu sanballı töhfələr verir. Fondun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi aktual ekoloji problemlərin həlli, əhali arasında ictimai-ekoloji nəzarətin gücləndirilməsi məqsədilə “Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsində bütün ölkə üzrə genişmiqyaslı tədbirlər həyata keçirib. Eyni zamanda Heydər Əliyev Fondu “Hərəmiz bir ağac əkək” layihəsini uğurla reallaşdırıb. Fondun “Regional İnkişaf” ictimai birliyi tərəfindən Azərbaycanın bölgələrində çoxlu sayda meyvə bağları salınıb. Fondun təşəbbüsü ilə Xəzər sahillərində təmizlik aksiyalarının keçirilməsi artıq ənənəyə çevrilib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük Azərbaycan şairi Nəsiminin 650 illik yubileyi münasibətilə 650 min ağac əkilməsi təşəbbüsü ölkəmizdə ekologiyanın sağlamlaşdırılmasına sanballı töhfə oldu. Deyə bilərik ki, bu nəcib təşəbbüs ölkədə böyük rezonans doğurdu və Azərbaycan cəmiyyətinin bütün təbəqələrini əhatə etdi.

Sıfır tullantı yanaşması təbliğ olunacaq

Səmərqənddə Mehriban xanım Əliyevanın da imza atdığı Bəyannaməni qlobal miqyasda ekoloji problemlərin aradan qaldırılmasına yeni çağırış kimi dəyərləndirmək mümkündür. Bəyannamədə Paris Sazişindəki və Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyindəki hədəflərə nail olunması istiqamətində tükənən ehtiyatların səmərəli istifadəsinin təşviqi və təkrar istifadəsi, eləcə də tullantıların yaranmasının təkrar emal vasitəsilə azaldılması zərurəti qeyd edilir. Həmçinin tullantıların dayanıqlı idarə olunması ilə resursların səmərəliliyi və iqlim dəyişikliyi arasında güclü əlaqənin olduğu qəbul edilir. Bəyannamədə tullantıların dayanıqlı idarə olunması strategiyasının həyata keçirilməsinə sadiqlik ifadə olunur. Sənədə görə, dünyada sıfır tullantı yanaşmasının təbliğ olunacağı və qabaqcıl təcrübələrin paylaşılacağı vəd edilir. Bəyannamədə BMT-yə üzv dövlətlərə, vətəndaş cəmiyyətlərinə, özəl sektora və mediaya strategiya və yanaşmaları dairəvi iqtisadiyyata keçidin sürətləndirilməsinə, tullantıların iqlim dəyişikliyinə təsirinin azaldılmasına uyğunlaşdırmağa dair çağırış edilir.

Paylaş:
Baxılıb: 194 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xarici siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

07 Dekabr 10:10

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

06 Dekabr 12:28

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31