Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Sülh prosesinə əngəl olan kənar qüvvələr...

Sülh prosesinə əngəl olan kənar qüvvələr...

19.11.2022 [09:55]

Vardanyan Qarabağa Moskvadan xüsusi gündəliklə göndərilib

Mübariz ABDULLAYEV

Postmüharibə dövrünün əsas çağırışı sülh gündəliyi ilə bağlıdır. İndiki mərhələdə Azərbaycanla Ermənistan arasında münasibətlərin real müstəvidə nizamlanması və artıq təkan verilən sülhyaratma prosesinin məntiqi sonluqla tamamlanması strateji zərurət qismində çıxış edir. Məhz iki ölkə arasında beynəlxalq prinsiplər əsasında sülh sazişinin imzalanması ilə uzun illər ərzində Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkən regionda davamlı sabitliyi və təhlükəsizliyi təmin etmək mümkündür. Bəs sülhyaratma prosesinə maraqlı tərəflərin - Azərbaycanın və Ermənistanın, eləcə də vasitəçi qismində çıxış etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların yanaşması necədir?

Qalib Azərbaycanın manipulyasiyalardan uzaq sülh istəyi

Müharibənin qalib tərəfi olan Azərbaycan sülhyaratma prosesini sürətləndirmək və bu prosesə real töhfələr vermək niyyətindədir. Dövlətimizin başçısı ölkəmizin sülh prosesinə yanaşmasına noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edərkən xüsusi diqqət çəkib. Azərbaycanın mövqeyi səmimidir, qərəzsizdir, manipulyasiyalardan tamam uzaqdır. Postmüharibə dövründə məhz Azərbaycan ilk olaraq sülh sazişinin imzalanması, sərhədlərin müəyyənləşdirilməsi və sərhəd komissiyalarının yaradılması kimi təkliflərlə çıxış edib. Prezident İlham Əliyev respublikamızın indiyədək beş bənddən ibarət sülh paketi hazırlayaraq qarşı tərəfə təqdim etdiyini xatırladıb. Beynəlxalq normalar əsasında hazırlanan bu sənəd iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün baza kimi götürülə bilər. Sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalı və sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır. Ölkəmizin sülh gündəliyi Prezident İlham Əliyev tərəfindən Moskvada, Soçidə, Brüsseldə, Praqada və digər məkanlarda dəfələrlə aydın şəkildə müxtəlif auditoriyaların diqqətinə çatdırılıb. Elə bu günlərdə dövlətimizin başçısı iki ölkə arasında sülhyaratma prosesi ətrafında ABŞ-ın dövlət katibi Blinken ilə müzakirələr aparıb. Vurğulandığı kimi, bizim iki yolumuz olmalıdır: Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması prosesi və həmçinin hüquqlar və təhlükəsizlik baxımından Azərbaycanda, Qarabağda erməni azlığına aid məsələlər. Azərbaycan qətiyyətlə o baxış bucağını ortaya qoyur ki, bu iki məsələ sülh prosesində əsla bir-birinə qarışdırılmamalıdır. Çünki bunlar tamam fərqli yanaşmalar və hüquqi-siyasi çərçivələrdir. “Bizim mövqe çox aydındır. Bu, dəfələrlə ictimaiyyət qarşısında, o cümlədən mənim Avropa Komissiyasının rəhbərliyi və normallaşma prosesində iştirak etmiş, hazırda iştirak edən ölkələrin, yəni, Birləşmiş Ştatların və Rusiyanın liderləri ilə kontaktlarım zamanı qeyd olunub”, - deyə Prezident İlham Əliyev bildirib.

Ermənistanın anlamında sülhün nə olduğu başa düşülmür

Qalib Azərbaycanın postmüharibə mərhələsində sülh prosesinə sadiq qalmasına rəğmən, məğlub Ermənistan barəsində bunu demək mümkün deyil. Biz müşahidə edirik: Ermənistanın baş naziri Nikol Paşinyan vasitəçilərin iştirakı ilə müxtəlif məkanlarda baş tutan görüşlərdə Azərbaycanın təqdim etdiyi beş bəndlik sənədin müddəalarını qəbul etdiyini bildirirdi. Son günlərdə isə qarşı tərəfin verdiyi vədlərin üstündə dayanmadığı açıq-aşkar hiss olunur. Belə ki, N.Paşinyan növbəti manipulyasiyaya əl ataraq ölkəsinin sülh prosesinin irəliləməsi üçün hansısa sənəd hazırladığını iddia edir. Ermənistan liderinin hökumətin iclaslarında və parlamentdə səsləndirdiyi açıqlamalardan bəlli olur ki, onun haqqında danışdığı “sənəd”də beynəlxalq prinsiplərlə bir araya sığmayan absurd müddəalar yer alıb. Əgər bu ölkə sülh istəyirsə, onda çox təhlükəli ritorikadan əl çəkməlidir. Bu yaxınlarda Ermənistan rəsmiləri Azərbaycanı İŞİD və “Əl-Qaidə” ilə müqayisə ediblər. Halbuki məhz Ermənistanın özü İŞİD və “Əl-Qaidə” kimi hərəkətlərə yol verib. Avropa İttifaqının səfirləri azad edilmiş ərazilərə baş çəkiblər. Ermənilər işğal dövründə bu ərazilərdə tarixi və dini irsə İŞİD və “Əl-Qaidə”nin eynilə etdiyi kimi yanaşmışlar. Azərbaycanlılar yox, məhz ermənilər çoxsaylı terror aktları, soyqırımları törədiblər. Məğlub Ermənistan regionda vəziyyətin yenidən müharibə həddinədək gərginləşməsinə səbəb ola biləcək manipulyasiyalara son qoymalıdır. Nə üçün Ermənistan lideri vasitəçilərin iştirakı ilə keçirilən görüşlərdə bir söz deyir, daxili auditoriya qarşısına çıxdıqda isə xüsusi ritorikalarla danışmağa üstünlük verir? Belə görünür ki, 30 il regionda təhlükəsizliyə ciddi təhdidlər yaradan Ermənistanın xislətində heç nə dəyişməyib və müharibədəki acınacaqlı məğlubiyyət bu ölkəyə dərs olmayıb. Prezident İlham Əliyev qonaqlara Ermənistanın müharibədən əvvəlki dövrdə sülh “istəyini” xatırladaraq deyib: “Siz Ermənistana səfərinizi və orada Ermənistan rəhbərliyindən sülh mesajı aldığınızı qeyd etdiniz. Biz işğalın davam etdiyi bütün illər ərzində bu mesajları eşitmişik. Lakin onlar səmimi deyildi. Biz də sülh arzulayırdıq, lakin torpaqlarımızı geri istəyirdik. Onlar isə torpaqları geri qaytarmadan sülh istəyirdilər. Fərq bunda idi. Beləliklə, biz münaqişəni güc yolu ilə, daha sonra isə siyasi vasitələrlə həll etməli olduq. Mən bu gün onların sülh haqqında danışmasını bir növ manipulyasiya hesab edirəm. Çünki onlar, həqiqətən, sülh arzulayırdılarsa, bizim təklifimizə cavab verərdilər”.

Otuz ili əhatə edən işğalçılıq siyasəti Ermənistana yaxşı heç nə vermədi-ölkə bütün investisiya cəlbediciliyini itirdi və dalana çevrildi. Bəs burada indi nəyi gözləyirlər və nəyə ümid bəslənilir? Sülh prosesini ləngitməyin acı nəticələrini ilk növbədə Ermənistan öz üzərində hiss edəcək. Bununla bağlı qarşı tərəfə sərt mesajlarını çatdıran Prezident İlham Əliyev vurğulayıb: “Ermənistandan gələn bəyanatlar çox ziddiyyətlidir. Onlar bizim ərazimizi və suverenliyimizi tanıdıqlarını söyləyirlər. Onlar bunu nəinki deyir, o cümlədən Praqada və Soçidə bunun altında imza da atırlar. Bu, bütün ərazimizin suverenliyi deməkdir. Hamımız suverenliyin nə olduğunu anlayırıq. Eyni zamanda onlar Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyirlər. Bu, olmayacaq. Bu, mümkün deyil. Biz buna razılıq verməyəcəyik. Buna görə bizə Ermənistan hökumətinin öz gündəliyi ilə bağlı tam aydın mövqeyi lazımdır. Mən bu yaxınlarda dedim ki, əgər onlar sülh istəsələr, biz də sülh istəyəcəyik. Əgər onlar sülh istəmirlərsə, onda bu, onların seçimidir. Otuz il bizdə sülh olmayıb və bunun sonunun necə olduğunu Ermənistan yaddan çıxarmamalıdır”.

“Vardanyan layihəsi” həyata keçməyəcək

Son Brüssel və Soçi görüşləri yaxın perspektivdə iki ölkə arasında sülh sazişinin imzalanacağına müəyyən ümidlər yaratmışdı. Ancaq Ermənistandan gələn ziddiyyətli siqnallar ondan xəbər verir ki, məğlub ölkə sülh quruculuğunda iştirak etmək istəmir, əksinə prosesləri ləngitməyə və vaxt qazanmağa çalışır. Burada günah yalnız Ermənistanın üzərinə düşmür. Biz bir sıra hallarda müşahidə edirik ki, proseslərə qatılmaq istəyən bəzi ölkələr və beynəlxalq təşkilatlar əslində odun üstünə yağ tökməklə məşğuldurlar və hər vəchlə çalışırlar ki, sülh prosesi dalana dirənsin. Qeyd etiyimiz kimi, Ermənistan hökuməti müəyyən mərhələdə sülhə doğru real addımlar atmaq istəyi nümayiş etdirirdi. Məhz niyyəti qara olan “vasitəçilərin” Ermənistana ötürdükləri təhrikedici siqnallardan sonra Ermənistan geriyə dönüş edir. Üçtərəfli Bəyanatda, Brüsseldə, Soçidə və Praqada imzalanan sənədlərdə “Dağlıq Qarabağ”, “status” ifadələri işlədilməyib. Prezident İlham Əliyev Soçidə Rusiya Prezidenti ilə baş tutan ikitərəfli görüşdə bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb və bununla bağlı müzakirə olunası bir məsələ yoxdur. Bədnam vasitəçilər isə sanki öz missiyalarını ölünü diriltməyə cəhd göstərməkdə görürlər. Zamanında bir milyon azərbaycanlı qaçqının, məcburi köçkünün taleyi ilə əsla maraqlanmayan həmin başabəla “vasitəçilər” indi özlərini Qarabağdakı azsaylı ermənilərin hüquqlarının təmin olunmasının qeydinə qalan kimi göstərirlər. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdırlar. Ölkəmizdə yaşayan bütün xalqlar kimi, onların da hüquqlarının qorunmasına Konstitusiyamız təminatlar yaradır. Azərbaycan Qarabağdakı erməni toplumunun hüquqlarının qorunmasına təminatlar verdiyini dəfələrlə ən yüksək səviyyədə bəyan edib. Burada vasitəçilərin yalançı təəssübkeşlik nümayiş etdirmələrinə heç bir lüzum yoxdur. Azərbaycan Qarabağda yaşayan ermənilərlə inteqrasiya proseslərinə, söhbətlərə başlanılmasının tərəfdarıdır. Ancaq burada üçüncü qüvvələrin iştirakına lüzum yoxdur. Azərbaycan daxili məsələlərini xarici güclərlə müzakirəyə çıxartmaq variantını tam istisna edir. Son vaxtlarda Xankəndidə Vardanyan soyadlı iş adamı peyda olub. Bundan əvvəl şübhəli biznes fəaliyyəti ilə məşğul olduğu bildirilən Vardanyan Qarabağa Moskvadan gəlib. İndi o özündən böyük iddialar səsləndirir. Açıq-aydın hiss olunur ki, bu şəxs Xankəndiyə xüsusi bir missiya ilə göndərilib. Onun iştirakı ilə hansısa bir layihənin həyata keçirilməsinə cəhd göstəriləcəyi istisna olunmur. Deyə bilərik ki, Vardanyanın zührü, önu dəstəkləyən bəyanatların eşidilməsi irəliləməkdə olan sülh prosesində geridönmələrə rəvac verib. Özlüyündə Vardanyan sadəcə bir fiqurdur. Vardanyanı Moskvadan Xankədiyə göndərən qüvvələr bir şeyi yəqin etməlidirlər ki, onların öz mətbəxlərində hazırladıqları layihə gerçəkləşməyəcək. Prezident İlham Əliyev Azərbaycanın Vardanyanla hansısa bir masa arxasında oturmasının mümkünsüz olduğunu birmənalı şəkildə diqqətə çatdırıb. Ermənistana və “Vardanyan layihəsi”nin arxasında dayananlara sərt mesajlarını ünvanlayan dövlətimizin başçısı vurğulayıb: “Hesab edirəm, vacib odur ki, Ermənistan, əslində, istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Biz buna hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb. Əgər elə indicə qeyd etdiyim bəzi ölkələrdən, yəni, kənardan müdaxilə olmasa və həmin prosesi dayandırmaq cəhdləri edilməsə, onda hesab edirəm ki, proses daha dinamik gedə bilərdi”.

Burada suallar yaradan digər bir vacib məqam Rusiya sülhməramlılarının əcnəbi vətəndaşları müvəqqəti nəzarət etdikləri ərazilərimizə buraxmalarıdır. “Yeni Azərbaycan” qəzeti olaraq biz Rusiya sülhməramlılarının təchizatının haradan həyata keçirildiyi məsələsini gündəmə gətirdik. Mövqeyimiz belədir ki, bu təchizat Ermənistandan yox, Azərbaycan üzərindən həyata keçirilməlidir. Moskvada yaşayıb mənbəyi bilinməyən vəsaitlər qazanan Vardanyanın Xankəndinə buraxılması və burada onun sülh prosesi ilə bir araya sığmayan bəyanatlar səsləndirməsinə imkan verilməsi yenə də Rusiya sülhməramlılarının öz vəzifələrini yerinə yetirərkən məsuliyyətli davranmamalarını ortaya qoyur. Belə hallara birmənalı şəkildə son qoyulmalıdır. Əks təqdirdə Azərbaycanın Laçın dəhlizinə nəzarəti öz üzərinə götürməsi qaçılmaz zərurətə çevriləcək.

Paylaş:
Baxılıb: 199 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xarici siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30