Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Türk milli kimliyinə əsaslanan sarsılmaz qardaşlıq!

Türk milli kimliyinə əsaslanan sarsılmaz qardaşlıq!

16.12.2022 [10:14]

İlham Əliyev: Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır

Mübariz ABDULLAYEV

Xəzər-Qara dəniz hövzələri coğrafiyasında Türk milli-mənəvi kimliyi əsasında yeni siyasi-iqtisadi konfiqurasiyanın formalaşması məmnunluq doğurur. Türk Dövlətləri Təşkilatının fəaliyyətinin genişlənməsi ilə paralel şəkildə, həm də regionda yerləşən Türkdilli ölkələr arasında ikitərəfli və üçtərəfli formatlarda sıx təmaslar qurulur. Bu baxımdan dekabrın 14-də Türkmənbaşıda Azərbaycan, Türkiyə və Türkmənistanın dövlət başçılarının Birinci Zirvə Görüşü tarixi əhəmiyyətə malikdir. 2022-ci ildə Azərbaycanın Türkiyə və Türkmənistan ilə diplomatik münasibətlərinin qurulmasının 30 illiyi qeyd olunur. Ötən illər ərzində ölkələrimiz arasında çoxvektorlu münasibətlər inkişaf edərək yüksək səviyyəyə çatıb. Təbii ki, bunun əsasında bir sıra mühüm amillər, o cümlədən xalqlarımızın eyni tarixi köklərə, oxşar mədəniyyətlərə, mənəvi dəyərlərə malik olmaları dayanır. Müqəddəs İslam dini üç ölkəni bir araya gətirən fundamental amillərdən biridir. Tarixi-mənəvi bağlılıq müasir dönəmdə üç ölkə arasında əlaqələri səmimi edir və münasibətlərin daha da möhkəmlənməsində mühüm rol oynayır. Türkmənbaşıda uğurla keçən Zirvə görüşündən gözləntilər də kifayət qədər böyükdür. Üç dost, qardaş dövlətin prezidentləri bir araya gəlməklə münasibətlərin dərinləşməsinə güclü siyasi iradə göstərdiklərini bütün dünyaya nümayiş etdirdilər. Sammitdə prezidentlərin təsdiqlədikləri kimi, əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur.

Qarşılıqlı ticarət dövriyyəsində rekord artım

Azərbaycan, Türkiyə və Türkmənistan böyük iqtisadi potensiala malik olan dövlətlərdirlər. Coğrafi yerləşmə bu üç ölkə arasında iqtisadi inteqrasiyanın yüksək dinamika ilə dərinləşməsinə güclü təkan verir. Ötən illər ərzində bərqərar olan siyasi dialoqun yüksək dinamizminə uyğun olaraq respublikamızın həm Türkiyə, həm də Türkmənistanla iqtisadi əlaqələri də daim genişlənir. Qardaş ölkələr olan Azərbaycan və Türkiyə qarşıya 2023-cü ilədək ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaqla bağlı real hədəf qoyublar. Bu gün Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlığın dərinləşməsində 2019-cu ildə imzalanmış Preferensial Ticarət Sazişi mühüm yer tutur. Məlumat üçün bildirək ki, Türkiyə şirkətləri Azərbaycanda indiyədək 400-dən çox layihə həyata keçiriblər. Azərbaycanlı iş adamları da qardaş ölkədə yüksək fəallıq nümayiş etdirirlər. Hazırda Türkiyədə Azərbaycan kapitallı 2 minə yaxın şirkət fəaliyyət göstərir. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün zamanında söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvəyə yüksəlib. Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından da mühüm əhəmiyyət daşıyır. Qürurverici haldır ki, postmüharibə dövründə Türkiyə şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında, burada infrastruktur layihələrinin icrasında yaxından iştirak edirlər. 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatıb. İndiyədək respublikamızdan qardaş ölkənin iqtisadiyyatına təxminən 20 milyard dollar, Türkiyədən Azərbaycana isə 14 milyard dollara yaxın sərmayə yönəldilib.

Azərbaycanla Türkmənistan arasında da əməkdaşlıq çoxşaxəlidir. Hər iki dövlət BMT, İKT, MDB və digər beynəlxalq qurumlar çərçivəsində bir qayda olaraq konstruktiv mövqe nümayiş etdirirlər və müxtəlif məsələlərdə bir-birlərinə dəstək verirlər. Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycan Türkmənistanın bitərəflik statusunu dəstəkləyən ilk ölkələrdən biridir. 2017-ci ildə iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” adlanan bu sənəd iki ölkə arasında əməkdaşlığın daha geniş perspektivi barədə konkret təsəvvür yaradır. Bəhs olunan Bəyannamədə gələcək birgə fəaliyyətin əsas istiqamətləri müəyyən edilib. Sənəddə siyasi, iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat, energetika, təhlükəsizlik məsələləri öz əksini tapıb. Bəyannamədə hər iki tərəf bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına qətiyyətli dəstək nümayiş etdirib. 21 yanvar 2021-ci il tarixində Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb və bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib. Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı yataq zəngin neft-qaz ehtiyatlarına malikdir. Sonradan rəmzi olaraq “Dostluq” adı verilən bu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Yataq keçmiş SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. İmzalanan sənədə əsasən “Dostluq” yatağının ehtiyatlarının birgə işlənməsi təmin ediləcək. Qardaş Türkiyə də bu layihəyə niyyətini ifadə edib. Azərbaycanla Türkmənistan arasında qarşılıqlı ticarət dövriyyəsi 2022-ci ilin əvvəlindən 5 dəfə artaraq rekord səviyyəyə yüksəlib.

Nəqliyyat-logistika sahəsində əməkdaşlıq

Azərbaycan Prezidenti geniş tərkibli görüşdə üçtərəfli əməkdaşlığın mühüm bir istiqamətinə - nəqliyyat-logistika sahəsinə xüsusi diqqət çəkib. Mövcud geosiyasi reallıqlar fonunda nəqliyyat-logistika sahəsi böyük aktuallıq daşıyır. Geniş Avrasiya coğrafiyasında ölkələr və şirkətlər yüklərin daha təhlükəsiz marşrutlarla daşınmasına çalışırlar. Belə bir şəraitdə Xəzər sahillərində yerləşən Azərbaycan və Türkmənistanın, eləcə də Qara dənizdə təhlükəsiz limanlara malik olan Türkiyənin cəlbediciliyi artıb. Regionda Azərbaycanın və Türkiyənin sıx əməkdaşlığı şəraitində inşa olunan boru kəmərləri ilə Türkmənistanın zəngin enerji resurslarını Avropaya nəql etmək mümkündür. Eyni zamanda, üç ölkədən keçən təhlükəsiz marşrutlarla böyük həcmlərdə yük daşımalarını həyata keçirmək imkanı var. Mərkəzi Asiyada Türkmənistanın qəbul etdiyi yükləri Transxəzər marşrutu (Orta Dəhliz) ilə Azərbaycana çatdırmaq mümkündür. Respublikamızın ərazisində Transxəzər marşrutu optimal infrastrukturla Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinə inteqrasiya olunub.  2017-ci ildə Azərbaycan və Türkiyə prezidentləri Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını ediblər. BTQ Asiya ilə Avropa arasında ən qısa marşrutdur. Bu layihəyə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq. Prezident İlham Əliyev nəqliyyat-logistika sahəsində üç ölkə arasında formalaşan əməkdaşlığı yüksək dəyərləndirərək vurğulayıb: “Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır.

Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir”.

Azərbaycanın əvəzsiz rolu

İndiki geosiyasi reallıqlar fonunda Avrasiyada formalaşan yeni nəqliyyat habında Azərbaycanın rolu əvəzsisdir. “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Ölkəmiz həm təhlükəsizlik, həm də infrastrukur təminatı baxımından kifayət qədər cəlbedici məkandır. Respublikamızın liderlik keyfiyyətləri nümayiş etdirərək Xəzər sahillərində yaratdığı Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur. Keçən il Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonasının təməli qoyuldu və orada artıq ilk rezidentlər yerləşir. Dövlətimizin başçısı Türkiyədən və Türkmənistandan olan şirkətləri də bu Zonanın imkanlarından faydalanmağa dəvət edib. Eyni zamanda, Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. 2013-cü ildə istismara verilmiş Bakı gəmiqayırma zavodu hazırda tam gücü ilə işləyir. Bu zavodda istənilən növ gəmiləri inşa etmək mümkündür. Azərbaycan, həmçinin Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin ölkəmizin ərazisindən keçən hissələri boyunca dəmir və avtomobil yolları seqmentləri üzrə infrastrukturun keyfiyyət göstəricilərini ən yüksək səviyyəyə çatdırmağa nail olub. Avrasiyanın əsas tranzit məkanlarından birinə çevrilməyi hədəfləyən Azərbaycan, həmçinin güclü hava nəqliyyatı donanmasına malikdir. Bütün bu kimi amillərə görədir ki, ölkələr və şirkətlər yüklərinin Azərbaycan üzərindən daşınmasına üstünlük verirlər. 2022-ci ilin 10 ayında ölkəmizin ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artıb.

İmzalanan sənədlər

Üç ölkənin prezidentlərinin Birinci Zirvə görüşü çərçivəsində Birgə Bəyanat qəbul edilib. Tədbir çərçivəsində, həmçinin çoxsaylı sənədlər imzalanıb. Bunlar aşağıdakılardır:  “Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş”, “2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı”, “Gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair Hökumətlərarası Memorandum”, “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”, “Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”.

Sənədləri hər üç ölkənin yüksək səviyyəli rəsmiləri imzalayıblar. Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü ilə bağlı Bəyanat yayıb. TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyevin imzası ilə yayılan Bəyanatda oxuyuruq: “Azərbaycan, Türkiyə və Türkmənistan liderləri arasında əldə olunan razılaşmalar və ticarət, mədəniyyət, enerji, nəqliyyat kimi sahələrdə imzalanan müxtəlif sənədlər, şübhəsiz ki, TDT çərçivəsində hərtərəfli əməkdaşlığımızın daha da möhkəmlənməsinə və qarşılıqlı fəaliyyətin artırılmasına öz töhfəsini verəcək”.

Paylaş:
Baxılıb: 433 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31