Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanın dəyişməz, qətiyyətli mövqeyi

Azərbaycanın dəyişməz, qətiyyətli mövqeyi

28.12.2022 [10:10]

Heç kim bizə təsir göstərə bilməz!

İlham Əliyev: Zənglər ola bilər, hansısa bəyanatlar ola bilər, onlara əhəmiyyət vermək lazım deyil. Sadəcə olaraq, siyasi nəzakət naminə biz bu zənglərə cavab veririk

Mübariz ABDULLAYEV 

Tarixi ərazilərin itirilməsi, dədə-baba torpaqlarından deportasiyalar, qətliamlar, soyqırımları, mədəni irsin dağıdılması və yaxud mənimsənilməsi... Bunlar XX yüzillikdə azərbaycanlıların üzləşdikləri faciələrin tam olmayan siyahısını təşkil edir. Xalqımızın başına gətirilən müsibətlərin ssenariləri eyni məkrli mərkəzlərdə hazırlanaraq xüsusi qəddarlıqla həyata keçirilib. Ünvan da bəllidir. XX yüzillikdə yaşadığımız faciələr Cənubi Qafqazda heç vaxt dövləti olmayan, buraya sonradan məqsədli şəkildə köçürülən ermənilər və onların xaricdəki havadarları tərəfindən törədilib. Ancaq üzləşdiyimiz haqsızlıqların miqyası nə qədər böyük olsa da, xalqımız özündə toparlanmağa güc tapıb və daim mübarizə əzmi nümayiş etdirib.

Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdəki nitqində Azərbaycan xalqının belə yüksək mənəvi dəyərlərə malik olmasına xüsusi diqqət çəkərək bildirib: “Görün, təkcə XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşmişdir. Ancaq sınmadı, əyilmədi, inamını itirmədi, güc topladı və nəticədə, istədiyinə nail oldu. İki il bundan əvvəl biz öz tarixi missiyamızı şərəflə yerinə yetirərək ədaləti bərpa etdik, düşmənləri torpaqlarımızdan qovduq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. Bu gün azad edilmiş torpaqlarda yaşayırıq, qururuq, yaradırıq, dağıntıları aradan qaldırırıq və dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri törədən sizin sevimli erməni xalqıdır”.

Xüsusi himayə edilən ermənilərin bitib-tükənməyən müharibə cinayətləri

Azərbaycan özlərini hər yerdə “mədəni xalq” kimi təqdim edən ermənilərin üç onilliyi əhatə edən işğal dövründə nəzarətlərində saxladıqları Azərbaycan ərazilərində törətdikləri vandalizm əməllərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdan ötrü məqsədyönlü fəaliyyət həyata keçirir. Müharibənin başa çatmasından sonra ötən iki ildə işğaldan azad olunmuş ərazilərə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun, beynəlxalq təşkilatların təmsilçilərinin, transmilli mediada çalışan jurnalistlərin çoxsaylı səfərləri təşkil edilib. Qonaqlar ermənilərin torpaqlarımızda törətdikləri dağıntıların, tarixi dini-mədəni irsimizə, ekologiyamıza vurduqları ölçüyəgəlməz ziyanın canlı şahidləri olublar. Tarixi mədəni-dini abidələrimizin dağıdılmasına dair çoxsaylı foto və video sübutlar var. Ermənilər məscidlərimizdə donuz, inək saxlayıblar. Azad etdiyimiz ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb. Bir vaxtlar dağlıq və aran Qarabağın ən abad yaşayış məntəqələrindən biri kimi inkişaf edən Ağdam indi xarabalıqları xatırladır. Oxşar ürəkağrıdan vəziyyəti Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda da görmək mümkündür. İşğal illərində erməni vandalları 10 min kvadratkilometrdən çox ərazidə daşı-daş üstə qoymayıblar.

Ermənistanın silahlı birləşmələri həm Birinci, həm də İkinci Qarabağ müharibəsini, necə deyərlər, özlərisayağı aparıblar. Onlar döyüşlərdəki məğlubiyyətlərinin əvəzini, bir qayda olaraq, silahları mülki şəxslərə, yaşayış məntəqələrinə tuşlamaqla çıxmağa çalışıblar. Bu yolla onlar hələ Birinci Qarabağ müharibəsi zamanı Ağdaban, Qaradağlı, Başlıbel kimi faciələr törədiblər.  1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmiş və burada soyqırımı törətmişlər.

İkinci Qarabağ müharibəsində eyni ssenari təkrarlandı. 44 günlük müharibənin əvvəlindən Müzəffər Azərbaycan Ordusunun gücü qarşısında tab gətirə bilməyəcəklərini başa düşən erməni hərbi birləşmələri keçmiş təmas xəttindən uzaqda yerləşən əraziyə, Bərdəyə və digər yaşayış məntəqələrimizə mərmilər atdılar. Yenə də heç bir günahı olmayan uşaqlar, qadınlar, yaşlı insanlar həyatlarını itirdilər və yaxud yaralandılar.

Ərazilərin minalanması Ermənistanın müharibə cinayətlərinin növbəti səhifəsidir. Ermənistanda Azərbaycanafobiya o qədər güclüdür ki, bu ölkənin hərbi birləşmələri hətta postmüharibə mərhələsində də xalqımıza qarşı mina terrorunu davam etdirirlər. Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərində 2021-ci ildə Ermənistanda istehsal olunan minaların aşkarlanması bunu əyani şəkildə təsdiqləyir.

XX yüzillikdə bəlli ssenarilər üzrə Ermənistan adlanan dövlət yaradılan Qərbi Azərbaycanda da dünyada özlərinin “mədəni xalq” obrazını yaratmaq üçün dəridən-qabıqdan çıxan ermənilərin belə mənfur izlərinə rast gəlmək mümkündür. Artıq təkzibolunmaz faktlarla sübut olunub ki, erməni arxeoloqları illər boyu Qərbi Azərbaycanda xüsusi ekspedisiyalar təşkil edərək yerin altında xaçkarlar və digər saxta erməni mədəni irs nümunələri axtarışına illərlə vaxt sərf ediblər. Əslində isə belə abidələr yerli-dibli olmayıb. Arxeoloqların axtarışları sadəcə Qərbi Azərbaycanda saxta erməni tarixinin formalaşdırılmasına xidmət edib. Məqsədli şəkildə yerin altına basdırılan xaçkarlar arxeoloqlar tərəfindən üzə çıxarılır və bundan bir şou düzəldilir. Xaricdəki havadarları isə belə saxta sübutları təqdim etməklə ermənilərin Qərbi Azərbaycanda aborigen xalq olduqlarının piarını aparırlar. “Bu cinayətləri hansısa yad planetdən gələnlər yox, sizin sevimli və himayəniz altında olan erməni xalqı törədib, məscidləri dağıdıb, tarixi abidələri dağıdıb, qəbirləri dağıdıb, olmazın vəhşiliklər edib. Eynisini onlar Qərbi Azərbaycanda da ediblər. Sadəcə olaraq dünya ictimaiyyəti bunu görmür, ya da ki, görmək istəmir. Necə ki, Qarabağda erməni vəhşilikləri faktiki olaraq heç kim tərəfindən təsdiqlənmirdi. Halbuki iki dəfə ATƏT-in faktaraşdırıcı missiyası o vaxt işğal altında olan torpaqlara göndərilmişdi. Ancaq onların məruzəsinə baxdıqda, yenə də ikili standartlar görürük”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

İşğalçı ilə işğala məruz qalanın eyni bir müstəviyə qoyulması

Biz işğal dövründə Qərbi Azərbaycanda yaradılan saxta Ermənistan dövlətinin dünyada havadarları tərəfindən necə güclü şəkildə dəstəkləndiyinin şahidi olduq. İşğalçı Ermənistan üç onillik ərzində daim sülh danışıqlarında qeyri-konstruktivlik nümayiş etdirir, əsassız beynəlxalq hüquq normaları ilə bir araya sığmayan tələblər irəli sürür və daim keçmiş təmas xətti boyunca təxribatlara əl atırdı. Bu kimi davranışlarla Ermənistan, əslində işğal nəticəsində yaranan keçmiş status kvonu sonsuzluğadək uzatmağa çalışırdı. Məhz bu səbəbə görə də 28 il davam edən danışıqlar prosesi heç bir səmərə vermirdi. Nəticə faktiki olaraq sıfır idi. BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə, xüsusilə, BMT Təhlükəsizlik Şurasının, demək olar ki, 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə baxmayaraq, Ermənistanın mövqeyində hansısa bir dəyişiklik baş vermirdi. Bunun yeganə səbəbi isə işğalçılıq siyasətini dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistanın beynəlxalq hüquq normaları çərçivəsində cəzalandırılmaması idi. Azərbaycanın təcavüzkarın cilovlanması, ona qarşı sanksiyaların tətbiq edilməsi çağırışları cavabsız qalırdı. Sanki beynəlxalq ictimaiyyət  Azərbaycan xalqının humanitar fəlakətinə müəyyən mənada göz yummağa qərar vermişdi. Prezident

İlham Əliyev təəssüf doğuran mənzərəni belə təsvir edib: “Bir tərəfdən, o vəhşilikləri, dağıntıları, qanunsuz məskunlaşmanı etiraf etməyə məcbur oldular, digər tərəfdən yenə də balanslı yanaşaraq işğalçı ilə işğala məruz qalanı necə deyərlər, bir müstəviyə qoydular. Ona görə Qərbi Azərbaycanda ermənilər tərəfindən törədilmiş dağıntılar mütləq dünya ictimaiyyətinə çatdırılmalıdır. Əminəm ki, Qərbi Azərbaycan İcması Azərbaycan dövlətinin dəstəyi ilə bunu edəcək”.

Laçın yolu ilə bağlı növbəti anti-Azərbaycan isterikası

Müharibə iki ildir ki, başa çatıb. Gözləmək olardı ki, havadarları, nəhayət, düz yola gəlib Ermənistan rəsmilərinin başına ağıl qoyacaq, onları qalib Azərbaycanla sülh müqaviləsi imzalamağa, sərhədlərin delimitasiya və demarkasiyasını həyata keçirməyə sövq edəcəklər. Məhz bu yolla bölgədə müharibə səhifəsini bağlamaq və əməkdaşlığa, sabitliyə və təhlükəsizliyə yol açmaq mümkündür. Ancaq Ermənistanın havadarlarından bu jestləri görmürük. Sirr deyil ki, Qərbdə Ermənistana ən çox havadarlıq edən ölkə məhz Fransadır. Bu ölkənin sabiq və hazırkı rəhbərləri Ermənistanın və Fransanın bir-birlərinə bacı dövlətlər olduqlarını bildirirlər. Əlbəttə, onlar aralarındakı münasibətləri qardaşlıq kimi də dəyərləndirə bilərdilər, ancaq nəyə görəsə “bacı-bacı” ifadəsini seçiblər. Fransa Prezidenti Emmanuel Makron daim bacı Ermənistanın halına ağlayır. Sonradan onun özü etiraf etdi ki, müharibə dövründə Ermənistan liderinə çoxsaylı mesajlar yazıb, incik bacı isə onun mesajlarına cavab verməyib və yaxud “xala xətrin qalmasın” cavabları verib. Hər halda “mesaj yazmaq diplomatiyası” dövlət idarəçiliyində bir nonsesdir və Fransa kimi ənənələri olan ölkə üçün başucalığı gətirməyən faktdır. O da faktdır ki, Fransa və onun prezidenti müharibə dövründə daim ağa qara deməklə məşğul idi və həmişə yalanlar danışır, hətta haqq işi uğrunda mübarizə aparan Azərbaycanın ünvanına böhtanlar yağdırmaqdan belə çəkinmirdi. O, tez-tez Azərbaycan Prezidentinə telefon açaraq açıq-aşkar hikkə nümayiş etdirirdi. Emmanuel Makron yenə də öz ampluasındadır. Son aylaradək Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesi Moskva və Brüssel platformalarında ləng olsa da, irəliləyirdi və bu, müəyyən ümidlər yaradırdı. Ancaq Ermənistanın havadarları yenə də ortada peyda oldular və irəliləyən prosesi dalana saldılar. Burada Emmanuel Makronun “xidmətlərini” xüsusi qeyd edə bilərik. Fransa prezidenti yenə də sülh prosesindən yayınmaq üçün manipulyasiyalara əl atan Ermənistanın müdafiəsində “liderlik” nümayiş etdirir, desək, əsl həqiqəti ifadə etmiş olarıq. O elə hey vurnuxur, özünü sülhyaratma prosesinə qatmağa çalışır, gah Azərbaycan Pezidentinə telefon açır, gah da ölkəmizə qarşı müxtəlif çağırışlarla ayrı-ayrı beynəlxalq qurumlara üz tutur. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu gün Laçın yolunda baş verən hadisələr növbəti anti-Azərbaycan isterikasına səbəb olub. Burada təkcə Ermənistan yox, bəlkə də, onlardan daha çox onların xaricdəki havadarları, onların arxasında dayanan dövlətlər yenə də Azərbaycana qarşı qarayaxma kampaniyası başlamışlar. Təəssüf doğuran haldır ki, Fransa kimi ölkələr belə qarayaxma kampaniyalarını BMT müstəvisinə də daşımağa cəhdlər göstərirlər və bir sıra hallarda buna nail olurlar. Bu günlərdə Ermənistanın havadarları olan ayrı-ayrı ölkələr və bəzi beynəlxalq təşkilatlar Azərbaycanı Laçın yolunu bağlamaqda ittiham etmək üçün sanki növbəyə dayanıblar. Əslində isə azərbaycanlı ekoloqların və vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin Xankəndi-Laçın yolu üzərində keçirdikləri dinc aksiyanın mahiyyəti təhrif olunur. Aksiyaya qoşulan insanlar təbii sərvətlərimizin qeyri-qanuni yolla istismarına və bundan yaranan ekoloji və digər fəsadlara etirazlarını bildirirlər. Bu, tam qanuni aksiyadır. “Bizim təbii sərvətlərimiz istismar edilir, təbii sərvətlərimiz daşınır. O təbii sərvətlərimizi istismar edənlər istənilən beynəlxalq hüquqi normaya görə cinayətkardırlar. Çünki bu, bizim beynəlxalq birlik tərəfindən tanınmış ərazimizdir və haqlı tələbimiz var ki, bizim ictimaiyyət nümayəndələri və ilk növbədə, ondan əvvəl dövlət qurumlarının nümayəndələri monitorinq keçirməlidirlər. Baxmalıdırlar orada hansı işlər baş verir və o qanunsuz fəaliyyət dayandırılmalıdır. Bizim haqlı tələbimiz bundan ibarətdir. Ancaq bu gün bu vəziyyət tamamilə təhrif edilmiş tərzdə təqdim olunur. Yenə yalan, yenə iftira, yenə böhtan, kim bunu edir, biz hamımız yaxşı bilirik. Yenə də deyirəm, Ermənistan dövləti hazırda burada ilk sıralarda deyil. Amma bu, bizi heç nədən çəkindirməyəcək. Biz artıq bunu dəfələrlə sübut etmişik və İkinci Qarabağ müharibəsi bunu göstərdi, müharibədən keçən iki il bunu göstərdi. Heç kim bizə təsir göstərə bilməz. Zənglər ola bilər, hansısa bəyanatlar ola bilər, onlara əhəmiyyət vermək lazım deyil. Sadəcə olaraq, siyasi nəzakət naminə biz bu zənglərə cavab veririk. Ancaq bu, bizim mövqeyimizi zərrə qədər dəyişməyəcək”.

Paylaş:
Baxılıb: 124 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Siyasət

Analitik

Bayram, yoxsa matəm?

28 Yanvar 10:27

Xəbər lenti

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31