Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Mehriban xanım Əliyevanın təşəbbüsü ilə...

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə...

29.12.2022 [10:14]

Yaradılan DOST mərkəzləri

Sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ

Azərbaycanda vətəndaş məmnunluğunun artmasını müşahidə edirik ki, bu da səbəbsiz deyil. Ölkəmiz sosial sferada dünyaya unikal model təqdim edir. Belə ki, bir tərəfdən ölkədə aparılan institusional islahatların nəticəsi olaraq vətəndaşlara göstərilən xidmətlərin səviyyəsi yüksəlir, rüşvətxorluğun, digər neqativ halların əhatə dairəsi kiçilir. Onlar bütün sahələrdə şəffaf, məmur süründürməçiliyindən kənar yüksək keyfiyyətli xidmətlər alırlar. Paralel şəkildə, respublikamızda insanların gəlir imkanlarının artırılması, yeni iş yerlərinin yaradılması davamlı prosesə çevrilib. Bütün bunlar isə son nəticədə ölkədə vətəndaş məmnunluğunun yüksəlməsini şərtləndirir.

Sosial islahatların davamlılığı

Azərbaycan siyasətinin ana xətti sosial sfera ilə bağlıdır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə aparılan siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşlarının maraqları dayanır. Bu strateji kursa uyğun olaraq ölkədə sosial islahatların davamlılığı təmin edilir. Belə ki, ölkənin iqtisadi-maliyyə imkanları genişləndikcə sosial məqsədlər üçün ayrılan vəsaitlərin həcmi də artırılır. Azərbaycanın dərinməzmunlu sosial siyasətinin əsas xarakterik cəhətlərindən biri odur ki, ölkəmizdə ədalətli resurs bölgüsü təmin edilir, qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət dəstəyindən bəhrələnirlər.

Respublikamızda dövlət başçısının Fərman və Sərəncamlarına uyğun olaraq son 4 ildə 3 sosial islahat paketi həyata keçirilib və 4 milyondan çox vətəndaşın rifahına dəstək olan bu islahatlar üzrə əlavə olaraq illik 6 milyard manat ayrılıb.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Yeni Azərbaycan”-a bildirilib ki, aparılan bu islahatlar nəticəsində minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əmək haqqı 53 faiz, əmək müqavilələri 30 faiz, əməkhaqqı fondu 2,2 dəfə, minimum pensiya 2,2 dəfə, orta aylıq pensiya 80 faiz, sosial müavinət və təqaüd ödənişləri 3,5 dəfə artıb.

Ölkəmizdə həssas qruplarla bağlı mühüm sosial proqramların icrasında da son illər mühüm uğurlar əldə olunub. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı son 4 ildə 5 dəfə genişlənib. Postmüharibə dövründə onlara 4300, ümumilikdə ötən dövrdə isə 13,1 min mənzil və fərdi ev təqdim edilib. Həmçinin 44 günlük Vətən müharibəsindən sonra 304, ümumən ötən dövrdə 7500-dən artıq avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib.

Dövlət başçısının göstərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aktiv məşğulluq proqramları dəfələrlə genişlənib. Buna misal olaraq özünüməşğulluq proqramına cəlb olunanların sayı son 4 ildə təqribən 15 dəfə artıb. Bəhs olunan dövrdə 60 mindən çox işsiz və işaxtaran şəxs üçün həmin proqram çərçivəsində kiçik ailə biznesləri yaradılıb.

Respublikamızda sosial islahatların davamlılığı artıq sonuna yaxınlaşdığımız 2022-ci ildə də təmin edilib. Cari ildə ölkə üzrə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artımını nəzərdə tutan islahatlar paketi 3,4 milyon şəxsi əhatə edir. Bu islahat paketinin maliyyə yükü də kifayət qədər böyükdür. Belə ki, bəhs olunan artımlar üçün ayrılan illik əlavə vəsait 2,1 mlrd. manata bərabərdir. Eləcə də 2022-ci ilin əvvəlindən Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adı verilərək Prezidentin aylıq təqaüdü təyin olunub. Bütün bu proqramların icrasında vətəndaş məmnunluğu və rahatlığı prinsipi əsas götürülüb, təyinat mexanizmləri proaktiv qaydada həyata keçirilib.

Respublikamızda davamlı olaraq həyata keçirilən sosial məzmunlu islahatlar ölkə əhalisinin 12 faizini əhatə edən təqaüdçülərin pensiya təminatını da əhatə edir. 2022-ci ilin əvvəlindən etibarən iki istiqamətdə pensiyaların artımı baş verib. Minimum pensiya 20 faiz artımla 200 manatdan 240 manata çatdırılıb. Bu artım 40 min şəxsin pensiyasının artımına imkan verib.

Cari ildə təqaüdlərin artımında ikinci istiqamət pensiyaların indeksləşdirilməsi ilə bağlıdır. Pensiyalar orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilərək artırılıb. Bundan başqa, pensiyaçılara bu il üzrə 200 manat məbləğində maddi yardım ayrılıb.  Beləliklə, pensiyalarda orta hesabla 9 faiz artım edilib. Ölkə üzrə 1,1 mln. pensiyaçını əhatə edən bu artım üçün dövlət büdcəsindən illik əlavə 352 mln. manat sərf olunacaq.

Respublikamızda 2023-cü ildə də sosial sferanın prioritetliyi təmin ediləcək. Belə ki, gələn ilin dövlət büdcəsində sosialyönümlü xərclərə 15 milyard 219 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Bu, cari illə müqayisədə 1 milyard 289 milyon manat və yaxud 9,3 faiz çoxdur. 2023-cü ildə əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri isə 4 milyard 416 milyon manat məbləğində proqnozlaşdırılır.

İnstitusional-struktur islahatları - Azərbaycanın intellektual brendi olan “ASAN xidmət”-in 10 ili

Azərbaycan Prezidentinin idarəçilik fəlsəfəsi ilk növbədə sosial dövlət strategiyasına söykənir. Ölkədə aparılan institusional-struktur islahatlarının əsas hədəfi də vətəndaşların daha keyfiyyətli və əlçatan xidmətlərlə əhatə olunmasını təmin etmək və beləliklə də vətəndaş məmnunluğunu artırmaqdır. Respublikamızda dövlət başçısı İlham Əliyevin müvafiq Fərmanı ilə 2012-ci il iyul ayının 13-də yaradılan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və bu qurumun “ASAN xidmət” mərkəzləri Azərbaycanda innovativ islahatlar sahəsində əsl yenilik oldu. İnformasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərindən istifadə etməklə fəaliyyət göstərən “ASAN xidmət” mərkəzləri ölkəmizdə vətəndaş-dövlət qulluqçusu münasibətlərini yeni səviyyədə qurmağa, şəffaflığı təmin etməyə, bürokratik əngəlləri, mümkün korrupsiya və bu qəbildən olan digər mənfi halları aradan qaldırmağa imkan verib. Məlum olduğu kimi, respublikamızda ilk “ASAN xidmət” mərkəzi pilot layihə kimi 2012-ci il dekabrın 29-da Bakıda fəaliyyətə başlayıb. Bu gün respublikamızda ilk “ASAN xidmət”in fəaliyyətə başlamasının 10 ili tamam olur. “ASAN xidmət” komandası yubileyi açıq alınla və böyük uğurlarla qarşılayır. Ötən dövrdə “ASAN xidmət” şəbəkəsi genişlənərək bütün ölkəni əhatə edib. Hazırda Bakıda və regionlarda olmaqla 27 “ASAN xidmət” mərkəzi vətəndaşlara yüksəksəviyyəli xidmətlər göstərir. “ASAN xidmət” mərkəzləri ölkə vətəndaşlarına həm də səyyar xidmətlər təqdim edir. Bu məqsədlə ölkəmizə gətirilən avtobuslar ən müasir avadanlıqla təchiz edilib. Ötən müddətdə ölkə üzrə “ASAN xidmət” mərkəzlərinə 8.538.358 vətəndaş müraciəti daxil olub. Xidmətlərdən məmnunluq səviyyəsi isə 100 faizə yaxındır.

Qeyd etmək xoşdur ki, Azərbaycanın yaratdığı “ASAN xidmət” dünyada ictimai münasibətlərdə yeni mütərəqqi model kimi qəbul olunur. Avropa Parlamentində “İnnovasiya və Mobil İmza - Avropa ilə yeni rəqəmsal inteqrasiya vasitəsi kimi” mövzusunda təşkil olunan konfransda “ASAN xidmət”in fəaliyyəti ilə bağlı təqdimatın keçirilməsi Azərbaycan brendi olan “ASAN xidmət”ə dünyada marağın getdikcə artmasından xəbər verir. Müxtəlif vaxtlarda ölkəmizdə səfərdə olan bir sıra dövlətlərin rəsmiləri “ASAN xidmət”lərin fəaliyyətindən məmnun qaldıqlarını və bu təcrübənin yayılmasının zəruriliyini ifadə ediblər. Azərbaycan isə, öz növbəsində, bu layihənin başqa ölkələrdə də həyata keçirilməsinə yardım göstərməyə həmişə hazırdır.

“ASAN xidmət” mərkəzlərinin fəaliyyətini səciyyələndirən cəhətlərdən biri ondan ibarətdir ki, burada kreativ meyillərə böyük önəm verilir. “ASAN xidmət” mərkəzlərində gənc könüllülərin vətəndaşlara ictimai xidmətlər göstərilməsinə cəlb olunmaları da bunun ifadəsidir. Azərbaycanda çox müasir, dövlətə, Vətənə bağlı olan gənc nəsil yetişir və ASAN könüllülərinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Gənclər ölkəmizdə vətəndaşlara ictimai xidmətlər göstərilməsinə könüllü şəkildə qoşulmaqla respublikanın inkişafına töhfə vermək istəklərini nümayiş etdirirlər.

Vətəndaş məmnunluğu yaradan DOST mərkəzləri

DOST mərkəzlərinin yaradılması  ölkəmizdə sosial xidmətlər sferasında keyfiyyətcə yeni mərhələnin başlamasını bir daha təsdiqləyir. Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi yaradılıb. DOST mərkəzləri də agentliyin funksional qurumları kimi fəaliyyət göstərirlər. Prezident İlham Əliyev respublikamızda belə mərkəzlərin yardılmasını yüksək dəyərləndirib. “Bu, çox gözəl sosial təşəbbüsdür. Bildiyiniz kimi, Azərbaycan bu sahədə də liderlik göstərir və DOST mərkəzlərinin fəaliyyətə başlaması sosial sahədə görülən işlərin, aparılan islahatların əyani təzahürüdür”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu sahələrdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyır. Şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu təmin etmək istiqamətində əhəmiyyətli dəyişikliyə səbəb olan DOST konsepsiyası ölkəmizdə həyata keçirilən institusional-struktur islahatlarının mühüm tərkib hissəsidir. Qeyd edək ki, DOST Agentliyi bu gün məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində 12 istiqamət üzrə 153 xidmət göstərir. Bu günədək istifadəyə verilmiş DOST mərkəzlərində ümumilikdə 1 milyon 250 mindən çox şəxsə xidmət göstərilib. Vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi 98,2 faiz təşkil edir. Dekabrın 28-də Prezident İlham Əliyevin iştirakı ilə Bakının Xətai rayonunda yerləşən 5 saylı DOST Mərkəzinin açılışı keçirilib. Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, 31 ünvanında yerləşən dördmərtəbəli mərkəzin ümumi sahəsi 4405 kvadratmetrdir. Mərkəz modern və konstruktiv üslubda layihələndirilib, mühəndis sistemləri baxımından ən yüksək tələblərə cavab verir. Mərkəzdə 120 nəfərə yaxın işçi heyəti çalışacaq və “Könüllü DOST” proqramı üzrə 50 nəfər könüllü fəaliyyət göstərəcək. Burada gün ərzində 650-700 vətəndaşa xidmətin göstərilməsi nəzərdə tutulur.

DOST mərkəzlərinin yaradılması Azərbaycan hakimiyyətinin gələcəyə baxışı ilə tam uzlaşır. DOST mərkəzlərində müasir texnologiyaların tətbiqi bir tərəfdən göstərilən xidmətlərə əlçatanlığı artırır, digər tərəfdən isə vətəndaş-məmur təmasları minimuma enir, şəffaflıq yüksək səviyyədə təmin edilir. Bütün bunlar isə son nəticədə ölkədə vətəndaş məmnunluğunun yüksək səviyyəyə qalxmasını şərtləndirir.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 124 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Yeni detallar...

08 Fevral 10:14

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Analitik

Xarici siyasət

Analitik

Xəbər lenti

Siyasət

İtirən Fransadır...

07 Fevral 10:31

Gündəm

Gələcəyə doğru...

07 Fevral 10:23  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28