Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 5 ildə 4-cü sosial islahat paketi

5 ildə 4-cü sosial islahat paketi

07.01.2023 [10:05]

Prezidentin tapşırığı ilə büdcəyə proqnozlardan əlavə daxil olan bütün vəsaitlər də sosial məqsədlərə yönəldilir

Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyev müxtəlif auditoriyalarda çıxışları zamanı dəfələrlə bəyan edib ki, ölkəmizdə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. Bu strateji kursa uyğun olaraq respublikanın iqtisadi-maliyyə imkanları genişləndikcə ölkə vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə ayrılan vəsaitlərin həcmi də artırılır. Bundan başqa, dövlət başçısının tapşırığına əsasən, şəffaflaşdırma, iqtisadiyyatın ağardılması tədbirlərinin nəticəsi olaraq büdcəyə proqnozlardan əlavə daxil olan bütün vəsaitlər də məhz sosial məqsədlərə yönəldilir.

Sosial islahatların yeni mərhələsi

Mübariz FEYİZLİ

Respublikamızda sosial sferanın prioritetliyi 2023-cü ildə də təmin ediləcək. Xatırladaq ki, cari ilin dövlət büdcəsində sosialyönümlü xərclərə 15 milyard 219 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Bu, 2022-ci illə müqayisədə 1 milyard 289 milyon manat və yaxud 9,3 faiz çoxdur.

2023-cü ildə əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri isə 4 milyard 416 milyon manat məbləğində proqnozlaşdırılır.

İlin əvvəlində Prezident İlham Əliyevin imzaladığı sənədlərdən biri də məhz sosial sfera ilə bağlıdır. Dövlət başçısı 5 yanvar 2023-cü il tarixində “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Bəhs olunan sənəd Azərbaycan dövlətinin ölkədə əhalinin rifah halının yaxşılaşdırılmasına necə böyük önəm verdiyini bir daha təsdiqləyir. Sərəncam respublikamızda  son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanmasını, yeni ildə yeni sosial islahat mərhələsinə keçidi təmin edir. Dünya üzrə müqayisələr apardıqda görürük ki, sosial islahatların belə intensiv və ardıcıl aparıldığı ölkələrin sayı çox azdır. Biz qlobal pandemiya və dünyanı bürüyən iqtisadi böhran şəraitində ayrı-ayrı ölkələrin özlərinin sosial proqramlarını ixtisara saldıqlarının şahidi oluruq. Azərbaycanda isə beynəlxalq birlik üçün çətin keçən son illərdə də sosial sferada hər hansı bir tərəddüdlər müşahidə edilmədi, əksinə vətəndaşlar dövlət tərəfindən dəstəkləndilər, əməkhaqları və iş yerləri qorundu. Bütün bunlar Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsini və ölkəmizin gücünü nümayiş etdirir.

Minimum əməkhaqqı 345 manata çatdırılıb

Azərbaycanın dərin məzmunlu sosial siyasətində insanların gəlir imkanlarının artırılması xətti mühüm yer tutur. Xüsusilə də respublikamızda əməkhaqlarının artırılması davamlı olaraq diqqət mərkəzində saxlanılır. Respublikamızda artıq tarixə dönən 2022-ci ildə reallaşdırılan sosial məzmunlu islahatlardan təxminən 3 milyon 400 min insan faydalanmaq imkanı qazanıb. O cümlədən üçüncü sosial paket çərçivəsində əməkhaqqı seqmenti üzrə 1 milyon 200 min vətəndaşa əlavə olaraq 1 milyard 100 milyon manat məbləğində əməkhaqqı artımları edilib. Eyni zamanda, bir çox sektorda çalışanların əməkhaqları ciddi şəkildə artırılıb.

Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncama əsasən minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan  345 manata çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Yeni Azərbaycan”a bildrilib ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfərə şamil olunacaq. Minimum əməkhaqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu (246 manat) da 40,2 faiz üstələyir. Bütövlükdə, son 5 ildə sosial sahədə inqilabi islahatların tərkib hissəsi kimi, minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata çatdırılıb. 700 min vətəndaşımızı əhatə edəcək minimum əməkhaqqındakı artım üçün dövlət büdcəsindən əlavə 450 milyon manat ayrılcaq. Diqqəti çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, hansı sektorda çalışmasından asılı olmayaraq minimum əməkhaqqı alan bütün vətəndaşlarımızın maaşları artacaq. Artımlar özəl sektoru da əhatə edəcək. Yəni, yalnız dövlət sektorunda deyil, özəl sektorda çalışanlara da cari ildən etibarən 345 manatdan az əməkhaqqı verilə bilməz. 

Pensiyalarda yeni artımlar

Respublikamızda davamlı olaraq həyata keçirilən sosial məzmunlu islahatlar ölkə əhalisinin 12 faizini əhatə edən təqaüdçülərin pensiya təminatını da əhatə edir. 2022-ci ildə ölkəmizdə iki istiqamətdə pensiyaların artımı baş verib. Minimum pensiya 20 faiz artımla 200 manatdan 240 manata çatdırılıb. Bu artım 40 min şəxsin pensiyasının artımına imkan verib.

Ötən ildə təqaüdlərin artımında ikinci istiqamət pensiyaların indeksləşdirilməsi ilə bağlıdır. Pensiyalar orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilərək artırılıb. Bundan başqa, pensiyaçılara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardım ayrılıb.  Beləliklə, pensiyalarda orta hesabla 9 faiz artım edilib. Ölkə üzrə 1,1 mln. pensiyaçını əhatə edən bu artım üçün dövlət büdcəsindən illik əlavə 352 mln. manat sərf olunub.

Respublikamızda pensiyaların artırılması ənənəsi 2023-cü ildə də davam etdiriləcək. Cari ildə pensiyalar fərqli təqaüdlər üzrə fərqli qaydada artırılacaq. Belə ki, 2023-cü ildə orta aylıq pensiyanın məbləği 423 manat, yaşa görə pensiyanın məbləği 455 manat, əlilliyə görə pensiya 369 manat, ailə başçısını itirməyə görə pensiyanın məbləğinin isə 374 manat olacağı proqnozlaşdırılır. Xatırladaq ki, “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsinə əsasən, cari ildə Fondun həm gəlir, həm xərc hissəsi 6,3 milyard manat təşkil edəcək ki, bu da ölkə üzrə təqaüdçülərin pensiya təminatını uğurla həyata keçirməyə imkan verəcək.

Dövlət başçısının imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla ölkəmizdə 2023-cü ildə minimum pensiyanın artırılması hədəflənib. Bununla bağlı Nazirlər Kabineti 10 gün ərzində dövlət başçısına təkliflər təqdim edəcək. Nəticədə, minimum aylıq pensiya 40 manat artımla 240 manatdan 280 manata çatdırılacaq. Bu artım isə 100 minədək şəxsin pensiyasının artmasına imkan verəcək.

Hansı sosial müavinətlər artırılacaq?

Ölkəmizdə həssas qruplardan olan vətəndaşların gəlir imkanlarının artırılması da diqqət mərkəzində saxlanılır. Bəs hansı sosial müavinətlər artırılacaq? Bu sualla Milli Məclisin deputatı Vüqar Bayramova müraciət etdik. Sayca 4-cü olan yeni islahat paketini yüksək dəyərləndirən Milli Məclisin deputatı bildirib ki, sənədə əsasən yalnız minimum əməkhaqqı və pensiya deyil, həmçinin sosial müavinətlərin də məbləğlərinin artırılması nəzərdə tutulur. Belə ki, sənədlə Nazirlər Kabinetinə 10 gün müddətində sosial müavinətlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb. Bu isə o deməkdir ki, yanvarın 15-dək Nazirlər Kabineti sosial müavinətlər və təqaüdlərin artımı ilə bağlı təkliflərini dövlət başçısına təqdim edəcək. Fikirlərinə davam edən Vüqar Bayramov vurğulayıb: “Qeyd edək ki, müavinətlərin növləri “Sosial müavinətlər haqqında” Qanunun 4-cü maddəsinə əsasən müəyyənləşir. Həmin qanuna görə, aylıq müavinətlər dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriyaya aid şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət, 3 yaşınadək uşağa qulluğa görə müavinət, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət, vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət, beşdən çox uşağı olan qadınlara müavinət, övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinətlər hesab olunur. Birdəfəlik müavinətlər isə radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət, uşağın anadan olmasına görə müavinət və dəfn üçün müavinətlər sayılır. Sözügedən müavinətlərdən hansının və eləcə də neçə faiz artacağı Nazirlər Kabineti tərəfindən təkliflər hazırlandıqdan sonra bəlli olacaq. Deməli, çox yaxın zamanlarda sosial artımlar ilə bağlı yeni sərəncamlar olacaq”.

Bütövlükdə, 2023-cü ildə sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub və bu artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək.

Paylaş:
Baxılıb: 168 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28