Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Nə üçün Azərbaycan?

Nə üçün Azərbaycan?

13.01.2023 [10:30]

Ölkəmizin qaz sahəsi azı 100 il beynəlxalq bazarlara öz ehtiyatlarını tədarük edəcək, texnologiyalar inkişaf etdikcə hasilat imkanları daha da artacaq

İlham Əliyev: Avropanın, Balkanların, Qərbi Avropanın energetika xəritəsinə geniş nəzər salsaq, bu xəritə birmənalı olaraq müxtəlif arteriyalarla birləşir və bu, həm bizə, həm də onlara uzunmüddətli strategiyanı planlaşdırmaq imkanı verir

Azərbaycanın Avropada artan nüfuzu və rolu

Enerji təhlükəsizliyi ölkələr üçün həmişə aktual olub. Son vaxtlarda qlobal miqyasda geosiyasi gərginliklərin artması fonunda isə bu məsələ xüsusilə Avropa İttifaqı (Aİ) məkanına daxil olan dövlətlərin gündəliyində birinci yerə çıxıb. Rusiya-Ukrayna müharibəsi başlayanadək şimal qonşumuz qoca qitənin enerji məhsulları ilə təchizatında mühüm paya malik idi. Hazırda sanksiyalar səbəbindən bu təchizat zənciri pozulub. Hazırda Aİ məkanında kəskin  enerji çatışmazlığı yaşanır. Qoca qitənin ayrı-ayrı ölkələrində mavi yanacaq qıtlığı daha kəskin şəkildə hiss olunur. Belə bir şəraitdə Aİ yeni, daha etibarlı təchizat mənbələri axtarışındadır.

Belə çətin məqamda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına daha çox töhfə verməyə geniş imkanları olan ölkə qismində çıxış edir. Yeni mərhələdə Avropanın Azərbaycanla enerji əməkdaşlığını genişləndirmək istəyi təsadüfi deyildir. Dünyada enerji məhsulları istehsal edən ölkələrin sayı kifayət qədər çoxdur. Bəs qoca qitənin çətin dönəmdə respublikamıza üz tutmasını şərtləndirən amillər hansılardır? Sualın cavabı olaraq aşağıdakı bəzi məqamlara diqqət yetirək.

-Siyasi dialoqun yüksək dinamizmi. Respublikamız Aİ ilə müxtəlif proqramlar üzrə sıx əməkdaşlıq edir. Hazırda Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq Tərəfdaşlıq Sazişi üzərində fəal iş aparılır. Ölkəmiz, eyni zamanda,  Aİ-yə daxil olan 10 dövlətlə strateji tərəfdaşlıq haqqında müqavilələr imzalayıb.

- İkitərəfli və çoxtərəfli platformalarda qurulan siyasi dialoqun dinamizminə adekvat olaraq iqtisadi sahədə əməkdaşlığın davamlı olaraq genişlənməsi.  Bu münasibətlər müxtəlif istiqamətləri əhatə etməklə uzun illərin təcrübəsinə əsaslanır. Avropa İttifaqı respublikamızın ən böyük ticarət tərəfdaşıdır. Belə ki, ölkəmizin xarici ticarətinin təxminən 45 faizi məhz Aİ ilə aparılır. Aİ-nin Azərbaycanda 700-dən çox şirkəti fəaliyyət göstərir. Qoca qitədən  ölkəmizə qoyulan investisiya 20 milyard dollardan çoxdur. 2022-ci ildə Azərbaycanın idxalında ən böyük paya malik olan ölkələr Almaniya, İtaliya, Fransa, Polşa və Rumıniya olub. Azərbaycandan ən çox məhsul isə İtaliya, Xorvatiya, Almaniya, Portuqaliya və İspaniyaya ixrac edilir. Bura həm neft, həm də qeyri-neft məhsulları daxildir.

-Azərbaycanın ədalətli enerji siyasəti həyata keçirməsi. Biz son illərdə enerji amilinin həm istehsalçılar, həm də istehlakçılar tərəfindən bir-birlərinə qarşı siyasi təzyiq vasitəsinə çevrildiyinin şahidi oluruq. Onlar müqavilə öhdəliklərini yerinə yetirmək əvəzinə, qarşılıqlı ittihamlar irəli sürürlər. Gah tədarük məqsədli şəkildə azaldılır, gah əsas olmadan qiymətlər artırılır. Azərbaycan isə belə ambisiyalardan uzaq ölkədir. Prezident İlham Əliyev bu günlərdə yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın özünün enerji siyasətini ədalət prinsipi ilə həyata keçirdiyini bir daha diqqətə çatdırıb. Ölkəmiz enerji amilindən heç vaxt siyasi məqsədlərini həyata keçirmək üçün qarşı tərəflərə təzyiq vasitəsi kimi istifadə etmir. İndiyədək elə bir fors-major halı olmayıb ki, Azərbaycan müqavilə öhdəliklərini pozsun. Buradan da ölkəmizə böyük inam yaranır.

Enerji resurslarının zənginliyi

Avropa İttifaqı ölkələrinin özlərinin enerji təhlükəsizliyini təmin etmələri üçün indiki çətin dönəmdə Azərbaycana üz tutmalarını şərtləndirən fundamental amillərdən biri isə heç şübhəsiz ki, respublikamızın zəngin resurslara malik olmasıdır. İndiyədək Avropaya əsasən neft və neft məhsulları ixrac edən Azərbaycan hazırda qoca qitə üçün, həm də alternativ mavi yanacaq mənbəyi qismində çıxış edir. Azərbaycanın enerji strategiyasının ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır. Müstəqil Azərbaycanın “Əsrin müqaviləsi”ndən sonra transmilli şirkətlərlə imzaladığı ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrədir. Xatırladaq ki, bu kontrakt 1996-cı il iyulun əvvəlində Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanıb. Prezident İlham Əliyev bəhs olunan müsahibəsində diqqəti Azərbaycanın zəngin qaz ehtiyatlarına malik olduğuna çəkib. “Potensial var, Azərbaycanın təsdiq edilmiş ehtiyatları məlumdur, mən onları dəfələrlə bildirmişəm - 2,6 trilyon kubmetr, lakin əminəm ki, bundan qat-qat çox olacaq. Çünki bizim neft yataqlarında fəaliyyət təcrübəmiz göstərir ki, qazma işləri davam etdikcə, ilkin qiymətləndirmələrlə müqayisədə ehtiyatların həcmi çoxdur, Azərbaycanın qaz sahəsi azı 100 il beynəlxalq bazarlara öz ehtiyatlarını tədarük edəcək, yəni, texnologiyalar inkişaf etdikcə, hasilat imkanları artacaq. Buna görə də 2,6 trilyon kubmetr bizim potensialımızın təsdiqlənmiş minimal həcmidir”.

Azərbaycanda böyük həcmlərdə qaz hasilatına “Şahdəniz” yatağının istismarına start verilməsi ilə başlanıb. Eyni zamanda, yeni yataqlar üzrə də kəşfiyyat işləri aparılıb və zəngin ehtiyatlar aşkarlanıb. 2023-cü ildə “Abşeron” yatağından, gələn il isə hər hansı bir fors-major halı yaşanmasa  “Azəri-Çıraq-Günəşli” yatağından “dərin qaz” (“deep gas”) hasilatına başlanılması tam realdır. Perspektivdə həmçinin “Ümid”, “Babək”, “Qarabağ” və digər yataqların da istismarı həyata keçiriləcək.

Təbii ki, Azərbaycan özünün enerji resurslarını daha sərfəli bazarlara ixrac etməyi hədəfləyir. Avropa İttifaqı məkanı məhz belə bazardır və ölkəmizin istəklərini tam təmin edir.

Xəzərdən Avropayadək uzanan müasir infrastruktur

Avropa üçün Azərbaycanın cəlbediciliyini artıran digər bir mühüm amil müasir infrastrukturla bağlıdır. Dünyada Avropa məkanına mavi yanacaq ixrac etmək istəyən ölkələrin sayı çoxdur. Ancaq optimal infrastruktur olmadığına görə həmin istehsalçılar özlərinin enerji məhsullarını Avropa bazarlarına çıxartmaq imkanından məhrum qalıblar. Azərbaycan  “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qazı Türkiyəyə və Gürcüstana 2007-ci ildə istismara verilən Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə ötürürdü. Lakin “Şahdəniz” və digər yataqların zəngin ehtiyatlarının Avropaya çatdırılması üçün daha böyük həcmli yeni dəhlizin yaradılmasına ehtiyac var idi. Beləliklə, respublikamız özünün böyük qaz həcmlərini ixrac etmək və Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr vermək məqsədilə Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb. Cənub Qaz Dəhlizi ideyası Azərbaycanın iradəsi və liderliyi sayəsində reallığa çevrilməyə başlayıb. 2011-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə imzalanıb və bu, həmin layihənin icrasının başlanğıc mərhələsi olub.

Açıq dənizə çıxışı olmayan Azərbaycanı Aralıq və Adriatik dənizləri ilə birləşdirən layihə bir vaxtlar çoxlarına xəyal kimi görünsə də, artıq reallıqdır. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir - Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməri. TAP İtaliyaya qədər uzanır. Cənub Qaz Dəhlizi 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. 2020-ci ilin son günü - dekabrın 31-də layihənin yekun hissəsi olan TAP istifadəyə verildi. Həmin dövrdən etibarən artıq iki ildir ki, Azərbaycan Türkiyə və Gürcüstandan əlavə, Avropa məkanına da qaz ixrac edən ölkəyə çevrilib. “Biz neft-qaz sahəsinə aid layihələrə həmişə strateji baxımdan yanaşmışıq, çünki başa düşürdük ki, qaz kəmərləri və neft kəmərləri reallaşdırılmasa, biz öz resurslarımızla sanki qapalı məkanda qalacağıq”, - deyə Prezident İlham Əliyev bildirib.

Uğurla icra edilən yeni enerji sazişi

Avropanın və Azərbaycanın enerji əməkdaşlığı gələcəkdə daha da genişlənəcək. 2022-ci ilin yayında Bakıda Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar. Belə bir sənədin imzalanması ölkəmizin enerji resurslarının daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. Yeni Memorandum Xəzər sahillərindən qoca qitəyə qaz ixracı həcmlərinin artırılmasına hüquqi əsaslar yaradır. Bir sıra texniki məsələlər də öz həllini tapacaq. Ölkəmizdən Avropa bazarında ciddi aktora çevrildiyindən məmnunluğunu bildirən Prezident İlham Əliyev deyib: “Əlbəttə, bu Memorandumun icrası kifayət qədər uğurla davam edir. Əgər biz 2021-ci ildə Avropaya 8 milyard kubmetrdən bir qədər çox qaz tədarük etmişdiksə, bu il 12 milyard kubmetrə yaxın olacaq. Bütövlükdə, bu il 24 milyard kubmetrə yaxın ixrac gözlənilir. Buna görə də biz qaz bazarında, o cümlədən Avropa bazarında artıq ciddi aktora çevrilirik”.

İxracı artırmaq hədəfinə çatmaq üçün ilk növbədə Cənub Qaz Dəhlizinin ayrı-ayrı seqmentləri üzrə genişləndirmə layihələrinin icrası təmin edilməlidir. TANAP-ın mövcud ötürmə qabiliyyəti 16 milyard kubmetrdir. Bunun 32 milyard kubmetrə çatdırılması planlaşdırılır TAP-ın ötürmə qabiliyyəti 10 milyard kubmetrdir. Hazırda  TAP tam gücü ilə işləyir. Perspektivdə bu xəttin  ötürücülük  imkanları ən azı 20 milyard kubmetrə çatdırılacaq. Bu, əlbəttə ki, əlavə maliyyə vəsaiti tələb edir. Azərbaycan bir mənbə və investor ölkəsi olaraq buna hazırdır. Buna həm də bütün komanda hazır olmalıdır. “İndi TANAP-ın və TAP-ın buraxıcılıq qabiliyyətinin iki dəfə artırılması barədə düşünürük. Əlbəttə, bundan ötrü tərəfdaşlarımızla məsləhətləşmələr aparılır. TANAP layihəsinə gəldikdə, burada işlər asandır, çünki biz bu layihənin əsas iştirakçısı - şeyeholderiyik və əsas maliyyə yükü bizim üzərimizə düşəcək. TAP layihəsində bizim payımız 20 faizdir, buna görə orada, əlbəttə, konsensusa nail olmaq məsələləri üzərində daha çox işləməli olacağıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Yeni hədəf: Daha üç Balkan ölkəsinə qaz tədarükü

Əlamətdar haldır ki, Avropada Azərbaycan qazını almaq istəyən ölkələrin sayı getdikcə artır. Hazırda Cənub Qaz Dəhlizinin qoca qitədə şaxələndirilməsi və digər nəql marşrutlarına inteqrasiya edilməsi ilə bağlı ciddi müzakirələr aparılır və konkret tədbirlər görülür. 2022-ci il oktyabrın 1-də Prezident İlham Əliyevin iştirakı ilə Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirildi. Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) ümumi uzunluğu 182 kilometrdir, Bolqarıstanın və Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir. Layihə 2011-ci ildə Bolqarıstanda qeydiyyatdan keçmiş Bolqarıstan-Yunanıstan “ICGB AD” investisiya şirkəti tərəfindən Bolqarıstanın Enerji Holdinqi və Yunanıstanın “IGI Poseidon” şirkətinin səhmdarları ilə birlikdə reallaşdırılır və hər biri 50 faiz paya malikdir.

İnterkonnektorun ümumi dəyəri 240 milyon avrodan çoxdur və Avropa Komissiyası layihənin icrasına dəstək verib. Xatırladaq ki, IGB Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdırmağa hesablanıb. Bu məqsədlə Bolqarıstanın “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Boru xəttinin illik ötürmə gücü 3 milyard kubmetrə bərabərdir. Perspektivdə bu göstərici ildə 5 milyard kubmetrədək artırıla bilər. Beləliklə, Azərbaycan təbii qazı Bolqarıstanın tələbatının 25-30 faizini ödəyəcək. Yeni hədəflərə diqqət çəkən Prezident İlham

Əliyev vurğulayıb: “Yunanıstan-Bolqarıstan interkonnektorunun istifadəyə verilməsindən sonra yeni perspektiv istiqamətlər açılır, artıq açılıb. Azərbaycan qazı Bolqarıstan bazarına, bu ildən etibarən həm də Rumıniya bazarına daxil olur. Yəni, mahiyyət etibarilə biz “Nabucco” layihəsinin müəyyən versiyasına yaxınlaşırıq. Yadınızdadırsa, bu layihə barədə illər boyu çox fəal diskussiyalar gedirdi, lakin sonradan ona ehtiyac olmadı. Əslində, indi interkonnektorlar şəbəkəsinin, məsələn, Yunanıstan-Bolqarıstan interkonnektorunun yaradılması işləri çox fəal gedir. Mən onu da bilirəm ki, Serbiyanı ümumi sistemlə birləşdirəcək interkonnektor üzərində iş gedir və o cümlədən Serbiya ilə qaz tədarükünə dair danışıqlar aparılır, bu şəbəkənin yaradılması bizim qaz ehtiyatlarımızı həmin bazara yönəltməyimizə imkan verəcək. İonika-Adriatik dənizi layihəsi reallaşdırılsa, bu layihə hazırda Azərbaycan qazını almayan daha üç Balkan ölkəsini əhatə edəcək”.

Paralel şəkildə  Albaniyanın qazlaşdırılması barədə fəal danışıqlara başlanıb. İndiki halda Albaniya yalnız tranzit ölkə kimi çıxış edə bilər - bu ölkədə qaz şəbəkəsi qurulmayıb. Azərbaycan bu sahədə dost ölkəyə öz xidmətlərini təklif edib. Hazırda Albaniyada ilk mərhələdə hansı yaşayış məntəqələrində qazpaylayıcı şəbəkənin qurulması ilə bağlı müzakirələr aparılır. “Beləliklə, Avropanın, Balkanların, Qərbi Avropanın energetika xəritəsinə geniş nəzər salsaq, bu xəritə birmənalı olaraq müxtəlif arteriyalarla birləşir və bu, həm bizə, həm də onlara uzunmüddətli strategiyanı planlaşdırmaq imkanı verir”, - deyə Prezident İlham Əliyev bildirib.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 114 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Yeni detallar...

08 Fevral 10:14

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Analitik

Xarici siyasət

Analitik

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28