Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Moskva, Brüssel, yoxsa Tbilisi?

Moskva, Brüssel, yoxsa Tbilisi?

26.01.2023 [10:06]

İlham Əliyev: Gürcüstan hər zaman tarixən bütün qonşuların görüşdüyü yer olub

Mübariz ABDULLAYEV

Postmüharibə dövründə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya edilməsi gündəlikdə dayanan əsas məsələlərdir. Bu məsələlər həllini tapmadan regionda davamlı sabitlikdən və təhlükəsizlikdən danışmaq əbəsdir. Təəssüf doğuran haldır ki, sülhyaratma prosesi heç də rəvan getmir. Ötən ilin birinci yarısında iki ölkə arasında 2022-ci ilin sonunadək sülh sazişinin imzalanmasına böyük ümidlər bəslənilirdi. Liderlərinin və digər yüksəksəviyyəli rəsmilərin Brüsseldə, Moskvada, Soçidə və digər məkanlarda görüşlərinin təşkil edilməsinə, müzakirələrin intensivləşdirilməsinə vasitəçilər tərəfindən böyük səy göstərildiyi müşahidə edilirdi. Azərbaycan sülhyaratma prosesində böyük fəallıq və konstruktivlik ortaya qoyurdu və vasitəçilərin səyləri ilə baş tutan görüşlərə məmnuniyyətlə qatılırdı. Lakin ilin sonlarına yaxın, daha dəqiq desək, Praqa və Soçi görüşlərindən sonra Ermənistanın manipulyasiyalarının nəticəsi olaraq sülh prosesində arzuolunmaz istiqamətə dönüş yarandı. Müşahidə edilən odur ki, məğlub ölkəni sülh prosesindən yayınmağa hesablanan manipulyasiyalara, başqa sözlə desək, şərtlər dili ilə danışmağa məhz havadarları təhrik etdilər. Burada müxtəlif ölkələrin və beynəlxalq təşkilatların adlarını çəkmək mümkündür. Aydın şəkildə görünür ki, proseslərdə iştirak edən Qərbin və Rusiyanın Cənubi Qafqazda uzunmüddətli sülhün və təhlükəsizliyin təmin edilməsinə yanaşmaları əks qütblərdə dayanır. Güc mərkəzlərinin bir-biri ilə adekvatlıq təşkil etməyən maraqları isə son nəticədə sülh prosesini çıxılmaza salır. Bəs bundan sonra sülhyaratma prosesi hansı formatda irəliləyəcək? Liderlərin növbəti görüşü Brüsseldə, yoxsa Moskvada keçiriləcək? Son vaxtlarda görüş yeri və yaxud vasitəçi kimi Tbilisinin də adı çəkilir.  Tbilisi nizamlama və sülhyaratma prosesinə hansı töhfələri verə bilər?

Növbəti görüş yeri yenə də Brüssel ola bilərdi, amma...

Deyə bilərik ki, əvvəllər proseslərdə görünməyən Brüssel  Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsində rolunu tədricən artırdı. Biz müəyyən mərhələdə Brüssel platformasının təşəbbüsü ələ almaq istəyinin  və buna yaxınlaşdığının şahidi olduq. Analitiklər bunu müxtəlif amillərlə əsaslandırırlar. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması burada əsas amillərdən biri kimi dəyərləndirilir. İndiyədək Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə bir neçə görüşü baş tutub. Liderlər arasında Brüsseldə ilk görüş 2021-ci il dekabrın 14-də keçirildi. Brüssel formatında sonuncu görüş isə 2022-ci il 6 oktyabr tarixində  Praqada Azərbaycan Prezidenti İlham Əliyevin, Fransa Prezidenti Emmanuel Makronun, Ermənistanın baş naziri Nikol Paşinyanın və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə baş tutdu. Görüşdən sonra verilən bəyanatda bildirilirdi ki, Azərbaycan və Ermənistan BMT-nin nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini təsdiq edirlər. Ötən ilin dekabrında isə Brüssel formatında liderlərin gözlənilən görüşü baş tutmadı. Buna səbəb Ermənistanın şərti oldu. Məğlub ölkə Fransa prezidentinin də liderlərin görüşünə qatılmasını təkid etdi. Bu qeyri-adekvat şərt Azərbaycan tərəfindən qəbul edilmədi. Azərbaycanın sərt mövqeyini şərtləndirən əsas amil odur ki, Fransa özünün münaqişə tərəfi olan Ermənistanın havadarı kimi aparır. Bu ölkənin prezidenti Emmanuel Makron müxtəlif auditoriyalarda  kiçik bacı adlandırdığı Ermənistana hərtərəfli dəstək verəcəyini bəyan edib. Bu ölkə parlamentinin hər iki palatasında Azərbaycana qarşı qərəzli qətnamələr qəbul olunub. Bütün bunlardan sonra Fransa BMT Təhlükəsizlik Şurasında respublikamızın əleyhinə qətnamə qəbul edilməsi təşəbbüsünü irəli sürdü. Fransa həmçinin Avropa İttifaqı Şurasının yanvarın 23-də  Ermənistana uzunmüddətli missiya göndərilməsi ilə bağlı Azərbaycanla razılaşdırılmayan qərar qəbul etməsində, sözün əsil mənasında, canfəşanlıq göstərdi. Belə birtərəfli qaydada tərəf saxlayan Fransa prezidentinin Brüssel formatında iştirakı hansı məntiqə sığardı? Sağlam məntiq bunu inkar edir. Hasil olan qənaət odur ki, Brüssel formatını Fransa və Ermənistan bacıları iflasa uğradıblar. Azərbaycanın mövqeyinə gəldikdə, Prezident İlham Əliyev Brüssel formatını, Şarl Mişelin konstruktiv yanaşmalarını və fəallığını təqdir etdiyini dəfələrlə bildirib.

Bütövlükdə, əvvəlki mərhələdə Brüssel görüşlərini məhsuldar kimi dəyərləndirmək mümkündür. İlk görüşdə regionda kommunikasiyaların açılması məsələsi ətraflı müzakirə edilib. 2021-ci ilin dekabrınadək Zəngəzur dəhlizi ilə bağlı konkret mövqe ortaya qoymayan Ermənistan Brüsseldə öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı öhdəliyi təsdiqlədi. Görüşdə, eyni zamanda, dəhliz üzərində gömrük  və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunacağı barədə razılıq əldə olundu. Liderlər arasında Brüsseldə baş tutan ikinci görüşdən sonra Şarl Mişel yaydığı bəyanatda atıq konkret məsələlər üzrə razılıq əldə olunduğunu bildirib. Avropa İttifaqı Şurasının prezidenti liderlərin ikinci görüşünün nəticəsi olaraq sərhəd komissiyasının yaradılması ilə bağlı razılığa gəlindiyini diqqətə çatdırıb. Birgə sərhəd komissiyasının mandatına iki ölkə arasında sərhədlərin delimitasiyası, sərhəd xətti boyunca  və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətinin təmin edilməsi daxil idi. 2022-ci ilin may ayında baş tutan üçüncü görüşün ən mühüm nəticələrindən biri kimi, tərəflərin mövqelərinin konkretləşdirilməsi və uzlaşdırılması istiqamətində səylər göstərildiyi və bir sıra məsələlər üzrə razılığa gəlindiyi bildirilirdi. Ən mühüm məqam isə ondan ibarətdir ki, görüşdə tərəflər gələcək sülh müqaviləsi üzrə danışıqları davam etdirməyi razılaşıblar. Əvvəlki görüşlərdə əldə olunan razılaşmalar 2022-ci ilin oktyabr ayında baş tutan Praqa görüşündə daha da inkişaf etdirildi.  Proseslərin sonrakı gedişi isə hər kəsə məlumdur. Qeyd etdiyimiz kimi, Fransa və Ermənistan Brüssel formatını iflasa sürüklədilər.

Moskvanın ardıcıllıq və prinsipiallıq nümayiş etdirməməsi

Müharibə günlərində və postmüharibə dövrü başlayanda proseslərə Moskvanın fəal yanaşması aydın şəkildə sezilirdi. Əslində, bu, təbii qarşılanırdı. Çünki Cənubi Qafqaz regionu yalnız Azərbaycan və Ermənistan demək deyil. Bu coğrafiyada gedən proseslər, sülhün və təhlükəsizliyin təmin olunması bir sıra digər qonşu dövlətlər kimi, Rusiyanın da maraq dairəsindədir. Qeyd edək ki, müharibənin başa çatmasını bildirən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat məhz Rusiyanın vasitəçiliyi ilə imzalandı. Həmin sənədə Azərbaycan və Rusiya prezidentləri, eləcə də Ermənistanın baş naziri imza atıblar. Bundan sonra şimal qonşumuzun vasitəçiliyi ilə Moskvada, Soçidə Azərbaycan və Ermənistanın nümayəndə heyətlərinin, o cümlədən də liderlərin görüşləri təşkil olundu. Konkret nəticələr əldə olunmasa da, belə təmaslar üç onillik ərzində faktiki olaraq müharibə vəziyyətində olan iki ölkənin yaxınlaşması, tərəflərin mövqelərinin aydınlaşdırılması və məsuliyyət hissinin artırılması baxımından əhəmiyyətli idi. Moskva formatında Azərbaycan, Rusiya və Ermənistan liderlərinin sonuncu üçtərəfli görüşü 2022-ci il oktyabrın 31-də Soçidə baş tutdu. Soçi görüşündə də birgə bəyanat razılaşdırılıb.

Ancaq Moskva platformasının da öz fəaliyyətində obyektivlik, ardıcıllıq və prinsipiallıq nümayiş etdirdiyini söyləmək mümkün deyil. Belə deməyə əlimizdə əsaslar var. Xatırlayaq. Hələ müharibə günlərində prezident V. Putin KİV-ə verdiyi müsahibələrində bir neçə dəfə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu açıq mətnlə ifadə etmişdi. Həmin dövrdə və sonrakı mərhələdə Rusiyanın vasitəçiliyi ilə imzalanan sənədlərdə Qarabağda yaşayan ermənilərə hansısa bir “status” verilməsindən, “Dağlıq Qarabağ münaqişəsi”ndən ümumiyyətlə söhbət açılmırdı. Ancaq Praqadan sonra Soçidə baş tutan görüş ərəfəsində Rusiya rəsmilərinin, necə deyərlər, valı dəyişdiklərini müşahidə etdik. Soçi görüşündən əvvəl Rusiya rəsmiləri Azərbaycanla Ermənistan arasında Dağıq Qarabağla bağlı müzakirələr aparılması təklifini səsləndirdilər. Azərbaycan bu təklifi qətiyyətlə rədd etdi. Gözlənilmədən “münaqişənin həllinin gələcəyə saxlanılması”, “Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi” kimi tezislər dövriyyəyə buraxıldı. Analitiklər çox doğru olaraq bildirirlər ki, vasitəçi Rusiyanın belə təhrikedici açıqlamaları sülh sazişini 2022-ci ilin sonlarınadək imzalamağa hazır olan Ermənistanı geriyə addım atmağa sövq edən ikinci bir amil oldu.

Diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, Moskva Brüssel formatında hansısa bir uğurun qazanılmasını həzm edə bilmir. Ötən ilin oktyabrında Praqa görüşünün mürəkkəbi qurumamış V. Putinin Azərbaycan və Ermənistan liderlərini Soçiyə görüşə dəvət etməsi bunun təzahürüdür. Moskva ilə Brüsselin Cənubi Qafqazda maraqları toqquşur. Avropa İttifaqı regiona gəlmək, burada de-fakto real güc nümayiş etdirməyə çalışır. Moskva isə regiona arzuolunmaz qonaq gəlməsini istəmir. Bunu biz şimal qonşumuzun Avropa İttifaqının Ermənistana mülki missiya göndərməsinə münasibətində də müşahidə edirik. Son vaxtlarda Rusiya rəsmiləri verdikləri açıqlamalarda Ermənistan rəhbərliyinin bu ölkəyə Avropa İttifaqının missiyasını çağırmasına mənfi münasibətlərini açıq mətnlə ifadə edirlər.

Tbilisi formatı: Niyə də yox?

Brüssel və Moskva platformalarına inamın zədələndiyi bir şəraitdə Tbilisi variantına maraq artıb. Niyə də yox? Əslində, Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə vəziyyətinin aradan qaldırılmasında vasitəçilik etmək regionun digər dövləti olan Gürcüstanın haqqıdır. Axı Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi bu ölkənin milli maraqlarına tam uyğundur. İnkişaf edən region inkişaf edən ölkə anlamına gəlir.

Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistandan ibarət üçtərəfli platformanın yaradılması təşəbbüsü Prezident İlham Əliyevdən gəlib. Dövlətimizin başçısı bununla bağlı fikirlərini Praqada, eləcə də ötən ilin sonlarında  Gürcüstana səfəri çərçivəsində ifadə edib. Prezident İlham Əliyev bu məsələyə, həmçinin yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında bir daha qayıdıb. Dost Gürcüstanın vasitəçilik səylərini yüksək dəyərləndirdiyini bildirən Prezident İlham Əliyev vurğulayıb: “... Əfsuslar olsun ki, Ermənistan bizim çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifimizə cavab verməyib. Komissar Han Ermənistanın burada iştirak etməməsinə eyham vurdu, dedi ki, burada iki Cənubi Qafqaz ölkəsi var, lakin onların sayı 3-dür. Mən onun kimi nəzərdə tutduğunu bilirəm. Ermənistanın burada olmamasının səbəbi odur ki, bizim üçtərəfli əməkdaşlıq formatına başlamaqla bağlı Gürcüstanla birgə etdiyimiz təklif Ermənistan tərəfindən rədd edilib. Mən dostum İrakli Qaribaşvilinin səylərini yüksək qiymətləndirirəm, o, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə ev sahibliyi edib və gürcüstanlı həmkarları da görüşdə iştirak edib. Bizim təklifimiz liderlərin Gürcüstanda görüşməsindən ibarət idi. Çünki Gürcüstan hər zaman tarixən bütün qonşuların görüşdüyü yer olub, lakin Ermənistan buna hazır deyil. Bu, potensial risklərdən biridir, çünki əgər 3 Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar”.

Cənubi Qafqazda üçtərəfli formatın yaradılması təşəbbüsünü irəli sürən Prezident İlham Əliyev o mövqedən çıxış edir ki, danışıqların aparılmasında üçüncü bir tərəfə ehtiyac yoxdur. Bu yanaşma dövlətimizin başçısının strateji baxışını ifadə edir. Münaqişə tərəfləri arasında vasitəçilərin sayı artdıqca, ortaq məxrəcə gəlinməsi də çətinləşir. Çünki hər vasitəçi münaqişənin məhz onun maraqlarına uyğun tərzdə həllinə nail olmağa çalışır ki, bu da müzakirələrin sonsuzluğadək uzanması ilə nəticələnir.

Azərbaycanın Tbilisi variantına böyük maraq göstərməsi həm də o amillə şərtlənir ki, Gürcüstan müharibə zamanı öz neytrallığını qoruyub saxladı və ölkə üzərindən Ermənistana hərbi təyinatlı texnikanın daşınmasına imkan vermədi. Bundan başqa, Azərbaycanla Gürcüstanı ortaq iqtisadi maraqlar birləşdirir. Dost ölkə regionda Azərbaycanın təşəbbüsü və moderatorluğu ilə reallaşdırılan bütün enerji və nəqliyyat layihələrində yer alır. Eyni zamanda, Azərbaycan kimi, Gürcüstan da ərazi bütövlüyü pozulan və separatizmdən əziyyət çəkən dövlətdir. 

Tbilisi variantı həm də ABŞ-ın layihəsi hesab olunur. Güc mərkəzi olan ABŞ  Gürcüstana hərtərəfli dəstək nümayiş etdirir. Eyni zamanda, bu ölkə Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesində fəallığını artırmağa çalışır. Dövlət katibi Antoni Blinkenin bu günlərdə Prezident İlham Əliyevlə telefon danışığında vurğulandığı kimi, ABŞ sülhyaratma prosesinin irəliləməsində maraqlıdır. Bu mövzuda, həmçinin ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi mətbuat konfransında danışıb. O bildirib ki, Vaşinqton davamlı sülhə nail olunması üçün həm üçtərəfli, həm də çoxtərəfli formatlarda iştirakını davam etdirir: “Biz Ermənistan və Azərbaycanla birbaşa müzakirələrdə iştirak etməyə davam edirik. Biz bunu ikitərəfli edirik, biz bunu öz tərəfdaşlarımızla birlikdə edirik, biz bunu çoxtərəfli institutlar vasitəsilə edirik. Biz ötən il bunu bir neçə dəfə üçtərəfli qaydada etdik. Biz bu çox problemli məsələlərin həll üçün ən effektiv olan nədirsə, onu edəcəyik. Biz davamlı sülhə dəstəyimizdə sadiq olaraq qalırıq”.

Ned Prays vurğulayıb ki, ABŞ tərəflər arasındakı danışıqlarda əvvəlcədən gəldiyi qənaət əsasında iştirak etmir. O əlavə edib ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında uzun müddətdir ayrılıqlara səbəb olmuş məsələlərin həlli və davamlı sülhə nail olunması üçün tərəflər arasında birbaşa dialoq görməyə ümid edir.

Sonda təəssüflə onu da bildirmək istərdik ki, Tbilisi variantına da müəyyən təhdidlər yox deyil. Bu təhdidlər ilk növbədə Rusiyanın mövqeyi ilə bağlıdır. Bu ölkə ABŞ-ın maraqlarının Cənubi Qafqazda təmin edilməsini arzulamır və daim bunu əngəlləməyə çalışır. Belə olan halda ABŞ-ın variantının keçərli olacağını tam qətiyyətlə söyləmək mümkün deyil.

Paylaş:
Baxılıb: 520 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31