Qadınlarımız Şərqdə və dünyada ilk dəfə...
08.03.2023 [10:00]
Seçmək və seçilmək hüququ qazanıb, birinci vitse-prezidentlik institutları formalaşdırıblar
Tarixin bütün dönəmlərində cinslər arasındakı fərq, kişilərin və qadınların sosial vəziyyəti, hüquqları, cəmiyyətlərdə onların yeri həmişə müzakirə mövzusu olub. Deyə bilərik ki, yüzilliklər ötsə də, hələ də bu qəbildən olan müzakirələrə nöqtə qoyulmayıb. Fərqli fikirlər səsləndirilir, müxtəlif, bir sıra hallarda ziddiyyətli baxışlar ortaya qoyulur. Bütün yanaşmalara rəğmən, bu gün onların - qadınlarımızın günüdür.
Gözəllik və fədakarlıq rəmzi olan Azərbaycan qadınları
Qadınların cəmiyyətə və cəmiyyətin qadınlara münasibəti həm də toplum olaraq xalqların mental dəyərləri, həyata baxışları ilə əlaqəlidir. Dünya tarixinə nəzər saldıqda bir sıra cəmiyyətlərdə zərif cinsin təmsilçilərinə qarşı diskriminasiyaların müxtəlif təzahürlərinin şahidi oluruq. Azərbaycanın folklor nümunələrində, klassiklərimizin əsərlərində isə Azərbaycan qadınlarına daim yüksək hörmət və ehtiram bəslənilib, onların ailədə və cəmiyyətdə rolu yüksək dəyərləndirilib. Bu, bütövlükdə gen kodumuzda qadına yüksək dəyər verilməsinin ifadəsidir. Təbii ki, bu dəyəri ilk növbədə qadınlarımızın özləri qazanıblar.
Azərbaycan qadınları tarixən gözəllik, əxlaq, mənəvi saflıq mücəssəməsi sayılıblar. Bu gün bir sıra cəmiyyətlərdə ailə dəyərlərinin aşılandığının şahidi oluruq. Azərbaycanda isə bu və digər milli-mənəvi dəyərlər yüksək səviyyədə qorunaraq nəsildən-nəsillərə ötürülür. Burada Azərbaycan qadınının dominant rolu xüsusi qeyd edilməlidir. Analarımız beşik başında oxuduqları laylalarla övladlarına milli ruh aşılayırlar. İndiki qloballaşma şəraitində azərbaycanlı identikliyini qoruyub saxlayan, çoxluğun içərisində əriməyə qoymayan məhz analarımızın bizim daxilimizə hopdurduqları həmin o milli ruhdur. Bu cəhəti Prezident İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikində xüsusi vurğlayıb: “Xalqımız çoxəsrlik tarixinin bütün dövrlərində qadını ülviyyətin təcəssümü saymış və ona hər zaman dərin ehtiram göstərmişdir. Azərbaycan qadınları keçmişimizin taleyüklü, həlledici anlarında vəzifələrinin öhdəsindən daim layiqincə gəlmişlər. Bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında onların misilsiz xidmətləri vardır”.
Lakin tarixdə Azərbaycan qadınları öz funksiyalarını yalnız nəsil artırmaqla bitmiş saymayıblar. Ər igidlərə arxa, dayaq duran, lazım gəldikdə onlarla birlikdə döyüşlərə qatılan, çiyin-çiyinə vuruşub qəhrəmanlıqlar göstərən qadınlarımız da az olmayıb. Nigarın, Həcərin, Tomrisin, Sara xatunun qəhrəmanlıqları barədə dastanlar yazılıb. Qədim yazılı abidəmiz olan “Kitabi-Dədə Qorqud”da Burla xatun, Banu Çiçək, Selcan xatun kimi kişilərlə qoşa yay çəkən, qurşaq tutub güləşən, cıdırda öndə gedən qəhrəman qadınlarımızdan bəhs olunub. Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində qeyd olunur ki, Bərdə hökmdarı Nüşabə böyük fateh makedoniyalı İsgəndərlə görüşüb, öz müdrikliyi və dərin ağlı ilə onu sülhə çağırıb, dünya malı üçün qan tökməkdən çəkindirib. 1941-1945-ci illər müharibəsində Qafqazda, Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçi olan azərbaycanlı Leyla Məmmədbəyova aviasiya mayoru rütbəsinə yüksəlib. O, müharibə illərində yüzlərlə desantçı və 4 min paraşütçü hazırlayaraq cəbhəyə yollayıb. Onun tələbələri arasında 2 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Dürrə Məmmədova II Dünya müharibəsinin iştirakçısı, baş leytenant, “SSRİ tibb xidməti əlaçısı” olub. Digər həmyerlimiz - Sona Nuriyeva da ilk təyyarəçi qadınlardan biri idi. Aliyə Rüstəmbəyova isə partizan hərəkatının iştirakçısı olub.
Azərbaycan qadını özünün yüksək vətənpərvərliyini və şücaətini növbəti dəfə Birinci və İkinci Qarabağ müharibələrində təcəssüm etdirdi. Onlardan biri Gültəkin Əsgərovadır. Azərbaycan Dövlət Tibb Universitetinin məzunu olan Gültəkin Əsgərova 1992-ci ilin aprelindən könüllü olaraq cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. 1992-ci il iyulun 19-da Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Ölümündən sonra, 1993-cü ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Həlak olduğu yüksəkliyə, Xəzərin sularında üzən bir gəmiyə, ailəsində isə bir körpəyə onun adı verilib. Qaratel Hacımahmudova 1993-cü ildə Aşağı Əskipara kəndində mühasirəyə düşüb, güclü atışmada əsgərlərimizə kömək edib, “Kalaşnikov” markalı avtomatla çoxlu sayda erməni quldurlarını öldürdükdən sonra düşmən əlinə keçməmək üçün axırıncı gülləni özünə vurub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Bu siyahı çox uzundur.
Azərbaycan qadınları barədə söhbət açanda bir fərqli cəhəti də xüsusi qeyd edə bilərik. Biz müxtəlif xalqların timsalında qadınların müəyyən yaş həddini aşdıqdan sonra üz cizgilərinin arzuolunmaz dərəcədə dəyişdiyinin şahidi oluruq. Azərbaycan qadınının nümunəsi isə tamam fərqlidir. Qadınlarımızın mənəvi saflığı sanki onların üz cizgilərinə də hopub. Bu da qadınlarımızın istənilən yaşda öz təravətlərini, cazibədarlıqlarını qoruyub saxlamalarını şərtləndirir.
Tarixdə qadın hərəkatı və Azərbaycan nümunəsi
Tarixdə feminizm və yaxud qadın hərəkatı Amerika Birləşmiş Ştatları, Fransa, İngiltərə kimi ölkələrdə təşəkkül tapıb və geniş vüsət alıb. Feminizmin tarixində üç mərhələ fərqləndirilir. Dünyada qadın hərəkatının birinci dalğası 19-cu əsrin ortalarından 20-ci əsrin əvvələrinə qədər davam edib və daha çox səsvermə hüququ, mülkiyyət hüququ, təhsil almaq, işləyə bilmək imkanı və ədalətli nikah qanunu uğrunda mübarizəni əhatə edib. 1960-cı illərdə başlayan ikinci dalğa zamanı isə diqqət mərkəzində əmək münasibətləri və reproduktiv hüquq olub. Bu dövrdə feminizm hərəkatı üçün mühüm olan iş yerlərində və təhsil müəssisələrində ayrı-seçkiliyin aradan qaldırılması, o cümlədən abort ilə bağlı tarixi qərarlar qəbul edilib. Hazırda biz plüralistik və müxtəliflik üzərində qurulan feminizmin üçüncü dalğasını müşahidə edirik. Bu dövrdə feminizmin əhatə dairəsinin genişləndiyini deyə bilərik. İndiki mərhələdə diqqət əsasən qloballaşma, texnologiya və qadınların həyatına təsir edən digər dəyişikli?lərə yönəlib.
Biz dünyada qadın hərəkatının tarixinə təsadüfən qısa ekskurs etmədik. Qadın hərəkatının təşəkkül tapmasına səbəb nə idi? Qadınlar nə istəyirlər? Dünyada qadın hərəkatı ilk növbədə zərif cinsin təmsilçilərinin seçilmək hüququndan qaynaqlanıb. Bəli, nə qədər təəccüblü görünsə də ABŞ, Fransa, İngiltərə kimi Qərb ölkələri qadınlara və kişilərə bərabər hüquqları tanımaq istəmirdilər, zərif cinsin təmsilçiləri ölkələrin parlamentlərinə, idarəetmə orqanlarına buraxılmırdılar. Qadınların ilk etirazlarını alovlandıran da məhz siyasi hüquqlara çıxış imkanı qazanmaqla bağlı idi.
Azərbaycanda isə belə hərəkatların başlanılmasına lüzum olmadı. Azərbaycan cəmiyyətinin qadına yüksək münasibəti 1918-ci ildə qurulan ilk Respublikanın idarəçiliyində özünü büruzə verdi. Belə ki, cəmi 23 ay ömrü olan Azərbaycan Xalq Cümhuriyyəti qadınların seçmək və seçilmək, təhsil və digər hüquqlarını tanıdı. Bu, bütün Şərq aləmində bir ilkə imza atılması demək idi. Müqayisə aparaq: Demokratik dəyərləri ilə öyünən Qərbdə dövlətçilik ənənələri bərqərar olsa da, qadınlar yüzilliklər boyunca hüquqsuzluq buxovunda saxlanılıblar, onlara öz qabiliyyətlərini təcəssüm etdirməyə imkanlar verilməyib. Azərbaycan isə özünün ilk milli cümhuriyyətini quran kimi, qadınların bütün hüquqlarını tanıyıb. Bu, bü?övlükdə cəmiyyətimizin qadınlara verdiyi yüksək dəyəri və milli mentalitetimizin demokratik dəyərlərdən qidalandığını təzahür etdirir. Fransa kimi ölkələr demokratiyanı sadəcə qışqırırlar, Azərbaycan isə onu heç kimə bəyan etmədən, hay-küy salmadan öz həyatında tətbiq edib.
Ölkə həyatında qadınların rolu
Ənənələr bu gün də davam edir. Özünü AXC-nin varisi sayan müstəqil Azərbaycanda gender bərabərliyinin təmin olunması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilib. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında qadınların bütün imkanlara çıxışının təmin olunması məqsədilə hüquqi baza getdikcə daha da möhkəmləndirilir. Bu kontekstdə ölkə Prezidentinin təşəbbüsü ilə 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun qəbul edilməsini, elə həmin il dövlət başçısının müvafiq Sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmasını xüsusi qeyd edə bilərik. Aparılan uğurlu qadın siyasətinin məntiqi nəticəsi olaraq ölkəmizdə zərif cinsin təmsilçilərinin ictimai fəallığı yüksək səviyyəyə çatıb. Statistik məlumatlara əsasən hazırda ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edir. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81,9 faizi, orta ixtisas təhsil müəssisələrində 81,3 faizi, ali təhsil müəssisələrində 57,4 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,6 faizini, orta ixtisas təhsili müəssisələri tələbələrinin 61,9 faizini, ali təhsil müəssisələri tələbələrinin isə yarısını qızlar təşkil edir.
Qadınların elmin inkişafında da müstəsna rolu var. Elmi işçilərin 59,2 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,2 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,1 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən yeddisi, müxbir üzvlərindən isə doqquzu qadındır.
Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi, ilkin məlumatlara əsasən, 48,3 faizə çatıb. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,0 faiz, fərdi sahibkarlar arasında isə 22,0 faizdir.
Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, hazırda bu göstərici,18,6 faizə çatıb.
Müasir Azərbaycan qadınlarının parlaq obrazı - Mehriban Əliyeva
Birinci vitse-prezident, Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva keşməkeşli yol keçən Azərbaycan qadınlarının parlaq obrazını təcəssüm etdirir. Azərbaycan qadınının ən xarakterik cəhəti olan xeyirxahlıq, humanizm, xoş məram Mehriban xanım Əliyevanın həyatından və fəaliyyətindən qırmızı xətt kimi keçir. Onun həssas ana qəlbi yalnız öz ailəsində deyil, bütün ölkə miqyasında qayğıya, köməyə ehtiyacı olan uşaqlara böyük məhəbbətlə döyünür. Əlamətdar tarixlərdə, milli bayramlarda Mehriban xanım Əliyeva bir qayda olaraq uşaqların, ələlxüsus da fiziki qüsurlu və yaxud valideyn himayəsindən məhrum qalmış uşaqların yanında olmağa tələsir. Belə tədbirlərdə Mehriban xanım Əliyeva yüksək statusuna baxmayaraq, çox sadə davranır - uşaqlarla rəqs edir, onların gələcək planları ilə maraqlanır, viktorinalara qatılır, balaca dostlarını öz əlləri ilə bişirdiyi şirniyyatlara qonaq edir. Onun təşəbbüsü ilə Heydər Əliyev Fondu uşaqların və gənclərin təhsilinə dəstək məqsədilə bir neçə uğurlu proqram reallaşdırır. İndiyədək Heydər Əliyev Fondunun icra etdiyi təkcə “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsi çərçivəsində 40-dan çox internat və uşaq evi yenidən qurulub. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir neçə “Məzun evi” tikilərək uşaq evləri və internat məktəblərinin məzunu olan gənclərin istifadəsinə verilib. Bütövlükdə bu binalarda 365 gənc hər cür rahatlığı olan mənzillərlə təmin olunub.
Mehriban xanım Əliyeva daim özündə xeyirxahlığı, humanizm dəyərlərini ehtiva edən təşəbbüslər irəli sürür. İndiyədək onun təşəbbüsü ilə bir neçə dəfə amnistiya aktı qəbul olunub. Əsasən əlamətdar tarixlər, milli bayramlarımız ərəfəsində qəbul olunan bu amnistiya aktlarının icrası nəticəsində 40 minə yaxın məhkum müxtəlif növ cəzalarından azad edilib. Bütün bunlarla Mehriban xanım Əliyeva cəmiyyətə humanizm mesajları ötürür, insanlara mərhəmətli olmağa, başqalarının ağrı-acısını, kədərini özününkü kimi qəbul etməyə, xoş günlərin sevincini paylaşmağa çağırış edir.
Azərbaycanı beynəlxalq miqyasda mədəniyyət beşiyi, tolerantlıq ünvanı kimi tanıdan Mehriban xanım Əliyeva bütün dünyada bir çox cəhətdən fərqli olan birinci xanım və Birinci vitse-prezidentlik institutları formalaşdırıb və onların funksionallığını yüksək səviyyədə təmin edir. Biz müşahidə edirik: Ölkə Prezidenti İlham Əliyev tez-tez regionlara, işğaldan azad edilmiş ərazilərə səfərlərə gedir, yerlərdə ictimaiyyətin nümayəndələri ilə çoxsaylı görüşlər keçirir. Bu səfərlərdə və görüşlərdə birinci xanım Mehriban Əliyeva bir qayda olaraq dövlət başçısının yanında olur. Belə görüşlərin səmimi aurada keçməsi və insanların birinci xanıma “bizim Mehriban” deyə müraciət etmələri xüsusi diqqət çəkir.
Müstəqil Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın idarəçilik fəlsəfəsi də tamam fərqlidir. Mehriban Əliyeva Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub. Açıq deyək, başlanğıcda ölkədə yeni təsisata inam az idi. İnsanlar o qənaətdə idilər ki, bu idarəçilik institutunun özünü təsdiqləməsi üçün bir neçə il tələb olunacaq. Ancaq Mehriban Əliyeva ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin - “Eurovision” mahnı müsabiqəsinin, Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkilində qazandığı təcrübəyə və daxilindəki istəyə, enerjiyə əsaslanmaqla Birinci vitse-prezidentlik institutunu qısa zaman kəsiyində işlək bir mexanizmə çevirməyi bacardı. Burada da onun xarakterindəki humanizm, insanlara qayğı dominant bir cəhət kimi önə çıxır. Mehriban xanım Əliyeva insanlarla arada baryerlər yaradan məmur obrazından çox uzaq məsafədə dayanır, əksinə, o, həmişə vətəndaşlarla, müxtəlif sosial təbəqələrin nümayəndələri ilə daha sıx ünsiyyətə can atır. Onun bütün cəmiyyətin sevimlisinə, ümid, inam yerinə çevrilməsinin “sirri” də elə bundadır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax 
                    YAP xəbərləri
28 Oktyabr 13:21
 
                    YAP xəbərləri
28 Oktyabr 12:39
 
                    Gündəm
28 Oktyabr 12:14
 
                    Sosial
28 Oktyabr 12:03
 
                    İqtisadiyyat
28 Oktyabr 11:57
 
                    İqtisadiyyat
28 Oktyabr 11:56
 
                    Hadisə
28 Oktyabr 11:55
 
                    Gündəm
28 Oktyabr 11:52
 
                    Siyasət
28 Oktyabr 11:37
 
                    Gündəm
28 Oktyabr 11:23
 
                    Gündəm
28 Oktyabr 11:22
 
                    Gündəm
28 Oktyabr 11:21
 
                    Gündəm
28 Oktyabr 11:19
 
                    Siyasət
28 Oktyabr 11:13
 
                    Analitik
28 Oktyabr 10:56
 
                    Siyasət
28 Oktyabr 10:46
 
                    MEDİA
28 Oktyabr 10:34
 
                    Analitik
28 Oktyabr 10:17
 
                    Dünya
28 Oktyabr 10:14
 
                    Siyasət
28 Oktyabr 10:13
 
                    Analitik
28 Oktyabr 09:49
 
                    Analitik
28 Oktyabr 09:34
 
                    Analitik
28 Oktyabr 09:15
 
                    Mədəniyyət
28 Oktyabr 08:51
 
                    Ədəbiyyat
28 Oktyabr 08:25
 
                    İdman
27 Oktyabr 23:19
 
                    Siyasət
27 Oktyabr 22:56
 
                    YAP xəbərləri
27 Oktyabr 22:43
 
                    Dünya
27 Oktyabr 22:16
 
                    Dünya
27 Oktyabr 21:58
 
                    YAP xəbərləri
27 Oktyabr 21:30
 
                    Dünya
27 Oktyabr 21:10
 
                    İdman
27 Oktyabr 20:49
 
                    YAP xəbərləri
27 Oktyabr 20:36
 
                    Sosial
27 Oktyabr 20:15
 
                    Hadisə
27 Oktyabr 19:54
 
                    Dünya
27 Oktyabr 19:32
 
                    YAP xəbərləri
27 Oktyabr 19:18
 
                    YAP xəbərləri
27 Oktyabr 18:46
 
                    YAP xəbərləri
27 Oktyabr 17:34
 
                    Sosial
27 Oktyabr 17:13
 
                    Siyasət
27 Oktyabr 16:46
 
                    Gündəm
27 Oktyabr 16:34
 
                    Gündəm
27 Oktyabr 16:28
 
                    Sosial
27 Oktyabr 16:27
 
                    Gündəm
27 Oktyabr 16:24
 
                    Gündəm
27 Oktyabr 16:23
 
                    Maraqlı
27 Oktyabr 16:20
 
                    YAP xəbərləri
27 Oktyabr 16:01
 
                    Dünya
27 Oktyabr 15:42
 
                    YAP xəbərləri
27 Oktyabr 15:30
 
                    Dünya
27 Oktyabr 15:29
 
                    YAP xəbərləri
27 Oktyabr 15:00
 
                    YAP xəbərləri
27 Oktyabr 14:47
 
                    YAP xəbərləri
27 Oktyabr 14:42
 
                    Elanlar
27 Oktyabr 14:41
 
                    YAP xəbərləri
27 Oktyabr 14:40
 
                    YAP xəbərləri
27 Oktyabr 14:40
 
                    YAP xəbərləri
27 Oktyabr 14:38
 
                    YAP xəbərləri
27 Oktyabr 14:37
 
                    Dünya
27 Oktyabr 14:30
 
                    Sosial
27 Oktyabr 14:19
 
                    Sosial
27 Oktyabr 14:16
 
                    YAP xəbərləri
27 Oktyabr 14:08
 
                    Dünya
27 Oktyabr 13:24
 
                    YAP xəbərləri
27 Oktyabr 13:05
 
                    Dünya
27 Oktyabr 12:53
 
                    Dünya
27 Oktyabr 12:29
 
                    YAP xəbərləri
27 Oktyabr 12:11
 
                    YAP xəbərləri
27 Oktyabr 12:10
 
                             
                    
 
                        


