Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Orta Dəhliz…

Orta Dəhliz…

12.04.2023 [10:21]

Mübariz FEYİZLİ

Azərbaycan-Qazaxıstan gündəliyində

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə müsbət təsir göstərən çoxsaylı amillər sadalamaq mümkündür. Burada tarixdən gələn bağlılıq və ortaq mənəvi dəyərlərlə yanaşı, qarşılıqlı iqtisadi maraqlar da mühüm rol oynayır.  Hər iki ölkə həmçinin tranzit daşımaları baxımından son dərəcə əlverişli olan coğrafiyada yerləşir. Xəzər dənizi ilə əlaqələnən bu coğrafiyadan Avrasiyada ən mühüm nəqliyyat bağlantılarından biri olan Orta Dəhliz keçir. Azərbaycan və Qazaxıstan Transxəzər marşrutu kimi tanınan Orta Dəhlizin çox mühüm halqalarını təşkil edirlər.

Orta Dəhlizdə ortaq maraqlar

Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur.

Məlumdur ki, indiki gərginliklər fonunda Avrasiya məkanından keçən bir sıra marşrutlar üçün ciddi təhdidlər yaranıb. Hazırda müharibə səbəbindən Qara dənizin Ukrayna sahillərindəki limanlarda təhlükəli vəziyyət hökm sürür və əslində, onların fəaliyyəti dayanıb. Müharibənin digər tərəfi olan Rusiyadan keçən marşrutlara təhlükəsizlik nöqteyi-nəzərindən və bir sıra başqa səbəblərdən diqqət azalıb. Belə heç də adi olmayan bir şəraitdə Orta Dəhlizin cəlbediciliyi artıb və bu marşrut üçün yeni fürsətlər yaranıb. Ayrı-ayrı ölkələr və daşıma şirkətləri siyasi sabitlik, təhlükəsizlik, marşrutun qısalığı kimi mühüm amilləri nəzərə alaraq yüklərin məhz bu marşrutla daşınmasına üstünlük verirlər.

Azərbaycan və Qazaxıstanı Orta Dəhlizdə ortaq maraqlar birləşdirir. Hər iki ölkə Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq edir. Aktau dəniz limanı xüsusi zonasında Azərbaycan sərmayəsi ilə inşa edilən “Aktau İstehsal və Logistika Mərkəzi” ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Eyni zamanda, Azərbaycan Ələtdə Xəzər sahilində ən böyük dəniz limanının inşasına nail olub. Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə gələn yüklər Ələt limanında qəbul edilərək ölkəmizin ərazisində müasir infrastrukturla Orta Dəhlizə inteqrasiya edilmiş marşrutlara yönəldilir. Hazırda tələbatın artması ilə əlaqədar olaraq Azərbaycan Ələtdəki dəniz limanının ötürücülük imkanlarının genişləndirilməsi layihəsinin icrasını da uğurla davam etdirir. Qazaxıstandan aşağı və yuxarı dəhlizlər keçmir, bu ölkə yalnız Transxəzər marşrutunun üzərində yerləşir. Azərbaycan isə Avrasiyada bütün nəqliyyat arteriyalarının kəsişdiyi ölkədir. Buna görə Orta Dəhliz üzrə Azərbaycanla əməkdaşlıq Qazaxıstan üçün strateji önəm daşıyır. Təsadüfi deyildir ki, Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 10-da dost ölkəyə baş tutan uğurlu rəsmi səfəri çərçivəsində keçirilən tədbirlərdə dövlət başçıları Orta Dəhlizin inkişaf etdirlməsinin önəminə diqqət çəkiblər. Bildirildiyi kimi, Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması ilə bağlı konkret rəqəmlər, konkret qrafik müzakirə edilib və bütün bu məsələlərin ən yaxın vaxtda öyrənilməsi üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. “Ölkələrimiz arasında müttəfiqlik münasibətləri bizim qarşılıqlı fəaliyyətimizin gələcək inkişafının möhkəm təməlidir. Bu gün biz bu təməli konkret məzmunla zənginləşdiririk və ötən ilin avqust ayında Bakıda qəbul edilmiş qərarlar bu gün artıq reallaşır. O cümlədən, Prezident Tokayevin qeyd etdiyi kimi, Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar”, - deyə dövlətimizin başçısı Astanada mətbuata verdiyi Bəyanatında vurğulayıb.

Bütövlükdə, Orta Dəhlizlə bağlı hər iki ölkənin gündəliyində duran məsələlərin spektri kifayət qədər genişdir. Orta Dəhlizin potensialının tam üzə çıxarılması böyük əhəmiyyət kəsb edir. Söhbət logistika xidmətlərinin təkmilləşdirilməsindən, vahid nəqliyyat operatorlarının yaradılmasından, texniki və tarif şərtlərinin modernləşdirilməsindən, inzibati maneələrin aradan qaldırılmasından və qapalı logistik dövrənin formalaşmasından gedir. “2022-2027-ci illərdə Orta Dəhlizin inkişafına dair yol xəritəsinin səmərəli reallaşdırılması da böyük əhəmiyyət kəsb edir. Biz razılaşdıq ki, bu marşruta artan maraqdan tam yararlanmaq və onun infrastrukturunun inkişafına üçüncü ölkələri cəlb etmək lazımdır. Bütün bu tədbirlər, habelə beynəlxalq tərəfdaşlarımızla sıx qarşılıqlı əlaqə Şərq-Qərb istiqamətində yüklərin çatdırılmasının sabitliyini və operativliyini təmin etməyə imkan verəcək, - deyə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatında bildirib.

Orta Dəhlizin ən mühüm seqmenti – Zəngəzur dəhlizi

Bəhs olunan marşrutun ən vacib hissəsi isə təbii ki, Zəngəzur dəhlizi olacaq. Heç şübhəsiz, Zəngəzur dəhlizi, ilk növbədə, bölgənin inkişafında xüsusi əhəmiyyət kəsb edəcək, regionda yeni əməkdaşlıq formatının yaranmasına, sülhün və tərəqqinin təmin olunmasına xidmət göstərəcək. Ən əsası isə odur ki, bu dəhliz coğrafi baxımdan bütün Türk dünyasını birləşdirəcək. Azərbaycan və Qazaxıstan tarixi Türk coğrafiyasının bütövləşməsinə güclü dəstək verən ölkələr sırasında yer alırlar. Zəngəzur dəhlizinin açılması tarixi ədalətsizliyə son qoyacaq və bütün Türk dünyasının inteqrasiyasına yeni fürsətlər yaradacaq.

Zəngəzur dəhlizi boyunca yaradılacaq dəmir və avtomobil yolları ölkəmizin ərazisində Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya ediləcək. Azərbaycanın Xəzərdə qurduğu ən böyük limanın, həmçinin işğaldan azad edilmiş ərazilərdə inşa olunan üç beynəlxalq səviyyəli aeroportun yaradacağı imkanları da nəzərə alsaq, belə bir qənaət ifadə edə bilərik: Zəngəzur dəhlizi beynəlxalq səviyyədə daşımalar üçün ən cəlbedici marşrutlardan birinə çevriləcək və respublikamız perspektivdə etibarlı tranzit ölkə kimi bundan böyük həcmlərdə gəlirlər əldə edəcək.

Eyni zamanda, Zəngəzur dəhlizinin yaradılmasında region dövlətləri ilə Azərbaycanın maraqları üst-üstə düşür. Dəhliz açılandan sonra Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xəttinin açılma ehtimalı realdır. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaranacaq. Bundan başqa, İran ilə Ermənistan, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Beləliklə, bütün region ölkələri yeni infrastruktur layihəsindən fayda götürmək imkanı qazanacaq. Təssüf doğuran haldır ki, Ermənistan və İran regional əməkdaşlıq üçün yaranan yeni fürsətləri lazımınca dəyərləndirmirlər və müəyyən manipulyasiyalara əl atmaqla Zəngəzur dəhlizinin açılmasını əngəlləməyə çalışırlar. Acaq belə cəhdlər əbəsdir. Azərbaycanın qətiyyəti, region dövlətlərinin həmrəyliyi sayəsində bu dəhliz mütləq açılacaq.

Zəngəzur dəhlizinə okeanın o tayından dəstək

Zəngəzur dəhlizinin açılması həmçinin Qərbin maraq dairəsindədir. Avropa İttifaqının rəsmiləri dəfələrlə Zəngəzur dəhlizinin açılmasına yaradılan maneələrin aradan qaldırılmasına çağırışlar ediblər.

Zəngəzur dəhlizinin yaradılmasına həmçinin okeanın o tayından da dəstək gəlib. “ABŞ Orta Dəhlizin inkişafını dəstəkləyir. Bu təşəbbüsün inkişafı, Orta Dəhlizin tam işlək vəziyyətə gətirilməsi ticarət imkanlarını, dövriyyəni artıracaq”. Bunu ABŞ-ın Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi, ABŞ və xarici Ticarət Xidmətləri üzrə baş direktoru Arun Venkataraman media üçün brifinqdə bildirib. “ABŞ bu təşəbbüsə logistika və nəqliyyat sahəsində təcrübəsini bölüşərək, ABŞ-ın özəl şirkətlərinin öz təcrübəsini fəal şəkildə bölüşməsi ilə dəstək verə bilər”, - o deyib.

ABŞ rəsmisi ölkəsinin özəl şirkətlərinin hansı ölkəyə və ya regiona investisiya qoyacağını yönləndirmədiyini deyib. O qeyd edib ki, ölkəsi şirkətlərinin Azərbaycanın bütün bölgələrində fəaliyyətini dəstəkləyir.

Arun Venkataraman, həmçinin bildirib ki, ABŞ şirkətləri Azərbaycanın “yaşıl” enerji ilə bağlı uğurunda iştirakçı olmağa həvəs göstərir: “ABŞ şirkətləri Azərbaycanın “yaşıl” enerji ilə bağlı uğurunda, xüsusilə də külək və günəş enerjisində iştirakçı olmağa həvəs göstərir. Bütün bu sahələrlə yanaşı, kənd təsərrüfatı və qida, logistika, rəqəmsallaşma ilə bağlı birgə işləyə, ABŞ təcrübəsini ilə bölüşə bilər”.

Qeyd edək ki, Zəngəzur dəhlizi yalnız yük daşımaları üçün deyil, həmçinin Azərbaycandan “yaşıl enerji”nin Avropada olan istehlakçılara ötürülməsi üçün də ideal marşrut sayılır. Ölkəmiz Vətən müharibəsində işğaldan azad edilmiş əraziləri “yaşıl enerji” zonası elan edib. Həmin ərazilərdə xarici şirkətlər də cəlb olunmaqla bərpa olunan mənbələrdən “yaşıl enerji” istehsalının artırılması ilə bağlı böyük layihələr icra edilir.

Paylaş:
Baxılıb: 894 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31