Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 6 ölkədən 10 ölkəyə

6 ölkədən 10 ölkəyə

29.04.2023 [10:20]

Prezident İlham Əliyev: Biz Avropanın qaz bazarında fəaliyyətimizi daha da genişləndirməyi planlaşdırırıq

Mübariz ABDULLAYEV

Son vaxtlarda Prezident İlham Əliyevin Brüsselə, Sofiyaya, Tirana, Belqrada, Sarayevoya, eləcə də Avropa İttifaqının (Aİ) və quruma daxil olan müxtəlif ölkələrin yüksək səviyyəli rəsmilərinin Bakıya tez-tez baş tutan səfərləri, bu səfərlər çərçivəsində aktual müzakirələrin aparılması Azərbaycanla Avropanın ayrı-ayrı dövlətləri arasında ikitərəfli siyasi dialoqun yüksək səviyyəsindən xəbər verir. Eyni zamanda, siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq ikitərəfli iqtisadi əlaqələr də uğurla inkişaf edir. Azərbaycanla Aİ arasında iqtisadi əlaqələr ilk növbədə çoxvektorlu olması ilə diqqət çəkir. İndiyədək ölkəmizlə qurumda təmsil olunan dövlətlər arasında imzalanan strateji tərəfdaşlıq haqqında sazişlərdə iqtisadi sahədə ikitərəfli əlaqələrin genişləndirilməsini özündə ehtiva edən maddələr yer alıb. Rəqəmlərə istinadən deyə bilərik ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Aİ-nin Cənubi Qafqazda ümumi ticarət dövriyyəsində Azərbaycan  lider mövqeyə malikdir. Bütövlükdə, ölkəmizin ixrac partnyorları arasında Aİ-nin üzvü olan İtaliya 48 faiz payla birinci sırada gəlir. Eyni zamanda, Avropa İttifaqının Cənubi Qafqazda ticarət dövriyyəsinin 2/3-si Azərbaycanın payına düşür. Prezident İlham Əliyev aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimindəki çıxışında ölkəmizlə Aİ arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edərək vurğulayıb:  “Sizə məlumat vermək istəyirəm ki, Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var”.

Azərbaycanla Aİ arasında enerji dialoqu

Azərbaycan Prezidentinin aprelin 25-də Bolqarıstana baş tutan uğurlu səfəri çərçivəsində aparılan müzakirələr bir daha təsdiqlədi ki, respublikamızla Aİ arasında getdikcə genişlənən tərəfdaşlıq münasibətlərində enerji dialoqunun prioritetliyi daha da aktuallaşıb. Hazırda artan geosiyasi gərginliklər səbəbindən “qoca qitə”nin enerji təhlükəsizliyinə ciddi təhdidlər yaranıb. Avropa İttifaqı üzv dövlətlərin qaz təchizatındakı kəsirləri yeni mənbələr hesabına aradan qaldırmağa çalışır. Azərbaycan “qoca qitə”nin ehtiyacını qarşılamağa geniş imkanları olan ölkədir. Müstəqil Azərbaycanın “Əsrin müqaviləsi”ndən sonra transmilli şirkətlərlə imzaladığı ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrədir. Xatırladaq ki, bu kontrakt 1996-cı il iyulun əvvəlində Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanıb. Bütövlükdə Azərbaycanın təsdiq edilmiş mavi yanacaq ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrə bərabərdir. Mütəxəssislər isə respublikamızın qaz ehtiyatlarının daha çox olduğu barədə proqnozlar verirlər.

Eyni zamanda, respublikamız Avropa üçün yalnız yeni enerji mənbəyi deyil. Azərbaycanın üstünlüyü həm də ondadır ki, ölkəmiz Xəzər sahillərindən Avropanının mərkəzi hissəsinədək uzanan müasir nəql marşrutunun - Cənub Qaz Dəhlizinin yaradılmasına nail olub. Açıq dənizə çıxışı olmayan Azərbaycanı Aralıq və Adriatik dənizləri ilə birləşdirən layihə bir vaxtlar çoxlarına xəyal kimi görünsə də, artıq reallıqdır. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir - Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməri. TAP İtaliyaya qədər uzanır. Cənub Qaz Dəhlizi 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. 2020-ci ilin son günü - dekabrın 31-də layihənin yekun hissəsi olan TAP istifadəyə verildi.

Beləliklə, Azərbaycanla Aİ arasında enerji dialoqunun aktuallığını şərtləndirən aşağıdakı mühüm amilləri qeyd edə bilərik:

- Qarşılıqlı siyasi iradənin olması,

- Yeni qlobal çağırışlar,

- Avropanın enerji xəritəsinin yenidən dizayn edilməsi,

- Xəzərin Azərbaycan sektorunda zəngin ehtiyatlar,

- Ölkəmizin müasir nəql infrastrukturuna malik olması,

- Təchizatçı ölkə olan Azərbaycanın ədalətli enerji siyasəti həyata keçirməsi,

- Respublikamızın müqavilə öhdəliklərinə böyük məsuliyyətlə yanaşması və s.

Böyüyən ixrac həcmləri...

Ötən il iulun 18-də ölkəmizlə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin imzaladıqları sənədlə ölkəmizlə Aİ arasında enerji dialoqunun keyfiyyətcə yeni səviyyəyə yüksələcəyi fikrini qətiyyətlə ifadə edə bilərik. Həmin sənədi bütövlükdə enerji dialoqunun müxtəlif aspektlərini əhatə edən strateji yol xəritəsi kimi də dəyərləndirmək mümkündür. Memorandumda həmçinin tərəflərin Xəzər sahillərindən qoca qitəyə qaz ixracının artırılması ilə bağlı niyyətləri də ifadə olunub. Prezident İlham Əliyev əminliklə bildirib ki, enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün bu istiqamətdə addımları davam etdirməyə birmənalı olaraq hazırdır. Ötən ilin yayında imzalanan memoranduma əsasən, Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatını iki dəfə artırmağı planlaşdırır. Xatırladaq ki, Cənub Qaz Dəhlizinin istismara verilməsindən sonrakı ilk ildə ölkəmiz qoca qitəyə 8 milyard kubmetr qazı çatdırdı. 2023-cü il üçün hədəf Avropaya 12 milyard kubmetr həcmində mavi yanacaq tədarük etməkdir. Həmin həcm bu il üçün planlaşdırılan 24,5 milyard kubmetr səviyyəsində ümumi qaz ixracımızın təxminən yarısını təşkil edəcək. Prezident İlham Əliyevin bildirdiyi kimi, qaz hasilatı və ixracımız artacaq.

Qeyd edək ki, “Şahdəniz “ Azərbaycanın yeganə qaz yatağı deyil. Ölkəmiz yaxın perspektivdə “Şahdəniz”in istismarını genişləndirməklə yanaşı, həm də daha 5 yataqdan (“Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”) qaz hasil etməyə hazırlaşır. Beləliklə, respublikamızın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu daha da artacaq. “Biz hasilatı mövcud qaz yataqlarında artıracağıq və gələn illərdə isə yeni yataqlarda təbii qazın hasilatını gözləyirik”, - deyə dövlətimizin başçısı bildirib.

Balkanlara doğru genişlənən ixrac coğrafiyası

Azərbaycanın Avropanın qaz bazarında təmsil olunma tarixi son illəri əhatə etsə də, burada ölkəmizin ixrac coğrafiyasının genişlənməsi məmnunluq doğurur. Bu, o anlama gəlir ki, qoca qitədə ölkəmizin etibarlı tərəfdaş olduğuna böyük inam var. Xüsusilə də Balkan ölkələri Azərbaycanla enerji dialoqunu genişləndirməyə çalışırlar. Azərbaycan təbii qazını Avropaya nəql edən və Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik boru kəməri bu regiondan - Yunanıstan və Albaniyadan keçir. Qeyd etmək yerinə düşər ki, 2022-ci ilin oktyabr ayında Yunanıstan-Bolqarıstan interkonnektoru istifadəyə verilib və Azərbaycan qazı Balkan regionuna daxil olub, eyni zamanda, bu regionda daxili interkonnektorlar vasitəsilə Azərbaycanın təbii qaz ixracı bazarı daha da genişlənib. Qeyd edək ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) ümumi uzunluğu 182 kilometrdir, Bolqarıstanın və Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir.

Hazırda Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Cari ildən başlayaraq bu siyahıya Rumıniya da əlavə olunub. Əgər bütün lazımi interkonnektorlar olarsa, 2023-cü ilin sonundan etibarən ölkəmiz Macarıstana və Slovakiyaya da qaz təchizatına start verə bilər. “Biz yerli qazpaylayıcı sistemin qurulması məqsədilə Albaniya ilə danışıqlar prosesindəyik. Çünki Cənub Qaz Dəhlizi Albaniyanın ərazisindən keçir. Eyni zamanda, Slovakiya “Həmrəylik Halqası”nın üzvü kimi, əminəm ki, yaxın vaxtlarda enerji sahəsində bizim tərəfdaşımıza çevriləcək. Biz qaz təchizatımızın coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndirəcəyik. Mən “ən azı” ona görə deyirəm ki, fikrimcə, bu, planların sonu deyil. Biz Avropanın qaz bazarında fəaliyyətimizi daha da genişləndirməyi planlaşdırırıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyevin iştirakı ilə aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması da Azərbaycanın Avropada, xüsusən də Balkanlarda qaz ixracı coğrafiyasının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.  Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.

Paylaş:
Baxılıb: 470 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31