Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bir ailə olan TDT-də

Bir ailə olan TDT-də

05.05.2023 [10:00]

Hər zaman mühüm ölkə...

İlham Əliyev: TDT qlobal güc mərkəzlərindən biri ola bilər və olmalıdır!

Yeni geosiyasi reallıqlar fonunda Avrasiyada böyük coğrafiyanı əhatə edən Türkdilli ölkələr arasında inteqrasiyanın dərinləşməsinin şahidi oluruq. Türk Dövlətləri Təşkilatı yarandığı zaman onun dörd üzv ölkəsi - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv və iki müşahidəçi ölkə var. Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub. Altı Türk dövlətindən beşi bu təşkilatın üzvüdür, Türkmənistan isə müşahidəçi statusuna malikdir. Macarıstan da müşahidəçi qismində təşkilata qoşulub və təşkilatın Macarıstanda da ofisi fəaliyyət göstərir. Macarıstanın bu təşkilata qoşulması, eləcə də onlarla digər ölkənin müşahidəçi statusu almaq istəyi TDT-nin çəkisinin və perspektivinin yüksək olduğunu göstərir. İndiyədək qurumun Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı, İstanbul, Səmərqənd və Ankarada olmaqla Zirvə görüşləri uğurla baş tutub. Son vaxtlarda ayrı-ayrı məkanlarda baş tutan Zirvə görüşlərində yeni geosiyasi reallıqlar və meydana çıxan çağırışlar nəzərə alınmaqla imzalanan sənədlər Türkdilli ölkələr arasında iqtisadi inteqrasiyanın genişlənməsinə yeni imkanlar açır. Bu sənədlər arasında 2022-ci il noyabrın 11-də keçirilən Zirvə görüşündə  imzalanan “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Saziş və “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” Saziş xüsusi önəm daşıyır.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan TDT-nın inkişafına, üzv dövlətlər arasında siyasi, iqtisadi, humanitar inteqrasiyanın dərinləşməsinə davamlı töhfələr verir. Prezident İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda TDT-nı bir ailə kimi səciyyələndirib və təşkilatın əsasının Naxçıvanda qoyulmasından məmnunluğunu ifadə edib.  “Türk Dövlətləri Təşkilatına gəldikdə, Azərbaycan təşkilatın bütün fəaliyyəti dövründə fəal olub. Vaxtilə onun adı fərqli olsa da, biz çox fəal olmuşuq. Bəzi vaxtlarda müəyyən ölkələrin fəallığı dəyişib, bəziləri daha fəal, digərləri də fəal olub. Elə dövr olub ki, Zirvə toplantıları müntəzəm keçirilməyib. Lakin Azərbaycan hər zaman mühüm ölkə olaraq qalıb. Təsadüfi deyil ki, təşkilatın yaradılması haqqında bəyannamə 10 ildən artıq bundan əvvəl Naxçıvanda qəbul edilib”, - deyə dövlətimizin başçısı vurğulayıb. Prezident əlavə edib ki, TDT qlobal güc mərkəzlərindən biri ola bilər və olmalıdır

Türkdilli ölkələrin böyük iqtisadi potensialı

Yeni geosiyasi maraqlar fonunda Türkdilli ölkələr arasında inteqrasiyanın dərinləşməsi həm də güclü iqtisadi potensial və ortaq maraqlarla şərtlənir. Türkdilli ölkələr təbii ehtiyatlarla, o cümlədən də enerji resursları ilə zəngindir. Təbii ki, hazırda qardaş Türkiyə iqtisadi potensialına, müasir sənaye inkişafına görə Türkdilli ölkələr arasında lider mövqeyə malikdir. Ancaq Azərbaycan və digər Türkdilli ölkələr də öz iqtisadiyyatlarını intensiv şəkildə genişləndirirlər. Türkiyə 761.4, Qazaxıstan 181.7, Özbəkistan 57.9, Azərbaycan 48, Türkmənistan 48 və Qırğızıstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdir. Verilən məlumatlara əsasən, 2021-ci il üzrə Türk dövlətlərinin ÜDM-i 1 trilyon 383 milyard ABŞ dolları, ticarət dövriyyəsi 855,7 milyard ABŞ dolları təşkil edib. 2022-ci ildə Türkiyə iqtisadiyyatı 5,6, Azərbaycan və Macarıstan iqtisadiyyatı 4,6, Türkmənistan iqtisadiyyatı 6,2, Özbəkistan iqtisadiyyatı 5,7, Qırğızıstan iqtisadiyyatı 7, Qazaxıstan iqtisadiyyatı isə 3,2 faiz böyüyüb. Dövlət büdcəsinin gəlirlərinin artımı baxımından ən yaxşı göstərici 100,6 faizlə Türkiyədədir.  Türkiyənin dövlət büdcəsinin gəlirləri 147 122,2 milyon ABŞ dolları olub. Xarici ticarətdə ən yüksək saldoya Qazaxıstan (ticarət balansı 34 350,4 milyon ABŞ dolları) və Azərbaycan (ticarət balansı 27 132,3 milyon ABŞ dolları) malikdir. 2022-ci il ərzində Türk Dövlətləri Təşkilatına daxil olan bütün ölkələrdə əsas kapitala yönələn vəsaitlərdə artım müşahidə edilib.

Mütəxəssislərin qənaətinə görə, təşkilat daxilində iqtisadi və ticari əməkdaşlığı daha sistemli şəkildə əlaqələndirmək mümkündür. 1.4 tirlyon nominal ÜDM-ə malik olan Türkdilli ölkələr yeni regional əməkdaşlıq modeli yaradırlar. Deyə bilərik ki, regionun yeni iqtisadi xəritəsi formalaşmaqdadır. Son Ankara Sammitində iqtisadi inteqrasiyanın genişləndirilməsi istiqamətində mühüm addım atıldı - Türk İnvestisiya Fondunun yaradılması haqqında Saziş imzalandı. Fondun Türk dövlətlərinin qurduğu əsas ortaq maliyyə qurumuna çevrilməsi və fondun vəsaitlərinin birgə layihələrin həyata keçirilməsinə yönəldilməsi nəzərdə tutulur. Fond Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin iqtisadi potensialının inkişafına, onlar arasında ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə yönəldiləcək. Təşkilatın baş qərargahı İstanbulda olacaq. Nizamnamə kapitalı 500 milyon dollardır və hər birinin nominal dəyəri 50 000 ABŞ dolları olan 10 000 səhmə bölünüb. Hər bir TDT üzvü üçün 2 min səhm, hər bir ölkə üçün ödənilən səhmin ümumi nominal dəyəri 70 milyon ABŞ dolları, hər bir ölkə üçün cəlb olunan səhm üzrə ümumi nominal dəyər isə 30 milyon dollar təşkil edir. Xatırladaq ki, Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur. Fondda ölkəmizin payı 100 milyon dollar təşkil edir.

Azərbaycanın dəstəklədiyi Orta Dəhlizə artan maraq

Yuxarıda xatırlatdığımız sazişlərə əsasən tarixi Türk coğrafiyasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması bu ərazidən keçən Orta Dəhlizə artan maraqla bağlıdır. İndiki gərginliklər fonunda Avrasiya məkanından keçən bir sıra marşrutlar üçün ciddi təhdidlər yaranıb. Hazırda müharibə səbəbindən Qara dənizin Ukrayna sahillərindəki limanlarda təhlükəli vəziyyət hökm sürür və əslində, onların fəaliyyəti dayanıb. Müharibənin digər tərəfi olan Rusiyadan keçən marşrutlara təhlükəsizlik nöqteyi-nəzərindən və bir sıra başqa səbəblərdən diqqət azalıb. Belə heç də adi olmayan bir şəraitdə Orta Dəhlizin cəlbediciliyi artıb və bu marşrut üçün yeni fürsətlər yaranıb. Sözügedən dəhliz Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi də tanınır. Orta Dəhliz Mərkəzi Asiyada yerləşən Türkdilli ölkələrdən keçməklə Xəzər dənizi vasitəsilə Azərbaycana, daha sonra isə Gürcüstan və Türkiyə vasitəsilə Avropayadək uzanır. Perspektivdə Orta Dəhlizin Zəngəzur qolu da yaradılacaq. Bu şaxələndirmə dəhlizin cəlbediciliyini daha da artıracaq.  

Orta Dəhlizin funksionallığının artmasında yeni platformada birləşən Azərbaycan, Türkiyə və Qazaxıstan mühüm rol oynayırlar. Dəhlizə daha çox həcmlərdə yüklərin cəlb olunması, həmçinin aşırma infrastrukturunun genişləndirilməsi ilə bağlı Gürcüstanın, Mərkəzi Asiya dövlətlərinin hökumətləri ilə intensiv müzakirələr aparılır və koordinasiyalı fəaliyyət təmin olunur.

Oxşar müzakirələr son vaxtlarda Azərbaycan-Türkiyə-Özbəkistan formatında da intensivləşib. İndiyədək Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçirilib.  Həmin görüşdə yüksək tranzit potensialından daha yaxşı istifadə etmək məqsədilə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanlarına diqqət çəkilib. Bu xüsusda Orta Dəhlizin və bu dəhlizin bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti vurğulanıb. Mütəxəssislər Orta Dəhlizin Avropa və Asiya regionu üçün önəmini yüksək dəyərləndirirlər. Onların ifadə etdikləri fikirlərə görə,  Çindən Avropaya gedən yük qatarı Orta Dəhlizi seçərsə, 12 gün ərzində 10 min kilometr  deyil, 7 min kilometr məsafə qət edəcək. Bu da Asiya və Avropa arasında qlobal ticarətdə dəhlizin nə qədər sərfəli və təhlükəsiz olduğunu nümayiş etdirir. Eyni qatar Cənub dəhlizi üzrə göndərilsə, Süveyş kanalı üzərindən gəmi ilə 20 min kilometr yol qət edir. Orta Dəhliz öz imkanları ilə, şübhəsiz ki, region ölkələrinin koordinasiyalı əməkdaşlığı ilə dünya ticarətinin ən mühüm halqalarından biri olacaq.

Orta Dəhlizin inkişafında Azərbaycanın rolu böyükdür. Son 20 ildə nəqliyyat sektoruna böyük həcmlərdə investisiyalar yönəldən Azərbaycan öz ərazisində müasir yol-logistika infrastrukturu qurub. Ölkəmiz Xəzərdə ən böyük dəniz donanmasına malikdir. Respublikamız liderlik keyfiyyətləri nümayiş etdirməklə Xəzər sahillərində ən böyük liman inşa etməyə nail olub. Hazırda Ələt qəsəbəsində yerləşən bu limanın ötürücülük imkanlarının ildə 15 milyon tondan 25 milyon tona çatdırılması ilə bağlı layihə icra olunur. Eyni zamanda, Orta Dəhlizin mühüm seqmentlərindən olan Bakı-Tbilisi-Qars dəmir yolunun da imkanları genişləndirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi,  hazırda Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun uzadılmasına əlavə vəsaitlər ayırır: “Gürcüstan ərazisində ötürmə qabiliyyətinin 5 milyon tona qədər artırılmasına biz təxminən 140 milyon dollar ayırdıq. Ümid edirik, bu gündən etibarən maksimum bir il ərzində biz buna nail olacağıq”.

Xatırladaq ki, BTQ da məhz ölkəmizin təşəbbüsü və moderatorluğu sayəsində ərsəyə gəlib. 44 günlük müharibənin qalibi olan Azərbaycan, həmçinin Zəngəzur dəhlizinin yaradılması istiqamətində böyük səylər göstərir. “Orta Dəhliz layihəsi tərəfimizdən tam dəstəklənir və onun nəhəng potensialı var. Burada anlamaq lazımdır ki, biz yalnız yük daşımaları üçün tranzit marşrutu olmamalıyıq. Biz bu imkandan istifadə edərək, marşrutboyu biznes fəaliyyətini stimullaşdırmalıyıq. Orta Dəhlizin tərkib hissəsi olan ölkələr yalnız tranzitdən gəlirin əldə olunması ilə kifayətlənməməlidirlər. Bu fürsətdən yerli istehsalın stimullaşdırılmasında istifadə edilməlidir”, - deyə Prezident İlham Əliyev Şuşada baş tutan beynəlxalq konfransda bildirib.

İnteqrasiya üçün yeni imkanlar

Yeni reallıqlar fonunda Türkdilli ölkələr arasında ticarət əlaqələrinin genişlənməsi məmnunluq doğurur. 2022-ci ildə Qazaxıstanla Türkiyə arasında ticarət dövriyyəsi 6 milyard dollar olub, onun 10 milyard dollara çatdırılması barədə razılıq əldə edilib. Ötən il Qazaxıstanın Özbəkistanla qarşılıqlı ticarəti 30 faiz artmaqla 2021-ci ildəki 3,8 milyard dollardan 5 milyard dollara çatıb. Qazaxıstanla Türkmənistan arasında ticarətin həcmi isə 2021-ci ildəki 250 milyon dollara qarşı 2022-ci ildə 438,2 milyon dollara yüksəlib. 2022-ci ildə Qazaxıstan Qırğızıstanla ticarətin həcmini 100 milyon dollar artırmaqla 1,1 milyard dollara çatdırıb. Özbəkistanın Türkiyə ilə qarşılıqlı ticarətinin həcmi 2022-ci ildə 3 milyard 233 milyon dollar təşkil edib. Bu ölkənin Türkmənistanla ticarətinin dəyəri isə 926,3 milyon dollara yüksəlib. 2022-ci ildə Özbəkistanla Qırğızıstan arasında ticarətin həcmi 1,3 milyard dollara çatıb. Türkmənistanla Qırğızıstan arasında 2022-ci ildə qarşılıqlı alış-verişin həcmi 17,1 faiz artmaqla 82,16 milyon dollar təşkil edib. Türkmənistan Türkiyə ilə qarşılıqlı ticarət dövriyyəsini 21,9 faiz artırmaqla 2021-ci ildəki 1,7 milyard dollardan 2 milyard 67 milyon dollara çatdırıb. 2022-ci ildə Türkiyə ilə Qırğızıstan arasında ticarət dövriyyəsinin həcmi 1,5 milyard dollara yaxın olub. Türkiyə ötən il Qırğızıstana ən çox investisiya yatıran ölkə kimi önə çıxıb: ümumi xarici investisiyaların 67 faizi qardaş ölkənin payına düşüb.

Azərbaycanın da Türkdilli ölkələrlə ticarət dövriyyəsi getdikcə artır. 2022-ci ildə Azərbaycan ilə Türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 70 faiz artaraq 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon dollaradək yüksəlib. Ötən il bütün Türk dövlətləri ilə ticarət dövriyyəmizdə artım qeydə alınıb. Qazaxıstan ilə dövriyyəmiz ötən il əvvəlki ilə nisbətən 4.4 dəfə artaraq 135 milyon 799 min dollardan 598 milyon 486 min dollaradək yüksəlib. Türkmənistan ilə dövriyyədə 5.1 dəfə artım qeydə alınıb. Bu ölkə ilə ticarət dövriyyəmiz ötən il 105 milyon 23 min dollardan 535 milyon 397 min dollar çatıb. Özbəkistan ilə ticarətimizdəki 64 faizlik artım birgə dövriyyəmizi 111 milyon 903 min dollardan 2022-ci ildə 183 milyon 307 min dollaradək artırıb. Ötən il Qırğızıstan ilə də ticarət dövriyyəmizdə artım qeydə alınıb. Belə ki, iki dövlət arasındakı dövriyyə il ərzində 17 faiz çoxalaraq 9 milyon 18 min dollardan 10 milyon 809 min dollaradək yüksəlib. Qardaş Türkiyə ilə ticarət dövriyyəsi isə ötən il 6 milyard dollara yaxınlaşıb. 2021-ci ildə 4 milyard 661 milyon dollar olan ticarət dövriyyəsi 2022-ci ildə 5 milyard 842 milyon dollaradək yüksəlib.

Qazaxıstan neftinin Xəzər üzərindən Azərbaycanın nəql sisteminə çatdırılması və Bakı-Tbilisi-Ceyhan vasitəsilə ixrac olunması uğurla davam edir. Artıq SOCAR və “KazMunayQaz” şirkətləri arasında ildə 1,5 milyon ton “Tengiz” yatağında hasil edilən neftin tranzitini nəzərdə tutan 5 illik müqavilənin icrasına başlanıb. Mart ayında “Tengiz” nefti ilə dolu ilk tankerlərin Aktau limanından Bakıya çatdırılması təmin edilib. 2023-cü ilin sonuna kimi Xəzər dənizi ilə ayda 12-14 tanker reysinin həyata keçirilməsi planlaşdırılır.

Sadələşdirilmiş gömrük dəhlizinin yaradılması Türkdilli ölkələr arasında ticarət dövriyyəsinin genişlənməsinə yeni imkanlar açacaq.  Hazırkı geosiyasi reallıqlar fonunda TDT-da birləşən dövlətlər arasında şərtləri uzlaşdırılmış sadələşdirilmiş gömrük dəhlizinin yaradılması qarşılıqlı ticarət dövriyyəsinin, eləcə də daşımaların artması üçün mühüm əhəmiyyət daşıyır.  Bu, əslində ölkələr və şirkətlər üçün yeni imkanların yaranması anlamına gəlir. Dəhliz tərəflər arasında daşınan mallar barədə əvvəlcədən məlumat mübadiləsi etmək, onların gömrük prosedurlarını mümkün qədər asanlaşdırmaq məqsədi daşıyan, könüllülük əsasında və bütün nəqliyyat növlərində istifadə edilə bilən elektron sistemi nəzərdə tutur. Müvafiq saziş qüvvəyə mindikdən sonra tərəflərin gömrük orqanlarının razılığı əsasında 6 aylıq pilot layihə icra olunacaq. Pilot layihə sadələşdirilmiş gömrük dəhlizin praktiki reallaşdırılmasının təmin olunmasına xidmət göstərəcək.

Mübariz

Paylaş:
Baxılıb: 517 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31