Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Ermənistan sülh istəmirsə...

Ermənistan sülh istəmirsə...

05.05.2023 [10:20]

Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq

Prezident İlham Əliyev: Onlar bu yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaqlar. Çünki bütün geosiyasi vəziyyət, - söhbət təkcə regiondan deyil, qlobal vəziyyətdən gedir, - dəyişib. Bizim orada öz yerimiz var

İki ilə yaxındır ki, davam edən və iki istiqamətdə aparılan Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşması prosesinin uzanması Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır. Belə ki, 2021-ci ilin dekabrından başlayaraq sülhyaratma prosesində vasitəçilik edən Avropa İttifaqının moderatorluğu ilə baş tutan danışıqların nəticə verməməsinin əsas səbəbi  Ermənistanın mövqesizliyidir. Bu ölkə ikiüzlü siyasətini davam etdirməklə, nələrəsə nail olmaq fikrindədir. Bir yandan Brüssel prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə “hə” deyən rəsmi İrəvan sonradan tamam fərqli şeylər danışır. Bir tərəfdə sülhdən, ərazi bütövlüyünün tanınmasından, delimitasiya və demarkasiyanın vacibliyindən bəhs açan Ermənistan nəticədə üzərinə götürdüyü öhdəliklərə riayət etmir. Azərbaycan torpaqlarında hələ də erməni silahlı birləşmələri mövcuddur. Eyni zamanda, həmin silahlı birləşmələr vaxtaşırı müəyyən təxribatlar törədir və sülh prosesinin yekunlaşmasına mane olur. Bu qeyri-müəyyənlik isə bütövlükdə, prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir. Amma bu kimi “mövqe” Ermənistan üçün yaxşı gələcək vəd etmir. Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev bildirib ki, əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Tarix onlara dərs verməlidir...

Vurğulandığı kimi, Azərbaycanın sülh çağırışına adekvat cavab verməyən Ermənistan ötən dövr ərzində müəyyən “qaranlıq məsələlərə” ümid edirdi. Ermənistan sülh gündəliyini uzatmaq, proseslərin sürətini azaltmaq üçün bütün ünvanların “qapısını döyürdü”. Təbii ki, bəzi regionda marağı olan ölkələr, hətta region ölkələri Ermənistanın bu destruktiv mövqeyini dəstəkləməklə ona “dayaq” olduğunu göstərməyə çalışırdı. Amma nəticədə bütün bu cəhdlər boşa çıxdı - artıq Ermənistan da anlayır ki, başqa çıxış yolu yoxdur və Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır.

Çünki Ermənistanın qeyri-konstruktiv mövqeyi regionda təhlükəsizliyin təmini ilə yanaşı, bu dövlətin gələcək inkişafını da yubadır. Onsuz da ötən 30 illik işğal dövründə Ermənistan iqtisadi - siyasi müstəvidə çox şey itirib - bu dövlət müstəqil olmaq şansını itirib. Yenidən eyni metodla sülhə mane olmaq istəyi isə indiki halda Ermənistana daha böyük zərbə vura bilər. Onsuz da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan Avropa İttifaqının moderatorluğu ilə keçirilən görüşlər zamanı da səsləndirdiyi vədlərdən boyun qaçırmaqla özünü dalana dirəyib - artıq reallıqdan qaçmaq mümkün deyil.

Prezident İlham Əliyev konfransdakı çıxışında bildirib ki, onlar prosesi ləngidə, artıq müəyyən olunmuş danışıqlar formatını razılığa gəlmək üçün yox, prosesi sonsuz etmək üçün istifadə edə və nəyi isə gözləyə bilərlər. Möcüzəni, dəyişiklikləri gözləyirlər: “Hesab edirəm ki, onlar imkanları əldən verəcəklər. Çünki demək olar ki, otuzillik işğal onlara heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər. Onlar indi özlərinə yeni ağa və ya ağalar axtarırlar. Lakin tarix onlara dərs verməlidir. Ümid edirik ki, onlar bunu başa düşəcəklər”.

Sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən Azərbaycan olub

Sülh müqaviləsi üzərində iş prosesi 2022-ci ilin martında Azərbaycanın Ermənistana 5 bəndlik sənədi təhvil verməsi ilə başlayıb. Bundan sonra İrəvan və Bakı sazişin yekun variantı ilə bağlı təkliflərini mübadilə edirlər. Ermənistan bundan öncə də dəfələrlə “sülhə sadiq” olduğunu iddia edib - amma üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmaqla sülh prosesini ləngitməyə çalışdığını nümayiş etdirib. Beləliklə, Azərbaycanın humanist və sülhpərvər mövqeyinə İrəvanın “cavabı” adekvat olmayıb. Halbuki, indiki halda sülhün imzalanması, kommunikasiyaların açılması, əməkdaşlıq platformalarının formalaşdırılması daha çox rəsmi İrəvanın maraqlarına xidmət edir. Bu dövlət iqtisadi cəhətdən “dizi üstədir” və hazırda yalnız ianələrlə “dolanır”. Sülhün əldə edilməsi isə onları asılılıqdan xilas edə, müstəqil ölkə kimi ortaya çıxara bilər. Bu mənada, rəsmi İrəvan yaranan tarixi şansdan istifadə etməlidir. Prezident İlham Əliyev öz çıxışında bu məqamlara toxunaraq vurğulayıb ki, mən erməni həmkarımla danışıqlarımda çalışıram ona izah edim ki, ilk növbədə sülh sazişi onların marağına xidmət edir. Kommunikasiyaların açılması onların marağına xidmət edir: “Onlar müxtəlif bazarlara çıxış əldə edə biləcəklər. Əlbəttə ki, bu, bizim üçün faydalı olacaq, çünki biz bu səhifənin bağlanmasını istəyirik. Verilmiş bəyanatlara və hadisələrin xronologiyasına nəzər salsanız görərsiniz ki, sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən də Azərbaycan olmuşdur”.

Sülh sazişinin mətninə mövcud olmayan qondarma “Dağlıq Qarabağ Respublikası”nı salmaq üçün istənilən cəhd qeyri-məhsuldardır

Azərbaycanın sülhlə bağlı mövqeyi nə qədər humanist olsa da, “qırmızı xəttimiz” bəllidir - imzalanacaq sənəddə Azərbaycanın suveren əraziləri ilə bağlı hər hansı bir şərt ola bilməz. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu, sülh müqaviləsinin hər hansı bir müddəası kimi əks olunmamalıdır. Qarabağda yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdır. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa çıxış yolları yoxdur. Azərbaycan qanunları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yaşamaq istəyənlər vətəndaş olaraq ölkəmizdə yaşaya bilərlər. Digər tərəfdən, Ermənistanın qondarma separatçı qurumla bağlı sülh müqaviləsində hər hansı bir qeydin edilməsi ilə bağlı cəhdləri də fiaskoya məhkumdur. Azərbaycanın bununla bağlı mövqeyi qəti və dəyişməzdir. Sülh müqaviləsi iki ölkə arasında bağlanacaq və Azərbaycanın daxili işi olan Qarabağ məsələsi ilə bağlı orada hər hansı bir qeydin olması mümkün deyil. Prezident İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib ki, biz onlara sülh sazişinin layihə variantının dörd nüsxəsini, dörd yeni variantını göndərdik. Onlar öz qeydlərini bildirdilər. Biz onların sonuncu şərhini qırx gündən çoxdur ki, gözləyirdik: “Biz bu şərhi, sadəcə, bir həftə bundan əvvəl aldıq. Bu da Vaşinqtondakı görüşdən əvvəl idi, çünki onlar onsuz da Vaşinqtondakı görüşün mənasız olduğunu başa düşdülər. Lakin bizim bu şərhlərdə gördüklərimiz yenə də Azərbaycana qarşı ərazi iddialarıdır. ABŞ və Avropa İttifaqının rəsmiləri ilə çoxsaylı danışıqlarımda Ermənistana və ABŞ-a tamamilə aydın idi ki, burada ikiistiqamətli yanaşma olmalıdır. Birincisi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, ikincisi, Azərbaycan hökuməti və Qarabağın erməni icması ilə danışıqlar. Buna görə də sülh sazişinin mətninə mövcud olmayan qondarma “Dağlıq Qarabağ Respublikası”nı salmaq üçün istənilən cəhd qeyri-məhsuldardır”.

Bəli, Azərbaycanın mövqeyi birmənalı və qətidir - Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Qarabağda yaşayan ermənilər isə bizim vətəndaşlarımızdır. Dövlətimiz hər zaman bəyan edib ki, işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyətə nəzarət edir, Qarabağ ermənilərinin yaşadığı ərazilərdəki proseslər isə daim diqqət mərkəzində saxlanılır.

Onlar yenə də təcrid olunacaqlar...

Beləliklə, Azərbaycan sülhün tərəfdarı qismində çıxış edir - qalib tərəf olsaq da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istmədiyimizi önə çəkirik, 2023-cü ilin sülh ili olmasını arzulayırıq. Bunun üçün isə real şərtlər ortadadır - Ermənistan özünün əsassız iddialarından əl çəkməli və ölkəmizin önə sürdüyü 5 şərtin əsasında sülhə razılaşmalıdır. Bir sözlə, Ermənistan sülh prosesinin hazırki mərhələsinin səmərəli şəkildə yekunlaşması üçün səy göstərməlidir. Əks halda Ermənistan yeni iqtisadi konfiqurasiyadan kənarda qalacaq. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr ümumən regiona yeni inkişaf tempi qazandırıb. Amma Ermənistan yenə də təhlükəsizlik arxitekturasına təhdid yaradan amil rolunda çıxış etməkdə davam edəcəksə, bu, rəsmi irəvan üçün xoşagəlməz nəticələrə gətirib çıxaracaq.

Prezident İlham Əliyev Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda bildirdi ki, biz onların konstruktivliyinə ümid edirik. Əgər onlar konstruktiv olmasalar, biz diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmırıq: “Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Onlar yenə də təcrid olunacaqlar və onlar bu yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaqlar. Çünki bütün geosiyasi vəziyyət, - söhbət təkcə regiondan deyil, qlobal vəziyyətdən gedir, - dəyişib. Bizim orada öz yerimiz var. Bu yer çox sabitdir və getdikcə daha da möhkəmlənir. Lakin onlar üçün bu, böyük çağırış olacaqdır. Ümid edirəm ki, Vaşinqton danışıqları hətta nəticə verməsə belə, biz tərəqqinin əlamətlərini görə biləcəyik”.

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 637 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Baş rejissorsuz...

03 Fevral 08:27

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28