Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan dayanmır

Azərbaycan dayanmır

27.05.2023 [10:20]

İlham Əliyev: Ordu quruculuğu bu gün lazımi səviyyədə təmin edilir və bundan sonra da təmin ediləcəkdir

Mübariz ABDULLAYEV

Azərbaycanın dövlət büdcəsində mövcud reallıqlar, qarşıya çıxan yeni çağırışlar nəzərə alınmaqla bir sıra prioritet istiqamətlər müəyyənləşdirlib. Müdafiə potensialının və milli təhlükəsizliyin möhkəmləndirilməsi də ölkəmiz üçün belə prioritetlər sırasında yer alır. Məsələnin aktuallığı nəzərə alınaraq dövlət büdcəsində qeyd olunan istiqamət üçün ayrılan vəsaitlərin məbləği artırılır. Bu baxımdan 2022-ci ilin büdcəsi də istisna təşkil etməyib. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 24-də keçirilən növbəti iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirilib.

Ölkənin artan imkanları

Müzakirələrdə vurğulandığı kimi, ötən ilin büdcəsində də ölkənin müdafiə potensialının və milli təhlükəsizliyinin prioritetliyi diqqət mərkəzində saxlanılıb. Belə ki, respublikanın müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu xərclərindən, ehtiyat fondlarından və digər ehtiyat vəsaitlərindən ayrılmış 726,2 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla, 2022-ci ildə müdafiə və milli təhlükəsizlik sahəsinə 5622,5 milyon manat məbləğində vəsait yönəldilib. Qeyd olunan rəqəm dövlət büdcəsi xərclərinin 17,5 faizini təşkil edir.  Ayrılan vəsait 2021-ci illə müqayisədə 737,0 milyon manat və ya 15,1 faiz çoxdur.

Azərbaycanın müvafiq istiqamətdə büdcə xərclərini ilbəil artırması ölkənin iqtisadi-maliyyə imkanlarının genişlənməsi ilə bağlıdır. Müzakirələrdə də bildirildiyi kimi, 2022-ci ildə ilk dəfə olaraq Azərbaycanda ÜDM-in həcmi 100 milyard manatdan çox olub. İlin sonuna olan göstəricilərə əsasən, ÜDM-in həcmi  133.8 milyard manat təşkil edib. Ümumilikdə ötən il həm neft-qaz, həm də qeyri-neft sektorunu əhatə etməklə ÜDM-də 40.6 milyard manat əlavə artım müşahidə olunub.  2022-ci il üzrə icmal büdcənin gəlirləri 36760,9 milyon manat proqnoza qarşı 6336,7 milyon manat və ya 17,2 faiz çox icra edilməklə, 43097,6 milyon manat təşkil edib. İcmal büdcənin xərcləri 35640,9 milyon manat proqnoza qarşı 35073,6 milyon manat və ya 1,6 faiz az icra edilsə də, 2021-ci illə müqayisədə 5083,1 milyon manat və ya 16,9 faiz çoxdur. Bütövlükdə, 2022-ci ilin dövlət büdcəsinin gəlirləri proqnozdan 1 milyard 481 milyon manat artıq icra olunub, xərcləri isə 32 milyard 64.6 milyon manat həcmində icra edilib. Rəqəmlərdən də göründüyü kimi, 2022-ci ildə də dövlət büdcəsinin icra göstəriciləri kifayət qədər yüksək olub ki, bu da qarşıda duran hədəflərin yerinə yetirilməsi baxımından önəmli amildir.

Müdafiə potensialının möhkəmləndirilməsinin prioritetliyi

44 günlük Vətən müharibəsində şanlı Zəfərə imza ataraq düşməni diz çökdürən, 30 illik işğal faktına son qoyan və ölkəmizin ərazi bütövlüyünü təmin edən Silahlı Qüvvələrimiz hazırda bütün dünyada Müzəffər Ordu kimi tanınır. Azərbaycan Ordusu Vətən müharibəsində misilsiz şücaətlər göstərərək 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Verilən məlumatlara görə, İkinci Qarabağ müharibəsində düşmən 10 mindən çox əsgər və zabit fərarilik edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qürur hissi ilə bildirdiyi kimi, Azərbaycan Ordusunda isə belə fakta rast gəlinməyib.

Müharibəni şanlı Zəfərlə başa vuran Azərbaycan eyni zamanda postkonflikt mərhələsində də ordu quruculuğunu davam etdirir. Prezident İlham

Əliyev mayın 10-da ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan xalqına azad Şuşadan etdiyi müraciətində ölkənin müdafiə potensialının möhkəmləndirilməsinin zəruriliyinə növbəti dəfə diqqət çəkib. Postmüharibə mərhələsində də ordu quruculuğunun sistemli şəkildə davam etdirildiyini bildirən dövlətimizin başçısı bunu şərtləndirən amilləri də nəzərə çatdırıb: “Əlbəttə, biz ordu quruculuğu işində sistemli fəaliyyət göstərirdik və bu gün də göstəririk. İkinci Qarabağ müharibəsindən sonra biz dayanmadıq, əksinə, irəliyə gedirik. Bu ilin dövlət büdcəsinə əlavələr ediləcək, o əlavələrin böyük bir hissəsi yenə də hərbi məqsədlər üçün nəzərdə tutulur. Nə üçün? Çünki biz daim hazır olmalıyıq. Təhdidlər artır, təhlükələr artır və biz hər bir təhlükəni dəf etməyə qadir olmalıyıq. Bu gün də belədir. Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasındadır - həm təchizat, həm döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Bizim ordumuz döyüşüb, bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında göstərib. 44 gün ərzində bir nəfər də olsun geri addım atmayıb, bir nəfər də olsun fərari olmayıb. Bizim ordumuz budur. Bizim xalqımız budur. Çünki ordu xalqın bir hissəsidir. Orduda xidmət edən xalqın övladlarıdır, bizim yetişdirdiyimiz uşaqlardır. Biz belə gözəl uşaqlar yetişdirmişik ki, onlar düşməni burada, Şuşada əliyalın məğlub edib, düşməni torpaqlarımızdan çıxarıb, bizim qürur rəmzimiz olan bayrağımızı, bax, bu binaya və azad edilmiş bütün başqa torpaqlarda qaldırıb. Ordu quruculuğu bu gün lazımi səviyyədə təmin edilir və bundan sonra da təmin ediləcəkdir”.

Müqayisə qüsurlu olsa da...

Silahlı Qüvvələrimiz İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə XXI əsrin müharibəsini apardı. Döyüşlərdə yeni yanaşmaların, innovasiyaların tətbiqi və əlbəttə ki,  şəxsi heyətin yüksək vətənpərvərliyi böyük Qələbəni təmin etdi.  Azərbaycan postkonflikt dövründə ordu quruculuğunu İkinci Qarabağ müharibəsinin təcrübəsini nəzərə almaqla həyata keçirir. Silahlı Qüvvələrin müasir tələblərə cavab verən silah-sursatla təminatı yenə də əsas vəzifələrdən biridir. Dünyadakı reallıqlara nəzər saldıqda, deyə bilərik ki, indi bunu etmək elə də asan məsələ deyil. Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, qabaqcıl silah istehsalçıları heç də istənilən ölkə ilə müqavilələr imzalamağa tələsmirlər - seçim aparılır, bir sıra hallarda siyasi amillər də önə çəkilir. Ancaq məhdudiyyətlər Azərbaycana aid deyil. Aparılan uğurlu siyasət bütün dünyada ölkəmizə müsbət imic qazandırıb. Digər tərəfdən, Azərbaycan öz qonşularına ərazi iddiaları sərgiləmir. 44 günlük müharibə bizim üçün ədalətli müharibə idi. Biz 30 il işğal altında qalan torpaqlarımızı geri qaytarmalı, düşməni cəzalandırmalı idik və bunu da Müzəffər Ordumuz etdi. Başqa bir mühüm amil isə ondan ibarətdir ki, bütün dünyada böyük hörmət bəslənilən Prezident İlham Əliyev nümayiş etdirdiyi xoş məramla, həmrəylik təşəbbüsləri ilə ölkəmizə çoxlu dostlar qazandırıb. Bu kimi amilləri nəzərə alan qabaqcıl silah istehsalçıları Azərbaycanla müqavilələr imzalamağa və ölkəmizə müasir hərbii texnika tədarük etməyə məmnuniyyətlə razılıq verirlər.

Azərbaycanın müdafiə potensialının gücləndirilməsində digər mühüm istiqamət struktur islahatlarını əhatə edir. Burada ilk növbədə NATO daxilində ikinci ən güclü orduya sahib olan Türkiyənin təcrübəsinə istinad edilir. Məsələn, postmüharibə dövründə  bir sıra yeni silahlı birləşmələr, o cümlədən komando birlikləri yaradılıb və proses davam edir.  Komando birlikləri istənilən hərbi vəzifəni icra etməyə qadirdir, çevikliyi ilə fərqlənir.  Prezident İlham Əliyevin bildirdiyi kimi, yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət göstərəcəklər.

Vurğulamaq yerinə düşər ki, yenilənən, texniki imkanlarını və peşəkarlığını artıran Azərbaycan Ordusu nəyə qadir olduğunu postmüharibə mərhələsində bir neçə dəfə düşmənə göstərib. Belə ki, son iki il yarımda istər Azərbaycanla Ermənistan arasındakı şərti sərhədlər boyunca, istərsə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət zonasında ermənilərin törətdikləri təxribatların qarşısı qətiyyətlə alınıb və Silahlı Qüvvələrimiz daha əlverişli mövqelərdə möhkəmlənib.  

Burada qüsurlu olsa da, bir müqayisə aparmaq istərdik. Alınan xəbərlərdən məlum olur ki, məğlub Ermənistan da hərbi gücünü artırmağa can atır. Ancaq mütəxəssislər bildirirlər ki, güclü ordu yaratmaq Ermənistana heç vaxt müyəssər olmayacaq. Bunu şərtləndirən bəzi məqamları sadalamaq mümkündür:

- Cəmiyyətdəki ruh düşkünlüyü. 44 günlük müharibədə Ermənistan ordusu özünü ən pis tərəfdən göstərdi. Minlərlə əsgər və zabitin döyüşsüz təslim olması və yaxud postunu, silahını qoyub qaçması əsl rüsvayçılıq idi. Buna görə də müharibədən sonra ermənilərin orduya inamları sıfır səviyyəsinə enib.

- Ermənistanın dünyadakı mənfi imici. Bu ölkə 30 il ərzində işğalçılıq siyasəti aparıb. Təkcə elə bu fakt qabaqcıl istehsalçıların Ermənistanla silah sövdələşmələrini mümkünsüz edir.

- Vaxtın azlığı. Ermənistan tələssə də, tar-mar edilmiş ordunun bərpası uzun illər çəkəcək.

- Hərbi elitanın korrupsiyaya bulaşması, siyasi rəhbərliyə qarşı iddialar sərgiləməsi. Postmüharibə dövründə həyata keçirilən həbslər təsdiqlədi ki, Ermənistan ordusu korrupsiya bataqlığına düşüb, burada fərarilik, satqınlıq ordu komandanlığına da sirayət edib.

- Nəhayət, ölkənin zəif, kiçik iqtisadiyyatı güclü ordu quruculuğunu mümkünsüz edir. Ermənistan ianələrlə yaşamaq məcburiyyətindədir.  Bu ölkənin cari il üçün dövlət büdcəsində müdafiə sektorunun xərcləri 509 milyard dram (1,3 milyard dollar) səviyyəsində nəzərdə tutulub. Bu, tamamilə dağılmış ordunu yenidən qurmaq üçün çox kiçik rəqəmdir. Xatırladaq ki,  indiyədək bu ölkənin silah tədarükü əsasən Rusiya vasitəsilə həyata keçirilib - silahlar ya havayı verilib, ya da çox ucuz satılıb. Mövcud reallıqlarla əlaqədar hazırda bu təchizat zənciri qırılıb. Ermənistan yeni mənbələrdən silah tədarükü qayğısına qalmalıdır. Hazırda bu ölkə silah tədarükü üçün əsasən Hindistana və İrana üz tutur. Həmin ölkələrin Ermənistanın almaq gücündə olduğu ucuz silahlarının texniki parametrləri isə aşağı səviyyədədir.

Paylaş:
Baxılıb: 537 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Baş rejissorsuz...

03 Fevral 08:27

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28