Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Ermənistana son xəbərdarlıq

Ermənistana son xəbərdarlıq

07.07.2023 [10:00]

30 illik işğal döründə həyata keçirilən ekoloji terrorun miqyası...

Qoşulmama Hərəkatının üzv dövlətlərindən Azərbaycana dəstək - Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifimiz dəstəklənir

Ermənistanın ölkəmizə qarşı yürütdüyü təcavuzkar siyasət 30 ilə yaxın müddətdə şəhərlərimizin, kəndlərimizin dağıdılması ilə yanaşı, ekoloji vəziyyətin də bərbad hala salınmasına yol açıb. Vaxtilə həmin bölgələrdəki meşə qoruqları və oradakı nadir fauna, floramız, çaylardakı zəngin sərvətimiz erməni vandalları tərəfindən dağıdılıb, qırılıb. Bir sözlə, Azərbaycanın işğal atındakı ərazilərində ermənilər tərəfindən həyata keçirilən ekoloji terror regionun ekosistemini, təbiətini və resurslarını məhv edib. Dünən Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlərinin görüşündə çıxış edən Prezident İlham Əliyev bildirib ki, ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan indi bir sıra nəhəng çağırışlarla üz-üzədir. Keçmişdə işğal altında olmuş ərazilərdəki dağıntıların miqyasından dəhşətə gəldik: “Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr, məscidlər təhqir olunmuş, qarət edilmişdir. Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törətmişdir. İşğal altında olmuş ərazilərdəki 67 məsciddən 65-i dağıdılıb, qalanlarından isə donuz və inəklər üçün tövlə kimi istifadə edilib ki, bu da bütün dünya müsəlmanlarına qarşı təhqirdir. Altmış min hektar meşəlik məhv edilmiş, kəsilmiş və daşınmışdır, torpaqlarımız və çaylarımız çirkləndirilmiş və zəhərləndirilmişdir”.

Ekoloji balans pozulub...

Vurğulamaq lazımdır ki, bu fakt beynəlxalq təşkilatlar tərəfindən də təsdiq olunub və bununla bağlı çoxsaylı qətnamələr də qəbul edilib. Məsələn, Avropa Şurası Parlament Assambleyasının hələ 2016-cı ilin yanvarında qəbul etdiyi 2085 saylı qətnamədə bildirilir ki, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona bitişik rayonlarını işğal altında saxlaması nəticəsində Azərbaycanın Aşağı Qarabağda yaşayan vətəndaşları üçün ekoloji və humanitar problemlər yaranıb. Sənəddə bu qınanır. Avropa Şurası Parlament Assambleyası Ermənistan rəhbərliyini su resurslarından siyasi təsir vasitəsi kimi istifadə etməməyə də çağırıb. Bundan başqa, ATƏT misiyası hələ 2006-cı ildə Dağlıq Qarabağ və ona bitişik rayonlardakı yanğınlar nəticəsində ekologiyaya dəymiş zərərlə bağlı da hesabat hazırlamışdı. Ermənistanın həyata keçirdiyi ekoloji cinayətləri “Azercosmos”un peyk şəkilləri də sübut edir. Şəkillərdən görünür ki, işğal altındakı ərazilərin flora və faunası məhv edilib. Ekspertlərin ilkin hesablarına əsasən, Ermənistanın ətraf mühitə və təbii resurslara vurduğu zərər yüz milyardlarladır. Eyni zamanda, Ermənistan transsərhəd Oxçuçay çayını kəskin şəkildə çirkləndirir. Bu isə çayın Azərbaycan ərazisi boyu keçdiyi ərazinin ekoloji sistemini bərpa olunmaz deqradasiyaya məruz qoyur. Göründüyü kimi, Ermənistanın həyata keçirdiyi terror siyasəti yalnız şəhərləri, kəndləri və ya orada yaşayan insanları hədəfə almır, həm də ekoloji tarazlığın pozulmasına yönəlib. Bu isə olduqca təhlükəli amildir. 44 günlük Vətən müharibəsində məğlub olan Ermənistan həm də bu hərəkətinə görə, beynəlxalq qanunlar qarşısında cavab verməlidir.

Ermənistan beynəlxalq ESPOO Konvensiyasını pozur...

Təəssüfləndirici haldır ki, Ermənistan indi də analoji siyasətindən əl çəkmir - post-müharibə dövründə də ekoloji terroru davam etdirir. Son günlər Ermənistanın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazidə - Arazdəyən kəndində illik istehsal gücü 180 min ton olan iri metallurgiya zavodunun inşası ilə bağlı layihəsinə qarşı ölkəmizdə ciddi və haqlı etirazlar səsləndirilir. Yaradılacaq bu müəssisə ekoloji terrora yol açır. Müəssisə həm Azərbaycanın, həm də Ermənistanın imzaladığı Espoo Konvensiyasına zidd sayılır. Konvensiyanın müddəalarında sərhədlərarası kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi barədə ikitərəfli razılığın əldə olunması üzrə müvafiq bənd var. Amma Ermənistan bu beynəlxalq sənədə də məhəl qoymur. Qeyd edək ki, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ermənistanın ölkəmizin ekoloji mühitinə ciddi mənfi təsir göstərən qanunsuz fəaliyyəti ilə bağlı bəyanat yayıb. Nazirliklə yanaşı, ekoloji yönümlü QHT-lər də məsələ ilə bağlı etiraz səslərini ucaldıblar - bəyanat qəbul ediblər. Bəyanatda QHT-lər BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin ətraf mühit üzrə xüsusi məruzəçisinə, müvafiq beynəlxalq təşkilatlara müraciət edərək onları bu fakta reaksiya verməyə və Ermənistanın növbəti ekoloji terroruna son qoymağa çağırıblar.

Çıxışında bu məqama toxunan dövlət başçısı İlham Əliyev bildirib ki, Ermənistan indi isə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədində transsərhəd ekoloji fəlakət törətməkdə davam edir: “Bununla Ermənistan 1991-ci il Transsərhəd kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasından (Espoo Konvensiyası) irəli gələn öhdəliklərini pozmuş olur. Bu Konvensiyada ölkələrin mənfi transsərhəd təsirlərdən qaçmaq üçün bir-biri ilə məsləhətləşmələr aparmasının vacibliyi açıq şəkildə qeyd edilir”.

Ermənistanın mina terroru davam edir...

Erməni terrorizminin əsas göstəricilərindən biri də bu günə qədər bir çox insanın həyatına son qoymuş mina terrorudur. 30 ilə yaxın müddəti əhatə edən Qarabağ münaqişəsi 44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsi ilə başa çatsa da, Ermənistanın ölkəmizə qarşı apardığı terror siyasəti hələ də davam edir. Məlum olduğu kimi, uzun illərdir işğal altında saxlanılan və Müzəffər Ordumuz tərəfindən azad olunan torpaqlarımızın böyük bir hissəsi ermənilər tərəfindən minalanıb. Hətta 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən ermənilər həmin ərazilərə əlavə minalar basdırıblar. Həm işğal dövründə, həm də sonrakı dövrdə Qarabağda basdırılan minalar, demək olar ki, hər gün günahsız insanların canını alır.

Ermənistanın 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi isə regionda yeni situasiya formalaşdırıb. Rusiyanın sülhməramlı kontingentinin müvafiq ərazilərə yerləşdirililməsinin ardından erməni silahlı birləşmələri Azərbaycan torpaqlarını tərk etməyib, göründüyü kimi, tam əksinə yeni təxribatyönümlü fəaliyyətlərlə məşğul olmaqdadır. Başqa sözlə, 10 noyabr razılaşmasının 4-cü bəndi icra edilməyib - rusiyalı sülhməramlıların fəaliyyət müddətinin bitməsinə az zaman qalmasına baxmayaraq, hələ də erməni silahlıları Azərbaycan torpaqlarını tərk etməyiblər. Üstəlik, bu silahlı birləşmələr Azərbaycana qarşı təxribatlar törətməkdə də davam edir. Bu silahlı birləşmələrin “gücləndirilməsi” ilə bağlı addımlar belə müşahidə edilib. Buna ən bariz sübut isə 10 noyabr anlaşmasının imzalanmasından sonra Azərbaycan ərazisində 2700-dən çox Ermənistanda istehsal olunmuş minanın aşkarlanmasıdır. Həmin minaların istehsal tarixi 2021-ci il göstərildiyindən bu hərbi sursatın məhz 10 noyabr razılaşmasından sonra basdırılması inkaredilməzdir. Laçın sərhəd buraxılış məntəqəsinin qurulması isə bu kimi təxribatçı addımların qarşısını almaqda mühüm efektə malik oldu.

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlərinin görüşündə çıxış edən Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistanın işğalının digər mənfi fəsadı minalardır. Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır. Mina problemi Ermənistan tərəfindən Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulmasıdır. 2020-ci ildə kapitulyasiyadan sonra da Ermənistan külli miqdarda mina istehsalını davam etdirirdi və onları Laçın sərhəd-gömrük buraxılış məntəqəsi yaradılana qədər Azərbaycanın Qarabağ bölgəsinə daşıyırdı: “Minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışını ləngidir. Bunu nəzərə alaraq, Azərbaycan humanitar minatəmizləmə üzrə xüsusi milli Dayanıqlı İnkişaf Məqsədi müəyyənləşdirib. Bundan başqa, Azərbaycan qlobal miqyasda humanitar minatəmizləmə səylərini dəstəkləyir və minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təklifini irəli sürmüşdür. Əminəm ki, Qoşulmama Hərəkatının üzv dövlətləri səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifimi dəstəkləyəcəklər”.

5 prinsip - Sülhün əsas elementləri Azərbaycanın irəli sürdüyü şərtlərdir

Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesi artıq iki ilə yaxındır ki, iki istiqamət üzrə davam etməkdədir. Brüssel danışıqlarında müzakirə olunan və dayanıqlı sülhün söykənəcəyi beş baza prinsiplərinə nəzər saldıqda, Azərbaycanın yaratdığı ədalət mənzərəsi bir daha aydın olur. Xatırladaq ki, bu 5 təməl prinsip imzalanacaq sülhün əsas istinadgahıdır - buraya dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması kimi mühüm faktorlar daxildir. Bunudan başqa, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinməkdir. Bundan başqa, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, o cümlədən nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması da ikitərəfli münasibətlərin normallaşması üçün nəzərdə tutulan baza prinsipləri arasında yer alır. Bu məsələlər isə həm BMT-nin təməl prinisiplərinə, həm də digər beynəxalq qanunvericiliyə əsaslanır.

Eyni zamanda, Ermənistan 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatda yer alan Naxçıvan ilə kommunikasiyanın bərpası məsələsini də uzadır - bu isə rəsmi İrəvanın qeyri-konstrutiv mövqedə olmasının növbəti sübutudur.

Prezident İlham Əliyev çıxışında bildirib ki, münaqişə başa çatdıqdan az sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipini təqdim edib: “Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur. Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxarılmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərksilah edilməlidir. Ermənistan, həmçinin təxminən 3 il əvvəl imzaladığı kapitulyasiya aktında yer almış digər öhdəliyi olan və Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə bağlayacaq Zəngəzur dəhlizinin açılmasına mane olur”.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 600 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31