Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / İnteqrasiyanın genişlənməsi üçün yeni imkanlar

İnteqrasiyanın genişlənməsi üçün yeni imkanlar

20.07.2023 [10:10]

TDT-nin inkişaf perspektivləri

Dünyada yeni nizam qaydalarının formalaşdığı, kataklizmlərin artdığı bir dövrdə Azərbaycan istər regional, istərsə də qlobal müstəvidə əməkdaşlıq platformalarının daha da güclənməsi istiqamətində fəal addımları ilə seçilir. Qoşulmama Hərəkatının fəaliyyətinə dinamizmin qazandırılması, o cümlədən, regional layihələrin inkişafı ilə bağlı mühüm addımların atılması, nəhayət tərəfdaşlığın daha da gücləndirilməsi üçün səylərin göstərilməsi yeni dövr üçün ölkəmizin əsas siyasi prioritetlərini təşkil edir. Bu mənada, ölkəmizin Türk Dövlətləri Təşkilatındakı fəaliyyəti xüsusi vurğulanmalıdır. Ümumiyyətlə, böyük coğrafiyada yerləşən Türkdilli ölkələri bir araya gətirən Türk Dövlətləri Təşkilatının (TDT) sıralarının genişləndirməsi və qurum daxilində inteqrasiya proseslərinin geniş vüsət alması diqqət çəkir.  Türkdilli ölkələrin birliyini mümkün və zəruri edən fundamental amillərin sayı isə kifayət qədər çoxdur. Burada tarixi bağlılıq, milli-mənəvi dəyərlərin eyni kökdən gəlməsi, humanitar sahə, siyasi maraqların uzlaşması, coğrafi bağlılıq, din, etiqad vəhdəti kimi amilləri xüsusi qeyd edə bilərik. Bu isə qurumun gələcəkdə funksionallığını daha da artıracağına, beynəlxalq miqyasda Türk dünyasının qüdrətini layiqincə nümayiş etdirəcəyinə, bütövlükdə, regional və qlobal əməkdaşlığın möhkəmlənməsinə sanballı töhfələr verəcəyinə böyük əminlik yaradır.

Keçilən yola qısa baxış

Türk Dövlətləri Təşkilatının yaşı elə də çox deyil. Biz fəxr edirik ki, Türkdilli dövlətlərin institusional strukturunun formalaşması təşəbbüsü Prezident İlham Əliyevdən gəlib və bu tarixi prosesin təməli qədim Azərbaycan torpağı olan Naxçıvanda qoyulub. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə Görüşündə Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”i imzalanıb. 2021-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olub və səmərəli beynəlxalq təşkilata çevrilib. Bu, təkcə ad dəyişikliyi deyil, həm də yeni baxışın və yeni inkişaf vektorunun göstəricisidir.

Sonradan Türk Dövlətləri Təşkilatı adlanan TDƏŞ yarandığı zaman onun dörd üzv ölkəsi - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan idi. Bu gün artıq təşkilatda beş üzv və iki müşahidəçi ölkə var. Özbəkistan 2019-cu ildə quruma üzv olub. Altı Türk dövlətindən beşi bu təşkilatın üzvüdür, Türkmənistan isə müşahidəçi statusuna malikdir. Macarıstan da müşahidəçi qismində təşkilata qoşulub və qurumun Macarıstanda da ofisi fəaliyyət göstərir. Macarıstanın bu təşkilata qoşulması, eləcə də onlarla digər ölkənin müşahidəçi statusu almaq istəyi TDT-nin çəkisinin və perspektivinin yüksək olduğunu göstərir. İndiyədək qurumun Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı, İstanbul, Səmərqənd və Ankarada olmaqla Zirvə görüşləri uğurla baş tutub. Zirvə görüşlərində yeni geosiyasi reallıqlar və meydana çıxan çağırışlar nəzərə alınmaqla imzalanan sənədlər Türkdilli ölkələr arasında müxtəlif istiqamətlərdə inteqrasiyanın genişlənməsinə yeni imkanlar açır.

Böyük iqtisadi potensial və ortaq maraqlar

Dövlətlərin siyasi iradəsi, cəmiyyətlərin istəyi öz yerində, Türkdilli ölkələr arasında inteqrasiyanın dərinləşməsi həm də güclü iqtisadi potensial və ortaq maraqlarla şərtlənir. Türkdilli ölkələr təbii ehtiyatlarla, o cümlədən də enerji resursları ilə zəngindir. Təbii ki, hazırda qardaş Türkiyə iqtisadi potensialına, müasir sənaye inkişafına görə Türkdilli ölkələr arasında lider mövqeyə malikdir. Ancaq Azərbaycan və digər Türkdilli ölkələr də öz iqtisadiyyatlarını intensiv şəkildə genişləndirirlər. Statistik məlumatlara əsasən, 2021-ci il üzrə Türk dövlətlərinin ÜDM-i 1 trilyon 383 milyard ABŞ dolları, ticarət dövriyyəsi 855,7 milyard ABŞ dolları təşkil edib. 2022-ci il ərzində Türk Dövlətləri Təşkilatına daxil olan bütün ölkələrdə əsas kapitala yönələn vəsaitlərdə artım müşahidə edilib.

Mütəxəssislərin qənaətinə görə, təşkilat daxilində iqtisadi və ticari əməkdaşlığı daha sistemli şəkildə əlaqələndirmək mümkündür. 1.4 tirlyon nominal ÜDM-ə malik olan Türkdilli ölkələr yeni regional əməkdaşlıq modeli yaradırlar. Deyə bilərik ki, regionun yeni iqtisadi xəritəsi formalaşmaqdadır.

Yeni istiqamətlər

Zaman ötdükcə meydana çıxan qlobal çağırışlara uyğun olaraq TDT-da inteqrasiyanın yeni istiqamətləri formalaşır. Son Ankara Sammitində iqtisadi inteqrasiyanın genişləndirilməsi istiqamətində mühüm addım atıldı - Türk İnvestisiya Fondunun yaradılması haqqında Saziş imzalandı. Fondun Türk dövlətlərinin qurduğu əsas ortaq maliyyə qurumuna çevrilməsi və fondun vəsaitlərinin birgə layihələrin həyata keçirilməsinə yönəldilməsi nəzərdə tutulur. Fond Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin iqtisadi potensialının inkişafına, onlar arasında ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə yönəldiləcək. Xatırladaq ki, Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur. Fondda ölkəmizin payı 100 milyon dollar təşkil edir.

Eyni zamanda, TDT-da birləşən ölkələr sadələşdirilmiş gömrük dəhlizinin yaradılmasına güclü siyasi iradə göstərirlər. Yeni geosiyasi reallıqlar fonunda TDT-da birləşən dövlətlər arasında şərtləri uzlaşdırılmış sadələşdirilmiş gömrük dəhlizinin yaradılması qarşılıqlı icarət dövriyyəsinin, eləcə də daşımaların artması üçün mühüm əhəmiyyət daşıyır. Xatırladaq ki, aprelin 5-də Milli Məclis 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanan “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsini müzakirə edərək onun qəbuluna səs verib.

Ticarət dövriyyəsi 70 faiz artıb

TDT-də birləşən ölkələr arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılmasını ilk növbədə son vaxtlarda Türk dövlətləri arasında iqtisadi əlaqələrin sürətli inkişafı və ticarət dövriyyəsində kəskin artımlar şərtləndirir.  2022-ci ildə Azərbaycan ilə Türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 70 faiz artaraq 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon dollaradək yüksəlib. Ötən il bütün Türk dövlətləri ilə ticarət dövriyyəmizdə artım qeydə alınıb. Qazaxıstan ilə dövriyyəmiz ötən il əvvəlki ilə nisbətən 4.4 dəfə artaraq 135 milyon 799 min dollardan 598 milyon 486 min dollaradək yüksəlib. Türkmənistan ilə dövriyyədə 5.1 dəfə artım qeydə alınıb. Bu ölkə ilə ticarət dövriyyəmiz ötən il 105 milyon 23 min dollardan 535 milyon 397 min dollar çatıb. Özbəkistan ilə ticarətimizdəki 64 faizlik artım birgə dövriyyəmizi 111 milyon 903 min dollardan 2022-ci ildə 183 milyon 307 min dollaradək artırıb. Ötən il Qırğızıstan ilə də ticarət dövriyyəmizdə artım qeydə alınıb. Belə ki, iki dövlət arasındakı dövriyyə il ərzində 17 faiz çoxalaraq 9 milyon 18 min dollardan 10 milyon 809 min dollaradək yüksəlib. Qardaş Türkiyə ilə ticarət dövriyyəsi isə ötən il 6 milyard dollara yaxınlaşıb. 2021-ci ildə 4 milyard 661 milyon dollar olan ticarət dövriyyəsi 2022-ci ildə 5 milyard 842 milyon dollaradək yüksəlib. Azərbaycan Türk dövlətləri ilə ticarət dövriyyəsini yaxın illərdə 15 milyard dollaradək yüksəltməyi hədəfləyib.

Azərbaycan-Türkiyə əməkdaşlığı

TDT-da birləşən ölkələr arasında inteqrasiya əlaqələrindən bəhs edərkən Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyəsini xüsusi qeyd etmək lazımdır. İyulun 17-də Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın, həmçinin bu əməkdaşlığın parlament səviyyəsində daha da inkişaf etdirilməsinin, parlamentlərin xarici əlaqələr komitələrinin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyətinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Bəli, Azərbaycan-Türkiyə münasibətləri dostluğun, qardaşlığın zirvə nöqtəsi sayılır. Hər iki dövlət daim bir-birinə qardaşlıq dəstəyi göstərirlər. Qardaş ölkə artıq tarixdə qalan “Dağlıq Qarabağ münaqişəsi”nin davam etdiyi üç onillik ərzində həmişə Azərbaycana dəstək verib. 44 günlük Vətən müharibəsi dövründə isə bu qətiyyətli dəstəyi daha çox hiss etdik. Türkiyənin mənəvi-siyasi dəstəyi Azərbaycana güc verdi. Nəticədə, Silahlı Qüvvələrimiz 44 günlük müharibədə şanlı Qələbə qazanaraq respublikamızın ərazi bütövlüyünü təmin etdi. Postmüharibə mərhələsində də qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir.

Öz növbəsində Azərbaycan da ən çətin vaxtlarında Türkiyəni tək buraxmır. Cari ilin fevralında qardaş ölkədə dəhşətli zəlzələ baş verdi. Azərbaycan bu çətin günlərdə Türkiyəyə ilk yardım əli uzadan ölkə oldu. Azərbaycanla Türkiyə arasında 2021-ci il 15 iyun tarixində imzalanan Şuşa Bəyannaməsi isə münasibətlərdə yeni mərhələnin başlanğıcı sayılır. Bəyannamə Müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanda və Türkiyədə gözəl ənənə formalaşıb. Prezident İlham Əliyev xalqın etimadını qazanaraq dövlət başçısı seçildikdən sonra xarici ölkələrə ilk səfərini məhz Türkiyəyə edir. Eyni zamanda, Prezident Rəcəb Tayyib Ərdoğan da bu ənənəyə sadiqlik nümayiş etdirir. Türkiyənin Lideri qardaş ölkədə iki mərhələdə keçirilən son prezident seçkilərinin qalibi olaraq ilk dövlət səfərini məhz Azərbaycana edib.

İnteqrasiyanın möhkəmlənməsinə dəstək

Azərbaycanla Türkiyə arasındakı münasibətlərin yüksək səviyyəsi, eyni zamanda, TDT-da inteqrasiyanın möhkəmlənməsinə öz müsbət təsirini göstərir. Bu gün Türkiyənin iqtisadi, siyasi, hərbi gücü bütün Türkdilli ölkələrin özünəinam hissini gücləndirir. Bütün bu kimi amillərə görə də Türkiyədə keçirilən son seçkilər böyük Türk coğrafiyasında diqqətlə izlənilir və Rəcəb Tayyib

Ərdoğanın yenidən prezident seçilməsi arzulanırdı. TDT-da birləşən ölkələr Türkiyənin hazırkı siyasi kursunun perspektivdə də davam etdirilməsinin tərəfdarıdırlar. Təsadüfi deyildir ki, yenidən dövlət başçısı seçilən R.T.Ərdoğanın inaqurasiya mərasiminə əksər Türkdilli ölkələrin yüksək səviyyəli nümayəndə heyətləri qatıldılar. Azərbaycan Prezidenti İlham Əliyev Öz ənənəsinə sadiq qalaraq Rəcəb Tayyib Ərdoğanı seçkilərdə qazandığı qələbə münasibəti ilə ilk təbrik edən dövlət başçısı oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva R.T.Ərdoğanın andiçmə mərasiminə qatılaraq bütün Türk xalqının sevincinə şərik oldular.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 549 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31