Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Münasibətlər dinamikdir

Münasibətlər dinamikdir

28.07.2023 [10:00]

Xəzərin bu sahilindən o biri sahilinədək uzanan dostluq əlləri

Mübariz FEYİZLİ

Azərbaycanın milli maraqlar üzərində qurulan fəal xarici siyasət kursu multiregional səciyyə daşıyır. Qısa müstəqillik tarixində respublikamız həm əksər qonşu dövlətlərlə, həm də dünyanın ayrı-ayrı uzaq bölgələrində yerləşən ölkələrlə sıx əməkdaşlıq münasibətləri qurmağa nail olub. Bu münasibətlər xoş mərama əsaslanır və qarşılıqlı maraqları ifadə edir. Respublikamızın xarici siyasət kursunda həmçinin Mərkəzi Asiya regionunda yerləşən dövlətlərlə yüksəksəviyyəli münasibətlərin qurulması xətti də mühüm yer tutur. Prezident İlham Əliyev mədəniyyət paytaxtımızda keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində Azərbaycanla mərkəzi Asiya ölkələri arasında münasibətlərin dinamik olduğunu bildirib.

İkitərəfli əsaslarda çox fəal iş aparılır

Müstəqil Azərbaycan Mərkəzi Asiyada yerləşən dost ölkələrlə müxtəlif platformalarda, o cümlədən də beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edir. Xüsusilə də son vaxtlarda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində  əməkdaşlıq əlaqələri intensivləşib. TDT-da və əksər beynəlxalq platformalarda koordinasiyalı fəaliyyətin təmin olunması bütövlükdə bəhs olunan dövlətlərinin hamısının maraqlarına tam cavab verir. Eyni zamanda, ikitərəfli münasibətlər də uğurla inkişaf edir. “Mən keçən il, həmçinin bu il Mərkəzi Asiya ölkələrinin bir çoxuna rəsmi səfər etmişəm. Eyni zamanda, Mərkəzi Asiya ölkələrinin prezidentləri Azərbaycana rəsmi səfər etmişlər. Həmçinin ilin sonuna qədər dost ölkələrdən əlavə səfərlərin həyata keçirilməsini gözləyirik. Biz ikitərəfli əsaslarda çox fəal işləyirik, xüsusilə sərmayələr və ticarət sahələrində”, - deyə Prezident İlham Əliyev bildirib.

Yüksək səviyyədə olan Azərbaycan-Özbəkistan münasibətləri ikitərəfli əlaqələrə yaxşı nümunədir. Qeyd edək ki, bir qədər bundan əvvəl Özbəkistanda keçirilmiş seçkilərdən sonra Şavkat Mirziyoyevi təbrik edən ilk dövlət başçısı məhz Prezident İlham Əliyev oldu. Bu da dövlət başçıları və ölkələrimiz arasında dostluğun və qardaşlığın nümunəsidir.

Eyni zamanda, siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq da genişlənir. Özbəkistan ilə ticarətimizdəki 64.0 faizlik artım birgə dövriyyəmizi 111milyon 903 min dollardan 2022-ci ildə 183 milyon 307 min dollaradək artırıb. İyulun 19-da Prezident İlham Əliyev Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovu qəbul edib. İyulun 18-də isə mədəniyyət paytaxtımız Şuşada Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyanın 12-ci iclası keçirilib. İndiyədək iki ölkə arasında 154 sənəd imzalanıb. Ötən ilin iyun ayında Prezident İlham Əliyevin Özbəkistana baş tutan uğurlu dövlət səfəri çərçivəsində iki ölkənin prezidentləri “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”ni imzalayıblar. Bu, mahiyyətcə gələcək qarşılıqlı fəaliyyətin yol xəritəsidir.

Azərbaycanla Qazaxıstanın münasibətlərinin daim yüksələn xətlə inkişafının ən önəmli şərtlərindən biri kimi iki ölkə xalqlarının tarixdən gələn bağlılığını göstərə bilərik. Azərbaycan və qazax xalqları eyni köklərdən rişə, güc, qüvvət alan eyni bir ağacın iki budağıdırlar. Bundan başqa, xalqlarımız uzun bir zaman kəsiyində oxşar talelər yaşayıblar. Belə ki, həm çar Rusiyası, həm də sovet dönəmində vahid mərkəzdən idarə ediliblər. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.

Bütövlükdə, indiyədək Azərbaycanla Qazaxıstan arasında 120-dən çox sənəd imzalanıb. İki ölkə arasında yaxın dostluq münasibətləri 1 mart 2004-cü ildə Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 24 may 2005-ci ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə möhkəmləndirilib. Qazaxıstan ilə dövriyyəmiz ötən il əvvəlki ilə nisbətən 4.4 dəfə artaraq 135 milyon 799 min dollardan 598 milyon 486 min dollaradək yüksəlib.

Azərbaycanla Türkmənistanı yalnız Xəzər dənizi, eyni coğrafiya birləşdirmir. Hər iki ölkəni ortaq məxrəcə gətirən siyasi, iqtisadi, mədəni-humanitar maraqların dairəsi kifayət qədər genişdir. Həm Azərbaycan, həm də Türkmənistan Xəzərin dostluq, əməkdaşlıq hövzəsinə çevrilməsində, zəngin karbohidrogen ehtiyatlarının işlənməsinin ölkələrin və bütövlükdə regionun rifahına xidmət etməsində maraqlıdırlar

Getdikcə dərinləşən əlaqələr sayəsində strateji səviyyəyə yüksələn Azərbaycan-Türkmənistan münasibətləri ikitərəfli çərçivədə uğurla inkişaf edir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artması bunu bir daha təsdiqləyir. 2022-ci ildə ölkəmizin Türkmənistan ilə dövriyyəsində 5.1 dəfə artım qeydə alınıb. Bu ölkə ilə ticarət dövriyyəmiz ötən il 105 milyon 23 min dollardan 535 milyon 397 min dollar çatıb. 21 yanvar 2021-ci il tarixində ikitərəfli münasibətlərdə əlamətdar hadisə baş verdi - Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalandı.

Azərbaycanla Qırğızıstan arasında münasibətlər də Prezident İlham Əliyevin bildirdiyi kimi, çox yaxşıdır. Azərbaycanın və dost Qırğızıstanın dövlət başçıları daim sıx təmasda olublar. Hər iki lider TDT və MDB çərçivəsində baş tutan tədbirlərdə müntəzəm olaraq görüşürlər. İkitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluq doğurur. Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması ilə bağlı qərarın qəbul olunması iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsində mühüm rol oynayacaq. Bişkekdə dövlət başçılarının iştirakı ilə ulu öndər Heydər Əliyevin və Nizami Gəncəvinin adını daşıyan təhsil ocaqlarının, dostluq parkının açılışının keçirilməsi tərəflərin mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşməsinə də böyük önəm verdiklərini təsdiqləyir.

Respublikamızla Mərkəzi Asiyada yerləşən dövlətlərin maraqları həmçinin Orta Dəhlizdə üst-üstə düşür. Bəhs olunan marşrut Çin-Qazaxıstan sərhəddindən başlayaraq Xəzər vasitəsilə Azərbaycan üzərindən keçir və Avropayadək uzanır. “Bu yol Mərkəzi Asiya ölkələri üçün ən mühüm nəqliyyat marşrutlarından biri olacaq. Çünki Azərbaycanın nəqliyyat infrastrukturu müasirdir və eyni zamanda, hazırda yükdaşıma potensialı çox yüksəkdir. Düşünürəm ki, münasibətlərimizin çox gözəl gələcəyi var”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Qardaşlıq həmrəyliyi

Bəhs olunan dövlətlərin hamısı Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək veriblər. Eyni zamanda, Mərkəzi Asiya ölkələri postmüharibə mərhələsində işğaldan azad olunmuş ərazilərin bərpasına qoşulmaq istəklərini ifadə ediblər. Dost dövlətlərin xoş niyyətini yüksək dəyərləndirən Prezident İlham Əliyev bildirib: “Biz göstərdikləri dəstəyə görə Mərkəzi Asiyadan olan dostlarımıza və qardaşlarımıza təşəkkürümüzü ifadə etmək istəyirik. Siz Füzuli Hava Limanından gələndə binaların inşası layihəsini gördünüz. Orada, həmçinin məktəb var və o, səxavətli şəkildə Özbəkistan tərəfindən inşa edilməkdədir. Həmçinin incəsənət mərkəzi var, Qazaxıstan tərəfindən ianə kimi ayrılıb. Hər ikisi hazırda inşa mərhələsindədir. Məktəb avqustun sonuna qədər hazır olmalıdır, gənclər üçün olan incəsənət mərkəzi isə ilin sonuna qədər. Bu, iki dəstək rəmzidir və müharibədən sonra xaricdən aldığımız dəstək bu qədər olmuşdur. Qeyd etməliyəm ki, bu, çox mühüm bir jest idi və həmrəylik nümunəsi idi. Düşünürəm, aydın məsələdir ki, biz məktəbləri özümüz də inşa edə bilərik və biz bunu edirik. Lakin bu, onların həmrəylik nümayiş etdirmək üçün həqiqi istəyidir və doğrudan da qarşımızda böyük işlər var”.

Paylaş:
Baxılıb: 462 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31