Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Şuşa tribunasından bütün dünyaya...

Şuşa tribunasından bütün dünyaya...

04.08.2023 [10:00]

Azərbaycan Prezidenti yeni dövrün hədəflərini və prioritetlərini bəyan edir

2020-ci ilin noyabrın 10-da Ermənistanın kapitulyasiyası ilə başa çatan Vətən müharibəsinin nəticələri Azərbaycanın siyasi hədəflərini müasir çağırışlar və reallıqlar kontekstində bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə qazanaraq tarixi nailiyyətə imza atdı. 30 il ərzində düşmənin nəzarəti altında qalan torpaqların, xüsusilə  mədəniyyət beşiyimiz sayılan Şuşanın azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpası bu tarixi nailiyyətin zirvəsidir.

Vətən müharibəsində əldə olunan bu Zəfər isə şəksiz-şübhəsiz çoxəsrlik dövlətçilik tariximizdə ən böyük və mühüm Qələbədir. 30 ilə yaxın işğaldan əziyyət çəkən, bununla belə bütün dövrlərdə beynəlxalq hüququn təmin olunmasını, ədalətin bərpasını tələb edən Azərbaycan təşkilatlanmış və dünyadakı ayrı-ayrı güc mərkəzləri tərəfindən himayə olunan məkrli düşmənlə üz-üzə dayanmışdı. Ermənistan heç bir zaman Azərbaycana rəqib ola bilməzdi - amma dünyanın ən böyük təşkilatı olan BMT-nin belə qətnamələrinə məhəl qoymayan, hətta yeni ərazilər uğrunda yeni müharibə iddiaları səsləndirən bu dövlət 1990-cı illərin eyforiyasından ayıla bilmirdi. Həmin dövrdə özünün dünyadakı lobbisinin əli ilə, ermənipərəst mərkəzlərin dəstəyi ilə yalan təbliğat kampaniyaları aparılır, Azərbaycan tamamilə fərqli imicdə təqdim olunurdu. Bu kimi stereotiplərin qırılması, Azərbaycanın dünyaya təqdimatı uğurumuzun əsas təməli oldu...

Azərbaycan həqiqətlərinin ən böyük təbliğatçısı...

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Qarabağın azadlığını hədəfləyən siyasi kurs uzun illər ən xırda detallarına qədər incə şəkildə işləndi, hazırlandı, tətbiq olundu. Azərbaycanın dünyada tanıdılması, etibarlı tərəfdaş kimi şöhrət tapması, yeni dövrdə regionun aparıcı dövlətinə çevrilməsi bu işdə ən mühüm amilə çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli siyasət ölkəmizin dünyada mədəni, etibarlı, sivil, əməkdaşlıqda dürüst, qlobal iqtisadi təşəbbüslərlə çıxış edən dövlət kimi tanınmasına yol açdı. Bütün bu uğurların fonunda isə bir nömrəli məsələ - işğal altında olan ərazilərin azad edilməsi prioritet təşkil edirdi. Prezident İlham Əliyev bütün beynəlxalq tribunalarda, tədbirlərdə, səfərlərdə ən mühüm məsələ kimi məhz torpaqlarımızın işğaldan azad edilməsi məsələsini qoyurdu. Azərbaycan həqiqətlərini öz dillərində dünya ictimaiyyətinə çatdırırdı. Prezident İlham Əliyevin apardığı bu meqafəaliyyət çox qısa zamanda dünyada “Azərbaycanın dostları” kimi mühüm bir tezis formalaşdırdı. Bir sıra dövlətlər Azərbaycanın əsl dostuna çevrildi. Prezident İlham Əliyev ayrı-ayrı azərbaycanafob mərkəzlərdə qurulan planları dağıtmağı, alt-üst etməyi bacardı. Prezident İlham Əliyev sadəcə olaraq 44 günlük müharibədə qazanılan böyük Qələbənin memarı, sərkərdəsi deyildi - dövlət başçısı həm də müharibə zamanında Azərbaycan həqiqətlərinin carçısına çevrildi.

XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası...

2020-ci il Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin qlobal informasiya məkanında Azərbaycan Ordusunun cəbhədəki uğurlarını möhkəmləndirən titanik mübarizəsi xüsusi diqqətçəkən məsələdir.  Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi, diplomatiya və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərdi, Azərbaycana qarşı informasiya blokadasını yardı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün dünyada böyük populyarlığa malik 30-dan artıq KİV-ə verdiyi müsahibələr  XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələrdə reallıqdan uzaq, qərəzli suallar çox səsləndirilirdi. Bəzi müxbirlər, hətta diktə notları seçməyə, özlərini prokuror kimi aparmağa cəhdlər göstərirdilər. Lakin onlar Azərbaycan Prezidentinin hazırcavablığı, geniş erudisiyası, aydın yanaşması və diplomatik məharəti qarşısında geri çəkilmək məcburiyyətində qalırdılar. Prezident, Müzəffər Ali Baş Komandan döyüş meydanında olduğu kimi, informasiya cəbhəsində də Azərbaycanın qələbəsini təmin etdi.

Azərbaycan siyasi müzakirə müstəvisinin sərhədlərini təyin edir...

Və bu gün, artıq müharibədən 3 ilə yaxın müddət ötdüyü bir zamanda dünyada yeni siyasi reallıqlar formalaşır. Kataklizmlərin miqyası bəzən qitələrarası mübarizənin fonunda əks olunur - bu qədər geniş bir miqyasa sığır. Belə çətin bir dövrdə Azərbaycan yenə də mühüm çağırışlarla üz-üzədir. Azərbaycan 2020-ci ildə olduğu kimi 2023-cü ildə də öz gücü ilə artıq siyasi müzakirə müstəvisinin sərhədlərini təyin edir. Sülh prosesinin şərtlərini diqtə edir, şərtlərin Azərbaycanla müəyyənləşdirilməsini təmin edir, dünyanın aparıcı güclərinin, hətta münasibətlərin normallaşması prosesində iştirak edən vasitəçiləriin belə mövqeyini uzlaşdırır. Belə bir zamanda Azərbaycan Prezidenti həmişəki kimi birbaşa kommunikasiyaya gedərək bütün məsələlər üzrə mövqeyini ortaya qoyur. Şuşada keçirilən Qlobal Media Forumu yeni tarixi situasiyanın ən real təhlilini birbaşa dünyaya çatdırır.

Şuşa media platforması - 49 ölkədən 150 xarici qonaq...

“Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Şuşa Qlobal Media Foruma 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatıldı. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edirdi. Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlərin müzakirəsi baş tutdu. Dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə etdilər. Təbii ki, Forumun tarixi əhəmiyyəti Prezident İlham Əliyevin bütün dünya ilə birbaşa əlaqə qurması ilə bağlı oldu. Ölkə başçısı müharibə həqiqətlərini, post-müharibə dövründə Azərbaycanın apardığı uğurlu quruculuq işlərini, regional geosiyasi vəziyyəti və prioritetləri, hədəfləri, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı prosesin incə detallarını, görülən və görülməsi nəzərdə tutulan işləri  Şuşa tribunasından dünyaya bəyan etdi.

Yeni dövrün strateji yol xəritəsinin detalları

Müasir Azərbaycan bu gün özünün ən güclü, ən qüdrətli dövrünü yaşayır. Regional və qlobal layihələrin təşkilatçısı qismində çıxış edən Azərbaycan müasir çağırışlara tam cavab verir. 44 günlük Vətən müharibəsində qazandığı qələbə isə ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına ilə yanaşı yeni regional reallıqların formalaşması ilə yadda qaldı - bu gün Azərbaycan beynəlxalq münasibətlər sisteminin ən mühüm aktorlarından biri sayılır. Dünyanın aparıcı reytinq agentlikləri, beynəlxalq güclər Azərbaycanın son illərdə nail olduğu mütərəqqi inkişafı etiraf edir və dəyərləndirirlər. Bunun nəticəsidir ki, Azərbaycan qısa zamanda Avropanın enerji təhlükəsizliyində, Cənubi Qafqazın təhlükəsiz inkişafında, regional sabitliyin formalaşdırılmasında, Qərb-Şərq iqtisadi aortasının yaradılmasında, Orta Dəhliz kimi mühüm və strateji layihənin ərsəyə gəlməsində əsaslı rol oynadı. Azərbaycan bütün bu inkişafı qısa zaman kəsiyində nail oldu - hətta yaşadığı mühüm problemlərə, 30 ilə yaxın işğaldan əziyyət çəkməsinə baxmayaraq bu nailiyyətlərə imza atıldı.

Prezident İlham Əliyevin Şuşa Media Forumunda verilən suallara hərtərəli cavabı bütün dünyanı heyran qoydu - Azərbaycanın qarşıdakı dövr üçün prioritetləri, siyasi hədəfləri, bir sözlə strateji yol xəritəsi nümayiş etdirildi. Prezident İlham Əliyev ən yüksək peşəkarlıqla dünyanın yeni siyasi gündəminin detallarını səsləndirdi. Cənubi Qafqazda sülhün vacibliyi, yeni iqtisadi əməkdaşlığın inkişafı üçün regionda sülh arxitekturasının qurulmasının zəruriliyini bütün dünyaya bəyan etdi. Azərbaycan Prezidenti Şuşa tribunasından bütün dünyaya yeni dövrün strateji yol xəritəsinin detallarını bəyan etdi.

Azərbaycanın növbəti diplomatik Zəfəri...

Prezident İlham Əliyevin Şuşada “Euronews” televiziyasına müsahibəsi bir sıra tarixi məqamları ilə seçilir. Dövlət başçısı bu müsahibədə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinin inkişaf trayektoriyasını müəyyən edir - ölkəmizin yaratdığı ədalət mənzərəsini bütün dünyaya nümayiş etdirir. Azərbaycanın Cənubi Qafqazda sülhün müəllifi olduğu bütün güclərin, qütblərin və qlobal iqtisadi-siyasi aktorların diqqətinə çatdırılır. Azərbaycan bütün vasitəçi tərəflərlə eyni məsafədədir - bizim üçün yalnız uğurlu nəticə maraqlıdır. Bu tezis Azərbaycanın bölgədə yeni əməkdaşlıq platformaları müəyyənləşdirməsi prosesinin də detallarını açır: ölkəmiz gələcək inkişaf yolunda bütün tərəflər və ölkələrlə yaxın, milli maraqlar çərçivəsində tərfdaşlığa hazır olduğunu göstərir. Azərbaycan Prezidenti ilin sonuna qadər sülh variantının tapılması perspektivini də ortaya qoyur - bunun üçün Ermənistan tərəfindən konstruktiv yanaşma sərgilənməli, ən vacibi isə onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoymalıdırlar. Azərbaycan Prezidenti növbəti dəfə ölkəsinin beynəlxalq hüquqa, beynəlxalq qanunvericiliyə, qlobal əməkdaşlığa və konvensiyalara hörmətini nümayiş etdirir.

Nəticə etibarı ilə , Prezident İlham Əliyevin Şuşada dünyanın aparıcı media orqanları ilə təması Azərbaycanın növbəti diplomatik Zəfəridir - bu, ölkəmizin yeni dövr üçün siyasi prioritetlərinin və hədəflərinin bəyan edilməsində olduqca böyük əhəmiyyət daşıdı...

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 588 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31