Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Ərzaq təhlükəsizliyi: Uğurlar və hədəflər

Ərzaq təhlükəsizliyi: Uğurlar və hədəflər

18.01.2022 [10:04]

Taxıla olan tələbatı qarşılamaq üçün xarici ölkələrdə torpaqlar icarəyə götürüləcək

Prezident İlham Əliyev: Biz özümüzü əsas ərzaq məhsulları ilə təmin etmək üçün praktiki addımlar atdıq

Mübariz ABDULLAYEV

Hazırda qlobal miqyasda meydana çıxan ən mühüm çağırışlardan biri ərzaq təhlükəsizliyi ilə bağlıdır. Son illərdə bəşəriyyət davamlı şəkildə iqlim dəyişiklikləri, qlobal istiləşmə tendensiyası ilə üzləşir. Eyni zamanda, dünyanın gah bu, gah da digər bir bölgəsində müharibələr, siyasi çəkişmələr səngimək bilmir. Bütün bu kimi ziddiyyətli məqamları təsadüfən sadalamırıq. Arzuolunmaz mənfi təzahürlər ərzaq məhsullarının istehsalına mənfi təsir göstərir ki, bu da dünya üzrə əhalinin artması fonunda fəsadlara yol açır. Hazırda dünyanın ayrı-ayrı bölgələrində yaşanan ərzaq qıtlığı buna kədərli nümunədir. Ərzaq məhsullarının qiyməti kəskin şəkildə artır. Çikaqo əmtəə birjasının məlumatlarına əsasən, yumşaq payızlıq taxılın qiymətləri 2012-ci ildən bəri ilk dəfə bir buşel (0,027 ton) üçün 8 dolları keçərək rekord vurub.

Əsas pozisiyalar üzrə özünütəminat

Məsuliyyətli dövlət olan Azərbaycan dünyadakı belə kədərli mənzərə fonunda özünün strateji kursunu dəqiq müəyyənləşdirib. Hazırda Azərbaycan dövləti ərzaq təhlükəsizliyinə ölkənin milli təhlükəsizliyin tərkib hissəsi kimi yanaşır. Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ərzaq məhsullarına olan daxili tələbatın daha çox dərəcədə yerli istehsal hesabına qarşılanması kimi çox mühüm hədəf qoyulub.

Bəri başdan onu vurğulayaq ki, respublikamızda ərzaq məhsulları istehsalının artırılması üçün heç də ideal şərait mövcud deyil. İlk növbədə, ölkənin əkinə yararlı torpaq fondunun məhdud olması barədə. Respublikanın mövcud torpaq fondu, həmçinin coğrafi-iqlim xüsusiyyətləri ərzaq məhsulları əkinlərini tələb olunan qədər artırmağa imkan vermir. Yəni bu bir reallıqdır ki, respublikamızın bir sıra əraziləri kənd təsərrüfatı məhsullarının istehsalı üçün yararsızdır. Bu, reallıqdır və biz istəsək də, istəməsək də, bu reallıqla hesablaşmalıyıq.

Ölkəmizdə ərzaq məhsulları istehsalının artmasına mənfi təsir göstərən digər amil üç onillik ərzində davam edən işğal faktı ilə bağlı olub. Mənfur düşmən havadarlarının köməyi ilə ötən əsrin doxsanıncı illərinin əvvəllərində işğala məruz qoyduğu ərazilərimizdə ağlasığmaz vandalizm əməlləri törədib. Torpaqlarımız istismar olunub, meşələrimiz qırılıb, təbii sərvətlərimiz talanıb. Azərbaycan təxminən 30 il ərzində 10 min kvadratkilometr ərazisində əkin-biçin aparmaq imkanından məhrum qalıb.

Suvarma ərzaq təhlükəsizliyinin təmin olunmasına birbaşa təsir göstərən amillər sırasında yer alır. Ermənilər uzun illər ərzində bizim yalnız torpaqlarımızı deyil, həm də çaylarımızı öz nəzarətlərində saxlayıblar və bundan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə ediblər.  Onlar çayların məcralarını məqsədyönlü şəkildə dəyişirdilər, yaz-yay aylarında suya tələbat olanda bəndləri bağlayır, qışda isə açırdılar. Beləliklə, keçmiş təmas xəttinə yaxın ərazilərdə də minlərlə hektar əkin sahələrindən istifadə etmək mümkün olmurdu.

Bütün bu kimi çətinliklərə rəğmən, Azərbaycan ərzaq məhsulları istehsalının artırılması istiqamətində diqqətəlayiq uğurlara imza atıb. İndiyədək bir neçə Dövlət Proqramının icrası uğurla təmin olunub. Nəticələr barədə də məmnunluqla söhbət açmaq mümkündü. Prezident İlham Əliyev bir neçə gün bundan əvvəl yerli televiziya kanallarına verdiyi geniş müsahibədə ölkəmizdə ərzaq məhsulları istehsalının ilbəil artdığına diqqət çəkib. “Ənənəvi kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə fikir versək, deyə bilərəm ki, son 15 il ərzində meyvə istehsalı Azərbaycanda 2 dəfə artıb. İki dəfə, yəni, çox böyük rəqəmdir. Üzüm istehsalı da, həmçinin 2 dəfə artıb, tərəvəz istehsalı artıb. Pambıq istehsalı dəfələrlə artıb. Demək olar ki, biz son beş il ərzində pambıqçılığı diriltdik və qeyri-neft ixracatında pambığın nisbəti ildən-ilə artır”.

Kənd təsərrüfatı məhsullarının istehsalında artıma nail olunmasının nəticəsidir ki, hazırda respublikamızda bir sıra pozisiyalar üzrə daxili tələbatın yerli istehsal hesabına ödənilməsi əhəmiyyətli dərəcədə təmin olunub. “Eyni zamanda, biz özümüzü əsas ərzaq məhsulları ilə təmin etmək üçün praktiki addımlar atdıq. Məsələn, bu gün mal ətinə əgər baxsaq, biz özümüzü təqribən 90 faiz səviyyəsində təmin edirik, qoyun əti ilə 100 faiz. Azərbaycan heç vaxt süd istehsal etmirdi və bizdə ənənəvi olaraq mal-qaranın cinsi südçülük üçün əlverişli deyildi. Ona görə biz cins mal-qaranın alınmasına böyük vəsait xərclədik və bu gün Azərbaycanda əgər 1 milyondan çox iribuynuzlu mal-qara varsa, onun artıq 70 mini cins mal-qaradır. Son illər ərzində gətirdiyimiz və Azərbaycanda müəyyən tədbirlərin nəticəsində yetişdirilmiş cins mal-qaradır ki, bir neçə ildən sonra onların, əlbəttə, sayı artacaq. Ona görə məsələn, süd və süd məhsullarının istehsalında biz 80 faizə çıxa bilmişik. Həmçinin toyuq əti istehsalında da 80 faizə çıxa bilmişik”, - deyə dövlətimizin başçısı bildirib.

Taxıla olan tələbat necə ödəniləcək?

Ölkəmizdə taxıla daxili tələbatın daha çox həcmdə yerli istehsal hesabına təmin olunması hədəflənsə də, hələlik idxaldan asılılıq yüksək səviyyədə qalmaqda davam edir.  Respublikamızda bu sahədə  özünütəminat səviyyəsi 59-60% təşkil edir, tələbatın 40 faizi idxal hesabına ödənilir. “Biz təqribən 3,3 - 3,4 milyon ton buğda istehlak edirik. Onlardan cəmi 2 milyonu Azərbaycanda istehsal edilir. Qalanını idxal edirik və əgər mən bu gün desəm ki, biz 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edə bilərik, yəqin ki, indiki şəraitdə səhv olar”, - deyə Prezident İlham Əliyev bildirib.

Ölkədə taxıl istehsalını artırmaq üçün nə çatışmır? Və yaxud nə etmək lazımdır ki, ölkənin taxılla təchizatında yerli istehsalın xüsusi çəkisi daha yüksək olsun? Əlbəttə, perspektivdə Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin əkin dövriyyəsinə cəlb edilməsi ilə taxıl tədarükünü müəyyən həcmlərdə artırmaq mümkün olacaq.  Ermənilər işğal dövründə həmin ərazilərdə 100 min hektarda taxıl əkirdilər və təqribən 100 min tona yaxın buğda əldə edirdilər. Lakin bu, Ermənistan üçün böyük rəqəmdir, bizim üçün isə böyük rəqəm sayıla bilməz. Əgər azad edilmiş torpaqlarda taxılçılıq üçün yararlı olan və məqbul sayılan yerlərdə əkin aparılsa, indiki məhsuldarlıqla təqribən 200 min tona yaxın buğda götürmək mümkündür. Bu hədəfə çatılması real olsa da, yenə də bizim ölkəmizin 1,3 milyonluq kəsirini bağlamaq üçün yetərli deyil.

Bəs çıxış yolunu necə tapmalı? Özü də nəzərə almalıyıq ki, ölkəmizdə taxıla olan tələbat getdikcə artır. Biz yuxarıda respublikamızda torpaq fondunun məhdud olduğunu diqqətə çatdırdıq. Belə şəraitdə yeganə əlac sahələrdən məhsuldarlığın artırılmasına qalır. Bununla bağlı fikirlərini bölüşən dövlətimizin başçısı vurğulayıb: “Çalışmalıyıq ki, yerli istehsal artsın, ilk növbədə, məhsuldarlıq hesabına. Çünki bu gün taxılçılıqda məhsuldarlıq 32 sentnerdir, yəni 3,2 tondur. Əgər bu rəqəm 4 tona, 4,5 tona çatsa, bu, mümkündür, çünki iri fermer təsərrüfatlarının bəzilərində 7 tondur, bəzilərində 6 tondur. Mən bu təsərrüfatlarda olmuşam və bu təsərrüfatların yaradılmasında da fəal iştirak etmişəm. Onda biz mövcud əkin sahələrində özümüzü maksimum dərəcədə ərzaq buğdası ilə təmin edə bilərik”.

Dövlət başçısı bəhs olunan müsahibəsində ölkəmizin yeni hədəfinə də diqqət çəkib. Bu hədəf xarici ölkələrdə torpaq sahələrini icarəyə götürərək orada taxıl əkinləri həyata keçirməklə bağlıdır. “İstisna edilmir ki, biz artıq bu məsələ ilə də məşğul olmağa başlamışıq - başqa ölkələrdə taxılçılıq üçün məqbul olan münbit torpaqları icarəyə götürüb, orada məhsul yetişdirmək və Azərbaycana gətirmək. Ona görə bu, real mənzərədir. Bizim istəyimizlə imkanlarımız bu gün üst-üstə düşmür. Ona görə hər kəs bu real vəziyyəti bilməlidir və nə mümkünsə biz edirik. Mən demək olar ki, gündəlik formatda bu işlərlə məşğul oluram. Ümid edirəm ki, ölkəmizdə, o cümlədən kənd təsərrüfatında aparılan islahatlar, iqtisadi mühitin və biznes mühitinin yaxşılaşdırılması sayəsində biz böyük dərəcədə bu məqsədlərə çatacağıq. Hər halda, biz buğdadan başqa digər əsas ərzaq məhsulları ilə özümüz-özümüzü təmin etməliyik, mən buna inanıram”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Paylaş:
Baxılıb: 264 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Sosial

Çadradan səmaya

21 May 12:21  

Siyasət

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Prezident bu gün

Prezident bu gün

21 May 09:31

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31