Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Multikultural əhval-ruhiyyə tarixin süzgəcindən keçib

Multikultural əhval-ruhiyyə tarixin süzgəcindən keçib

03.11.2021 [10:46]

Qloballaşan dünyamızda dövlətlər və millətlər arasındakı qarşıdurmalar, dini müxtəlifliyə qarşı dözümsüzlük halları son illər ərzində xeyli artıb. Birgə yaşayışın təmin olunması üçün tolerantlıq və multikulturalizmin daha çox inkişaf etdirilməsi vacibdir. Tolerantlıq artıq sadəcə müxtəlif xalqlar arasında münasibətlərin tənzimlənməsi deyil, dövlətlər səviyyəsində xüsusi siyasi kurs kimi tətbiq edilən bəşəri bir dəyərə çevrilib. Tarixə nəzər salsaq, görərik ki, tolerantlıq əvvəllər də mövcud olub.” Tolerant” termini ilk dəfə XV əsrdə yuxarı dairələrdən icazə almaq mənasında işlədilib. Tolerantlığın dövlət tərəfindən tətbiq edilən siyasi kurs kimi dəyərləndirilməsi XVI əsrdən sonrakı dövrlərə təsadüf edir. Lakin müasir dünyamızda bu anlayış xüsusi qanunlarla tənzimlənir, müxtəlif təşkilatlar və qurumlar tərəfindən qəbul olunan sənədlərdə vacib müddəa kimi öz əksini tapır.

Azərbaycanda multikulturalizm və tolerantlıq

Azərbaycan əsrlər boyu multikulturalizmin, dinlər və millətlərarası münasibətlərin inkişafında öz müstəsna rolunu oynayan çox nadir dövlətlərdən biridir. Ulu Öndərin rəhbərliyi altında Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasət yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Multikulturalizm bu gün Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsidir. Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi heç də təsadüfi deyil.

“Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında öz rolunu oynamışdır. İctimai-siyasi quruluşundan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq çox yüksək səviyyədə olub. Bu, Azərbaycan xalqının duyğularıdır, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin siyasətidir və Azərbaycanda fəaliyyət göstərən dini qurumların əməyinin praktiki nəticəsidir” - Azərbaycan Prezidenti İlham Əliyevin bu fikirləri ölkəmizdə tolerantlığın xalqımızın bir həyat tərzi və mədəniyyət olmasını əks etdirir.

Azərbaycan xalqı qonaqpərvər xalqdır və dini müxtəlifliyə qarşı hər zaman tolerant münasibət göstərib, ölkəmizə təşrif buyuran qonaqlara qucaq açıb. Hazırda Azərbaycanda müsəlmanlarla yanaşı, pravoslav, Roma-katolik konfessiyaları, protestantlığın müxtəlif cərəyanları olan Yevangel-lüteranlar, Yevangel xristian baptistləri, 7-ci gün adventistləri, Molokan ruhani xristianları, Alban-udi xristian dini icmaları, Avropa yəhudiləri-əşkinazilər, dağ yəhudiləri olan sefartlar, gürcü yəhudiləri, ənənəvi olmayan dini qruplardan olan krişnaçılar, bəhailər və sair dinlərin mənsubları birlikdə tolerantlıq, əmin-amanlıq içində yaşayır və öz dini ibadətlərini rahatlıqla yerinə yetirirlər.

“Xarıbülbül” festivalı ölkəmizdə fərqli mədəniyyətlərə malik xalqların həmrəyliyinin ifadəsi idi

Şuşada keçirilən “Xarıbülbül” festivalı da ölkəmizdə fərqli mədəniyyətlərə malik xalqların həmrəyliyinin ifadəsi idi. Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətini, musiqi və rəqs ənənələrini nümayiş etdirən çıxışlar Azərbaycanda dini və etnik tolerantlığın yüksək səviyyədə qorunmasına dair çox vacib bir mesaj verirdi.

Mövzu ilə bağlı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan multikulturalizmə, dini və milli tolerantlığa çox önəm verən və bunu siyasi xətt kimi həyata keçirən, dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan bir dövlətdir. Onun sözlərinə görə, multikulturalizm Azərbaycan xalqının həyat tərzidir: “Ölkəmizdəki multikulturalizm siyasəti, multikultural əhval-ruhiyyə tarixin süzgəcindən keçib bu günə kimi gəlib. Fərqli mədəniyyətlərin daşıyıcısı olan 30-dan çox xalq Azərbaycanda tarixən yaşayıb və yaşayır. Demək olar ki, bütün dini konfensiyalar sərbəst şəkildə təmsil olunur. Müstəqillik qazandıqdan sonra Azərbaycanda milli-dini  müxtəlifliyin qorunmasını dövlət siyasəti səviyyəsinə qaldıran Ümummilli Lider Heydər Əliyevin yolu bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2020-ci il sentyabrın 27-də Ali Baş Komandanımızın əmri ilə erməni təxribatlarına qarşı əks-hücum  əməliyyatları başlanan kimi xalqımız bir yumruğa çevrilməyi bacardı və dini, milli mənsubiyyətindən, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə qoşuldu.”

İcraçı direktor onu da bildirib ki, Azərbaycanda dövlət tərəfindən məscidlərimiz, kilsələr və sinaqoqlar bərpa olundu, yeniləndi. Hətta yeni dini ibadət məkanları istifadəyə verildi: “Azərbaycan Respublikasının Konstitusiyasında da qeyd olunduğu kimi, Azərbaycanda yaşayan bütün xalqların bərabərlik hüququ, eləcə də öz ana dilində danışmaq və təhsil almaq, öz mənsubiyyətini qorumaq mədəniyyətini təmsil etmək, və s. hüquqları tam şəkildə təmin olunub”.

Qeyd olunub ki, multikulturalizm Azərbaycanın dövlət siyasətidir. Bu siyasətin əsasında ölkənin etnik, dini, dil və mədəni müxtəlifliklərinin qorunması dayanır. Multikulturalizm siyasəti dövlətin inteqrasiya siyasətini də möhkəmləndirir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) bu siyasətin həyata keçirilməsində əhəmiyyətli yerə malikdir: “Təmsil etdiyim Multikulturalizm Mərkəzi 2004-cü ildən fəaliyyət göstərir. Bu müddət ərzində ölkəmizdə olan bu rəngarəngliyin qorunması və təbliğ olunması istiqamətində bir sıra layihələr həyata keçirilib. Belə ki, son dövrlərdə işğaldan azad olunmuş ərazilərimizdəki dağıdılmış, vandalizmə məruz qalmış mədəni irsimizin yenidən bərpası, irsimizə qarşı edilmiş vəhşiliyin dünyaya göstərilməsi ilə bağlı həyata keçirilən layihələrdə Mərkəz olaraq fəal iştirak etmişik. Bundan başqa, xaricdən ölkəmizə gələn qonaqların həmin regionlara səfərləri tərəfimizdən təşkil olunub. Buna nümunə olaraq, oktyabrın 25-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Los-Anceles şəhərindən bir sıra müsəlman, xristian və yəhudi dini icma liderlərinin ölkəmizə səfərini deyə bilərəm. Vurğulayım ki, səfər çərçivəsində xarici qonaqların Bakı şəhəri ilə yanaşı, Gəncə, Şuşa və Ağdam şəhərlərinə səfəri təşkil edildi. Onlara Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində həyatlarını itirən mülki şəxslər barədə məlumatlar verildi. Şuşa və Ağdam şəhərlərində erməni vandalizminin hansı həddə olduğu qonaqlara əyani göstərildi”. “Bir tərəfdən etnik və dini konfessional rəngarəngliyin hökm sürdüyü Azərbaycan, digər tərəfdən isə mono-etnik və mono-konfessional Ermənistanın həyata keçirdiyi vandalizm. Heç bir xalqın, dövlətin mədəniyyətinə və mədəni irsinə, dini ibadətgahlara hörmət etməyən bir xalq və dövlətdən danışırıq”,- deyə R.Həsənov söyləyib.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır

Müşfiqə BAYRAMLI

 

 

Paylaş
Baxılıb: 141 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31