Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Aqrar sektorda yenilik: dronlar, aqrorobotlar...

Aqrar sektorda yenilik: dronlar, aqrorobotlar...

04.11.2021 [10:21]

Bölgələrdə əkin sahələrinin üzərində dronlar görünür...

Aqrar sektorda müasir texnologiyaların tətbiqinin əhatə dairəsi genişlənir

Son 18 ildə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının icrası çərçivəsində bölgələrdə yaradılan müasir infrastruktur aqrar sektorda innovasiyaların, müasir texnologiyaların tətbiqinə əlverişli zəmin formalaşdırıb. Bunun təsdiqi olaraq vurğulayaq ki, artıq bölgələrdə fermerlərə bir sıra zəruri xidmətlər məhz elektron platformalar üzərindən təqdim olunur və yeni tətbiqlər hesabına bu prosesin əhatə dairəsi getdikcə genişlənir. Müxtəlif aqrar xidmətlərin innovativ texnologiyalar üzərindən təqdim edilməsi sayəsində işin səmərəliliyi və operativliyi yüksəlir, vətəndaş-məmur təmasları minimuma enir, şəffaflıq  təmin olunur, əlavə vaxt itkisinin qarşısı  alınır ki, bu kimi amillər də son nəticədə respublikamızın müasir simasını səciyyələndirir. Bütövlükdə, hazırda respublikanın aqrar sektorunda müasir texnologiyalar vasitəsilə fermerlərə təqdim olunan xidmətlərin spektri kifayət qədər genişdir və belə xidmətlərin say tərkibi getdıkcə artır.

Sahələrdə bitkilərin suvarılmasına, qidalanmasına və digər aqrotexniki proseslərə dronlarla nəzarət olunur

“Azərbaycanda bütün sahələrdə olduğu kimi, aqrar sahədə də innovativ həllərin tətbiqi ilə əlaqədar olaraq mühüm tədbirlər həyata keçirilir və həmin tədbirlər dövlət tərəfindən dəstəklənir. Tətbiq olunan innovasiyalar məhsuldarlığın artmasına, su və torpaq resurslarından daha səmərəli istifadə olunmasına, istehsalda maya dəyərinin aşağı düşməsinə öz müsbət təsirini göstərir. Son illərdə ölkəmizin kənd təsərrüfatında aqrodataların toplanmasına və təhlilinə imkan verən, geniş əhatəli informasiya bazasının qurulmasına zəmin yaradan “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”nin (EKTİS) qurulması böyük nailiyyətdir. Eyni zamanda, aqrar sektorda  “ağıllı bağ”, innovativ əkin metodları, bitkiçilikdə zərərvericilərə qarşı müasir bioloji mübarizənin təşkili, biotexnologiya laboratoriyalarında virussuz ting və toxum yetişdirilməsi, sahələrin koordinatlarının və sahələr üzrə məhsulların əkin vəziyyətinin süni peyklər vasitəsilə müəyyənləşdirilməsi kimi innovasiyalar tətbiq olunmaqdadır”. Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin  Aqrar İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov ifadə edib.

Bu gün regionlarda əkin sahələrinin üzərində dronların görünməsi də aqrar sektorda innovativ texnologiyaların tətbiqinə yaxşı nümunədir. Əkbər Abbasovun bildirdiyinə görə, hazırda bir çox dövlət və özəl təsərrüfatlarda dronlar müvəffəqiyyətlə istifadə olunmaqdadır. O vurğulayıb ki, bu kimi texnologiyalardan üçölçülü xəritəçəkmə işlərinin həyata keçirilməsində, sahənin quraq və ya suvarılan hissələrinin müəyyənləşdirilməsində, gübrənin bitki tərəfindən mənimsənilmə, eləcə də becərilən bitkinin xəstəliyə sirayətlənmə səviyyəsinin dəqiqləşdirilməsində geniş istifadə olunur. “Dronlar aqrokimyəvi məhsulların və pestisidlərin bitkilər üzərinə çilənməsini çox dəqiqliklə həyata keçirir. Bu texnikanın kənd təsərrüfatında tətbiqi torpağın tədqiqatının və aqrotexniki tədbirlərin daha dəqiq aparılması, müşahidələr zamanı vaxta və nəqliyyat vasitələrinə qənaət edilməsi kimi mühüm üstünlüklərə malikdir. Ölkəmizdə ilk dəfə Ucar rayonunda çiləyici ilə təchiz edilmiş DJİ AGRAS MG-1P dronu vasitəsilə qırmızı tor gənəsinə qarşı kimyəvi mübarizə tədbirləri görülüb. Bundan başqa, Ağcabədi rayonunda pambıq tarlalarında defolyasiya işlərində və təkrar qarğıdalı əkini sahələrinin dərmanlanması prosesində dronlardan geniş istifadə olunub.  Ümumiyyətlə, Azərbaycanda kənd təsərrüfatının əkinçilik, meyvəçilik, bitki-mühafizəsi sahələrində dronların istifadəsi geniş vüsət almaqdadır”, - deyə qurum rəsmisi bildirib.

Fermerlərin köməyinə yerli istehsal olan aqrorobot qurğuları gələcək

Son illərdə aqrar sektorda sensorların tətbiqinin əhatə dairəsinin genişlənməsini də qeyd edə bilərik. Yeni innovativ tətbiqin üstünlüklərini diqqətə çatdıran Əkbər Abbasov deyib: “Əkin sahələrində torpağın nəmliyi, qida maddələrinə olan ehtiyacı və bu kimi digər məlumatları almaq və ötürmək qabiliyyətinə malik sensorlardan istifadə olunması nəticəsində bitkiçilikdə maddi və əmək resurslarına, həmçinin suvarma suyuna əhəmiyyətli dərəcədə qənaət etmək, habelə daha keyfiyyətli və bol məhsul almaq imkanları yaranıb”.

Əkbər Abbasov bildirib ki, ölkəmizdə aqrar sahədə tətbiq olunan innovativ texnikalar həm xarici ölkələrdən gətirilir, həm də yerli mütəxəssislər tərəfindən hazırlanır. “Respublikamızda yerli innovasiya potensialının inkişaf etdirilməsi çox vacib məsələdir. Dövlət-özəl sektor tərəfdaşlığına əsaslanaraq müasir kənd təsərrüfatı texnikası, texnologiya və avadanlıqlarının yerli imkanlar hesabına istehsal edilməsi və aqrar sahədə tətbiqi vacib təşəbbüslərdən biri kimi dəyərləndirilir. Bu kimi təşəbbüslərdən birini Aqrar İnnovasiya Mərkəzi ilə “İdrak Texnoloji Transfer” MMC birlikdə reallaşdırmağa nail olub. Belə ki, iki qurum arasında əməkdaşlıq çərçivəsində heyvandarlıqda yaşıl yem istehsalı məqsədilə hidroponika üsulu ilə istehsal edilmiş yem konteyneri hazırlanıb. Eyni zamanda, fermerlərin köməyinə aqrorobot qurğularının gələcəyi gün də uzaqda deyil. Sözügedən qurumlar artıq aqrorobotlar üzərində işləri tamamlayıblar və onların təqdimatı baş tutub”, - deyə Əkbər Abbasov bildirib.

EKTİS-də payızlıq əkinlərin bəyanı prosesi davam edir

Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidmət göstərməyə başlayıb. Aqrar Xidmətlər Agentliyində əkin bəyanlarının Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil edilməsi üzrə 4 səyyar qrup yaradılıb. Səyyar xidmət mikroavtobusları növbə sistemi, müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib. Bu barədə “Yeni Azərbaycan”a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Təminatı Şöbəsinin müdiri Vüqar Hüseynov məlumat verib. “İlk aqrar səyyar xidmət Şəki rayonunun kəndlərində təşkil olunub. Fermerlər səyyar xidmət mikroavtobusuna yaxınlaşaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz payızlıq əkinlərini bəyan ediblər. İndiyədək Səyyar Qruplar tərəfindən EKTİS-də qeydiyyatdan keçmiş 1500 fermerə səyyar aqrar xidmət göstərilib”, - deyə Vüqar Hüseynov bildirib. Onun sözlərinə görə, səyyar xidmətin həyata keçirilməsində əsas məqsəd əkin bəyanlarının vaxtında təqdim olunması üçün fermerlərə kömək göstərməyə, operativliyin, çevikliyin və vətəndaş məmnunluğunun yüksəlməsinə nail olmaqdır. Qurum rəsmisinin bildirdiyinə görə, indiyədək payızlıq əkinlərlə əlaqədar Azərbaycanda 826287 hektar sahədə şum aparılıb. Bu isə proqnozlaşdırılan əkin sahəsinin 81,3 faizini təşkil edir.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır

 M.ABDULLAYEV

 

 

Paylaş
Baxılıb: 79 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

Prezident bu gün

03 Dekabr 09:59

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31