Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Pandemiya dövründə sosial fəallığı necə artırmalı?

Pandemiya dövründə sosial fəallığı necə artırmalı?

11.11.2021 [10:45]

İnsanlar pandemiya qaydalarını gündəlik həyatın bir parçası kimi qəbul edərək sosial fəaliyyətlərinə davam edə bilərlər

Artıq iki ildir ki, bütün dünya koronavirus bəlasından əziyyət çəkir. Pandemiyanın mənfi təsirlərindən qorunmaq üçün həyata keçirilən müxtəlif karantin tədbirləri insanların sosial fəallığının azalmasına səbəb olub. Amma ekspertlər hesab edirlər ki, insanların pandemiya ilə mübarizə tədbirlərinə cəlb olunması üçün sosial fəallıq və təşəbbüslər artırılmalıdır.  Eyni zamanda, sosial fəallıq digər sferaları da əhatə edir.

 “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva məsələ ilə bağlı qəzetimizə açıqlamasında bildirib ki, pandemiya səbəbindən müəyyən məhdudiyyətlərin tətbiqi zəruri olsa da, yaxınlarla və ətrafla sosial əlaqələri azaltmaq olmaz, çünki bunun da uzunmüddətli təsirləri ola bilər. Onun fikrincə, bir çox ölkələrdə pandemiya dövründə vətəndaşların sosial fəallığını artırmaq üçün onlayn ödənişsiz kurslar təşkil olunur: “Bu gün ən çox tələb olunan bacarıqlar rəqəmsal bacarıqlardır, istər ümumi kompüter savadlılığı, xüsusi proqram təminatından istifadə bacarığı, istərsə də sosial media biliyi olsun. Bu bacarıqları olan insanlar karantin dövründə cəmiyyətdən ayrılmadan sosiallaşmağı bacardılar. Onlayn platformalarda təşkil edilən sual-cavab formatlı konsultasiyalar, məlumatlandırma xarakterli brifinqlər və ya gənclər üçün debatlar, stolüstü oyunların virtual formata keçirilməsi sosial fəallığı bərpa edən fəaliyyətlər olmuşdu. Rəqəmsal bacarıqları artırılan, risk qrupuna aid yaşlılar da bu platformalardan istifadə edərlərsə, onlar üçün pandemiya dövründə yeni məşğuliyyət yaranmış olar. Yaşlı insanlara, həssas qrupdan olan şəxslərə bu bacarıqların öyrədilməsi sosial təşəbbüs kimi irəli sürülə bilər. Bu sahədə DOST Agentliyinin fəaliyyəti alqışlanmalıdır. Pandemiya dövründə bir çox şirkətlər, marketinqlə məşğul olan əksər qurumlar fəaliyyətlərini sosial şəbəkələr üzərindən həyata keçirir. Rəqəmsal bacarıqlar müxtəlif işlərdə tələb olunur. Bu biliklərə yiyələnməklə, həm də gənclər əmək bazarında özlərinə uyğun iş tapa bilərlər. İnklüziv gələcəyi təmin etmək üçün təhsil proqramlarının bərpasına ayrılan resursların bir hissəsini xüsusilə həssas qrupların, gənclərin və işlərində transformasiya riski daha çox olan, aşağı bacarıqlara malik olan insanların biliklərinin artırılması üçün investisiya etmək məqsədəuyğun olar”.

Ekspertin sözlərinə görə, pandemiya dövründə açıq hava rejimində keçirilən sosial aktivliklər virusun yayılması baxımından daha az təhlükəlidir: “Bu cür aktivliklər, aksiyalar, sərgilər, konsert və əyləncə proqramlarında insanlara məhdudiyyətlər olmamalıdır. Açıq hava tədbirlərinin sayının artırılması, əsasən ilin isti fəsillərində insanların sosial fəallığını artıra bilər. Bundan əlavə, evdə qalmağa məcbur olan əlilliyi olan şəxslərin və tənha yaşlıların psixoloji olaraq təsirlənməməsi üçün könüllülər vasitəsilə onlara sosial xidmət göstərilməsi çox yaxşı təşəbbüs olardı. Bununla evdən çıxmayan bu insanlar da sosiallaşa bilərlər. Post pandemiya dövründə insanların psixi sağlamlığının bərpa olunması yönündə yeni, innovativ fəaliyyətlər düşünülə bilər. Psixoloji dəstək bir mobil tətbiq qədər yaxın ola bilər. Videokonfrans vasitəsilə yaradılacaq bu cür ödənişsiz konsultasiyalar insanların evdən çıxmadan da professional həkim dəstəyi almasına şərait yarada bilər”.

P.Vəliyeva təmsil etdiyi təşkilatın bu dövrdə gördüyü işlər barədə də məlumat verib: “Pandemiya dövründə “Sağlamlığa Xidmət” İctimai Birliyi cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan şəxslərin peşə təhsilinə yiyələnməsi ilə bağlı layihə icra edib, onları qaynaqçı, dəmirbəndçi, yük qaldırma əməliyyatları, əməyin mühafizəsi üzrə bir sıra kurslara cəlb edib, 122 nəfərin bu kurslarla həyatı dəyişib. Peşəyə yiyələnən bu şəxslər əmək bazarında beynəlxalq sertifikatla iş tapmaqda daha çox şansa sahib oldular. Digər tərəfdən, pandemiyanın təsirlərindən qorunmaq üçün vətəndaşların sosial aktivliyi də çox önəmlidir. İnfeksiyaya nəz?rət qaydalarına əməl edilməsi istiqamətində vətəndaşlar bir-birilərinə xəbərdarlıq etməklə, bu sahədə sosial nəzarəti həyata keçirə bilərlər. Maska taxmayan və ya məsafə saxlamayan vətəndaşlarla rastlaşdıqları zaman bu barədə xəbərdarlıq etməklə, həm özlərini, həm də başqalarını qorumuş olarlar. Və ya vətəndaşın vətəndaşı virus barədə, vaksinlər barədə məlumatlandırması çox önəmlidir. Hər icmada, məhəllədə hər kəsin güvənib, etibar etdiyi şəxslər olur. Bu şəxslərin öz icmasında həm COVİD-19, həm də vaksinasiya barədə məlumatlandırma aparması çox faydalı ola bilər”.

Həmsöhbətimiz onu da deyib ki, insanlar pandemiya qaydalarını, maska taxmağı, əl yumağı, məsafə saxlamağı gündəlik həyatının bir parçası kimi qəbul edərək sosial fəaliyyətlərinə davam edə bilərlər: “Vaksinasiyadan keçmiş insanların sosial fəallığını bərpa etmələri uzun çəkmədi. Artıq bu şəxslər istənilən müəssisəyə, idman zallarına, üzgüçülük hovuzlarına, ictimai iaşə müəssisələrinə sərbəst şəkildə daxil olmaq üstünlüyü əldə ediblər. Vaksinasiya olunmamış bir qrup insan isə sosial həyatını hələ də bərpa edə bilməyib. Bu insanlarla maarifləndirmə komponenti üzərindən ünsiyyət qurmaq, onların peyvənd xofunu aradan qaldırmaq lazımdır. Bu qrup insanlarla iş hətta pandemiya tədbirlərinin bir hissəsi olmalıdır. Vaksinasiya məcburi deyil, lakin onun məlumatlandırılması da düzgün aparılmalıdır. İnsanların iki ilə yaxındır ki, alışmadıqları bir rejim və məhdudiyyətlər içərisində yaşamağa məcbur olması, digər tərəfdən xəstəliyin öz xofu, əlbəttə ki, onların psixi sağlamlığına mənfi təsir göstərib, nəticədə cəmiyyətdə aqressiya halları, ailədaxili münaqişələr artıb. Ailə üzvləri bir-birinin sosial fəallığının bərpa edilməsinə dəstək göstərə bilərlər, hər kəs digərini işdən və ya dərsdən əlavə də sosial fəaliyyətinin olmasına təşviq etməlidir”.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır

Nardar BAYRAMLI

 

 

Paylaş
Baxılıb: 127 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31