Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Vətən müharibəsində qazandığımız Zəfər bir daha sübut etdi ki,..

Vətən müharibəsində qazandığımız Zəfər bir daha sübut etdi ki,..

24.11.2021 [10:18]

Azərbaycan gəncliyi vətənpərvər ruhda formalaşıb

Müasir qloballaşma dövründə gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi dövlət və cəmiyyət, bütövlükdə  hər bir Azərbaycan vətəndaşının qarşısında böyük məsuliyyət yaradır. Yüksək milli ruhun mövcudluğu ölkənin gücünün əsas meyarıdır. Ölkədə vətənpərvərlik ruhunun əsas daşıyıcısı və aparıcı qüvvəsi isə onun gəncləridir.

Gənclər hər bir millətin inkişafının təməl daşıdır. Bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların hazırlanmasından, aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan, cəmiyyətimizdə gənclərlə iş sahəsində görülən tədbirlər cəmiyyətdə Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir.

44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhunda formalaşdığını bir daha təsdiqləyir. Bununla belə, gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsi bundan sonra da daim diqqət mərkəzində olmalıdır. Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədr müavini Sevinc Qasımova bildirib ki, vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır: “Vətənpərvərlik həm də Vətən naminə çalışmaq, Vətəni xarici və daxili düşmənlərdən qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinmək və Vətəni layiqli vətəndaş kimi təmsil etməkdir. Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda nəyə qadir olduğunu təsdiqləyib.

Azərbaycanda gənclər siyasətinin əsasında layiqli vətəndaş və sağlam nəslin formalaşdırılması dayanır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti də məhz bu amalın təsdiqidir”.

S.Qasımovanın sözlərinə görə, bu gün ölkəmizdə gənc nəslin vətənpərvərlik  ruhunda tərbiyə olunması aktual məsələ kimi böyük əhəmiyyət kəsb  edir. Çünki vətənpərvərlik hissinin aşılanması dövlətin, dilin, adət-ənənələrin, ümumilikdə bütöv bir xalqın gələcəyini təmin edən amillərin ən mühümüdür. “Gənclərin vətənpərvərlik tərbiyəsi dedikdə, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə yiyələnmək və şəxsiyyət kimi yetişmə nəzərdə tutulur. Onlar davranış qaydalarını bilməli, nizam-intizamlı olmalı, vətəninin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini öyrənməli, onu qəlbən sevməlidirlər. Gənclərin bir vətəndaş kimi yetişməsində ailənin, cəmiyyətin, ümumilikdə mühitin rolu böyükdür. Vətənpərvərlik tərbiyəsinin mənbəyi ailədir. Gənclər bir  insan kimi, vətəndaş kimi ilk tərbiyəni ailədən alırlar. Burada onlar əxlaqi-mənəvi keyfiyyətləri, fiziki möhkəmliyi, əmək vərdişlərini, davranış qaydalarını, bədii-estetik duyumu və s. kimi keyfiyyətləri qazanırlar. Təcrübə göstərir ki, ailədə vətənpərvərlik tərbiyəsi yalnız özbaşına axınla, kor-koranə deyil, planlı, sistemli, məqsədli şəkildə təşkil olunmalıdır. Uşaqlara vətən sevgisi aşılamaq üçün ilk növbədə, valideynlər o ruhda  olmalıdırlar”,-deyən YAP Gənclər Birliyinin sədr müavini qeyd edib ki, Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soy-kökünə, öz ata-babalarının ənənələrə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyat əhəmiyyətli məsələ kimi baxıb. Çünki  vətənpərvərlik insanda  fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir.

Həmsöhbətimizin fikrincə, bu gün cəmiyyətin bütün təbəqələrində, xüsusilə gənclər arasında vətənpərvərliyin gücləndirilməsi istiqamətində elmi baxımdan hazırlanmış sistemli fəaliyyət ölkənin əsas prioritetlərindən biridir: “Bu konseptual fəaliyyət və tədbirlər sistemi müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları, o cümlədən ali və orta ixtisas müəssisələri tərəfindən  həyata keçirilir. Gənclər siyasətinin tələblərindən irəli gələn vəzifələr, həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir. O cümlədən, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimiz haqqında yazılan əsərlər, çəkilən filmlər də bu baxımdan önəmlidir.

Məhz buna görə də bu gün gənclərin vətənpərvərlik tərbiyəsindən danışdıqda, onların vətənpərvərlik ruhunda yetişdirilməsindən söz açdıqda mütləq vətən yolunda canından keçmiş igidlərin həyat yolundan söhbət açmaq lazımdır. Bu baxımdan, ölkəmizdə vətənpərvərlik tərbiyəsi istiqamətində həyata keçirilən tədbirlərdə yeniyetmə və gənclərin hərbi hissələrdə görüşlərinin keçirilməsi, onlara qəhrəmanlıq tariximiz haqqında bədii və sənədli filmlərin nümayiş olunması, müharibə iştirakçıları ilə birgə tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır”.

S.Qasımova onu da qeyd edib ki, təmsil etdiyi YAP Gənclər Birliyi də vətənpərvərlik mövzusunda müxtəlif layihələr həyata keçirib. Həmin layihələr gələcəkdə də davamlı olacaq.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır

Nardar BAYRAMLI

 

 

 

Paylaş
Baxılıb: 139 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

Prezident bu gün

03 Dekabr 09:59

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31