Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Ruhumuzu dindirən kaman

Ruhumuzu dindirən kaman

07.01.2022 [10:57]

Müşfiqə BAYRAMLI

Azərbaycanda mədəniyyətimizin və incəsənətimizin tərəqqisinə böyük diqqət və qayğı göstərilir. Mədəniyyətimizə xüsusi diqqət göstərmiş, bu işlərə dövlət dəstəyini əsirgəməmiş ümummilli lider Heydər Əliyevin qoyduğu ənənəni bu gün Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva ölkə daxilində və xaricində böyük layihələr həyata keçirilməklə davam etdirir. Ökəmizin 10-dan çox maddi və mədəni irs nümunəsi bu beynəlxalq qurumun Ümumdünya İrsi və Qeyri-Maddi Mədəni Mirası Siyahısına daxil edilib. Onlardan biri də Azərbaycanın ən qədim musiqi alətlərindən biri olan kamançadır. Kamança sənəti ölkəmizin sərhədlərindən daha geniş coğrafiyanı əhatə edən, yüzilliklər boyu nəsillərdən nəslə ötürülən mədəni mənsubiyyət nümunəsidir. Muğamlarımızın ifası zamanı trioya (tar, kamança, qaval) daxil olan kamança əsrlərdir ki, insanları valeh edir. Bu ecazkar səs sanki kamandan qopan təranələrin ahənginə qoşularaq insanı uzaqlara qanadlandırır. Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun bu sözləri isə heyranlığımızı daha da artırır: “Kamança tardan daha kamil və daha faiq (üstün) bir aləti-musiqiyyə, insanın səsinə daha yaxındır, melodik alətlərdən ən gözəlidir”...

Dahi Nizaminin təsvirində

İllər boyu ali məclislərdə, dəbdəbəli ziyafətlərdə aparıcı rolu, layiqli yeri olan kamançanın şanlı tarixi var. Bu qədim alət barədə hələ orta əsr klassiklərinin əsərlərində rast gəlmək mümkündür. XVI əsr Təbriz rəssamlıq məktəbinin nümayəndəsi Mir Seyid Əlinin “Musiqi məclisi” əsərində və Əbdülqadir Marağayinin əsərlərində Azərbaycana məxsus kamançadan bəhs edilib. Eləcə də Azərbaycanın dahi şairi, mütəfəkkiri Nizami Gəncəvi bütün milli alətlərimizə verdiyi yüksək tərifi kamanımıza da verib. N.Gəncəvi “Xosrov və Şirin” poemasında kamançanı belə təsvir edir:

Kaman Musa kimi yanır, inləyir,

Çalan xanəndəni durub dinləyir.   

Oxuyan bir gözəl qəzəl başladı,   

Bu keyfi-işrəti çox alqışladı. 

Üzeyir bəy dühası və kamançanın möcüzələr yaradan dörd simi

Kamança ifaçılığının Azərbaycanda yüksək inkişafı XIX əsrin ikinci yarısından başlayaraq xanəndəlik sənətinin inkişafı ilə bağlıdır. Belə ki, 1931-ci ildə Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin təşəbbüsü ilə yaradılmış ilk notlu xalq çalğı alətləri orkestrində tar ilə yanaşı, kamança aparıcı alət kimi əsas yeri tutdu. Məlumdur ki, tar, kamança vaxtilə not ilə çalınmadığına görə, müvafiq not materialı, ədəbiyyat yox idi.

Mirzə Cəlilin “Kamança”sından süzülən həqiqət

Məşhur azərbaycanlı yazıçı, dramaturq, publisist Cəlil Məmmədquluzadənin Şuşa qalasında olarkən böyük ustalıqla qələmə aldığı “Kamança” əsərində erməni Baxşı obrazını yaratmaqla onu məhz milli mənsubiyyət oğrusu, işğalçı, milli münaqişənin tərəflərindən biri kimi təqdim etmək məqsədi daşıyırdı. Azərbaycanın milli dəyərlərini çox yaxşı mənimsəyən erməni Baxşı humanist və tolerant azərbaycanlı üçün ciddi təhlükədir. Bununla bağlı AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov  “”Kamança” - milli dəyərlərimizə ədəbi və əbədi abidə” adlı məqaləsində yazırdı: “Əsərdə kamança Azərbaycan milli ruhunu, milli mənəviyyatını  təmsil edir. Qəhrəman yüzbaşının intiqamçılığı, vurub-tutmaq, kəsib-öldürmək hisslərini musiqinin dəri? incəliklərindən gələn  gözəl hisslər unutdurur, yumşaldır. Musiqi öz ülviliyi, təmizliyi, aliliyi ilə  sülh, əmin-amanlıq, insanpərvərlik ideyalarının carçısına çevrilir. Beləliklə, musiqi qələbə çalır, kamança zəfər əldə edir, sülh, humanizm qəlblərə hakim kəsilir, ən qaçılmaz ölüm fərmanını dayandırır, “axırı həyat ölümə, xeyir şərə, sənət ədavətə üstün gəlir”. “Kamança” əsərində ədibin məqsədi azərbaycanlı balalarını milli musiqinin təsiri ilə oyatmaq və ayı?maqdır. Cəlil Məmmədquluzadə kamança ilə müsəlmanın “qulağının dibinə” elə bil “şapalaq vurub” ayıldır: “Sənin musiqin və alətin kimin əlində, kimin dilindədir?” - deyir”.

Bəxtiyar Vahabzadə və ruhumuzun kamanı

Kamanın ecazkar səsi Xalq şairi Bəxtiyar Vahabzadənin misraları ilə birləşib ruhumuzu qanadlandırır və bizə xoş duyğular bəxş edir. Böyük şair kaman səsindən kam aldığını, bu səsin könül ağrısına məlhəm olduğunu və ecazkar səsin qarşısında baş əydiyini deyir:

Kamanın bağrında ağaran tozlar -

Yanan arzuların külüdür bəlkə? 

Bu taxta parçası yanmayır özü, 

Ancaq od-ocaqsız yandırır bizi.

Odun alovuna od şan-şan olur,

Bu səsin oduna alışır su da.

Bu səslər məlhəmdir könül ağrıma,

Onların önündə baş əyirəm mən.

Bu boyda dünyanı basıb bağrıma,

Öpüb-qucaqlamaq istəyirəm mən. 

Mədəniyyətimizin qızıl fondu Habil Əliyev

Müasir dövrümüzdə Xalq artisti Habil Əliyev nəinki Azərbaycanda, bütün Şərq dünyasında ən məşhur kaman ustası kimi milli musiqi alətimizin şöhrətini bütün dünyaya yaydı. Muğam ifaçılığı ənənələrinin və xalq musiqisinin saflığının qorunmasını həyatı boyu öz sənət fəaliyyətinin başlıca qayəsi hesab edən Habil Əliyev Azərbaycan xalqının milli sərvəti sayılan “Segah”, “Şur”, “Çahargah”, “Rast”, “Mahur”, “Zəminxarə”, “Bayatı-Qacar”, “Bəstənigar” muğamlarının yeni ifa tərzini formalaşdıraraq novatorluqla ənənənin sintezinə nail olub.

Habil Əliyevdən ilhamlandığını deyən israilli kamança ifaçısı Mark Eliyahu bu sənəti ölkəmizdə öyrənib və kamanımızı bütün dünyaya tanıdır. Sənətçi Azərbaycana səfəri zamanı demişdi: “Bu ölkə mənə kamançada ifa etməyi öyrədib. Bu ölkə mənə bir musiqiçi kimi nüfuz edib. Habil Əliyevin kamançada “Bayatı-Şiraz” ifasını görüb heyrətləndim. Valideynlərim məni dövrünün ən gözəl kamança ustası Ədalət Vəzirovun yanına qoydular. Mən ondan kamançada ifa etməyi öyrəndim. Habil Əliyev ölümündən bir qədər əvvəl mənə kamança hədiyyə etmişdi”.

Azərbaycanın ilk qadın kamança ifaçısı

Əgər ustad Habil Əliyev kamançanın tarixində yeni bir eranın başlanğıcını qoydusa, Şəfiqə Eyvazova da bu alətdə qadınlar arasında ilk ifaçı kimi tarixə düşdü. Özünəməxsusluğu və zərifliyi ilə fərqlənən Şəfiqə xanım öz sehrli musiqisi ilə böyük sənətkarları - Şövkət Ələkbərova, İslam Rzayev, Gülağa Məmmədov, Rübabə Muradova, Qulu Əsgərov, Elmira Rəhimovanı müşayiət edib. Musiqi sahəsindəki göstərdiyi böyük xidmətlərlə yanaşı, 1974-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında çalışan Şəfiqə Eyvazova həm də pedaqoji fəaliyyətlə məşğuldur. Bu gün onun tələbələrinin səsi dünyanın dörd bir yanından gəlir.

Bir sözlə, ata-babadan bizə yadigar qalan kamança sənəti bu gün layiqincə yaşadılır. Heç şübhəsiz, təzə gələn səslər-nəfəslər kamançanı kökdən düşməyə qoymur, ustadlarının yolunu layiqincə davam etdirməyə çalışırlar.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili - Azərbaycan dövlətçiliyi müasir mərhələdə” istiqaməti üzrə hazırlanmışdır

 

 

Paylaş
Baxılıb: 148 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31