Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Gəmidə oturub gəmiçiylə savaşmaq sevdası...

Gəmidə oturub gəmiçiylə savaşmaq sevdası...

20.04.2022 [10:39]

“Sputnik Azərbaycan” bizə lazımdırmı?

İ.RƏSULOVA

Fikirlər müxtəlifdir

“Sputnik” agentliyinin Azərbaycandakı fəaliyyəti milli maraqlarımızı düşünən hər bir ziyalını narahat edir. Çünki agentlik Azərbaycana ögey münasibətini sərgiləməkdən heç bir zaman çəkinməyib. Son zamanlar isə Simonyanın ədəbsiz dəst-xətti, təsiri özünü daha çox hiss etdirir.

“Sputnik Azərbaycan”ın ölkədə fəaliyyətin dayandıracağı ilə bağlı iddialar səsləndirilsə də, agentlik fəaliyyətini davam etdirir. Qeyd edək ki, dünyanın bir neçə ölkəsində şöbələri açılmış “Sputnik” agentliyinə erməni əsilli Marqarita Simonyan rəhbərlik edir. O Simonyan ki, Azərbaycana nifrətini heç cürə gizlədə bilmir. Bu yaxınlarda “Sputnik” agentliyinin Azərbaycan nümayəndəliyinin rəhbərliyində kadr dəyişikliyi baş verib. “Sputnik” rəhbərliyinin qərarına əsasən, bundan öncə agentliyin Bakı bürosuna başçılıq edən Əziz Əliyevin yerinə, Rusiya Xüsusi Xidmət Orqanlarının nümayəndəsi Vitali Denisov gətirilib. Rusiya Xüsusi Xidmət Orqanlarının polkovniki Vitali Denisovun jurnalistikayla heç bir əlaqəsi yoxdur. Onun daha öncə Cənubi Osetiyada Rusiyanın strateji tapşırıqlarını icra etdiyi bildirilir. Denisov agentliyin rəhbəri olduğu ilk gündən Ermənistan və Qarabağdakı vəziyyətlə bağlı tənqidi materialların dərc olunmasını qadağan edib.

Milli maraqlarımıza qarşı yönəlmiş bu agentliyin Azərbaycanda fəaliyyət göstərməsi nə dərəcədə məqsədəuyğundur?  “Yeni Azərbaycan”ın suallarını tanınmış jurnalistlər cavablandırırlar:

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov:

“Mənim bu məsələylə bağlı fikrim çoxdan formalaşıb. Hələ 44 günlük müharibə zamanı Azərbaycanda  fəaliyyət göstərən “Sputnik Azərbaycan”la Ermənistanda fəaliyyət göstərən “Sputnik”in fərqini görərkən ciddi qənaətə gəlmək mümkün idi. O zaman monitorinq aparırdıq. “Sputnik Azərbaycan”ın müharibə ilə bağlı xəbərləri neytral xarakter daşıyırdı,  “Sputnik Ermənistan” isə, rəsmi İrəvanın mövqeyini açıq-aydın göstərirdi. Ermənistan tərəfinin xəbərlərinin 80-90 faizini müharibə xəbərləri təşkil edirdi, Azərbaycan tərəfindən isə 25 faiz ancaq Qarabağa həsr olunurdu. Bu,  “Sputnik” agentliyinin bizə göstərdiyi münasibətdir. Marqarita Simonyan hər zaman bizə qarşı mənfur mövqe sərgiləyib. Son zamanlar  Rusiyanın siyasi ruporu kimi çıxış edir, ruslardan daha çox özünü rus millətçisi kimi göstərir, Qarabağda mövcud olan separatçı qüvvələrə simpatiyasını əks etdirir. Qarabağda yaşayan ermənilərə Rusiya pasportu verilməsi fikrini tez-tez ortaya atır. Ona görə bunları göz önünə alaraq ölçüb-biçməliyik. Bu xəbər agentliyi bizim üçün nə dərəcədə faydalıdır? Soyuq başla düşünməliyik. Ya rəhbərlik dəyişdirilməlidir, ya yürüdülən kurs dəyişməlidir, ya da “Sputnik”in Azərbaycanda fəaliyyəti dayandırılmalıdır”.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev:

“”Sputnik Azərbaycan”ın kim tərəfindən yaradıldığı, kim tərəfindən idarə olunduğu araşdırılmaldıır. Öncə onu qeyd edim ki, hər hansı media resursunun fəaliyyətinin dayandırılmasının tam əleyhinəyəm. Hər bir peşəkar media resursunun reallıqlara öz yanaşması var və milli mətbuatımıza öz töhfəsini  verir. Ona görə istənilən resursun bağlanmasının tam əleyhinəyəm. Amma Azərbaycan dövlətçiliyinə, milli mənafeyinə xələl gətirən, Azərbaycanda fəaliyyət göstərib, başqa dövlətlərin və ya şəxslərin sifarişi ilə işləyən, media resursu kimi deyil,  başqa dövlətin sözçüsü kimi çıxış edən media qurumu haqqında qərar verilməlidir. Çünki dövlət təhlükəsizliyimiz hər şeydən önəmlidir. Mətbuat mənəvi psixoloji silahdır. Bu silahı xalqın içində oturub, xalqa qarşı tutanlar barədə tədbir görülməlidir. Əgər, “Sputnik Azərbaycan” öz fəaliyyətində xalqımızın əleyhinə yönələcəksə, bağlanmaq qərarının verilməsi vacibdir, zəruridir. Bir çoxlarını narahat edir ki, agentlik bağlanarsa, çoxlu sayda jurnalist işsiz qalacaq. Buna cavab olaraq demək istərdim ki, istənilən media qurumunun qapısı peşəkarların üzünə açıqdır və onlar işsiz qalmayacaqlar. Şəxsən mən peşəkarların gəlişinə sevinərəm və hər zaman onların axtarışındayam”.

“Region+” jurnalının  baş redaktoru Namiq Mayılov:

 “”Sputnik” agentliyinin rəhbəri Marqarita Simonyanın Azərbaycana münasibətdə özünü Rusiyanın dövlət media qurumunun rəhbəri kimi deyil, məhz erməni kimi aparması yeni hadisə deyil. Azərbaycana qarşı həmişə qərəzli mövqe nümayiş etdirən Simonyan, son vaxtlar həm də açıq-aşkar təxribatlara əl atmaqdadır. Bu mənada təkcə onun Qarabağı Rusiyanın tərkibinə qatmaq çağırışı kifayətdir ki, “Sputnik”in Azərbaycandakı fəaliyyətinə son qoyulsun. Bilirik ki, Simonyan “Sputnik”lə yanaşı, həm də “Russia Today” telekanalı və “Rossiya Seqodnya” informasiya agentliyinə rəhbərlik edir. Hər üç media strukturu Rusiya dövlətinin nəzarətindədir. Bu baxımdan Simonyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təxribat xarakterli davranışlarına Rusiya dövlətindən rəsmi reaksiyanın olmaması da suallar doğurur. Üstəlik, əgər Rusiyanın özü Azərbaycanın müstəqil media qurumlarını öz ərazisində bloklaya bilirsə, nə üçün Azərbaycanın milli maraqlarına açıq-aşkar təhdid törədən Rusiyanın dövlət agentliyi bizim ölkədə fəaliyyət göstərməlidir? Bu məsələ artıq söz və mətbuat azadlığı məsələsi deyil, dövlət təhlükəsizliyi məsələsidir və hesab edirəm ki, Avropa dövlətlərinin ardınca Azərbaycanda da “Sputnik” agentliyi ilə işbirliyinə son qoymalıdır”.

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev:

“Ümumiyyətlə, Azərbaycan mətbuat azadlığı prinsiplərinə ciddi yanaşan bir ölkə olduğu üçün, hər bir ölkənin media orqanının Azərbaycanda fəaliyyət göstərməsi gərəklidir. Ancaq o media orqanları ki, bizim milli maraqlarımıza, dövlət təhlükəsizliyimizə qarşı təhlükə kəsb edirlər, onların fəaliyyətinin davam etməsi yersizdir. O cümlədən, “Sputnik Azərbaycan” agentliyinin  fəaliyyəti olduqca şübhəlidir. Bir çox hallarda bu agentliyin fəaliyyətində Azərbaycan dövlətinin və cəmiyyətinin fəaliyyəti ilə uyuşmayan iş üslubunu görürük, bir çox hallarda mövcud faktlar təhrif olunur, balans pozulur, istənilən xəbərin və ya şərhin  təsir altında yazıldığını, dövlətimizə və millətimizə yad maraqların prizmasından baxıldığını görürük. “Sputnik Azərbaycan” öz iş üslubunu dəyişməzsə, onun Azərbaycanda fəaliyyəti dayandırılmalıdır. Onlar ya Azərbaycanın dövlət maraqlarına xidmət etdiklərinə cəmiyyətimizi inandırmalıdırlar, ya da bu şəkildə fəaliyyət bizim zərərimizədir”.

Paylaş:
Baxılıb: 916 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30