Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Tanıyaq və tanıdaq...

Tanıyaq və tanıdaq...

29.06.2022 [10:14]

Zəngin mədəniyyətimizi

MÜBARİZ

Təxminən üç onilliyi əhatə edən işğal dövründə mənfur düşmən havadarlarının köməyi ilə öz nəzarəti altında saxladığı ərazilərimizdə zəngin mədəniyyətimizin izlərini silməyə çalışıb. Ermənilərin Azərbaycan xalqına məxsus abidələrin üzərinə qondarma xaçkarlar yapışdırmalarına aid çoxsaylı faktlar aşkarlanıb. Bu yolla onlar əcdadlarımızın qoyub getdikləri zəngin mirası özününküləşdirməyə uğursuz cəhdlər göstəriblər. Ermənilərin  mədəni-dini abidələrimizi özününküləşdirmək cəhdləri baş tutmadıqda isə, onlar ağlasığmaz vandalizm əməllərinə əl atıblar, məscidləri, qəbiristanlıqları, muzey komplekslərini dağıdıblar və yaxud təhqirlərə məruz qoyublar. Qalibiyyətlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdəki tarixi mədəni-dini abidələrin bərpası ilə bağlı çoxsaylı layihələr reallaşdırılır. Sözügedən ərazilərdəki mədəni irsin ölkə daxilində və beynəlxalq miqyasda təbliği də diqqət mərkəzində saxlanılır.

“Şuşa mədəniyyətinin inciləri”

Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdəki zəngin mədəniyyətimizin təbliğinə hesablanan layihələrdən biri Mədəniyyət Nazirliyi tərəfindən reallaşdırılan “Şuşa mədəniyyətinin inciləri” adlanır. Qurumdan “Yeni Azərbaycan”a verilən məlumatda bildirilir ki, Şuşanın zəngin mədəniyyətini daha geniş əhatə etmək üçün layihə yeddi bölmədən ibarətdir: “Şuşanın memarlıq salnaməsi”, “Azərbaycan musiqisinin məbədi - Şuşa”, “Muğam ocağı - Şuşa”, “Qarabağ xalçaçılıq məktəbi - Şuşa”, “Şuşanın ədəbi həyatı”, “Şuşanın simaları”, “Şuşa milli geyim üslubu”.

Layihə çərçivəsində hazırlanan məlumatlar internet məkanında, o cümlədən sosial media hesablarında yayımlanır. Təbliğat materialları ilkin olaraq Mədəniyyət Nazirliyinin rəsmi “Facebook”, “İnstagram” və “Twitter” səhifələrində paylaşılır. Qeyd edək ki, layihə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi münasibətilə reallaşdırılır.

İlk təqdimat

Zəngin mədəniyyətimizin təbliğini hədəfləyən layihə çərçivəsində  ilk təqdimat “Şuşanın simaları” bölməsi üzrə bu il 190 illiyi qeyd edilən tanınmış şairə, ictimai xadim, xeyriyyəçi Xurşidbanu Natəvana həsr olunub.

Xurşidbanu Natəvan 1832-ci ildə Azərbaycanın dilbər guşəsi, qədim mədəniyyət mərkəzi Şuşada dünyaya göz açıb. Xuşidbanu ilk təhsilini dövrünün alim və sənətkarlarından alıb. Doğma dili ilə yanaşı, ərəb və fars dillərini də mükəmməl öyrənib, klassik poeziyanın incəliklərinə dərindən yiyələnib.

Bədii yaradıcılığı XIX əsrin təxminən 50-ci illərindən başlayan Xan qızı əvvəl “Xurşid”, sonra isə “Natəvan” təxəllüsü ilə aşiqanə şeirlər qələmə alıb. Müəllifin Şuşanın əsrarəngiz təbiətindən ilhamlanaraq yazdığı bədii nümunələr hələ sağlığında dillər əzbəri olub. Klassik ədəbi ənənələrimizi yaşadan, yüksək humanizm ideyaları, dərin lirizm ifadə edən yaradıcılığı və unikal şəxsiyyəti sayəsində Natəvan dövrün ədəbi mühitinin formalaşmasına mühüm təsir göstərib.

Yaradıcılıqla yanaşı, xeyriyyəçiliyi ilə də seçilən Natəvan bütün xərclərini öz üzərinə götürərək 1864-cü ildən Şuşanın bir qrup şairindən ibarət “Məclisi-üns” ədəbi məclisinə rəhbərlik edib. O, həmçinin 1873-cü ildə Şuşaya içməli su kəməri çəkdirib. Şuşadakı Xan qızı bulağı tanınmış şairənin xeyir əməllərinin sübutlarından biridir.

Xurşidbanu Natəvan 1897-ci il oktyabrın 1-də vəfat edib və Ağdamın “İmarət” qəbiristanlığında dəfn olunub.

44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüz bərpa ediləndən sonra ermənilər tərəfindən xaricə satılarkən Azərbaycan dövlətinin ölkəmizə qaytardığı Üzeyir Hacıbəyov, Bülbül və Natəvanın güllələnmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub.

Bu gün Azərbaycan mədəniyyətinin paytaxtı 270 yaşlı Şuşa şəhəri dirçəlir. 28 illik işğal zamanı erməni vandalizminə məruz qalmış qədim şəhərimizdəki tarixi abidələrimiz bərpa olunur, Şuşada aparılan bərpa və quruculuq prosesi şəhərin orijinal memarlıq üslubuna uyğun olaraq gerçəkləşdirilir. Həyata keçirilən işlər çərçivəsində ötən il “Xan qızı” bulağı da bərpa edilib.

Yuxarı Gövhər Ağa məscidi

Mədəniyyət Nazirliyi tərəfindən reallaşdırılan  “Şuşa mədəniyyətinin inciləri” layihəsi çərçivəsində təqdimatlardan biri  “Şuşanın memarlıq salnaməsi” bölməsi üzrə  qala-şəhərimizin Yuxarı Gövhər Ağa məscidinə həsr olunub.

Yuxarı Gövhər Ağa məscidi Şuşa Cümə məscidi kimi də tanınır. Bu, şəhərin mərkəzi meydanında tikilmiş ən qədim məsciddir. Yuxarı Gövhər Ağa məscidi ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.

Yuxarı Gövhər Ağa məscidi 1883-1884-cü illərdə İbrahimxəlil xanın qızı Gövhər ağanın tapşırığı ilə memar Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği tərəfindən inşa edilib. İndiki məscidin yerində hələ Şuşa şəhərinin əsasını qoymuş (1752) Pənahəli xanın dövründə qarğı və qamışdan inşa edilmiş məscid olub. Pənahəli xanın tikdirdiyi bu məscid 1768-ci ildə İbrahimxəlil xan tərəfindən daşla yenidən inşa edilib. Daha sonra bu məscidin yerində müasir dövrümüzə qədər gəlib çatmış Yuxarı Gövhər Ağa məscidi kimi tanınan həmin bina inşa olunub.

1992-ci ilin mayında Şuşanın mənfur qonşularımız tərəfindən işğalı nəticəsində məscid erməni vandalizminə məruz qalıb və qismən dağıdılıb, minarələrinin dekoru zədələnib və çadırvari örtükləri sıradan çıxarılıb. Təmir-bərpa işləri adı altında məscidin daxili interyerində ciddi dəyişikliklər edərək tariximizi saxtalaşdırmağa çalışıblar.

Şuşa şəhəri 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən azad edildi. Qələbəmizdən qısa müddət sonra mədəniyyət paytaxtımızda genişmiqyaslı yenidənqurma və abadlıq işlərinə başlanıldı. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva azad Şuşaya ilk səfərlərində Yuxarı Gövhər Ağa məscidinə də baş çəkdilər. Dövlət başçısı Məkkədən gətirilmiş “Qurani-Kərim”i məscidə bağışlayıb. Postmüharibə dövründə Şuşada erməni vandalizminə məruz qalmış bir sıra tarixi-mədəni abidələrdə, o cümlədən Yuxarı Gövhər Ağa məscidində bərpa işləri aparılıb.

Şuşa qalası

Mədəniyyət Nazirliyindən verilən məlumatda bildirilir ki, “Şuşa İli” münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi yeni təqdimatlarla davam etdirilir. Layihə çərçivəsində “Şuşanın memarlıq salnaməsi” bölməsi üzrə növbəti təqdimat Şuşa qalasına həsr olunub.

Pənahəli xanın müdafiə məqsədilə tikdirdiyi qala Şuşa ovalığında əlçatmaz, hətta mühasirədə olan yerdə tikilib. Qala hər tərəfdən sıx meşələrlə əhatə olunmuş və bəzi hissələrdə yarğanlarla bitmişdir ki, bu da düşmən tərəfindən keçilməz sədd hesab olunurdu.

Qalanın təmir-bərpa işləri və tikintisinin davam etdirilməsi uzun illər çəkib. Burada Gəncə qapısının tikintisi Pənahəli xanın hakimiyyəti dövrünə təsadüf edir və XVIII əsrdən Gəncə və ya Çiləbörd qapısı adlanır. Bu qapı Şuşanı Gəncə şəhəri və Qarabağ xanlığının Çiləbörd mahalı ilə birləşdirirdi. Digər qapılarla müqayisədə bu gün daha yaxşı vəziyyətdədir.

Qalanın qərb tərəfində yerləşən İrəvan və ya Xəlfəli qapısı Şuşanı Xəlfəli kəndi və İrəvan şəhəri ilə birləşdirirdi. Digər qapılardan fərqi -  hər iki tərəfdə simmetrik şəkildə yerləşdirilmiş iki pilləli döyüş qüllələri ilə möhkəmləndirilməsi idi. Qalanın şərq tərəfindəki digər qapı isə Muxtar, Topxana və ya Şuşakənd qapısı kimi tanınan Ağoğlan qapısı idi.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 119 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Sosial

Siyasət

Xəbər lenti

Karantin qayıdacaq?

11 Avqust 10:19

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

11 Avqust 10:09

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31