Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycan dövlətinin qazandığı bütün uğurlarda Yeni Azərbaycan Partiyasının imzası var

Azərbaycan dövlətinin qazandığı bütün uğurlarda Yeni Azərbaycan Partiyasının imzası var

20.11.2012 [00:44]

Gülçöhrə Məmmədova: Noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və beləliklə Azərbaycanın siyasi, ictimai, dövlət həyatında yeni eranın başlanğıcı qoyuldu
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədova qəzetimizə müsahibə verib:
- Gülçöhrə xanım, bildiyimiz kimi, Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü tamam olur. İlk olaraq, istərdik ki, qısaca tarixə ekskurs edərək, Azərbaycanın və regionun ən güclü, mütəşəkkil siyasi təşkilatı olan YAP-ın yarandığı tarixi dövrü təhlil edək...
- Yeni Azərbaycan Partiyası dövlətimizin ən mürəkkəb və ziddiyyətli dövründə zamanın təxirəsalınmaz tələbindən irəli gələrək, Azərbaycan dövlətçiliyini və müstəqilliyini xilas etmək arzusu ilə yaradılmış bir siyasi təşkilatdır. Biz bu fikri ifadə edərkən o dövrün çətin ictimai - siyasi şərtlərinə və Yeni Azərbaycan Partiyasının xalqımızın, dövlətimizin taleyində oynadığı rola əsaslanırıq. Məlumdur ki, 1991-ci ilin oktyabrında xalqımız əsrlər boyu arzusunda olduğu müstəqillik əldə etmək, öz taleyinin sahibi olmaq istəyinə nail olsa da, müstəqilliyimizin ilk illərində respublikamıza səriştəsiz, idarəçilik qabiliyyəti olmayan, ən əsası şəxsi maraqlarını xalqın, dövlətin mənafeyindən üstün tutan kəslərin rəhbərlik etməsi, dövləti bu müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Ölkədə ictimai-siyasi durumun gərginliyi, iqtisadi böhran, vətəndaş müharibəsi təhlükəsi, digər tərəfdən silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsi və üz-üzə dayanması, Ermənistan dövlətinin işğalçılıq siyasətinin getdikcə genişlənməsi və ərazilərimizin biri-birinin ardınca ermənilər tərəfindən işğal edilməsi, Azərbaycanın müstəqil dövlət olaraq gələcəyini sual altında qoymuşdu. Bu isə təbii ki, xalqın sabaha olan ümidlərinin itməsinə səbəb olmuşdu, Respublikada anarxiya və özbaşınalıq hökm sürürdü. Belə bir çətin dövrdən xalqı çıxarmaq, dövləti fəlakətdən xilas etmək üçün çox bacarıqlı, səriştəli, hamının qəbul etdiyi, beynəlxalq aləmdə kifayət qədər nüfuzu olan güclü bir liderə ehtiyac var idi. Məhz bu lider xalqımızın Ümummilli lideri Heydər Əliyev idi. Bunun da çox ciddi əsasları var idi. Çünki Ulu öndər Heydər Əliyev siyasi arenada, dövlət idarəçiliyində özünü təsdiqləmiş, xalqın böyük etimadını doğrultmuş, SSRİ kimi böyük bir dövlətin rəhbərlərindən biri olmuşdu. Həmçinin, 1969-cu ildə geridə qalmış bir aqrar ölkənin rəhbəri təyin olunduqda, Azərbaycanı 10 il sonra keçmiş ittifaqın ən qabaqcıl və inkişaf etmiş respublikalarından birinə çevirmişdi. Azərbaycana rəhbərlikdən getdikdən sonra da Ulu öndər hər zaman Azərbaycanın inkişaf etməsi üçün çalışmış, respublikanın ən ağır günlərində xalqımızla bir yerdə olmuşdu. SSRİ dağıldıqdan sonra Bakıya qayıtmaq istəsə də, keçmiş rəhbərlik hər vəchlə bu qayıdışa mane olmuş, Heydər Əliyev də Naxçıvanda yaşamağa və dövlətçiliyə xidmət etməyə davam etmişdi. Naxçıvana qayıdışı o zaman blokada şəraitində olan Muxtar Respublikanı xilas etmişdi. Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük dövlət xadimi olaraq, bütün dünyada görkəmli bir siyasətçi kimi tanınmışdır. Ona görə də, Azərbaycan xalqı bu çətin və mürəkkəb dövrdə məhz Ulu öndər Heydər Əliyevə üz tutdu. Xalqımızın sağlam qüvvələri, həmçinin, ziyalılar böyük tarixi şəxsiyyət olan Heydər Əliyevə müraciət edərək Onu Azərbaycana rəhbərliyi öz əlinə götürməyə və xalqımızı düçar ola biləcəyi bəlalardan xilas etməyə çağırdılar. Bunun ən demokratik yolu isə təbii ki, yeni bir partiyanın yaranmasından keçirdi. 1992-ci il oktyabrın 24-də ziyalıların müraciətinə cavab məktubunda Ulu öndər Heydər Əliyev mövcud reallıqları dərindən təhlil edərək bu partiyanın yaranmasına razılıq bildirmişdi. Lakin o zamankı hakimiyyət nümayəndələri partiyanın təsis konfransını Bakıda keçirməyə imkan vermədilər və konfrans Naxçıvanda baş tutdu. Beləliklə, noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Azərbaycanın siyasi, ictimai, dövlət həyatında yeni dövrün başlanğıcı qoyuldu.
- Yeni Azərbaycan Partiyası yarandıqdan cəmi 6 ay sonra faktiki olaraq hakimiyyət partiyasına çevrildi və Azərbaycan dövlətinin 1993-cü ildən sonrakı inkişafında məhz Yeni Azərbaycan Partiyasının və onun üzvlərinin rolu kifayət qədər çoxdur. Ona görə də, istərdik növbəti sualımızı bununla bağlı verək. Sizcə, Yeni Azərbaycan Partiyasının Azərbaycan xalqının və dövlətinin taleyindəki rolu nədən ibarətdir?
- Biz bayaq 90-cı illərin əvvəllərində ölkəmizdə mövcud olan ictimai-siyasi, iqtisadi durumu qısaca təhlil etdik və Azərbaycanın hansı mürəkkəb şəraitdə olduğuna diqqət yetirdik. Məhz bu çətinliklər fonunda müstəqilliyimizi xilas etmək və dövləti inkişaf yoluna çıxarmaq missiyasını öz üzərinə götürən Ulu öndərimiz, YAP-ın Sədri Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində, Azərbaycan böhran və xaos mərhələsini arxada qoyaraq böyük inkişaf yoluna daxil oldu. Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 1993-2003-cü illər ərzində Azərbaycan öz dövlət müstəqilliyinin dönməzliyini təmin etdi, sosial-iqtisadi və beynəlxalq sahədə mühüm nailiyyətlər qazandı. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısı alındı, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda, diplomatik cəbhədə düşmən üzərində üstünlük əldə edildi. Azərbaycanın ötən dövr ərzində iqtisadi, siyasi, demokratik islahatlar sahəsində, eyni zamanda, beynəlxalq münasibətlər sistemində qazandığı uğurlar göz qabağındadır. İnkişaf strategiyasının düzgün müəyyənləşdirilməsi ölkəmizin qarşısında yeni imkanlar açmaqla, biri-birindən əhəmiyyətli uğurların qazanılmasını şərtləndirdi. Ölkəmiz malik olduğu təbii resursları ilə daim dünyanın diqqətində olub. Bu resurslardan səmərəli istifadənin nəticəsidir ki, bu gün Azərbaycan regional iqtisadi inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçıları siyahısına daxil olub. Ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirməsi də uğurlu siyasətinin nəticəsidir. Heydər Əliyevin siyasi kursu bu gün də uğurla davam etdirilir. Bu prosesdə YAP daim ön sıralardadır. YAP üzvləri ölkəmizin daha da güclənməsi naminə partiyamızın Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ən fəal dəstəkçiləri olmaqla, bu siyasətin uğurlarını xalq arasında geniş təbliğ etməkdədir.
- Təsadüfi deyil ki, bu gün partiyamızın yubileyi ilə bağlı keçirilən tədbirlərdə böyük coşqu, bayram əhval - ruhiyyəsi yaranır. Bu isə ona dəlalət edir ki, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır. Sizcə, bu reallığı şərtləndirən amillər nədən ibarətdir?
- Yeni Azərbaycan Partiyası yaradıldığı gündən ortaya qoyduğu fəaliyyət nümunəsi ilə, dövlətimizin, xalqımızın maraqlarını ən yüksək səviyyədə müdafiə etməklə, atdığı addımlarda ictimai maraqlardan çıxış edərək ümumxalq partiyasına çevrilib. Ona görə də, YAP Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin nümayəndələrinin güclü və davamlı dəstəyinə malikdir. Biz bu dəstəyi bu günə qədər keçirilən bütün seçkilərin nəticələrində real olaraq müşahidə etmişik. Azərbaycan xalqının böyük əksəriyyətinin YAP-a böyük dəstək verməsi bu partiyanın davamlı qələbəsini təmin edir. Yeni Azərbaycan Partiyasının qələbələr seriyasının əsasında ümummilli dəstək, etimad dayanır. Ötən 20 il ərzində keçilən yola nəzər saldıqda, qazanılan uğurların fonunda bir daha Ulu öndər Heydər Əliyevin vaxtilə əminliklə söylədiyi “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikrinin nə qədər doğru olduğunu müşahidə edirik. 20 illik fəaliyyəti dövründə sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirən YAP-a xalqın dəstəyinin və inamının əhəmiyyətli dərəcədə yüksək olduğunu da inkaredilməz fakt kimi görürük. Bütün bunlar isə yaranma tarixindən bu günə qədər ötmüş müddətdə YAP-la xalqın birgə addımlaması əsasında baş verir.
- 2005-ci ildə keçirilən qurultayda Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının Sədri seçildi. Sizcə, Prezident İlham Əliyevin YAP-a Sədrliyi partiyamıza nə qazandırıb?
- Xatırlayırsınızsa, 2003-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində Ulu öndər Heydər Əliyev müraciət edərək xalqımıza gələcəkdə Onun əsasını qoyduğu qlobal işləri davam etdirəcək, dövlətimizi yeni dövrün çağırışlarına uyğun olaraq daha da inkişaf etdirəcək lider kimi İlham Əliyevi dəstəkləməyə çağırmışdı. Xalqımız da Ulu öndərimizin “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” çağırışına böyük dəstək verərək 2003-cü ildə keçirilən prezident seçkilərində Ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı İlham Əliyevə səs verdi. Cənab İlham Əliyevin ötən dövr ərzində Prezident kimi fəaliyyəti Ulu öndərimizin sözlərini tam doğrultdu və bir daha Heydər Əliyevin uzaqgörənliyini təsdiq etdi. Dövlət başçısının istər daxili, istərsə də xarici siyasət sahəsində qazandığı uğurlar xalqımızın öz tarixi seçimində yanılmadığını sübut etdi. Prezident İlham Əliyev həm seçki kampaniyası dövründə, həm də andiçmə mərasimində xalqımız qarşısında verdiyi bütün sözləri yerinə yetirmək istiqamətində mühüm addımlar atdı və Azərbaycanı regionun lider dövlətinə çevirdi. Bu gün Azərbaycan inkişaf edən, müasirləşən, beynəlxalq aləmdə böyük nüfuzu olan, insanların sosial qayğılarının aradan qaldırıldığı, güzəranı gündən-günə yaxşılaşan, bütün sahələrin paralel olaraq inkişaf etdiyi, qlobal layihələri reallaşdıran, böyük beynəlxalq tədbirlərə ev sahibliyi edən bir dövlətə çevrilib və bu inkişaf prosesində ölkənin hakim partiyası kimi Yeni Azərbaycan Partiyasının üzvlərinin inkarolunmaz rolu vardır.
Onu da vurğulayaq ki, cənab İlham Əliyevin YAP-ın Sədri seçilməsindən sonra kəmiyyət və keyfiyyət baxımından partiyada əhəmiyyətli dərəcədə dəyişikliklər müşahidə olundu. Faktlara diqqət yetirdikdə, ötən müddət ərzində Heydər Əliyev ideyalarına söykənən partiyamızın ilbəil gücləndiyinin bir daha şahidi olarıq. Belə ki, əgər YAP-ın 2001-ci ildə keçirilmiş II qurultayı zamanı partiya üzvlərinin sayı 230 min nəfər idisə, III qurultaya qədər bu göstərici 360 min nəfərə yüksəlmişdi. Hazırda isə hakim partiyanın üzvlərinin sayı 600 minə yaxındır. Bu isə sadəcə bir statistika deyil, cəmiyyətin böyük bir qüvvəsinin YAP ətrafında birləşdiyini ifadə edən reallıqdır. Bu gün YAP ölkəmizdə ən mütəşəkkil və kütləvi siyasi təşkilatdır.
- Gülçöhrə xanım, bildiyimiz kimi, siz Azərbaycanda böyük bir təhsil müəssisəsinə rəhbərlik edirsiniz. İstərdik, bu islahatların əhəmiyyətindən, ölkəmizdə həyata keçirilən təhsil siyasətindən danışaq. Bu istiqamətdə atılan addımları və Yeni Azərbaycan Partiyasının bu sahəyə verdiyi töhfələri necə qiymətləndirirsiniz?
- Birmənalı olaraq, qeyd etməliyəm ki, bütün digər sahələrdə olduğu kimi, təhsil sahəsində də bu gün əldə olunan böyük nailiyyətlərin əsası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Əgər, Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Onun təşəbbüsü və rəhbərliyi ilə təhsil müəssisələrinin zəngin şəbəkəsi yaranmasaydı, onların möhkəm maddi-texniki bazası qurulmasaydı, ölkədən kənarda yüksəkixtisaslı mütəxəssislər, xüsusən, milli hərbi kadrlar hazırlanmasaydı, elmi-tədqiqat institutlarında fundamental elmin inkişafı təmin olunmasaydı, Azərbaycan bu gün böyük elmi, milli təhsil sistemi və zəngin mədəniyyəti olan ölkəyə çevrilə bilməzdi. Sevindirici haldır ki, bu gün Ulu öndərimizin siyasəti uğurla davam etdirilir və Azərbaycanda təhsilin inkişafı üçün çox əhatəli tədbirlər görülür. Burada əsas məqsəd təhsilimizin keyfiyyətini yüksəltmək və müasir dünya standartlarına çatmaqdır.
Təbii ki, təhsilin inkişafı bilavasitə güclü maddi-texniki təminatla bağlıdır. Buna görə də, Azərbaycan hökuməti bu məsələyə xüsusi diqqət yetirərək, son illər ərzində təhsil müəssisələrinin maddi-texniki təminat məsələlərinin yüksək səviyyədə həlli üçün əsaslı işlər görüb. Dövlətin hər il ayırdığı investisiya hesabına bir çox köhnə məktəb binaları yeniləri ilə əvəzlənib, şagird sıxlığı olan məktəblərdə korpuslar tikilib, əhali sıxlığı müşahidə edilən ərazilərdə isə ikinci məktəb açılıb. Hər il dövlət büdcəsindən təhsilin inkişafına böyük miqdarda vəsait ayrılır. Bu gün dövlət büdcəsindən təhsilə ayrılan vəsait hərbi sahədən sonra ikinci yerdədir.
Onu da qeyd etmək istərdim ki, təhsillə bağlı dövlətin rəsmi dairələri ilə yanaşı, bir sıra digər təşkilatların da təşəbbüsü və dəstəyi ilə mühüm işlər görülməkdədir. Xüsusən, Heydər Əliyev Fondunun dəstəyi ilə görülən işlər hər bir vətəndaşımızın təqdirini qazanıb. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yüzlərlə yeni məktəb tikilib, həmçinin, bir çox təhsil ocaqları əsaslı bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Qürurla söyləyə bilərik ki, bu sahədə əldə olunan nailiyyətlərdə də Yeni Azərbaycan Partiyasının imzası vardır. Yeni Azərbaycan Partiyası ölkəmizdə təhsil sahəsinin inkişafı üçün xüsusi proqramlar icra edir, gənclərin təşviq edilməsi üçün fərqli layihələr həyata keçirir. Partiyanın təşkilatçılığı ilə çoxlu sayda tədbirlər keçirilib və bu tədbirlərdə təhsilimizi inkişaf etdirməyin yolları ilə bağlı mühüm təkliflər irəli sürülüb və onların praktik nəticələri də göz qabağındadır.
- Son olaraq, partiyamızın yaxın və uzaq perspektivə hesablanmış hədəfləri haqqında nə deyə bilərsiniz?
- YAP-ın bu gün ölkəmizdə qazandığı uğurlar, əldə etdiyi nailiyyətlər, ölkəmizin ictimai-syiasi həyatında malik olduğu ciddi mövqe bu mənada onunla da əlaqədardır ki, partiya daim yeniləşir, müasirləşir. Həyatın tələblərinə, çağırışlarına uyğun şəkildə fəaliyyət göstərməyi qarşısına məqsəd qoyan YAP hər zaman bu məqsədə doğru inamla irəliləyir, məhz bu amalı özünün fəaliyyətinin əsas məramına çevirib. Partiyamızda gənclərin çoxluq təşkil etdiyini nəzərə alaraq, biz gələcəyə daha böyük əminliklə baxırıq. Ümid edirəm ki, bundan sonra da YAP öz üzərinə götürdüyü xalqımıza və dövlətimizə xidmət missiyasını uğurla yerinə yetirməyə davam edəcək.
Buna paralel olaraq, partiyamız beynəlxalq arenada da böyük nüfuz sahibi olan, dünyanın ən nüfuzlu təşkilatlarından birinə çevrilməkdədir və düşünürəm ki, zaman keçdikcə YAP-ın beynəlxalq mövqeyi daha da güclənəcək.
Ən önəmlisi və ən yaxın hədəfimiz şübhəsiz ki, gələn il keçiriləcək prezident seçkilərində növbəti qələbəmizi rəsmiləşdirmək olacaq. Təbiidir ki, partiyamızın Sədri, cənab İlham Əliyevin siyasi portreti, cəmiyyət tərəfindən Ona göstərilən böyük etimad və dövlətimizin başçısının həyata keçirdiyi siyasətin xalqımız tərəfindən fəal şəkildə dəstəklənməsi onu deməyə əsas verir ki, bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının liderinin qələbə qazanacağı heç kəsdə şübhə doğurmur.

Paylaş:
Baxılıb: 1133 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30