Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Sadə həyat tərzim var

Sadə həyat tərzim var

18.12.2021 [12:08]

Önümdə vətənini sevən bir çox nümunələr var.

Onlardan ən mükəmməli Heydər Əliyevdir

 Ramin Məmmədov: Standart əməkhaqqı ilə fəaliyyət göstərən deputatlardanam

“Məclisdən kənar” söhbətlər...

Günel Abbasla

Müsahibimiz 64 saylı Sabirabad ikinci seçki dairəsinin deputatı Ramin Məmmədovdur. O, iki komitənin - Ailə, qadın və uşaq məsələləri komitəsi, həmçinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Söhbətimizə parlamentin yeni üzvlərinin fəaliyyəti və seçicilərlə münasibətini dəyərləndirməklə başladıq:

Üzərimizdə əlavə bir sosial məsuliyyət var

- Yeni dünyaya inteqrasiya etməyin bir yolu da sosial şəbəkələrdən keçir. Parlamentin yeni seçilən üzvlərinin bir çoxu bu imkanı dəyərləndirir. Ancaq bəziləri öz performanslarını bu platformada yetərincə ictimailəşdirə bilmirlər. Siz necə düşünürsünüz?

- Deputatları sosial şəbəkələrdə aktiv olub-olmamasına görə iki təbəqəyə bölmək istəməzdim. Düşünürəm ki, deputatlarımızın seçildiyi dairənin problemlərini və öz fəallığını təbliğ etmək imkanı var. Ancaq bizim bəzi deputatlar var ki, fəaliyyətlərini tam şəkildə sosial mediada işıqlandırmasalar da, işlərinin effektivliyi bu plaformada aktiv olanlardan az deyil. Əgər məni də tanımırlarsa, demək ki, işləməyə daha çox stimul var.

Onu da qeyd edim ki, hər bir deputatın özünün seçildiyi dairə var. Bizim qarşımızda duran məqsəd seçicilərin bizi şəxsən tanıması yox, gördüyümüz işlərdən, fəaliyyətimizdən xəbərdar olmasıdır. Bu mənada, Yeni Azərbaycan Partiyasının namizədləri olaraq seçilmiş deputatların üzərində əlavə bir sosial məsuliyyət var. Çünki biz hakim partiyanı təmsil edirik.

Hansı səhvlərə yol verirəm...

- Ramin bəy, gününüzü necə keçirirsiniz?

- Normal insanların gündəlik məşğul olduqları işlər bizim də məşğuliyyətimizdir. Həyat tərzim digərlərindən fərqlənmir. Kifayət qədər sadə bir həyat tərzim var. Sıravi vətəndaşın əlinin çatmadıqları mənim də həyatımda olmur. Standart əməkhaqqı ilə fəaliyyət göstərən deputatlardan biriyəm.

Günüm tez başlayır, səhər tezdən oyanmağa üstünlük verirəm. İdmanla məşğul olmağı sevirəm. Səhərlər vaxtımın bir saatını düşüncələrə ayırıram. 

- Nə düşünürsünüz?

- Çox məqamı düşünürəm. Necə daha təkmil ola bilərəm, necə faydalı ola bilərəm, hansı səhvlərə yol verirəm, bu səhvləri necə düzəldə bilərəm və s. Bu kimi suallar ətrafında düşünürəm.

Hadisələr o qədər tez cərəyan edir ki...

- Onda realist adamsınız?

- Əslində, siyasi terminologiyada məni xarakterizə edəcək bir çox söz var. Onlardan biri də siyasi romantizmə yaxındır. Ancaq bugünkü dünya çox praqmatikdir. Hadisələr o qədər tez cərəyan edir ki, romantizmə müəyyən mənada vaxt və resursların sərfiyyatına imkan yaranmır.

- Bu qədər işləriniz arasında mütaliəyə vaxt qalır?

- Axşamlar bir qədər mütaliə edirəm və övladımla vaxt keçirməyə çalışıram. Sonra növbəti gün üçün dincəlirəm.

- Neçə övladınız var?

- Bir övladım var.

Vətənpərvərlik missiyadır

- Necə yetişdirirsiniz onu, qarşısına hansısa məqsədlər qoyulubmu?

- Doğulduğu ilk gündən onun qarşısında müəyyən məqsədlər var. Çünki vətənpərvər bir ailədə böyümüşük və eyni səbəbdən istəyirəm ki, mənim də övladım vətənpərvər olsun. Düşünürəm ki, vətənpərvərlik müstəsna bir hal deyil, missiyadır. Vətən sevgisi, sadəcə fəxr etmək üçün deyil, vətənin üçün gecə-gündüz çalışmaq deməkdir. Bəzi hallarda susqun, göstərişsiz olsa da, hər addımında bu sevgini hiss etdirməlisən. Vətənpərvərlik insanın bir ruh vəziyyətidir. Bədənində olan pozitiv və mənəvi dəyərlərin toplusunu xarakterizə edən amillərdən biridir. Vətənpərvər olmağım üstünlüyüm deyil. Onsuz da belə olmalıdır. Vətənimi qorumaq üçün hər daşın altına əlimi qoymalı, yeri gələndə onun üçün canımı verməliyəm. Övladımı müasir biliklərə yiyələnib öz biliklərindən ölkəmiz üçün istifadə etmək məqsədi ilə böyüdürəm. Onun qlobal çağırışlara uyğun yetişməsi ilə bərabər, milli dəyərlərə sadiq olması üçün çalışıram. Hamıya da tövsiyə edirəm ki, övladlarınızı milli böyüdün.

Alternativim yoxdur

- Özünüzü vətənpərvər hesab edirsiniz?

- Özümü belə adlandırsam, əvvəl dediklərimlə indi söylədiklərim arasında fikir ayrılığı olacaq. Onsuz da vətənpərvər olmalıyam, sözün yaxşı mənasında, başqa alternativim yoxdur. Vətənpərvərlik ani emosiyaların partlayışı deyil, həyat tərzimizdir. Önümdə vətənini sevən bir çox nümunələr var. Onlardan ən mükəmməli Heydər Əliyevdir. Məncə, ondan böyük vətənpərvər yoxdur. Gecəsini, gündüzünü səhhətinin ən ağır vaxtlarında belə xalqına həsr etmiş bir adam idi. Hətta ümummilli lider mənim peşə seçimimə, həyatımın bundan sonrakı hissəsinə çox ciddi şəkildə təsir etmiş şəxsiyyətlərdən biridir.

Sosial media hesablarıma baxmaq kifayətdir

- Vikipediyada sizin haqqınızda məlumat yoxdur və bu çox vaxt müzakirəyə səbəb olur...

- Media nümayəndələrindən biri günlərin birində fərqli məqsədlə müraciət etdi və rədd cavabı aldıqdan sonra belə bir məqalə ilə məni ictimaiyyətə təqdim etdi. Hansısa bir şəxs haqqında məlumatı məhz vikipediyada axtarmağımızı anlamıram. Vikipediya kifayət qədər azad resursdur, heç bir dövlət strukturuna bağlı deyil. Mənim haqqımda olan məlumatları öyrənmək üçün sosial media hesablarıma baxmaq kifayətdir. Orada mobil telefonumun nömrəsi belə açıq şəkildə qeyd olunub. Seçicilər bu nömrə vasitəsilə mənimlə şəxsən əlaqə saxlayırlar. Digər sosial media hesablarımı da özüm idarə edirəm. Əgər kiminsə həqiqətən məlumat əldə etmək istəyi varsa, bunun üçün çox vasitəmiz var.

Mobil telefonumun nömrəsini sosial mediada paylaşmışam

- Mobil nömrənizə zəng edəndə siz cavab verirsiniz, ya köməkçiniz?

- Özüm əlaqə saxlamağa üstünlük verirəm. Çünki bəzi hallarda köməkçilər məsələlərin həllinə daha çox texniki yanaşırlar. Bu zaman millət vəkili ilə seçici arasındakı emosional məzmun itir, onu qorumaq lazımdır. Qəbullarla yanaşı, seçicimin mənə onun istədiyi bir vaxtda əlçatanlığını təmin etməkdən ötrü mobil telefonumun nömrəsini sosial mediada paylaşmışam. Çünki bizim əraziyə 44 kənd daxildir. Ola bilər ki, həmin insanın problemi mənimlə görüşə gələnə qədər, ya da mənim onun yanına getməyimi gözləməyə bilər. Həmin məsələ çox çevik müdaxilə təmin edə bilər.

Nazirlərlə operativ əlaqəmiz var

- İcra strukturu orqanları müraciət etdiyiniz məsələləri nə qədər adekvat cavablandırır?

- Bu müddət ərzində heç bir dövlət strukturu ilə problem yaşamamışam. Buraya nazirliklər və digər regional idarələr daxildir. Nazirlərin özləri ilə çox gözəl əməkdaşlığımız, operativ əlaqəmiz var. Göndərdiyimiz bütün müraciətlərə məsələnin həlli istiqamətində çox adekvat cavab alırıq. Sabirabad rayonunda 85 ümumtəhsil məktəbi fəaliyyət göstərir, bir çoxu təmiri tələb edən müəssisələrdir. Seçimlərdən sonra baxış keçirdik və məsələni Təhsil Nazirliyi qarşısında qaldırdıq. Bir neçə məktəb artıq təhvil verilib, bəzilərində təmir işləri yekunlaşır və ya başlayır. Telefon və internet xətlərində olan problemlərin aradan qaldırılması istiqamətində də hazırda işlər gedir. Bu gün (dekabrın 17-si-red.) səhər saatlarında aldığımız məlumata görə 12 kəndin qazlaşdırılması üçün magistral xəttin işi yekunlaşıb. Qəsəbələrarası yolların təmiri, elektrik dirəklərinin yenilənməsi, kabelləşməsi prosesi gedir.

İnsanlar dövlətdən sosial müavinət gözləmək yerinə...

- Bu qədər işlər sadaladınız. Ancaq yenə də Sabirabadda problemlərin çox olmasından şikayətlənirlər...

- Təbii ki, sıxıntılar var. Əgər bu işlər görülürsə, deməli, sıxıntıları aradan qaldırmaq üçün edirik. Bu gün bizim ən çətin məsələlərimizdən biri işsizlikdir. Ötən il məşğulluq idarəsinin verdiyi statistikaya əsasən 800 iş təklifinə 6000-ə yaxın müraciət olub. Bu o deməkdir ki, təxminən 5000 insan neqativ cavab alacaq və bu da insanlar arasında narazılıq yaradır. Ancaq gərək səmimi etiraf edək ki, əmək bazarının əsas oyunçularından olan şirkətlərin, dövlət qurumlarının təklif etdiyi yerlərə müraciət edən şəxslər uyğun gəlmir. Təklif olunan yerlərə insanların uyğunsuzluğundan danışmaq lazımdır. İnsanlar dövlətdən sosial müavinət gözləmək yerinə özləri üçün kiçik təsərrüfat qurmaq, ya da hansısa bir işdə çalışmaq barədə düşünməlidirlər. Bu həm onların rifahına təsir edəcək, həm də özlərindən əminlik hissi də artacaq. Nəzərə alsaq ki, qloballaşan dünyada insan əməyi getdikcə sıradan çıxır. Ancaq dövlətimiz hələ də humanizm və sosial ədalət prinsipini əsas tutaraq iş yerlərində ixtisarlara və digər dəyiş??­liklərin aparılmasına yol vermir.

Bu, çox ağır və kifayət qədər zaman alan prosesdir

- Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini olmusunuz. Bu gün diasporun fəaliyyətini necə dəyərləndirirsiniz?

- Diaspor fəaliyyəti Azərbaycan dövlətinin ayrılmaz istiqamətlərindən biridir. Xüsusən, 44 günlük müharibə dövründə xaricdə yaşayan vətəndaşlarımızın göstərdiyi fəaliyyət təqdirəlayiqdir. Həyatımın böyük bir hissəsini orada fəaliyyət göstərmişəm. Bugünkü komitə rəhbərliyi də operativ fəaliyyət sistemi qurmaqdadır. Təbii ki, bu, çox ağır və kifayət qədər zaman alan prosesdir. Diaspor canlı bir prosesdir, zaman və çağırışlara uyğun olaraq orqanizmin daxilində müəyyən dəyişikliklər gedir. Bunları hər zaman nəzərdə tutub tənzimləməyə ehtiyac var. Düşünürəm ki, bugünkü komitə rəhbərliyi və Azərbaycan dövləti bu siyasəti uğurla həyata keçirir.

Vətəndaş sualları:

- Bizneslə məşğul olursunuz?

- Bəzi media orqanlarında cəfəngiyat xarakterli məlumatlar yer ala bilər, ancaq heç vaxt bizneslə məşğul olmamışam. Nə qanunvericilik, nə də özümün şəxsi strukturum bizneslə məşğul olmağa imkan verir. Biznes təfəkkürlü insan deyiləm. Seçkiyə gedəndə tələblərə uyğun verdiyim bəyannamə, həyat tərzim və ətrafımda olan insanların haqqımda bildiyi məlumatlar də dediklərimi təsdiq edir.

- Deputat kimi etimadı doğruldurmu?

- Açığı, bu suala cavab vermək üçün hələ tezdir. Növbəti seçkilərə qədər etimadımı doğrultmağımla bağlı seçicilərim fikir bildirərlər. Təkcə seçicilərimin yox, namizədliyimi irəli sürən partiyanın öhdəliklərini yerinə yetirməyə, Milli Məclisin fəaliyyətinə töhfə verməyə çalışıram. Bunların yekun nəticəsi növbəti seçkilər zamanı açıqlanacaq.

Çox yaxından tanıyıram

- Ramin Məmmədov xalqı nə qədər yaxından tanıyır?

- Çox yaxından tanıyıram, çünki mən də xalqın bir nümayəndəsiyəm. Mücərrəd bir yerdə və yaxud ab-havada yaşayan adam deyiləm. Bakı şəhərində yaşayıram, çalışıram, küçədə daha çox gəzim ki, insanların yaşayış tərzinə də bələd olum.

Həmin problemlərin qısa müddətdə öz həllini tapacağını düşünmürəm

- Sabirabadla bağlı hansı problemin həllində çətinliklə üzləşmisiniz?

- Hələlik bizi narahat edən məsələ Sabirabad əkinçilərinin su təminatı probleminin həllindən ibarətdir. Bilirik ki, hazırda dünyada su qıtlığı müşahidə olunur. Çaylarda suyun səviyyəsinin enməsi də hamıya məlumdur. Bu xüsusda işlər gedir, ancaq həmin problemlərin qısa müddətdə öz həllini tapacağını düşünmürəm.

Bəzi hallarda kritik düşüncələrimizi də ortaya qoyuruq

- Milli Məclisdə qanun layihəsinin hazırlanması prosesində nə qədər aktiv iştirak edirsiniz?

- Üzvlük etdiyim hər iki komitənin iclaslarında, qanun layihələrinin müzakirəsində aktiv olmağa çalışıram. Bəzi hallarda kritik düşüncələrimizi də ortaya qoyuruq. Bəzi layihələrin tənqidçilərindən də biri oluruq. Əsas məqsədimiz isə layihələrin cəmiyyətə xeyirli və işlək olmasıdır.

Opponent kimi bir-birimizin fikirlərinə hörmətlə yanaşırıq

- Türkiyə Böyük Millət Məclisi hər zaman qaynar olur, amma bizdə nisbətən sakitlikdir. Hətta iclaslar 1995-2005-ci illərdə indikinə nisbətən daha qaynar keçirdi. Səbəbi nədir?

- Azərbaycan müstəqilliyini qazanandan sonra çox çətin bir dövr keçdi. Ulu öndərin hakimiyyətə qayıdışından sonra problemlərin aradan qaldırılması üçün addımlar atıldı. Milli Məclisin də ilk çağırışdan etibarən ciddi qanunvericilik bazasının formalaşdırılması istiqamətində əvəzsiz işləri var. O zamanlar sovet sistemindən çıxmış və qanunları müasir sistemə uyğunlaşdırılmamış dövlət var idi. Və bu dövlətin qanunvericilik bazasının formalaşdırılması qızğın, mübarizəli iş tələb edirdi. Bu gün isə dövlətimiz müəyyən bir inkişaf dönəmi keçib. Bugünkü fəaliyyət qanunvericilik bazasının təkmilləşdirilməsi yolunda atılan addımlardan ibarətdir. Hazırda digər partiya nümayəndələri ilə davalı söhbətlərdən çox opponent kimi bir-birimizin fikirlərinə hörmətlə yanaşırıq. Ona görə də nisbətən sakit görünə bilər. Ancaq inanın, komitə və digər iclaslarda kifayət qədər gərgin müzakirələr gedir.

(davamı növbəti sayımızda…)

 

 

 

Paylaş
Baxılıb: 286 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31