Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Fransızların inamı ölüb...

Fransızların inamı ölüb...

11.05.2024 [10:22]

Avropada qarşılıqlı etimad yox səviyyəsindədir

Avropa kontingentinin “dünya hegemoniyası” traktatının reallaşması üçün tramplin rolunu oynamış I Sənaye İnqilabından ötən üç əsr “köhnə qitə”ni həm də “arzuların ünvanı” kimi səciyyələndirmişdi. Son 300 ildə əksəriyyət Avropaya “təhlükəsizlik, rahatlıq və zənginlik” dəyərləndirməsi ilə yanaşırdı. Hətta bir neçə il öncəyə qədər dünyanın əksər regionlarında aparılan sorğularda ən təhlükəsiz bölgə kimi Avropa, xüsusilə Qərbi Avropa dəyərləndirilirdi ki, bu ünvanın yaşam şərtləri olduqca cəlbedici görünürdü. İkinci, hətta üçüncü dərəcəli sayılan ölkələrdən Avropaya axının səbəbləri sadalanarkən də bu amil xüsusilə qabardılırdı - Avropa rahatlığı, Avropa etimadı, Avropa “hüquq proyeksiyası”. Bu “rahatlığın” bir səbəbi sosial rifahın yüksəkliyi idisə, digər səbəb kimi “qoca qitə”nin insan hüquq və azadlıqlarının “təşəkkül nöqtəsi” sayılması idi. Belə bir təsəvvür vardı - bu qitədə hər şey beynəlxalq hüquqa əsaslanır və hər kəs xoşbəxtdir.

Amma əsl reallıq tamam fərqli ştrixlərə söykənən mənzərədə özünə yer tapır. Başqa sözlə, Avropa heç də “arzuların qitəsi” deyil - xüsusilə, bu qitədə yaşayan insanların qarşılıqlı olaraq etimad mühiti ən aşağı səviyyədədir. Avropanı özündə birləşdirən beynəlxalq statuslu təsisatların ikili standartlara əsaslanan qərar və fikirləri, addımları, yanaşmaları sadə insanlarda inamsızlığın get-gedə artması üçün stimula çevrilir. Xüsusilə, Avropa İttifaqı adlanan “birliyin” xidmət etdiyi korporativ maraqların konturları bəlli olduqca hər kəsin fikri dəyişir - təsadüfi deyil ki, hətta Aİ-nin fərqli strukturlarında təmsil olunan parlamentarilər, Aİ üzvü olan dövlətlərin siyasi rəhbərləri qurumun ikili standarta əsaslanan siyasi xəttini ifşa edir, bu qurumda baş alıb gedən korrupsiya faktlarını, qeyri-hüquqi əsaslı qərarların alınması presedentlərini, maliyyə maxinasiyalarını konkret sənədlərlə və misallarla üzə çıxarırlar. Bu isə, Avropa insanının ilk növbədə yaşadığı ölkənin rəhbərlərinin Aİ-yə “əsas idarəedici funksioner” kimi baxdığı üçün inamını öldürür, eyni zamanda, qurumun demokratik təsisat olaraq onun həyatında oynadığı rola inamını azaldır. Bu faktlarla sübuta yetirilir...

Daha fəxr etmirlər...

Məsələn, Fransızların yarısı Avropa İttifaqı ilə bağlı narahatdırlar, hətta 16 faizi qəzəblidir. Bu barədə Fransa İctimai Rəy İnstitutunun (İFOP) “Ouest France”ın sifarişi ilə apardığı sosial sorğunun nəticələrində qeyd edilib. Avropa seçkilərinə cəmi bir ay qaldığı vaxtda fransızların Avropa İttifaqı ilə bağlı daha çox mənfi fikirdə olduğu müəyyənləşib. Fransızların yalnız dörddən biri Avropa ilə bağlı müsbət fikir ifadə edib. Sosial sorğunun nəticələrinə görə, təqaüdçülər (50 faiz) və ticarətçilər (53 faiz) daha çox narahatçılıqlarını bildiriblər. Qəzəb və narahatlıq hissi respondentlərin yaşından asılı olaraq çox dəyişir. 18-24 yaşlı gənclərin yalnız dörddə biri (26 faiz) narahat olduğunu deyir, 65 və daha yuxarı yaşda olanlar üçün bu rəqəm 50 faizə yüksəlib. Avropalı olduqları ilə fəxr edən fransızların sayı əvvəlki illərlə müqayisədə azalıb. Val dö Luar, Normandiya və Korsikadan olan əhalinin üçdən biri (30 faiz) avropalı olduqları ilə heç vaxt fəxr etmədiklərini qeyd ediblər. Avropa quruculuğunun Fransa üçün müsbət təsirləri olacağına inanan fransızların da sayı əvvəlki illərlə müqayisədə kifayət qədər azalıb. Sənətkarların və ticarətçilərin yarıdan çoxu (53 faiz) və işçilərin (51 faiz) Avropa İttifaqına mənsub olduqları üçün fəxr etmədiklərini bildiriblər.

Hətta avropalı olmaqdan qürur duyan fransızlar arasında narahatlıq hissi 43 faiz təşkil edib. Nəhayət, fransızların ən yaxın hiss etdikləri ölkələr İspaniya (24 faiz), Almaniya (23 faiz), Belçika (18 faiz) və İtaliyadır (14 faiz), bütün digər ölkələr 3 faiz və ya daha azdır.

Avropa niyə bu günə düşdü? 

Bəli - “köhnə qitə”nin əsas baza gücü sayılan sənətkarların və ticarətçilərin Avropa İttifaqına mənsub olduqları üçün fəxr etmədikləri artıq real faktdır. Çünki ortada fəxr ediləsi bir hal yoxdur. Aİ ilə bağlı məsələ açıq və mübahisəsizdir:

- Qurum daxilində korrupsiya faktları son bir ildə daha da intensivləşib;

- Verilən siyasi qərarlar kontingentin deyil, fərqli güclərin maraqlarına xidmət edir;

- Siyasi qərarlarda qərəzlilik miqdarı getdikcə artır;

- İqtisadi asılılığı ildən-ilə artan Avropanın xilası üçün heç bir konseptual addım atılmır, tam əksinə, iqtisadi asılılığın daha da yüksəldilməsi xətti açıq-aydın hiss edilir;

- Son 3 ildə Mərkəzi Avropada baş verənlər qitənin fors-major situasiyalara hazır olmadığını, söylənilənlərin yalnız quru pafosa söykənən sözdən ibarət olduğunu ortaya çıxardı;

- Enerji təhlükəsizliyinin təmini məsələsi “qoca qitə”nin ən zəif nöqtəsi kimi ortya çıxdı. 

Bəli, bu kimi məqamlar Avropanın tam və oturuşmuş siyasi-iqtisadi mərkəz kimi çıxış etməsinə imkan vermir. Hətta bəzi hallarda “beynəlxalq” statuslu məhkəmələri, qətnamələr qəbul edərək siyasi qərarlar verən qurumları belə fərqli lobbilərin ucuz təsirinə uduzan Avropa məkanı günü-gündən simasını itirir. Bu fakt uzaqdan daha aydın görünürdü - fransızların sorğusu, problemlərin içdən də hiss edildiyini təsdiqlədi. 

Aİ-nin bu vəziyyətə düşməsində Fransa amili...

Avropanın ildən-ilə geriləməsinin səbəbləri sadalamaqla bitməz. Burada ayrı-ayrı dövlətlərin oynadığı rol da önəmlidir. Məsələn, Aİ-nin verdiyi qərarları özünün lokal maraqlarına uydurmağa çalışan ölkələr var - onların bu addımları da qurumun qeyri-demokratik “imicini” artıran halları dəstəkləyir. Elə götürək xalqı Avropa İttifaqına inamını itirdiyini deyən Fransaya - bu ölkə son 4 ildə Azərbaycana qarşı olmazın şər-böhtan kampaniyaları təşkil edir və bu addımlarını məhz Aİ, AŞPA kimi qurumların “qətnamələri” ilə möhkəmləndirməyə çalışır. Fransa Senatının, Milli Assambleyasının son illərdə Cənubi Qafqaza yönəlik bütün sənəd və qərarları separatizmin açıq dəstəklənməsinə, erməni lobbisinin maraqlarının təmininə hədəflənib. Makron hakimiyyəti bütün beynəlxalq müstəvilərdə Azərbaycana qarşı açıq müharibə və düşmənçilik aparıb. 

Eyni zamanda, Avropa İttifaqının “aparıcı dövləti” statusu qazanmaq üçün Paris min bir oyun oynayıb - hətta öz yaxınında olan dövlətləri belə erməni lobbisinin yalanlarının əsirinə çevirməyə çalışıb. Bəzi hallarda bu baş tutub - bəzi hallarda isə bu ölkələr fransız oyununda iştirak etməyib. Beləliklə, Aİ-nin fərqli maraqların əlində alətə çevrilməsində Fransa amilini də inkar etmək olmaz. Bu baxımdan Aİ-nin hazırki qeyri-demokratik imicinin formalaşmasında Fransanın “xidməti” olduqca böyükdür...

P.İSMAYILOV 

Paylaş:
Baxılıb: 196 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ərzurumun xilaskarı

22 May 11:05  

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31